Ötən əsrlərlə müqayisədə son illər insanların xarakteri, dünyagörüşü həddən ziyadə mürəkkəbləşib. Bu gün insanları nə iləsə heyrətləndirmək, təəccübləndirmək son dərəcə müşküldür. Eləcə aldatmaq da.
Adamların xarakteri, düşüncə tərzi hətta o qədər mürəkkəbləşib ki, psixologiya elmində uzun illər birmənalı şəkildə qəbul edilən insanın temperament tipinə də təsir göstərib. İnsanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görən psixoloqlar özləri artıq tərəddüd içindədirlər.
"İnsanın xarakterini, xasiyyətini onun hansı temperament tipinə mənsub olduğu müəyyənləşdirir" fikrini sübut etməyə çalışan psixoloqların bu barədə fikirləri ilə tanış olaq. Əvvəlcə nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" mənasını verir. Temperament insana irsən xas olan, davamlı xüsusiyyətlər toplusudur. Psixoloqların temperamentə belə tərif vermələrinə baxmayaraq, onlar özləri də etiraf edirlər ki, bunu birmənalı şəkildə qəbul etmək olmaz. Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi, tərbiyə ciddi təsir göstərir. Ümumiyyətlə, psixoloqların fikrincə, istənilən insanda müxtəlif temperamet tiplərinin xüsusiyyətləri cəmləşir. Buna görə də psixoloqlar insanın hansı tipə mənsubluğunu müəyyənləşdirərkən, bir qayda olaraq, o insanda hansı tipin xüsusiyyətlərinin daha qabarıq və çox olduğunu nəzərə alırlar. Ən maraqlısı isə budur ki, insanın aid olduğu əsas tipi nəzərə almasaq, yerdə qalan tiplərin xüsusiyyətlərinin dərəcəsini müəyyənləşdirmək qeyri-mümkün olar.
Son illərə qədər psixoloqlar hesab edirdilər ki, dörd temperament tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Ancaq son illər bu bölgü özünü doğrultmur. Nəticədə psixologiya elmində tiplərin bölgüsü ən aktual və mübahisəli mövzuya çevrilməkdədir. Daha dəqiq desək, tiplər barədə təsəvvürlər getdikcə daha da mürəkkəbləşir. Bu fikri dəstəkləyən psixoloqlar yaşlı və gənc insanlara diqqət yetirməyi məsləhət görürlər. Yaşlı və gənc nəslin dünyagörüşü arasında fərq olmasını labüd sayan psixoloqlar hesab edirlər ki, heç bir zaman fərq bu qədər ciddi və köklü olmayıb. Onlar bu fərqin tiplərə sirayət edə biləcək səviyyədə olduğunu vurğulayırlar. Psixoloqlar bu zaman ilk növbədə tiplərin bölgüsünə diqqət yetirirlər. Məsələn, bəzi psixoloqlar dörd deyil, altı, yeddi, hətta səkkiz temperament tipinin mövcud olduğunu bildirirlər. Bəziləri isə dörd bölgüsü ilə razılaşaraq, sadəcə, bu bölgünün özünün şaxələndiyini vurğulayırlar. Hesab edirlər ki, bu bölgülərin hər birinin ayrı-ayrılıqda bir neçə növü var. Psixologiya elmində tez-tez səslənən bu fikirlərin tərəfdarlarının sayı isə durmadan artır.
Bir sözlə, artıq hamı birmənalı şəkildə etiraf edir ki, insan xarakterinin mürəkkəbləşməsi sayəsində tiplərin sayı çoxalıb. Göründüyü kimi, psixoloqlar tiplərin sayını tam dəqiqləşdirməsələr də, reallığı etiraf edirlər.
Bu gün biz son dərəcə mürəkkəbləşən xarakterlərin təsiri ilə maraqlanacağıq. Bir sözlə, ətrafdakılarla olan münasibətlərimizi, eləcə də hər hansı bir hadisəni nə dərəcədə düzgün qiymətləndirə bilmək qabiliyyətimizi aydınlaşdıracağıq. Başqa sözlə desək, nə qədər gözüaçıq olduğumuzu müəyyənləşdirəcəyik. Təbii ki, psixoloqların tərtib etdiyi sorğunun köməyi ilə.
Sorğu ilə tanış olmazdan əvvəl, xatırladaq ki, elə insanlar var ki, onlar heç vaxt çıxılmaz vəziyyətə düşmürlər. Onlar istənilən vəziyyətdən çıxmaq, eləcə də istədiklərinə nail olmaq üçün yüz cür fənd bilirlər. Bir sözlə, ağılları sanki zərgər dəqiqliyi ilə işləyir. Göz qabağında buraxdıqları səhvləri ört-basdır eləməyi, yalanlarına həqiqət donu geyindirməyi bacarırlar. Adətən, belə insanların aldanmaq şansı çox azdır. Çünki belə insanlar heç kimə inanmırlar.
Bəs siz necəsiniz? Vəziyyətdən çıxa bilirsinizmi? Və sizi aldatmaq asandırmı? Bu suala cavab verməkdən ötrü psixoloqların tərtib etdiyi sorğuları cavablandırın.
1.Həmsöhbətinizə xoşagəlməz söz demək məcburiyyəti qarşısındasınız, bu zaman, həmin sözün onun xətrinə dəyəcəyini düşünürsünüz?
2.Dərsə və ya işə gecikəndə, heç kimin sizin gecikdiyinizi sezməməyinə çalışırsınızmı?
3.Başqalarından özünüzün görməyə qorxduğunuz işi yerinə yetirməyi xahiş edirsiniz?
4.Hokkeydə, futbolda, stolüstü oyunlarda fırıldaq edərək udmağa, yoxsa, düzgün oynayaraq, uduzmağa üstünlük verirsiniz?
5.Kiminləsə zarafat edəndə, həmin adam onunla kimin zarafat etdiyini o dəqiqə başa düşürmü?
6. İnsanı düzgün, açıq danışmağa məcbur etməkdən ötrü düşünülmüş yalan danışa bilərsinizmi?
7.Məktəbdə parta yoldaşınızdan icazə almadan və ya ona xəbər vermədən ondan nəyi isə köçürə bilərsinizmi?
8.Siz həmişə istədiyinizi əldə eləməkdən ötrü çarə tapırsınız?
9.Siz heç kimin başa düşmədiyi hiylə işlətməyi bacarırsınızmı?
İndi isə cavabların nəticələrinə baxaq.
2,3,5,6,7,8 və 9-cu suala verilən müsbət cavaba, 1 və 4-cü suala verilən mənfi cavaba görə 1 bal toplayırsınız.
Əgər 6 bal toplamısınızsa, sizi sadəcə çoxbilmiş, gözüaçıq adlandırmaq düzgün deyil. Psixoloqların təbirincə, 6 bal toplayan insanlar bu sahədə hamını arxada qoyublar. Elə bir iş yoxdur ki, ona nail olmaqda çətinlik çəkələr. Sanki hər şey onlar üçün bir içimlik su kimi asandır. Bir sözlə, onların daimi dostu yox, daimi mənafeləri var. Bütün dostlar və münasibətlər yalnız onların mənafeyinə xidmət edir. Məqsədlərinə çatmaq üçün yalan danışmaqdan belə çəkinmirlər. Ancaq heç vaxt çıxılmaz vəziyyətə düşməyən bu insanların bir mənfi cəhəti var. Ağı qaradan seçməyi bacaran insanlar heç vədə belələrinin səmimiyyətinə inanmırlar. Başa düşürlər ki, onlar hamını aldatmağa qabildirlər. Demək olar ki, heç bir zaman səmimi ola bilmirlər. Psixoloqlar belə insanların çox nadir hallarda səmimi olduğunu etiraf edirlər.
Əgər siz 3-6 arası bal toplamısınızsa, psixoloqların fikrincə, ağıllı adamsınız. Bir sözlə, bu insanları heç kim aldada bilməz. Yetərincə vəziyyəti düzgün qiymətləndirməyi bacarırlar. Baş verən hadisələrə hissə qapılmayaraq, ağlın gözü ilə baxmağa qabildirlər. Psixoloqların müşahidələrinə görə, belə insanlar vəziyyətdən çıxmaq üçün yalan danışmağa meyllənmirlər. Qısası, onların ən böyük siyasəti həqiqətdir. Ağıllı olduqlarına görə, əvvəlcədən vəziyyəti düzgün qiymətləndirərək, özlərini pis vəziyyətə düşməkdən qoruyurlar. Psixoloqların fikrincə, bu, çox müsbət bir haldır. Həqiqətpərəstlik belə insanlara həmişə hörmət qazandırır. Ətrafdakılar onlara inanır və hörmət edir. 3 baldan az toplamısınızsa, vəziyyət heç də yaxşı deyil. Psixoloqların fikrincə, belə insanlar həddən ziyadə sadəlöhv olurlar. Onlar çox asanlıqla aldanırlar. Belə insanlara nəyi isə təqlid eləmək də çox asandır. Onlar çox tez təsir altına düşürlər. Hətta o qədər sadəlöhvdürlər ki, bir qayda olaraq, ətrafdakıların gülüş obyektinə çevrilirlər. Demək olar ki, həmişə çıxılmaz vəziyyətə düşürlər. Onlar üçün nəyi isə əldə eləmək də çox çətindir. Həqiqət onlar tərəfdə olanda belə, öz haqlarını müdafiə edə bilmirlər.
Tarix: 27.11.2014 / 11:42 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Ümumi Psixologiya