Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daxilə baxış

Hələ qədim Yunanıstanın Delfi məbədinin giriş qapısında “Özünü dərk et! Onda allahları da, bütün kainatı da dərk etmiş olarsan” sözləri yazılmışdı.
Bir sıra məlumatlara görə qədim yunanlar da bu fikri qədim Şərq xalqlarının fəlsəfəsindən əğz etmişlər.

daxilə səyahətBir neçə min il bundan əvvəl söylənmiş bu aforizmin əsas hikməti ondan ibarətdir ki, insanla kainat bir tamlıq təşkil edib, belə ki insanın özünü dərk etməsi onun kainatı dərk etməsi ilə bağlıdır. Digər tərəfdən əsrlərin dərinliyindən qaynaqlanan bu sözlər bir daha təsdiq edir ki, qərinələr dolanıb, zamanlar keçsə də özünü dərketmə problemi heç vaxt aktuallığını itirmir. Hər bir insan hər dövrdə bu problemi özü üçün öz həyat şəraitinə uyğun olaraq yenidən həll etməli olur. Çünki şəxsiyyətin ən mühüm ölçülərindən biri olan özünü dərketmə nə irsən keçə bilər, nə də insana kənardan təlqin oluna bilər.

Biliyi bir başdan digərinə ötürmək mümkün olmadığı kimi, özünü dərketmə də ətrafdan bizə ötürülə bilməz. Özünü dərketmək özünü tərbiyə etmək deməkdir. Hamı sərkərdə, dövlət başçısı, qəhrəman ola bilməz ancaq hamı özünü tərbiyə edə bilər. Hər bir insanın özünü tərbiyə etməsi üçün ilkin addım özünə müraciət etməsidir. Özünü tərbiyə özünə müraciət edib, öz hərəkət və davranışlarına nəzarət etmək, özünə bir növ hesabat verib, təhlil etməkdir.

Fikir hələ fikir səviyyəsinə çatana qədər hiss halında olur (K.Stanislavski). Yəni insan da özünü təhlil etməsə, özünə nəzarət etməsə özünü heç vaxt tanıya bilməz. Hər bir adam iki cür tərbiyə alır: birini ona başqaları verir, o birini özü. İnsan öz şəxsi ideyası və iradəsindən asılı olmadan müəyyən mühit daxilində yaşayarkən, yəni özünü sadəcə mühitin dalğalarına atarkən, palaza bürünüb elnən sürünərkən həqiqətən xaosda yaşayır yoxsa başqa bir qaydanı özü də bilmədən qəbul edir.

Doğurdan da biz hər hansı məsələnin həllini bilsək də onu həll etməyə cəhd etmirik, gözləyirik ki, kimsə ətrafdakılar onu həll etsin baxmayaraq ki, özümüz daha düzgün həll edə bilərik. Nə vaxta qədər ki, biz özümüzü tanımasaq, ən azından özümüzdə nələrisə aşılayıb nələrisə dəyişdirməsək biz hər zaman ətrafımızdakıların əlində uzaqdan idarəedici bir robota çevriləcəyik özümüzdən xəbərsiz. Və həyatının elə bir anında dərk edəcəksən ki, sən əslində sən olaraq yaşamamısan, sadəcə ətraf tərəfindən sənin üçün yaradılmış bir qəlibdə, bir modeldə yaşamısan.

Özünü tanımayan insan fırtınalı dənizdə sahibsiz gəmi kimidir (A.Lalə). Mənə elə gəlir ki, hamı özünə nəyin lazımlı, nəyinsə lazımsız olduğunu hər kəsdən yaxşı bilir. İç dünyasına gözün açılması üçün əvvəlcə kənara baxan gözlər yumulmalıdır.

Özünü tərbiyə isə ancaq və ancaq insan xarakterinin və iradəsinin məhsuludur. Möhkəm xarakter tərbiyəsi üçün özünümüşahidə, özünütəhlil, özünəhesabat, intizamlılıq tələb olunur. Xarakter və iradə anlayışları ayrılıqda təsəvvür edilə bilməz. Çünki iradə artıq formalaşmış, tərbiyə olunmuş xarakterdir.

Bəzi insanlar öhdəsindən gələ bilmədiyi işləri şəraitin, təsadüflərin və hətta şanssızlıqlarının üzərinə atırlar. G.H.Levesin fikrincə insan şəraitin məhsuludur deməkdənsə, o şəraitin memarıdır, yaradıcısıdır demək daha münasibdir. Şəraitlərdən həyat yaradan bizim gücümüz yəni, iradəmiz və xarakterimizdir. Eyni materiallardan kimisi saraylar, köşklər, malikanələr, kimisi isə komalar, daxmalar tikir. Onu da qeyd edək ki, kim xarakterli və iradəlidirsə o öz taleyini özü yazır, kim zəifdirsə o həmişə günahı özündən başqa hər şeydə görəcəkdir.

Hər kəsin həyatında aşılmaz dağ kimi görünən məqamları olur. Güclü insan odur ki, bu keçidləri öz gücü hesabına keçə bilsin. Məhşur inglis yazıçısı B.Şoy yazmışdı:”İnsan kərpic kimidir, bişdikcə, yandıqca daha möhkəm olur”. Yeri gəlmişkən insanlar məğlub və qalib olmaqla iki yerə ayrılır. Məğlub insan–daim özündən narazı, özünə güvənməyənlərdir. Qalib insan–isə özündən, gördükləri işlərindən razı olanlardır.

Qədim dövrlərin ən görkəmli natiqi Demosfen uşaqlıqda pəltək imiş, danışarkən ciddi surətdə kəkələyirmiş. Uzun müddət inadla, təkidlə çalışmaq, məşq etmək, bu sahədə bütün iradə qüvvəsini səfərbərliyə almaq nəticəsində o, bu fiziki qüsuru aradan qaldırmağa və hətta öz dövrünün ən mahir natiqi olmuşdur.

İnsan özünü ancaq dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər(İ.Göte).Özünün əslində kim olduğunu, ürəyindən nələr keçdiyini bilmək imkanı insanı vahimələndirir. Şopenhauer yazır ki, insandan başqa heç bir varlıq öz mövcudluğuna təəccüb və heyrətlə baxmır. İnsan öz şüurlu həyatını yaşayarkən öz mövcudluğuna izahat tələb etməyən bir reallıq kimi baxır. Amma insanın öz Məni-nə kənardan baxmaq imkanı fəlsəfi düşüncələrin əsası olur və məlum olur ki, insanın kortəbii fəaliyyəti çox vaxt onun öz maraqlarının əksinə yönəlmişdir.

Özünü tərbiyə etmənin ən vacib xüsuslarından biri də öz qüvvəsinə inamı təlqin etməkdir. Kim özünə güvənirsə bir işə başlamazdan öncə o, artıq bir addım irəlidədir. Hər bir adam yaxşı dərk etməlidir ki, onun bacarmadığı şey yoxdur və hər bir adam imkan verməməlidir ki, ona sən bu işi bacarmazsan desinlər. İnsanlarda qabiliyyət, istedad, potensial yox, iradə və səy çatışmır.


Tarix: 27.11.2014 / 13:02 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Ümumi Psixologiya
loading...