Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təxəyyül haqqında anlayış

İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim və hadisələri qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada salaraq onların surətlərini beyin­də yaradır, həm də heç zaman bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün olmayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bilir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud fantaziya adlanır.
Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılma­sından ibarət olan psixi prosesə deyilir.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir.
Təxəyyül bir sıra özünəməxsus xüsusiyyətləri ilə digər psixi proseslərdən fərqlənir. Bildiyimiz kimi duyğu, qavrayış, hafizə, hətta təfəkkür kimi psixi proseslərin elementləri hey­­vanlarda da bu və ya başqa şəkildə özünü göstərir. Təxəyyül isə bir psixi proses kimi ancaq insana məxsusdur.
Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki, bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur. Təxəyyül insanı hal-hazırdakı vəziy­yətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə görməyə kömək edir, onu gələcəyə aparır. İnsan öz təxəyyül fəaliyyətinin vasitəsilə ayrı — ayrı orqan­larının fəaliyyətinə təsir edə bilir. Bunu autotreninq təcrübələrində aydın şəkildə görmək mümkündür. Təxəyyül fəaliyyətindən istifadə edərək xəstəliyin müali­­cəsinə təsir göstərmək, başqa sözlə, psixoterapiyada təxəyyül obrazlarının yaradıl­masından geniş istifadə edilir.
Təxəyyül bir psixi proses kimi qavrayış, hafizə və təfəkkür prosesləri ara­sında aralıq mövqe tutur.
Təxəyyül fəaliyyəti zamanı bizim yaratdığımız surətlər, hətta onlar fantastik mahiyyətə malik olduqda belə, onun ayrı-ayrı elementləri həyatdan, keçmiş qavra­yışlarımızdan, yaddaşı­mızdan götürülmüş olur.
Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki, təxəyyül də varlığın özünəməxsus şəkildə inikasıdır. Lakin təfəkkür bir psixi proses kimi varlığı, aləmi anlayışlarla əməliyyat aparmaq vasitəsi ilə əks etdirirsə, təxəyyül varlığı konkret obrazlı formada əks etdirir. Biz bu cəhəti alimin və yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik. Alim də, yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübutlarla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla.
Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə insanbeyninin analitik-sintetik fəaliyyəti mü­hüm əhəmiyyət daşıyır.
Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın cisim və hadisələrini tərkib elementlərinə ayırır.
Məhz bu elementlər sonradan başqa bir, yeni qaydada birləşdirilir, yeni surətlər yaradılır. Varlıq, aləm bu surətlərdə əks etdirilir.
Təxəyyül surətlərinin yaranmasının fizioloji mexanizmində əvvəllər beyində yaranmış müvəqqəti sinir rabitələrinin yenidən, yeni qaydada birləşməsi və canlanması dayanır.
Əlbəttə yeni birləşmələrin, assosiasiyaların yaranması üçün mövcud, əvvəlki rabitələrin dissosiasiyası zəruridir.
Nəzərə alsaq ki, təxəyyül ali psixi funksiyadır, demək, təxəyyülün fizi­oloji mexanizmində baş beyin yarımkürələri qabağında gedən proseslər dayan­malıdır. Lakin psixoloqlardan R.S.Nemovun dediyi kimi, baş-beyin qabığının təxəyyüllə bağlı olan fəaliyyəti lazımi dərəcədə öyrənilməmişdir. Son zamanlarda təxəyyül fəaliyyətinin beynin aşağı şöbəsinin fəaliyyəti ilə bağlılığı barədə fərziyələr irəli sürülmüşdür. Bu sahədə aparılan tədqiqatlar da bu fərziyyənin doğruluğunu sübut edir. Belə ki, beynin aşağı şöbəsində yerləşən hipotalimik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xarakterik pozğunluqlar özünü göstərir. Bu pozğunluqlar onda ifadə edilir ki, xəstə özünün davranışını planlaşdıra bilmir. Nəzərə alsaq ki, insanın öz davranışını planlaşdırması və onu idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur.
Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir. Burada qeyri-adi olan odur ki, təxəyyül obrazları beyində gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar yarandıqdan sonra orqanizmdə gedən digər fizioloji proseslərə təsir edə bilir.
Bu fikri təsdiq etmək üçün psixoloji ədəbiyyatda belə misallardan isti­fadə edilir. Məşhur yazıçı Floberin özünün yazdığı kimi o, «Xanım Bavari» ro­ma­­nının qəhrəmanı Bavarinin zəhəri içməsi səhnəsini təsvir edərkən ağzında zəhər tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili Varfolomey gecəsinin il dönümündə xəstələnirmiş. Dini fanatizmin qurbanı olmuş minlərlə günahsız adamın öldürül­düyü həmin gün haqqında düşüncələr, bununla bağlı onda yaranan təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə, daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin çoxalmasına səbəb olarmış.
Bəzən, həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş insanın obrazı kimi canlandırır ki, bu da bu xəstəliklə bağlı simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb ola bilir.
Nəhayət, təxəyyül obrazlarının fizioloji proseslərə təsiri ilə bağlı ideomotor aktlar haqqında da danışmaq olar.
Volf Messinqin, Tofiq Dadaşovun məlum təcrübələrini yadımıza salaq. Onlar gizlədilmiş cismi tapa bilirlər. Ona görə tapa bilmirlər ki, həmin cismi gizlədən adam təxəyyülündə öz işinin obrazını yaradır. Təxəyyül obrazları da öz növbəsində həmin şəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir və hərəkət aktları törədir. Bunlara idiomotor aktlar deyilir. Fövqəladə dərəcədə həs­sas­­lığa malik olan ekstrasens idiomotor aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiş cismi tapa bilir.
Təxəyyüldən psixoterapiyada da geniş istifadə olunur və müəyyən psixoloji gərginliyin aradan qaldırılmasına imkan verir.

Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç şübhəsiz ki, onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiş xeyli məsələlər mövcuddur.


Tarix: 27.11.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 141 Bölmə: Ümumi Psixologiya
loading...