Cənubi Azərbaycan ərazisində arxeoloji qazıntılar son vaxtlaradək çox məhdud miqyasda aparılırdı. Tapıntıları əsasən tunc dövrünə və dəmir dövrünün başlanğıcına aid olan Astara çayı boyunca İran Talışına ekspedisiyadan sonra, 1940 – cı ildə E. F. Şmidt qədim yaşayış məskənləri qalıqlarının təyyarədən foto-şəkillərini çəkmişdir.
1936-cı ildə A. Steyn Cənubi Azərbaycanın Cənub əyalətlərində arxeoloji kəşfiyyat işi, sonralar 1940-cı ildə isə İran arxeoloji idarəsi burada bir sıra qazıntılar aparmışdır; lakin bu qazıntılar elə bir əhəmiyyətli nəticələr vermədi. Əgər, bilavasitə mannalılara və onların qonşularına aid əsaslı arxeoloji qazıntılar olmasa idi, təbiidir ki, onların cəmiyyətinin iqtisadi və mədəni xüsusiyyətlərini də işıqlandırmaq mümkün olmazdı. Bu boşluğu məhz Manna ərazisində — Urmiya gölünün ətrafındakı müxtəlif məntəqələrdə aparılmış arxeoloji qazıntıların nəticələri xeyli dərəcədə tamamlayır. Buradan əldə edilmiş materiallar cəmiyyətin inkişafını, onun iqtisadi və mənəvi həyatındakı dəyişiklikləri izləmək üçün çoxlu yeni faktlar vermişdir. Gölün qərb sahilində yerləşən Göytəpədə T. Berton Braunun rəhbərliyilə Britaniya arxeoloji cəmiyyəti tərəfindən təşkil edilmiş ekspedisiya qazıntı işləri aparmışdır. Təpənin heç də bütün təbəqələri tam açılmamışdır. Burada bir neçə şurf qızılmış və e. ə. III minillikdən başlayaraq İslam dövrünədək uzun bir dövrü əhatə edən səkkiz ardıcıl təbəqə aşkar olunmuşdur. E. ə. II minilliyin sonlarına aid edilən "V" dövrünə aid "K" qəbrindən həmin dövr üçün səciyyəvi olan material əldə edilmişdir. Boz-qara və qırmızı keramika məmulatı ilə təmsil olunan "A" təbəqəsi e. ə. I minilliyin əvvəlinə aiddir. Qabların qulpları qabarıq heyvan fiqurcuqları formasındadır. Göytəpə keramikası Həsənli V və IV dövrləri ilə xeyli ümumi cizgilərə malikdir. Burada bir çox keramika formaları Həsənlidə olduğu kimi özündən əvvəlki dövrlərlə müqayisədə dəyişir. Bu dövrə məxsus olan qabların əyri dimdik formalı lüləyi uzunvari üfüqi formaya çevrilir. Buradan metal əşyalardan ancaq dəmir qılınc dəstəyinin bir hissəsi tapılmışdır.
Boz daşdan yonulmuş, böyürlərində ieroqlif işarələri olan heyvan fiqurları Göytəpə üçün səciyyəvidir. T. Berton Braun Göytəpə tapıntılarını Qafqaz və Aralıq dənizi materialları ilə müqayisə edir.
Təbrizdən cənubi-şərqdə yerləşən Yanıqtəpədə arxeoloji qazıntılar aparılır. Lakin bu qazıntılar hələlik çox az material vermişdir. E. ə. I minilliyin əvvəllərinə aid olan tapıntılar Həsənluda "Grey Ware Phase" ("boz gil məmulatları dövrü") dövrunə uyğun gələn boz gil məmulatlarının üstünlük təşkil etdiyini göstərir.
Tehran universitetinin professoru Ə. O. Negahbanın Qızılüzən (Səfidrud) çayının aşağı vadisində yerləşən Mərlik təpəsində apardığı qazıntılar zəngin və çeşidli materiallar verməkdədir. Buradan qəbirlərdəki zəngin dəfn avadanlığına görə Ə. O. Negahbanın hökmdar nəslinə və əyanlara məxsus etdiyi qədim qəbiristan aşkar edilmişdir. Ölülər, sağlıqlarında istifadə etdikləri hər şeylə – içərisinə yemək və su qoyulmuş adi mətbəx avadanlığından tutmuş gözəl ayin qabları və bəzək şeylərinədək, ovçular və döyüşçülər isə hətta silahla təchiz olunmuşlar. Bundan əlavə, Mərlik qəbiristanının bir xüsusiyyəti də atların hər cür əsləhə ilə birlikdə, ayrıca basdırılmasıdır. Görünür, at Mərlikin qədim sakinlərinin həyatında mühüm rol oynamışdır. Mərlikdən aşkar edilən zərgərlik və keramika məmulatı o dövr sənətkarlarının zövq və məharətləri, yüksək sənətkarlıq texnikası haqqında çox şey deyir.
Çoxlu zərif və zəhmət tələb edən bədii işləri özü ilə basdırmağa razı olan bu yerli əyanların lazımınca varlı olduqlarını qeyd etməliyik. Ə. O. Negahban bu qəbirləri e. ə. IX əsrə aid edir; lakin, belə hesab edir ki, onlardan tapılan bəzi əşyalar daha əvvəllər hazırlanmışdır. Mərlik tapıntıları Mitanni və Urartu incəsənəti, həmçinin Talış, Şimali-Qərbi İran, Gilan və Mazandaran əyaləti materialları ilə oxşarlıq aşkara çıxardır. Məhz buna görə də Ə. O. Negahban güman edir ki, bu əyalətlərə ola bilsin ki, siyasi və iqtisadi cəhətdən Mitanni dövlətinin tənəzzülü və Midiya dövlətinin təşəkkülü ərəfəsində yaranmış "Mərlik hökmdarlığı" başçılıq etmişdir. Bu nəticə çox da konkret deyildir; belə ki, müəllif çox uzun bir zaman fasiləsi — təqribən min il müddət göstərir. Bundan əlavə Mərlik dövləti siyasi ağalıq olmadan da qonşu tayfalarla qarşılıqlı əlaqələr nəticəsində təsir göstərə və təsirə məruz qala bilərdi.
İran arxeoloji cəmiyyəti Əli Hakeminin rəhbərliyi altında Qızılüzən çayı vadisində, Mərlikin yaxınlığında Kaluraz adlı yerdə də qazıntılar aparır. Qazıntılar nəticəsində bünövrəsi daşdan, özü isə ağacdan olan binaların qalıqları aşkara çıxarılmışdır. Bu tikintilərdən bir qədər kənarda nekropol yerləşir. Əli Hakemi, bu mədəniyyətin antik mənbələrə görə Qızılüzən çayı vadisində məskunlaşmış mard tayfalarına məxsus olmasını güman edir. Kaluraz tapıntıları e. ə. I minilliyin ilk əsrlərinə aid edilir. Ziviyə kəndi sakinləri tərəfindən Saqqız yaxınlığında tapılmış dəfinə xüsusi maraq kəsb edir. R. Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü Saka sözündən törənmişdir. Ziviyə kəndinin adı II Sarqon və Aşşurbanipalın kitabələrində Zibia— İzzibia—Uzbia kimi qeyd edilən Manna qalasının adı ilə müqayisə edilir. R. Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə, Zibia, görünür əhalinin yaşadığı yer – şəhər yox, daha mühüm yaşayış məskənlərinə gedən yolu kəsən və ancaq qoşun yerləşən adi istehkam məntəqəsi olmuşdur.Ziviyə dəfinəsi əşyaları e. ə. IX—VII əsrlərə aid edilir. Ziviyə dəfinəsi bu əraziyə bir tərəfdən güclü qonşuların (təcavüzünün) gücləndiyi, digər tərəfdən isə yeni köçəri tayfaların daha intensiv axınının başlandığı həmin "hərc-mərclik dövrü"nü özündə əks etdirir. Bütün bunlar təsərrüfat formalarında dəyişikliklərə, əhalinin təsviri sənətində müxtəlif üslubların qarışmasına və paralel mövcudluğuna səbəb oldu.
Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviya dəfinəsinin skif üslubu qızıl əşyalarını B. B. Piotrovski e. ə. VII əsrin sonuna və VI əsrin əvvəllərinə aid edir. R. B. Barnet Ziviyə dəfinəsini müxtəlif dövrlərdə və ayrı-ayrı üslublarda hazırlanmış əşyalarla birgə dəfn sayır. Bütün bu əşyaların tapıldığı sarkofaqı təsvirlərinə və formasına görə o, e. ə. VII əsrin sonlarına aid edir.
A. Qodar əşyaların əksəriyyətini, R. Girşman isə onların ancaq bir qismini (digərlərini o, aşşurlara və ya skiflərə aid edir) mənşəcə yerli hesab edirlər. A. Qodar ilk, eləcə də sonrakı nəşrlərində güman edir ki, skiflər mannalıların incəsənətini qəbul etmiş və bu dintez sayəsində sonralar Ön Asiya və Orta Rusiyada yayılmış "skif heyvani üslubu"nu yaratmışlar.[340][341] S. İ. Rudenko özünün "Искусство Алтая и Передней Азии" (Moskva, 1961) əsərində Ön Asiya incəsənəti (qismən də Ziviyə əşyaları) ilə Altay və Şimali Qara dəniz kurqanlarından tapılmış əşyalarda bəzi ümumi cizgilər aşkara çıxarır.Lakin o, Ön Asiya incəsənətinin skif tayfaları incəsənətinə təsirinin izahını düzgün saymır. O, eyni zamanda qeyd edir ki, Şimali Qara dənizyanı abidələrində qabarıq əks olunan e. ə. I minilliyin birinci yarısına aid edilən Ön Asiya incəsənəti ünsürləri, xüsusilə də "skif heyvani üslubu" vaxt ötdükcə, Qara dənizyanı skiflərin Ön Asiya ilə əlaqələri zəiflədikcə tənəzzülə uğrayır və sadələşir. E. ə. V əsrdə Qara dənizyanı skiflərinin incəsənətinə yunan incəsənəti öz təsirini göstərir. Skif incəsənətinin Ön Asiya incəsənətinin təsiri altında yaranması nöqteyi-nəzərini M. İ. Artamonov da müdafiə edir. O, belə hesab edir ki, bu incəsənət nə skif, nə də Midiya mədəniyyəti olmuşdur; bu, gəlmələrin qədim Mesopotamiya bədii irsini mənimsəməyə əsaslanan incəsənətidir.
S. Qaşqay qeyd edir ki, Manna incəsənəti də gəlmə tayfaların incəsənətinə təsir etməliydi, belə ki, onların gəldiyi dövrdə Manna əhalisi oturaq həyat tərzi keçirirdi və yüksək inkişaf etmiş sənətkarlıq istehsalına malik idilər. Bunu Ziviyədən tapılmış əşyalardan başqa daha əvvəlki dövrə aid edilən Həsənlu tapıntıları da göstərir. Bu zonada ən böyük arxeoloji obyekt Urmiya gölünün cənub sahilində, Həsənlu kəndi yaxınlığında yerləşən təpədəki qədim yaşayış məskənidir. Həsənlu təpəsi Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığında yerləşir. Vadiyə giriş çətindir, sanki hər tərəfdən əhatələnmişdir; o qərbdən Zaqroş dağları, cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Ora giriş ancaq qərbdən Kəlyaşin və Rəvanduz aşırımı, şərqdən isə Kadar çayı boyunca mümkündür.
1956-cı ildən burada R. Daysonun rəhbərliyi altında Amerika arxeoloji cəmiyyəti İran arxeoloji idarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənlu rayonu e. ə. IX əsrin ortalarından III Salmanasarın (e. ə. 859 – 824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənluda aşkar edilmiş qədim yaşayış məskəni hələlik mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir.[343] Tikinti qurğularının qalıqları göstərir ki, o xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi olmuşdur. E. ə. VI minilliyə qədər mədəniyyətin ardıcıl stratiqrafiyasını verən Həsənlu təpəsi 27,5 metr dərinliyədək qazılmışdır. Bu stratiqrafiya tarixi məlum olan abidələrlə paralelli keramika qalıqlarının, həmçinin radio-karbon təhlilinin nəticələrındən istifadə vasitəsilə müəyyənləşdirilmişdir. R. Dayson Həsənluda qazılmış materialları on dövrə ayırır. X—VI dövr materialları Həsənlu təpəsi yaxınlığında yerləşən təpələrdə də təmsil edilmişdir.
Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V və IV dövrlərdir. Keramika məmulatı dibinin formasına görə "Button Base Phase" adlanan V dövr e. ə. 1200-1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq Həsənlu təpəsi kiçik binalarla abadlaşdırılır. E. ə. 1100-800-cü illərə aid IV dövr "Grey Ware Phase" əvvəlki dövrlərdə təsadüf edilməyən xarakterik cizgili, əsasən şüyrələnmiş boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aiddir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binalar qalmış daş və ağac hissələrindən istifadə edilərək yeni memarlıq detalları və əsas plana əlavə tikililər artırmaqla bərpa olunmuşdur.Bu dövrün binalarından bir neçə yazılı əşyalar aşkar edilmişdir[344] R. Daysonun fikrincə IV dövr mədəniyyətinə urartulular tərəfindən qalanın dağıdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur. III dövr "Triangle Ware Phase" xarabalıqların toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki-erkən IIIB (e. ə. 750-600-cü illər) və son IIIA (e. ə. 600-400-cü illər) kəsimi bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (IIIB dövrü) və açıq sarı rəngli keramika (IIIA dövrü) hazırlamışlar. Sonra hələlik dəqiq müəyyənləşdirilməmiş II dövr "Post Triangle Ware Phase" və I İslam dövrü gəlir.
Həsənluda qazılmış arxeoloji material Cənubi Azərbaycanın və ümumiyyətlə İran yaylasının qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Həsənlu qazıntıları özündən əvvəlgilərdən burada təkcə yaşayış məskəninə aid nekropolun aşkar edilməsi ilə yox, həm də yaşayış məskəninin özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə sistematik olaraq aparılmış qazıntılardır və onlar bu rayonun ardıcıl mədəni inkişafının dolğun lövhəsini yaradır. Müasir tədqiqat metodları sayəsində buradan əldə edilmiş materialın dəqiq və etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur.
Həsənlu qazıntıları şəhərsalma, sənətkarlıq istehsalı, incəsənət, təsərrüfat həyatının müxtəlif sahələrinə aid material vermişdir. Onlar yazılı mənbələrin məlumatlarını yeni şəkildə dərk etməyə və bu rayonun tarixini geniş şəkildə işıqlandırmağa imkam yaratmışdır.Həsənlu materialları qonşuluqdakı qədim yaşayış məskənləri və nekropollar yerləşən təpələrdən aşkar edilmiş arxeoloji materiallarla tamamlanır. Həsənlu təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənluda qazılmış dövr etibarı ilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adı ilə adlandırılmışdır.Həsənludan 1,5 km cənubda yerləşən Hacı Firuz təpəsindəki qazıntılar Həsənlu X dövrünə müvafiq gələn daha qədim dövr (e. ə. VI-V minilliklər) əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu hörmə sayəsində gil lazımi formada bərkiyirdi. Sonra hörmə kənar edilirdi. Qablar bərkidikdən sonra onun üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilirdi. Qablar bəzən həndəsi şəkillərlə bəzədilirdi. IX və VIII dövrlər müvafiq olaraq Dəlmətəpə və Pişdəlitəpə qazıntıları ilə təmsil edilmişdir. Dəlmətəpə tapıntıları e. ə. V minilliyin sonuna aid edilən və Yaxın Şərqdə həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə qəhvəyi və ya qara- qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən olduqca effektli və çoxsaylı kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir.
Pişdəlitəpədə VIII dövr e. ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə mədəniyyəti ilə Urmiya gölünün şərq sahilindəki Yanıqtəpə mədəniyyəti arasında oxşarlıq tapılır. Buraya qəhvəyi qara rəngli, həndəsi rəsmli sarımtıl rəngli keramika, dəvəgözü və çaxmaqdaşından bıçaqlar, saxsı iy, heyvan heykəlcikləri və s. daxildir.
Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına, həmçinin İraq, İran və Türkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan R. Dayson tərəfindən müəyyənləşdirilmişdir. O. V. Muskarellanın rəhbərliyi altında Həsənludan 25 km qərbdə yerləşən Dinhatəpədə də arxeoloji qazıntılar aparılmışdır. Aşkar edilmiş materiallar uzun bir xronoloji dövrü əhatə edir. Həsənlu IV və V dövrlərinə müvafiq gələn tikili qalıqları, həmçinin Dinha III (e. ə. 1350-1000-ci illər) və Dinha II (e. ə. 1000- 800-cü illər) nekropolları e. ə. II minilliyin sonu – e. ə. I minilliyin əvvəlinə aiddir.Divarları üç tərəfdən çiy kərpicdən tikilmiş, şərq tərəfdən isə açıq qoyulmuş Dinha III dövrü qəbirlərində ölülər quyu qəbirlərdə fərdi qaydada basdırılmışdır. Bu dövrdə boz-qara keramika hazırlanmışdır. Qulpsuz, sərbəst növlü "çaydan"lar, birqulplu küplər, iki dəlikli və qövsvari yapması olan kasalar səciyyəvi əşyalardır. Dinha II dövrünə dulus kürələri, tikili kompleksləri və qəbiristanlıq aiddir. Ölülər divarları çiy kərpic, ya da daşdan tikilmiş qeyri düzkün formalı qəbirlərdə basdırılmışdır. Bu qəbirlərin də divarları üç tərəfdən hörülmüş və iri sal daşla üstü örtülmüşdür. Ondan başqa, daxilində ancaq uşaq sümükləri aşkar edilmiş iri təsərrüfat qablarında dəfn adəti xüsusi əhəmiyyət kəsb edir. Bu dövrdə boz-qara keramikadan istifadə davam edir. Əksər hallarda keçmiş formalar saxlanılsa da, "körpücük" halqası ilə novu birləşdirilmiş "çaydan"lar, heyvan başı şəklində düzəldilmiş qulplu qablar kimi yeni formalar, Həsənlu IV dövrü ilə yaxın paralelləri olan tunc və dəmirdən düzəldilmiş bəzəklər və silahlar meydana çıxır.
O. V. Muskarella öz tədqiqatlarında Dinha təpəsinin hər iki dövrünün həm keramika, həm də metal əşyalarının Cənubi Azərbaycan və İranda aşkar edilmiş sinxron abidələrinin materialları ilə əlaqəsini izləmişdir. Həsənludan tapılmış sümük qalıqlarının analizi T. A. Ratbunun tədqiqatında aparılmışdır.
Həsənlu təpəsinin şimal ətəyindəki nekropol ərazisində 1947-1948-ci illərdə müstəqil qazıntılar aparmış M. Rad və A. Hakimi öz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə Həsənlunun qədim sakinləri dəfn zamanı günəşi səmt götürmüşlər. Məhz buna görə də, ilin və günün vaxtından asılı olaraq dəfn olunanların başlarının istiqaməti dəyişmişdir. İran alimlərindən A. Hakimi və M. Radın "İran arxeoloji hesabatları" məcmuəsinin I cildində (Tehran, 1950) çap edilmiş "Həsənlu (Sulduz) qazıntılarının təsviri və nəticələri" tədqiqatı da Həsənlu qazıntılarına həsr olunmuşdur. Qazıntı aparılmış qəbirlərə əsaslanan müəlliflər belə nəticəyə gəlmişlər ki, Həsənlu dəfn adətləri həmin dövrdə Qərbi Asiyanın digər vilayətlərində mövcud olmuş dəfn adətlərindən fərqlənmir. Sol və ya sağ böyrü üstə bükülü vəziyyətdə olan skeletlərin səmti günəşə doğrudur. Müəlliflər Kalardəşt, Ziviyə və s. tapıntıları ilə də paralellər gətirib metal və sümükdən düzəldilmiş əşyaları, keramika məmulatını təhlil etmiş, Əhəmənilər dövrü incəsənətinin mannalıların və midiyalıların incəsənəti ilə əlaqəsini qeyd etmişlər. Araz çayı vadisində, Türkiyə-Azərbaycan-İran sərhədlərinin qovşağında Qala Sərənc adlanan qala aşkar edilmişdir. Müdafiə divarları qərb tərəfdə yaxın, şərqdə isə seyrək yerləşdirilmiş bürclərə malikdir.
Uşpu-Nəgadehdən 8 km şimali-şərqdə keramika tapıntılarına görə Urartu dövrünə aid edilən istehkamın xarabalığı yerləşir. İstehkamın divarları yonulmamış sal qaya daşlarından hörülmüşdür. İndi bürc çıxıntıları gözə dəymir. Bu tikili çox güman ki, Uşnu vadisindən Urmiya düzənliyinə gedən yol üzərində keşikçi istehkamı olmuşdur.
Uşnudan 15 km şərqdə çox böyük və dik bir təpədə Qalatgah xarabalığı yerləşir. Bəzi yerlərdə yaxşı yonulmuş sal daşlardan tikilmiş müdafiə divarları qalmışdır. Təpənin ən yüksək nöqtəsindən bütün Uşnu vadisi və Sulduz vadisinin bir hissəsi görünür. Qalatgah tapıntıları Həsənlu III dövrünə müvafiq gəlir. Keramika Həsənlu və Ziviyə tapıntılarında olduğu kimi sadə və üçbucaqlarla cızılıb haşiyələrlə bəzədilmiş oyma oturacaqlı qırmızı və boz monoxrom gil məmulatı ilə təmsil olunur. Bundan əlavə bir neçə zərif, diqqətlə şüyrələnmiş Urartu tipli qırmızı keramika qırıqları da aşkar edilmişdir. Buradan ağ daşdan hazırlanmış qaçan heyvan təsvirini stilizə edən Urartu tipli çökük silindrvari möhür də tapılmışdır. Silindrin asmaq üçün ilgəkçiyi vardır. Qalatgahda tapılan nümunə Şimali-Qərbi İranda ilk tapıntıdır. Buradan sındırılmış daş blok üzərində Urartu kitabəsi də aşkar edilmişdir. Mətndə Urartu hökmdarları İşpuini və Minuanın adı çəkilir.
Makudan cənubi-şərqdə, Ağçay çayı vadisində, Bastam kəndi yaxınlığında böyüklüyünə görə az qala Van qalası və Topraqqala ilə müqayisə ediləcək möhtəşəm və yaxşı qalmış qala aşkar edilmişdir. Bir qədər əvvəllər bu rayonda aşkar edilmiş, hazırda Tehran arxeoloji muzeyində saxlanılan kitabənin sayəsində müəyy'n edilmişdir ki, qala Urartu hökmdarı II Rusa (təqribən e. ə. 685- e. ə. 615) dövründə tikilmişdir. Kitabədə "Rusanın kiçik şəhəri"nin və Haldi tanrısına həsr olunmuş məbədin tikintisi barədə məlumat verilir. Q. A. Melikişvili. UKN, 280
Urmiya gölü yaxınlığında, Şapur şəhərindən cənubda yerləşən dörd hündür təpədən birində – Həftavantəpədə Ç. Barney tərəfindən qazıntı aparılmışdır. Tədqiqatlar nəticəsində e. ə. III minillikdən başlamış orta əsrlər dövrünədək müddəti əhatə edən yeddi dövr müəyyənləşdirilmişdir. Təbəqələrin ardıcıllığı xırda sapmalar nəzərə alınmasa Həsənlu üçün qəbul edilmiş dövrləşmə ilə uyğun gəlir. Həftavantəpə V dövrü intensiv tikinti fəaliyyətini aşkara çıxarır. Binalardan boz gil məmulatından və özündən əvvəlki ənənələri davam etdirən qırmızı gil məmulatından ibarət keramika tapılmışdır. Onlar iri saxlanc küplərindən, boğazı və ya lüləyi açıq qablardan ibarətdir. Qablar dalğavari xətlər və ya üçbucaqlarla bəzədilmişdir. Əsas tikililər təpəpin başında (Ç. Barney onları Urartu dövrünə aid edir) eləcə də onun altında IV dövr təbəqəsindədir. E. ə. IX-VIII əsrlərə aid edilən bir neçə qəbir sonuncu dövrə məxsusdur. Uzun tunç zəncirlər, muncuqlar və "çaydan" tipli qablar Həsənlu IV dövrü ilə sıx əlaqələri aşkara çıxarır. Cənubi Azərbaycanın şərq əyalətlərində arxeoloji tədqiqatların toplu icmalını S. Kroll vermişdir. Xronoloji baxımdan onlar müxtəlif tarixi dövrləri əhatə edir.
Ərdəbildən 44 km şimali-qərbdə, Ağqala qalasında və b. yerlərdə ilk dəmir dövrünə aid formaca oxşar keramika aşkar edilmişdir. Manna tarixinə həsr edilmiş ilk tədqiqat S. Belkin əsəridir
Tarix: 27.01.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 285 Bölmə: Ümumi