Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manna dovləti - Tarixi coğrafiyası

S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir. Bu ölkəyə sonra III Salmanasar, V Şamşi-Adad[29], II Adadnerari yürüşlər etmişdilər. Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi. Q. A. Melikişvili belə hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun əhalisi etnik cəhətdən mannalılarla qohum olmuşdur.

Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır. Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub "Urartuya xidmət etməyə" razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı. Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər.Sonralar çar Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi.

Mannanın şərq sərhədlərində "dağlıq diyar" adlanan Gizilbunda vilayəti yerləşirdi Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823-810) rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin əhalisinin daldalandığı "möhkəmləndirilmiş şəhər" Uraşı işğal etdi, "şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od vurub yandırdı...". III Adadnerarinin (e. ə. 805-782) kitabələrindən birində onun başqa ölkələrlə bərabər "Gizilbundanı ta hüdudlarınadək" istina etdiyi haqqında məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı, hətta II Sarqon, gizilbundalıları "öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan" adamlar adlandırır.Gizilbundanın ayrı-ayrı hökmdarları bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.

Zikertu əyaləti müasir Miyanə – Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir. O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda "hökmdar şəhəri" var idi. Zikertunun adını antik mənbələrdə xatırlanan saqartilərin adı ilə eyniləşdirirlər. Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100-200 il əvvəl adları çəkilən qonşu əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi.

Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir. III Adadnerari işğal etdiyi ölkələr arasında "Günəşin batdığı böyük dənizə"dək uzanan Andiyanın da adını qeyd edir. Bu dəniz Xəzər dənizi hesab olunur.Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar. Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.

Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin, o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu. II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis (Təbriz) qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.


Tarix: 27.01.2015 / 17:41 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Ümumi
loading...