Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəxsiyyətlərarası münasibətlər

Qruplarda şəxsiyyətlərarası münasibətlər haqqında. Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər özünü göstərir. Bu cür mənasibətlər sosial psixologiyada şəxsiyyətlərarası münasibətlər adlandırılır. Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan ibarətdir. Şəxsiyyətlərarası münasibətlər fərdlərin bir-birini qavraması şəraitində mümkün olur. Şəxsiyyətlararası münasibətlər insanların bir-birində qavradığı və qiymətləndirdiyi ustanovka, meyl, gözləmə, stereotiplər və s. sistemindən ibarətdir. Qavrayış zamanı hər şeydən əvvəl qavranılan adamın anatomik, funksional və sosial keyfiyyətlərinin müəyyən məcmuu əks etdirilir. Bu keyfiyyətlər vəhdətdə olsalar da inikas prosesində birinci yerə sosial cəhətlər keçir. Başqasına rast gəldikdə birinci növbədə « O kimdir?» sualı meydana gəlir. Bu sual hər şeydən əvvəl fərdin sosial mövqeyini müəyyənləşdirir.
Bununla yanaşı olaraq qeyd etmək lazımdır ki, şəxsiyyətlərarası münasibətlərdə subyektiv, psixoloji amillər həll edildiyindən həmin amillər münasibətlər sistemində özünəməxsus iz buraxır. Məhz buna görə də hər bir şəxs qarşılıqlı münasibətdə olduğu adamın subyektiv mövqeyini öyrənməyə çalışır. Bu proses müxtəlif rabitə, yol və vasitələrin köməyi ilə həyata keçirilir. Bu vasitələrin köməyi ilə münasibət saxlanılan şəxsin kim olduğu, onun rəğbət və yaxud əks hisslərlə ətrafdakılara münasibəti, ictimai imkanları və s. aşkara çıxarılır.
Keçmiş nəsillər insan münasibətləri haqqında tədricən zəngin məlumat toplamış və «sosial sxem» yaratmışlar.
«Sosial sxem» müəyyən vəzifəni həyata keçirmək üçün şablondan ibarətdir. Hər bir insanın ancaq ona məxsus həyat yolu olsa da, davranış normalarına xas olan üslubda hərəkət etsə də «sosial sxemlərin» insan həyatında və xüsusilə şəxsiyyətlərarası münasibətlərdə rolu böyükdür. İnsan nəinki «sosial sxem» əsasında öz davranışını təşkil edir, o, eyni zamanda başqalarını bu etalonlar əsasında qavrayır. Etalonlar ictimai həyatda tarixilik səciyyəsi daşıdığından tarixən dəyişir. İnsanın davranış üslubu, onun nitqi, geyimi və s. bu sxemə uyğun olaraq «zamanın tələbləri» səviyyəsinə uyğunlaşdırılır.
Məlum olduğu kimi, davranış etalonu tədricən yaranmaqla tez- tez dəyişir. Bu dəyişmələr fərdin daxil olmaq istədiyi qrupların təsiri ilə baş verir. Müxtəlif qruplarda müxtəlif hadisələrlə əlaqədar olan etalon çoxluğu mövcuddur. Etalon seçilməsinə qrupun təsirindən əlavə fərdin yaş xüsusiyyətlərinin və onun mənsubiyyətinin də təsiri vardır.

Qruplarda şəxsiyyətlərarası münasibətlərin səviyyələri. Qrup daxilində mövcud olan şəxsiyyətlərarası münasibətləri bilmədən onu idarə etmək mümkün deyildir. Məlum olduğu kimi, şəxsiyyətlərarası münasibətlər sosial qrupun ümumi fəaliyyəti əsasında yaranan çoxcəhətli rabitə və münasibətlər sistemindən ibarətdir. Şəxsiyyətlərarası münasibətlər mürəkkəb və çoxsəviyyəli quruluşa malikdir. Bunlardan birincisi, ilk növbədə «gözə çarpanı» vasitəsiz asılılıq səviyyəsidir. Buraya fərdlərin emosional xoşagəlimliliyi, qrup uyğunluğu, ünsiyyətlilik və həmrəylik və s. vasitəli asılılıq səviyyəsi daxildir.
İkinci, daha əsaslı səviyyə vasitəli asılılıq səviyyəsi olub şəxsiyyətlərarası münasibətlərin məcmuunu təşkil edir. Bu səviyyəyə fərdin kollektivçilik psixologiyasının dərəcəsi, qrup həmrəyliyi, iştirakçıların öz davranış etalonlarını kollektivin etalonlarına uyğunlaşdırmaq meylləri, kollektivdə sosial sxemlər və onların iştirakçılar tərəfindən qavranılması və s. daxildir.
Üçüncü səviyyəni qrupun istehsalat, təlim və yaxud ictimai vəzifələri səviyyəsinin məcmuu təşkil edir. Buraya qrupun yerinə yetirdiyi vəzifəyə hazırlığı, işgüzarlığı, başqa qruplarla rabitə münasibətləri və s. daxildir.

interpersonal relationships
Psixoloji iqlim qruplarda şəxsiyyətlərarası münasibətlərin mühüm göstəricisi kimi. Qruplarda şəxsiyyətlərarası münasibətlərin necə olduğunu burada sosial-psixoloji iqlimin necə olmasından görmək mümkündür. Psixoloji iqlim sosial qrupun əsas əhvalını müəyyənləşdirən şəxsiyyətlərarası mü­na­sibətlər sistemindən ibarətdir. Başqa sözlə sosial-psixoloji iqlim qrupda, kollektivdə mövcud olan psixoloji vəziyyətdir. Qrupun qarşısına qoyulmuş vəzifənin səmərəli şəkildə həyata keçirilməsi üçün normal sosial-psixoloji iqlimin yaradılmasının əhəmiyyəti olduqca böyükdür. Ümumiyyətlə qrup və kollektivlərdə psixoloji iqlim müsbət (pozitiv) və mənfi (neqativ) xarakter daşıya bilir. Bunların hər biri isə özünəməxsus qarşılıqlı münasibətlərdə təzahür edir.
Qrupda müsbət psixoloji iqlimin yaradılması üçün fəaliyyət növündən asılı olan davranış etalonu yaradılmasının və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti olduqca böyükdür.
Səmərəli sosial-psixoloji iqlimin yaradılması üçün qrup və kollektiv iştirakçıları arasında uyğunluq, uyuşmanın olması da zəruridir. Bu barədə əvvəlki bölmədə qeyd etdiklərimiz həmin fikri bir daha təsdiq edir.
Sosial-psixoloji iqlimin xarakteri bütövlükdə qrupun inkişaf səviyyəsindən, yetkinliyindən də asılıdır. Adətən, qrupdakı sosial-psixoloji iqlimlə qrup üzvlərinin birgə fəaliyyətinin səmərəliliyi arasında birbaşa müsbət əlaqə mövcud olur. Əvvəlki bölmədə qeyd olunanlardan aydın olduğu kimi, qruplarda psixoloji iqlim qrupa rəhbərlik üslubundan da asılı olur. Adətən, demokratik rəhbərlik üslubu üstünlük təşkil edən qruplarda daima müsbət psixoloji iqlim hökm sürür.
Ümumiyyətlə, şəxsiyyətlərarası münasibətlər rənga-
rəng müsbət hisslərlə bağlıdırsa, sosial qrupda yaranan psixoloji iqlim işgüzarlığın, təşəbbüskarlığın inkişaf etməsinə səbəb olur.
Şəxsiyyətlərarası münasibətlərin növləri. Sosial psixologiyada şəxsiyyətlərarası münasibətlərin müxtəlif növlərini qeyd edirlər: rəsmi, qeyri rəsmi, şəxsi, işgüzar və s.
Rəsmi münasibətlər rəsmi sənədlərə, normalara uyğun həyata keçirilən şəxsiyyətlərarası münasibətdir. Bu cür mü­nasibətlər rəhbərlə tabe olanlar arasında baş verir. Bu cür qarşılıqlı münasibətlər əvvəlcədən qrupun statusunda öz əksini tapır. Burada qarşılıqlı münasibətin gedişi rəsmi şəkildə həyata keçirilir. Nə rəhbər, nə də tabe olan adam qarşılıqlı münasibətin tələblərindən kənara çıxmır. Hər kəs öz səlahiyyəti çərçivəsində hərəkət edir.
Qeyri-rəsmi münasibətlər isə insanların bir-birinə olan şəxsi münasibətlərinə əsaslanır. Ona görə də bu cür münasibətlər subyektiv xarakter daşımaqla insanların bir-birlərinə olan simpatiyası, antipatiyasında və s. ifadə olunur. Ona görə də çox zaman bu cür qarşılıqlı münasibətləri şəxsi münasibətlər adlandırırlar. Bu cür qarşılıqlı münasibətlər «simpatiya» zəminində əmələ gəlir və qarşılıqlı şəkildə inkişaf edir.
Şəxsi qarşılıqlı münasibətlərin sosial psixologiyada aşağıdakı tiplərini fərqləndirirlər: tanışlıq, yoldaşlıq, dostluq, ər-arvad (N.N.Obozov, Ə.S.Bayra­mov, Ə.Ə.Əlizadə). Mü­təxəssislərin fikrincə şəxsi qarşılıqlı münasibətlərin kökü insanların hisslər aləmi ilə baglıdır və emosional amillər zəminində formalaşır.
Ən geniş şəxsi qarşılıqlı münasibət forması tanışlıqdır. Bu cür qarşılıqlı münasibət özünün üç əsas səciyyəsi ilə fərqlənir: «üzdən tanıyırsan»; «salamlaşırsan» (yalnız qarşılıqlı tanıma zamanı); «salamlaşır və ümumi mövzularda söhbət edirsən». Bu cür tanışlıq zamanı şəxsiyyətlərarası hisslər əsaslı rol oynamır.
Yoldaşlıq qarşılıqlı münasibətləri işgüzar təmasa əsaslanır. Bu zaman birgə fəaliyyətin məqsədi, vasitə və nəticələri əlaqələrin saxlanması, vəzifə bölgüsü ilə müəyyənləşir.
Dostluq qarşılıqlı münasibətlərinə gəldikdə insanlar arasındakı bu cür münasibət qarşılıqlı bağlılığa, mənəvi yaxınlığa, maraqların eyniliyinə və s. əsaslanır. Ə.S.Bayramov və Ə.Ə.Əlizadənin qeyd etdikləri kimi, şəxsi qarşılıqlı münasibətlərin hər bir tipi psixoloji məsafə ilə xarakterizə olunur. Ər-arvad münasibətləri onların arasındakı psixoloji məsafənin xarakterinə görə intim, dostluq münasibətləri, şəxsi, yoldaşlıq və tanışlıq münasibətləri isə sosial münasibətlər kimi formalaşırlar.
Şəxsiyyətlərarası münasibətlərin növlərindən birinin də işgüzar müna­sibət olduğunu qeyd etdik. Bu cür qarşılıqlı münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində baş verir və insanların birgə fəaliyyətinin səmərəliliyinə öz təsirini göstərir.
Sosial psixoloqlar (A.V.Petrovski) qrupların inkişaf səviyyəsindən asılı olaraq dörd növünü: diffuz, assosiasiya, korporasiya, kollektiv qruplar və onlarda qarşılıqlı mynasibətlərin xarakterini vermiş və bunu aşağıdakı şəkildə səciyyələndirmişlər:
1. Diffuz qrupda şəxsiyyətlərarası münasibətlər mövcuddur. lakin onlar qrup fəaliyyətinin məzmunu vasitəsilə ifadə olunmur.
2. Assosiasiyada şəxsiyyətlərarası münasibətlər qrup fəaliyyətinin hər kəs üçün şəxsiyyət baxımından əhəmiyyətli olan məzmunu vasitəsi ilə ifadə olunur.
3. Korporasiyada şəxsiyyətlərarası münasibətlər qrup fəaliyyətinin şəxsiyyət baxımından əhəmiyyətli, lakin ustanovkalarına görə cəmiyyətə zidd məzmunu vasitəsilə ifadə olunur.
4. Kollektivdə şəxsiyyətlərarası münasibətlər qrup fəaliyyətinin şəxsiyyət baxımından əhəmiyyətli və ictimai cəhətdən qiymətli məzmunu vasitəsilə ifadə olunur.


Tarix: 27.11.2014 / 11:55 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Ümumi Psixologiya
loading...