Hər uşağın tərbiyəsində istər atanın, istərsə də ananın «nizam-intizamına» böyük ehtiyac var.
Ancaq ailə daxilində daha sistemli və daha prinsipli bir həyat üçün tətbiq edilən bu «nizam-intizam»dan yerində və vaxtında istifadə edilməlidir. Əks halda, bu sahədə atdığınız hər addım faydalı olmaq əvəzinə ziyanlı ola bilər.
Ata-anaların «nizam-intizam» məsələsində yol verdikləri səhvlərdən biri də gün ərzində yaşadıqları stresi və bu streslə bağlı yaşadıqları yorğunluğu öz uşaqlarına əks etdirmələridir. Halbuki, belə vəziyyətdə, istər ata olsun, istər ana, sağlam düşünə bilmir və bir qayda olaraq daha çox «hücuma keçməyə» üstünlük verir. Buna görə də, ata-analar uşaqları ilə bağlı problemlərə stresli olduqları vəziyyətlərdə «reaksiya verməməli», ya da «reaksiya vermək» və ya «xəbərdarlıq etmək» kimi bir zərurət varsa, bu vəziyyət keçənə qədər gözləməlidirlər. Bir də unutmayın ki, mövcud bir problemə qarşı dərhal «reaksiya versəniz», uşağınız da təbii olaraq, sizin istədiyiniz nəticənin əksi olan bir nəticəyə gətirib çıxaracaq. Ancaq problemə o vaxt deyil, başqa bir vaxt reaksiya verdikdə, uşağınız bunu müsbət qarşılayacaq və üstəlik, mövcud problemi bir daha təkrar etməməyə çalışacaq.
Bu vəziyyətdə yol verilən səhvlərdən biri də problem barədə danışarkən bu problemdən kənara çıxmaq və o vaxta qədər baş verən problemləri bir-bir «gündəliyə çıxarmaqdır». Bu isə «danışıq vaxtı» uşağınızın hərəkətindən çox, özü ilə bağlı tənqidlərə yol vermək və uşağınızı uzun müddət bərpası mümkün olmayan «zərbələrə» məruz qoymaq deməkdir. Stresli vəziyyətlərdə olan «danışıqlarda» yol verilən başqa bir səhv isə uşaqlara layiq olmadıqları mənfi ləqəbləri verməkdir. Bir qayda olaraq, əksər uşaqlar onlara qarşı birbaşa hücum xarakteri daşıyan bu ləqəblərin təsirindən uzun müddət xilas ola bilmir və vaxt keçdikcə o ləqəblərdəki mənfi xüsusiyyətlərə malik olduqlarına inanırlar. Buna görə də, stresli vəziyyətlərdə uçaqlarınıza «nizam-intizam» tətbiq edərkən daha diqqətli olmalı və onları «zərbə» altında qoyan hallardan uzaq olmalısınız.
Tarix: 27.11.2014 / 12:29 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Ümumi Psixologiya