Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəlbəcər döyüşü

Martın 26-da düşmən 1 alay, tank, PDM, 3 ədəd döyüş vertolyotunun havadan dəstəyi ilə şiddətli artilleriya hazırlığından sonra Getavan-Çərəkdar istiqamətində hücuma keçib. Müdafiə mövqelərində duran 1-ci motoatıcı tabor (MAT) düşmənin çoxsaylı üstünlüyünə baxmayaraq hücumu dəf edib. Bu döyüşdə düşmənin bir tankı, iki PDM, bir Mİ-24 vertolyotu, 50 nəfərə qədər şəxsi heyəti məhv edilib. Birinci taborun 5 döyüşçüsü həlak olub, 6 nəfəri yaralanıb. 27 mart Səhər saat 09:00-da düşmənin iki tabora qədər canlı qüvvəsi, D-30 artilleriya divizionu, iki minaatan batareya, zenit batareyası, tank bölüyü, 10 qədər PDM-in atəş dəstəyi ilə artilleriya hazırlığından sonra, Kəlbəcər özünümüdafiə 1-ci bölüyünün mövqelərinə hücuma keçərək Ağdaban yaşayış məntəqəsini işğal etdi. Saat 11:00-da geri çəkilən 1-ci özünümüdafiə bölüyü Bağlıpəyə yaşayış məntəqəsi qarşısında müdafiə üçün mövqeləndi. Saat 12:00-da düşmən Mİ-24 vertolyotlarının atəşilə 1-ci MAT müdafiə rayonuna, zenit toplarının atəş mövqelərinə havadan zərbə endirməklə hücuma keçdi. 1-ci Tabor düşmənin hücumunu ikinci dəfə dəf etdi. Zenit batareyasının topçularından 3 nəfər həlak oldu, 2 nəfər yaralandı. Saat 17:00-da düşmən 1-ci taborun müdafiə rayonuna yenə də həmlə etdi. 1-ci Tabor mütəşəkkil hərəkət edərək öz mövqelərini qoruyub saxladı. Lakin düşmən açıq cinahı müəyyənləşdirdi. 701-ci Briqadanı sol cinahdan, yandan keçərək, həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın-Kəlbəcər yol bağlantısını ələ keçirmək məqsədi ilə müdafiənin dərinliyinə irəlilədi. Yaranmış əməliyyat durumu ilə əlaqədar olaraq, Ə. Qənizadənin əmri ilə bir zirehli dəstə Laçında gedən döyüşlərdən çıxarılaraq, Kəlbəcərə göndərildi.

28 mart saat 15:00-da düşmən Bağlıpəyə yaşayış məntəqəsinin şimalından 1-ci ozünümüdafiə bölüyünün mövqelərinə hücuma keçdi və onları darmadağın etdi. Kəlbəcər rayonu 1-ci özünümüdafiə bölüyü öz fəaliyyətini bitirdi. Saat 17:30-da düşmən, Laçın rayonundan Bağlıpəyə istiqamətində irəliləyən, zirehli dəstəsinin mövqelənməsinə imkan vermədən, işğal etdiyi hakim yüksəkliklərdən faydalanaraq hücuma keçdi. Zirehli dəstə 2 PDM, 4 şəhid, 5 nəfər yaralı itki verməklə geri çəkildi. Saat 19:00–da 2 tank, 3 PDM, 20 nəfər əsgər qüvvə ilə həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın yol bağlantısı və Tunel qarşısında, zirehli dəstə müdafiə mövqelərində mövqeləndi. Düşmən 1-ci MAT-un arxasına çıxdı, onu əsas qüvvələrdən ayırdı. Tabor mühasirəyə düşməmək məqsədi ilə Ağqaya-Tunel istiqamətində geri çəkilmək əmri aldı.

29 mart saat 15:00-da düşmən Nəreştar-Keçiliqaya, Mərcimək-Zülfüqarlı yaşayış məntəqələri istiqamətində hücuma keçərək, Kəlbəcər fədailərin 2-ci və 3-cü hazırlıqsız özünümüdafiə bölüklərini darmadağın etdi. Saat 11:00-da vəziyyət kritik həddə çatır. 1-ci Ordu Korpusunun komandiri general Nəcməddin Sadıqov cəbhənin yarılmış sahəsinə, “Tunel” mövqelərinə gələrək vəziyyətlə yerində tanış oldu. Saat 13:00-da Bakı şəhərindən məcburi toplanmış 75 nəfər qənc əsgər Tunel mövqeyinə gətirildi. Bunlar təlim görməmiş, komandirləri olmayan, bir-birini tanımayan, silahdan istifadə etməyi bacarmayan, silahları və sursatları paylanmamış və əsgərlərə təhkim edilməmişdi. Briqadanın komandanlığı əsgərlərə silahları paylanmasını, onlardan istifadə etməyin öyrədilməsini, kiçik komandirləri təyin edilməsini, 15 dəqiqə ərzində döyüş hazırlığı keçməyi və Mərcimək yaşayış məntəqəsinin mövqelərdə yerləşdirilməsini təmin etdi. Saat 15:00-da 1-ci Taborun 30 əsgəri mühasirədən çıxıb, Tunel sahəsinə gəldi. Saat 16:00-da Vəng yaşayış məntəqəsi istiqamətində irəliləmək və əlverişli mövqedə pusqu qurmaq barədə general N.Sadıqov şəxsən sərəncam verir. Mühasirədən çıxan 1-ci taborun 30 əsgəridə bu tapşırığı yerinə yetirilməsinə cəlb edildi. Saat 16:00-da Bakı şəhərindən toplanmış 50 nəfər gənc əsgər Tunel mövqeyinə gətirildi. Döyüşə hazırlıq düşmənin minaatanların və topların atəşi altında gedirdi, artıq bir neçə əsgər, o cümlədən N. Sadıqovun yanında durmuş rabitəçisi də yaralanmışdı. Saat 20:00-da düşmən Vəng yaşayış məntəqəsi daxil olmaqla Tərtər çayının cənub sahili boyu köməyə göndərilən qüvvələri mühasirəyə aldı və onları darmadağın etdi. Martın 29-da günün sonuna Taxtabaşı-Keçiliqaya-Mərcimək-Ağqaya-Bağlıpəyə-Çayqovuşan-Qaragöl hüdudunu ələ keçirdi və 701-ci briqadanın 1-ci Taborunu əsas qüvvələrini geri çəkilməyə macal vermədən mühasirəyə aldı.

Martın 30-da Kəlbəcərdə vəziyyət öz böhranlı mərhələsinə çatıb. Müdafiəni yarmış düşmənin saxlanılması və Zülfüqarlı yaşayış məntəqəsindəki Kilsəli-Zülfüqarlı-Kürdhacı vacib yol bağlantısını ələ keçirməsinin, bununla da briqadanın yeganə təminat və hərəkət marşrutunu kəsməsinin qarşısını almaq məqsədi ilə Laçın rayonunun şimalında müdafiə olunan, 2-ci və 5-ci taborlara Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində döyüş ehtimalı ilə irəliləmək və Ömər-Tunel-Zülfüqarlı-Laçın marşrutunu düşməndən təmizləmək tapşırığı verilib. Həmin vaxt artıq düşmən Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Qılınclı-Kəlbəcər və Zod-Dəmirçidam istiqamətdə canlı qüvvə və texnika toplayaraq hücuma keçməyə hazırlaşırdı. Bu qüvvələrə qarşı bir-birindən uzaq olduğuna görə atəş dəstəyi olmayan, 100 kilometrlik dağlıq ərazidə 10 zastavaya bölünmüş sərhəd dəstələri tab gətirə bilməzdi. Düşmən 40 nəfərlik Söyüdlü və Dikyurd sərhəd zastavalarına hər birinə, tərkibində şəxsi heyət 500 nəfər əsgər, bir necə tank və 20-yə qədər PDM olan qüvvə ilə hücum edirdi. Həmləyə məruz qalmış sərhəd dəstələrinə qarşı qüvvə və vasitələrin nisbəti 1/12 idi. Kəlbəcər döyüşündə 701-ci briqadaya qarşı çoxsaylı ağır texnika və silah-sursatla silahlanmış erməni və rus birləşmələri üç dəfə artıq (6 hərbi alayı, 1 tank taboru və vertolyotları) döyüşürdü. Kəlbəcər və Laçında yerləşən briqada və başqa bölmələr sağ cinahdan Ermənistan sərhədi boyunca erməni və rus ordu birləşmələri, cəbhə və sol cinahdan Qarabağ erməni ordusu və erməni birləşmələri, arxada isə keçilməz Murovdağ silsiləsi əhatəsində idi.

30 mart saat 10:00–da Ermənistan ordusu Ermənistan Respublikası ərazisindən 2-ci cəbhəni açıb və dövlət sərhədini pozaraq Kəlbəcər rayonuna hücuma keçdi. Döyüş zamanı sərhəd dəstələri nə qüvvə, nə də vasitələrlə bir-birinə qarşılıqlı yardım edə bilmirdi. Saat 11:00-da Müdafiə Nazirliyi tərəfindən Kəlbəcərə göndərilən tabor 80 nəfər itirərək, Tunel sahəsində darmadağın edilmişdi. Kəlbəcər rayonunun yer səthinin mühüm sahələri, hakim yüksəkliklər və Tunel ermənilər tərəfindən tutulmuşdu. Saat 12:00-da Söyüdlü sərhəd zastavası Ermənistan ərazisindən tabora qədər qüvvə tərəfindən hücuma məruz qaldı. Zastavanın heyəti sərhəddən çəkilib əlverişli yerlərdə mövqeləndi. Saat 16:00-da düşmən Ağdərə-Kəlbəcər istiqamətində Keçiliqaya-Comərd-Bağırlı-Qanlıgöl hüdudunu ələ keçirmişdi. Mühasirəyə düşən 1-ci taborun bir hissəsi düşmən tərəfindən işğal olunmuş Ağdərə rayonunun ərazisi ilə Tərtər rayonuna tərəf irəliləyib mühasirədən çıxırdı.

Həmin gün “Kəlbəcər rayonunun əhalisinin təxliyə edilməsi (köçürülməsi) haqqında” sabiq prezident Əbülfəz Elçibəyin göstərişinə uyğun olaraq yerli əhalinin təxliyəsi başlandı. Təxliyəyə Kəlbəcər özünümüdafiə taborunun əsgərləri də cəlb olundular və daha müdafiə döyüşlərində iştirak edə bilmədilər. Bütün kommunikasiya yolları və yol bağlantılarında təşvişə düşmüş yerli əhalinin nəqliyyat vasitələri və əşyaları tıxaclar əmələ gətirdi. Bu tıxaclar öz növbəsində Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonu ərazisində manevr imkanlarını tamamı ilə heçə endirdi. Bakı şəhərindən rayona vertolyotla Kəlbəcərə döyüşmək üçün gətirilən, hazırlıqsız dəstələr darmadağın edilərək yoxa çıxmışdı. Martın 30-da 701-ci briqadanın bölmələri müdafiə nazirinin əmri ilə Laçın rayonunun mövqeləri tərk edib, onu təqib edən düşmənin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna geri çəkilməyə başladı. Lakin düşmən geriçəkilməni aşkar edib, geri çəkilən bölmələri özünə cəlb edərək iflic etmək və ləngitmək məqsədi ilə Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətində təqibə başladı. Eyni zamanda Vardenis-Kəlbəcər-Qılınclı, Zod-Seyidlər-Yanşaq, Tunel-Qamışlı, Vəng-Yanşaq istiqamətlərində taktiki cəhətdən vacib yol bağlantıları ələ keçirmək, geri çəkilən briqadanın geri çəkilmə yollarını kəsmək, bir-birindən ayırıb parçalamaq və məhv etmək məqsədi ilə hücuma keçdi. 30 mart tarixində Kəlbəcər-Ağdərə istiqamətində Azərbaycan Milli Ordusunun müdafiə üçün tərkibində 2 tank, 3 PDM və 20 əsgər olan zirehli dəstəsi qalmışdı.

31 mart saat 16:00-da 701-ci Briqadanın bölmələri Laçın rayonunun şimalındakı mövqeləri tərk edib, onu təqib edən düşmənin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna qeri çəkilirdi. Özləri ilə apara bilmədiyi döyüş sürsatları və texnika məhv edildi. Günün sonuna düşmən Kəlbəcər rayon inzibati mərkəzi ətrafdakı hakim yüksəklikləri, Keçiliqaya - Comərd-Bağrlı-Qanlıgöl hüdudunu və Laçın-Kəlbəcər marşrutu üzərindəki tuneli ələ keçirdi. Artıq bu şəraitdə 701-ci briqada mühasirəni yararaq əlverişli vəziyyətdə olan hakim yüksəkliklərdə mövqelənmiş düşmənlə, qeyri bərabər döyüşlər apararaq, döyüşün gedişini dəyişə bilməzdi.

1 aprel saat 10:00-da Dikyurd sərhəd zastavası düşmənin tabora qədər qüvvəsi tərəfindən hücuma məruz qaldı. Zastavanın şəxsi heyəti rayon mərkəzinə geri çəkilərək mövqeləndilər. Saat 14:00 - Laçın rayonundan çıxmış 701-ci Briqadanın 4-cü Taboru tərkibində 100 nəfər əsgərlə mühasirəni döyüşlərlə daxildən yararaq, Kəlbəcər-Zod-Ağdərə yol bağlantısına çıxdı. Nəyin bahasına olursa olsun Qamışlı körpüsünə aparan Kəlbəcər-Zod-Ömər-Ağdərə yol bağlantısı və yol sahəsi ələ saxlanmalı idi. Vacib yol bağlantısını müdafiə etmək üçün 701-ci briqadanın tərkibində zirehli qrupun 1 tank, 2 PDM, 15 nəfər əsgəri və 4-cü taborun 100 nəfərlik yüngül silahlarla silahlanmış şəxsi heyəti vardı. 4-cü tabor 75 əsgərlə Qamışlı körpüsü üzərindəki hakim Çiçəkli” yüksəkliyində, 1 tank, 10 əsgər körpünün Zod-Qamışlı körpüsü istiqamətində, 2-PDM, 30 əsgər Kəlbəcər-Qamışlı körpüsü istiqamətində müdafiə mövqelərində mövqeləndi. Düşmən Tunel-Qamışlı, Zod-Qamışlı, Qılınclı-Qamışlı istiqamətlərində hücuma keçdi. Gün ərzində Çiçəkli yüksəkliyi 3 dəfə əldən ələ keçdi. Düşmən 1 tank, 1 PDM və çoxsaylı itkilər verərək əldə etdiyi mövqelərdə dayandırıldı. 701-ci briqadanın bölmələri 7 şəhid 12 nəfər yaralı verdi.

2 aprel saat 10:30-da düşmən səsucaldan və radio rabitəsi vasitəsilə saat 16:00-dək müqavimətə son qoymaq və təslim olmaq tələbinin səsləndirdi. Təslim olanlara həyatını saxlamağa, müqavimət göstərənləri hamısını güllələməyə söz verirdilər. Saat 11:30-da Briqada komandiri son durumu 1-ci ordunun komandiri general N.Sadıqova məruzə edərək ultimatum barədə bildirir. N.Sadıqov panikaya düşməməyə göstəriş verdi. Saat 12:30-da düşmənin kəşfiyyat-diversiya qrupu müdafiənin dərinliyində 1815 yüksəkliyinin şimal-qərb ətəklərində, Kəlbəcər-Qamışlı-Ağdərə yol bağlantısı və Qamışlı yaşayış məntəqələri arası yol üzərində əlverişli mövqelərdə pusqu quraraq yol ilə hərəkəti iflic etdi. Saat 16:00-da düşmən 4-cü taborun bölmələrini darmadağın edib, yol üzərində hakim olan Çiçəkli yüksəkliyini ələ keçirdi və yola tərəf aşağı enərək, 701-ci briqadanın körpünü müdafiə edən 1 tank və 10 əsgərlik qüvvəsinə hücum etdi. Saat 18:00-da 701-ci briqada komandirinin sərəncamımda 14 nəfərdən ibarət şəxsi heyət qalmışdı və Qamışlı körpüsünü müdafiə etməyə çalışırdı. Azərbaycan-Ermənistan dövlət sərhədi boyu sərhədçi vəzifələrini yerinə yetirən və sərhədi müdafiə edən 3-cü taborun iki zastavası, Zəylik və Yellicə mühasirədə qalmışdı. Aprelin 2-də günün sonuna 701-ci briqadanın Qamışlı körpüsünü müdafiə edən 14 nəfərlik dəstəni darmadağın edildi və briqadanın, düşmənin dərinliyində mühasirədə qalmış bölmələri nəzarətsiz ərazilərlə düşmən ərazisindən sızıb Murovdağ silsiləsini keçdi və Toğana yaşayış məntəqəsində yaradılmış qərargahda toplanmağa başladı.

3 apreldə düşmən Laçın rayonunun şimalını və Kəlbəcər rayonunu işğal etdi. Günün sonuna Qarabağdakı erməni birlikləri Azərbaycan Ordusunun geri çəkilən bölmələrini təqib edərək Ömər aşırımına çıxdı və Kəlbəcəri Gəncə ilə birləşdirən yol ayrıcını ələ keçirdi. 4 aprel saat 03:00-da 701-ci briqadanın bölmələri hücuma keçərək 26 nəfər şəhid, 20 nəfər yaralananlar itki verməklə Ömər aşırımı düşməndən azad etdi. Saat 13:00-da Ömər aşırımının ətəyinə Müdafiə Nazirliyinin tərəfindən iki briqada gətirildi. 5 apreldə Kəlbəcər şəhəri müdafiəçilərinin şəhərinin mərkəzinə sıxılmış son atəş nöqtələri ermənilər tərəfindən susduruldu. 7 apreldə Zəylik və Yellicə zastavalarının şəxsi heyəti Ömər aşırımında mühasirəni daxildən döyüşlərlə yarmaqla, itkilər verərək mühasirədən çıxıb.


Tarix: 22.01.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 215 Bölmə: Ümumi
loading...