Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəxsiyyətin iradi keyfiyyətləri

Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müs­təqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi də aid etmək olar.

qətiyyətli futbolçu
Təkidlilik – qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik – isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.
Qətiyyət – hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyət – iradi keyfiyyət kimi iradi işin bütün mərhələlərində özünü göstərir. Qətiyyətlilik – məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Bu keyfiyyətin əksini qətiyyətsizlik təşkil edir. Qətiyyətsiz adam üçün iradi işin bütün mərhələləri uzun və üzücü prosesə çevrilir. Qətiyyətsizlik–inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.
Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi işin icra mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmiş qərarın icrası zamanı, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risq etməkdə təzahür edir. Cəsarət iradəni qüvvətləndirir və şəxsiyyətin hörmət və nüfuzunu artırır. Özünəinam, məqsəd aydınlığı, ədalət cəsarətin aktivatorlarıdır. Çox vaxt mərdlik, qəhrəmanlıq, igidlik, hünərpərvərlik, mübarizlik cəsarətliliklə sinonim sözlər kimi işlədilir. Cəsarətə əks olan keyfiyyət qorxaqlıqdır. Qorxaqlıq – insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq – inamsızlıqla, cəsarətliliklə, qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir. Qorxu həm də orqanizmin bioloji müdafiə reaksiyasıdır.
Özünü ələ ala bilmək əsasən şəxsin iradi iş zamanı özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırılmasında ifadə olunur. İradənin özünü ələ ala bilmək, keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə, soyuqqanlılıq və təmkinliyində ifadə olunur.
Məsuliyyətlilik – mühüm iradi keyfiyyətlərdən biri olub, şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə sıx bağlıdır. Məsuliyyətliliyin əsasən borc hissinin, eləcə də cavabdehlik hissinin inkişafı ilə bağlı olması, sosial-mənəvi-psixoloji yetkinliyin göstəricisi kimi qəbul edilir.
İntizamlılıq – şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir. İnsanın fəaliyyət və ünsiyyət prosesində, mövcud sosial normalara, etalonlara və s. hörmətlə yanaşması, şəxsin intizamlı olmasını bildirir. Görkəmli alman filosofu İ.Kant – nizam-intizamın insanda vəhşiliyi ləğvetmə vasitəsi olduğunu göstərmişdir. İnsanların qrup və kollektiv şəraitdə birgə fəaliyyət göstərməsi, başqa səbəblərlə paralel olaraq intizamlılıq keyfiyyətinin dərk olunması ilə bağlıdır. İntizamlılıq – şəxsiyyətin işgüzarlığı və sosiallığının göstəricisidir. İntizamlılıq həm də əxlaqi qiymətdir.
İşgüzarlıq – mühüm iradi keyfiyyətlərdən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir. İşgüzarlıq, ardıcıllıq və icraçılıq bir-birilə sıx vəhdət təşkil edən keyfiyyətlərdir. Tənbəllik – işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır.
Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir. O, əsasən qərar qəbulunda və icra olunmuş işə görə cavabdehlikdə özünü göstərir. Müstəqil adam məsuliyyət hissinə, tənqidi ağıla, möhkəm əqidəyə və dərin inam hissinə malikdir. Müstəqillik ən mühüm iradi keyfiyyət kimi iradi işin həm intellektual, həm də icra mərhələsində təzahür edir. Başqa iradi keyfiyyətlər kimi, müstəqillik də sosial həyat şəraitindən, mühit və tərbiyədən asılı olaraq formalaşan psixi xüsusiyyətdir.
Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaq, təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir.
Səbrlilik. Psixologiyada iradənin təzahürü haqqında danışdıqda, elə ilk növbədə səbirli olmaq başa düşülür. Səbrli olmaq – iradi güc, təkidlilik, özünü ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir. Azərbaycan şer kəhkəşanının ən parlaq və sönməyən ulduzu böyük Sabirin dediyi kimi:
Hansı bir müşküldü kim, səbr ilə asan olmasın?
Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir (yunanca: abulia — qətiyyətsizlik)
Zəif iradəlilik – məqsədəuyğunluğun və yüksək niyyətlərin yoxluğudur. Zəif iradəlilər üçün özlərinin maraq dairələrini genişləndlirmək faydalıdır. İradə «lazımdır», iradəsizlik isə «istəyirəm» motivi ilə hərəkətə gəlir. Bernard Şou yazırdı: «İradə olmayan yerdə yol da yoxdur». Kibernetiklər iradəni həyati mübarizəni əks etdirən bir oyun anlayışı kimi təyin edirlər. Qədim romalılar deyirdilər: Cəsurlara tale kömək edir (audaces fortuna adjuvat)


Tarix: 27.11.2014 / 12:22 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Ümumi Psixologiya
loading...