Yeniyetmələrin mənlik və əxlaqi şüuru. Kiçik məktəblidən fərqli olaraq yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqda, özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Nəticədə yeniyetmə özü üçün öz “mən”ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa başlaması və sonrakı inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakılara münasibətinə öz təsirini göstərir. Yeniyetmənin mənlik şüurunun formalaşması onun öz davranışını, mənəvi keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə başlayır. İlk dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını başqa adamların mülahizələri təşkil edir. Yaş artdıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır.
Bu dövrdə yeniyetmələr öz müstəqilliklərini qoruyub saxlamağa çalışmaqla refleksiya əsasında mənlik şüurlarını, «mən» obrazını, «real» və «ideal mənin» əlaqəsini formalaşdırır və inkişaf etdirirlər.
Bütün bunlarla yanaşı olaraq yeniyetmələrdə özünüqiymətləndirmə və özünəmünasibətin formalaşması baş verir. Mövcud psixoloji ədəbiyyatda yeniyetmələrin özünüqiymətləndirmələrinin aşağıdakı tipləri qeyd olunur:
1.Uşağın «özünüqiymətləndirməsi» ananın verdiyi qiymətin birbaşa təkrarı kimi özünü göstərir. Adətən uşaqlar özlərində birinci növbədə valideynlərinin onlar haqqında qeyd etdikləri kefiyyətləri görürlər. Əgər valideynlər tərəfindən neqativ surət təlqin olunur və uşaq bu nöqteyi nəzəri qəbul edirsə, onda özünün yararsızlıq, pislik hissinə üstün gəlməsinə qarşı davamlı neqativ münasibət formalaşır. Uşağın ailədən kənar sosial təmas dairəsinin məhdudluğu valideyninin güclü nüfuzu sayəsində verdiyi qiymət onun üçün yeganə daxili özünüqiymətləndirməsinə çevrilir.
Bu cür özünüqiymətləndirmənin ciddi qüsuru ondan ibarətdir ki, (əgər pozitiv xarakter daşısa belə) ciddi qüsurlarla nəticələnə bilir. Bu zaman uşağın özünə qarşı stabil pozitiv münasibətini təmin edə biləcək daxili şəxsi kriteriyaların yaranmasına mane olur.
2. Ziddiyyətli komponentlərdən ibarət olan qarışıq özünüqiymətləndirmə. Bu bir tərəfdən müvəffəqiyyətli sosial qarşılıqlı təsir təcrübəsi sayəsində yeniyetmədə formalaşan özünün «mən» obrazı, ikinci tərəfdən, valideynin uşağı necə qiymətləndirməsi ilə bağlı formalaşır. Bu zaman «mən» obrazı ziddiyətli xarakter daşıyır.
3. Yeniyetmə valideynlərinin onun haqqında dediklərini xatırlayır, lakin ona başqa qiymət verir. O, tərsliyi xaraktersizlik kimi qəbul etmir. Belə ki, bu yaşda olan yeniyetmə üçün böyüklərin onu bəyənməsi vacibdir. Lakin eyni zamanda onlara qulaq asmaq öz müstəqilliyini, «mən»ini itirməsini bildirir. Həmin konflikti valideynlərin tələblərinə cavab verməyin mümkünsüzlüyü və öz «mən»ini saxlaması kimi hiss etməsi yeniyetmənin özünü «pis», lakin güclü kimi qiymətləndirməsinə gətirib çıxarır.
4. Yeniyetmə valideynlərinin fikrinə qarşı mübarizə aparır, lakin bununla belə özünü həmin sərvətlər çərçivəsində qiymətləndirir. Bu kimi hallarda yeniyetmə özünüqiymətləndirmə zamanı valideynlərinin real qiymətini deyil, ideal gözləmələrini nəzərdə tutur.
5. Yeniyetmə özünüqiymətləndirmə zamanı valideynlərinin onun haqqında neqativ fikirlərini qəbul edir, eyni zamanda bildirir ki, o elə bu cür də olmaq istəyir. Valideynlərin tələblərinin bu cür rədd edilməsi ailədə olduqca gərgin münasibətlərin yaranmasına gətirib çıxarır.
6. Yeniyetmə valideynlərinin neqativ qiymətini görmür, hiss etmir. Gözlənilən qiymət özünüqiymətləndirmədən xeyli yüksək olur. Halbuki valideynlərin real qiyməti neqativ xarakter daşıyır. Valideynləri tərəfindən real şəkildə rədd olunduğunu qəbul etməyən yeniyetmə öz mənlik şüurunda valideyn münasibətlərini, əgər o, valideynlərinin sevimlisi olsaydı onların münasibətlərinin necə ola biləcəyi formasında dəyişdirir.
Yeniyetməlik yaşında əxlaqi şüurun inkişafı da baş verir. bu dövrdə əxlaqi şüurun formalaşmasında yaşlılarla müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi mühüm rol oynayır. Yeniyetmələrdə əxlaqi şüurun formalaşmasında şagird kollektivinin də müstəsna rolu vardır.
Yeniyetmənin əxlaqi şüurunda iki yeni xüsusiyyət meydana çıxır: 1) bu dövrdə ictimai davranışla bağlı norma və qaydalar, insanların bir-birilə qarşılıqlı münasibətilə bağlı normalar diqqət mərkəzində olur; 2) yeniyetmədə təsadüfi təsirlərdən asılı olmayaraq nisbətən sabit əxlaqi görüşlər, hökmlər və qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə təzahür etməyə başlayır.
Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yeniyetməlik yaşı dövründə özünəməxsus «əxlaq məcəlləsi» əmələ gəlir (Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaşlıq münasibətlərini tənzim etdiyi üçün onu «yoldaşlıq məcəlləsi» adlandırırlar. Bu «məcəlləyə» gorə yoldaş yoldaşının hörmətini saxlamalı, qayğısına qalmalı, müdafiə etməlidir. Professor Ə.Əlizadənin qeyd etdiyi kimi, hörmət, qayğı, müdafiə anlamlarının yeniyetmələr üçün öz yozumu, öz mənası, öz təfsiri var. Bu yozuma görə dərs vaxtı, imtahan zamanı yoldaş yoldaşa şpalqalka ötürməlidir, nəyin bahasına olur-olsun onun tərəfini saxlamalıdır. «yoldaşlıq məcəlləsində» məhz bu cür sərt «sanqsiyalar» əsas yer tutur.
Yeniyetmələrdə əxlaqi ideallar formalaşmağa başlayır. Bu ideallar güclü motiv kimi yeniyetmənin özünütərbiyəsinə, öz qüsurlarını aradan qaldırmasına təkan verir.
Yeniyetmələrdə yaşlılıq hissi və meylinin formalaşması
Yeniyetməlik dövründə diqqəti cəlb edən cəhətlərdən biri də bu dövrdə yaşlılıq hissinin və meylinin formalaşmasıdır. Yeniyetmənin özünüdərketməsi nəticəsində onun şəxsiyyətində keyfiyyətcə irəliləyiş baş verir. Ona görə də yeniyetmə özünü artıq uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat əmələ gəlir ki, ətrafdakılar onlara uşaq kimi deyil, yaşlı adam kimi yanaşsınlar. Bununla əlaqədar olaraq yeniyetmə müstəqilliyə meyl edir. Lakin bu dövrdə uşağın müstəqilliyə artan tələbatı ilə bu müstəqilliyi həyata keçirmək imkanları arasında ziddiyyət yaranır. Bu cür ziddiyyətin yaranmasında çox vaxt böyüklər xüsusi rol oynayır. Belə ki, böyüklər yeniyetməni hələ də uşaq hesab edir və ona həmin tələblərlə yanaşır. Belə olduqda yeniyetmə bir növ böyüklərə öz etirazını bildirir. Bu zaman böyüklər yeniyetməyə qarşı öz münasibətini dəyişmədikdə uşaq da müxtəlif yolla ona qarşı durur. Bu cür ixtilaf yeniyetmənin sözə baxmamasına, böyüklərə qarşı durması hallarına gətirib çıxarır.
Yeniyetməlik dövründə yaşlılıq hissi və meylinin yaranması və formalaşması müxtəlif amillərin təsiri altında baş verə bilər.
Yaşlılıq hissinin yaranması birinci növbədə uşağın fiziki inkişafındakı dəyişikliklərlə bağlı olur. Uşağın xarici görkəmi böyüklərin xarici görkəminə oxşamağa başlayır. Boyları, gücləri artır. Bu dəyişikliyi görən və özünü böyüklərlə müqayisə edən yeniyetmədə yaşlılıq meyli yaranmağa başlayır.
Yaşlılıq hissinin öz mənşəinə görə sosial xarakter daşıdığını da qeyd edirlər. Yaşlı adamlarla birgə fəaliyyət, onların etimadını qazanmaq uşaqda obyektiv sosial yaşlılıq statusunun yaranmasına, bu da öz növbəsində onun özü haqqında təsəvvürlərinin dəyişməsinə gətirib çıxarır.
Yeniyetmələrdə yaşlılıq hissinin yaranmasında onun düşdüyü referent qrup da müəyyən rol oynayır. Bu qrupda çox vaxt yaşca böyük uşaqların olması və onların yeniyetməni qəbul etməsi yaşlılıq hissini bir daha gücləndirir.
Yaşlılıq hissinin inkişafında yeniyetmənin özü üçün davranış etalonu kimi seçdiyi nümunənin əhəmiyyəti böyükdür. Oğlanların formalaşan kişi idealının məzmununda “əsil kişayə” xas olan keyfiyyətlər yer tutmağa başlayır. Bu cür keyfiyyətlərə bir tərəfdən qüvvət, iradə, digər tərəfdən dostluğa, yoldaşlığa sədaqət aid olur. Yeniyetmə oğlanlar başqa adamları və özünü qiymətləndirərkən məhz həmin keyfiyyətləri əsas götürürlər. Yeniyetməlik dövründə qızların da sərvət meylləri əsaslı şəkildə dəyişir. Onların davranış və rəftarlarında qadınlıq haqqındakı etalon və stereotiplər mühüm rol oynamağa başlayır.
Yeniyetmələrin təlim fəaliyyəti və onlarda idrak proseslərinin inkişafı
Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Hər şeydən əvvəl, onlarla bir müəllim deyil, bir neçə müəllim məşğul olmağa başlayır. Adətən, çox vaxt həmin müəllimlər öz davranış, ünsiyyət üslublarına, eləcə də dərsi aparma tərzlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı müəllimlər yeniyetmənin qarşısına müxtəlif tələblər qoyurlar. Bu isə yeniyetmələri hər bir yeni müəllimə fərdi olaraq uyğunlaşmağa məcbur edir. Bununla yanaşı olaraq yeniyetməlik yaşı dövründə ayrı-ayrı müəllimlərə fərqləndirici münasibət özünü göstərməyə başlayır. Yeniyetmələr bəzi müəllimləri sevir, bəzilərindən zəhlələri gedir, bəzilərinə qarşı isə laqeyd olurlar.
Yeniyetmələr ciddi, lakin ədalətli, uşaqlara xoş münasibət bəsləyən, materialı maraqlı və aydın izah edən, şagirdləri düzgün qiymətləndirən, hamıya eyni xeyirxah münasibət bəsləyən, demokratik ünsiyyət üslubuna malik olan müəllimləri daha yüksək qiymətləndirir və sevirlər. Yeniyetmələr müəllimin eridusiyasına, şagirdlərlə düzgün qarşılıqlı əlaqə yaradan müəllimlərə daha çox üstünlük verirlər.
Bununla yanaşı artıq yeniyetmələr elmlərin əsasını sistemli şəkildə öyrənməyə, mənimsəməyə başlayırlar. Bunun üçün yeniyetmələrdən yüksək əqli inkişaf, idrak proseslərinin inkişafı tələb olunur. Yeniyetmələr yalnız dərsdə keçdiklərini deyil, eyni zamanda biliklərin yeni sahələrini müstəqil olaraq mənimsəməyə çalışırlar. Onlar müxtəlif dərnəklərdə iştirak etməyə can atırlar. Yeniyetmələr bütün fənlərə eyni seçici münasibət bəsləməyə başlayırlar. Lakin burada da sabitlik az olur. Bəzən bu və ya digər fənnə maraq dəyişə bilir. Onlarda peşə marağının təşəkkül etməsi sayəsində fənnləri “lazımlı” və “lazımsız” qruplara ayırırlar. Bunlardan asılı olaraq müəllimlərə münasibətləri də müxtəlif olur.
Təlim fəaliyyətinin təsiri altında yeniyetmələrin idrak proseslərinn inkişafında da dəyişiklik baş verir.
Təlim fəaliyyəti yeniyetmələrin qavrayışına əsaslı təsir göstərir və onun inkişafını sürətləndirir. Bu dövrdə şagirdlərin qavrayışı geniş əhatəli olmaqla ardıcıl və seçici xarakter daşıyır. Onların qavrayışı ən çox maraqlandıqları cisim və hadisələrlə bağlı olur. Yeniyetmələrdə zaman, məkan, hərəkət qavrayışı da xeyli inkişaf edir.
Yeniyetməlik dövründəhafizə də xeyli inkişaf edir. Məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır. Yeniyetmələr məntiqi, eləcə də ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun sayəsində mexaniki hafizənin inkişafı ləngiyir. Yeniyetmələrdə yaddasaxlamanı yaxşılaşdırmaq yollarına maraq artır.
Kiçik məktəblilərdən fərqli olaraq yeniyetmələr materialı ümumiləşdirməyə və sistemləşdirməyə daha çox yer verməyə çalışırlar. Tədricən yeniyetmələr belə bir qənaətə gəlirlər ki, mənalı yaddasaxlama və yadasalma daha üstün əhəmiyyətə malikdir. Şübhəsiz, hələ elə materiallar da olur ki, onları hərfən yadda saxlamaq və yada salmaq lazım gəlir (tərifləri, teoremləri və s.). Bu kimi hallarda mexaniki yaddasaxlamaya ehtiyac hiss olunur. Lakin bu zaman mexaniki yaddasaxlama müəyyən dərəcədə məna əlaqəsi ilə şərtlənir. Məsələn, tarixi günləri yaxşı yadda saxlamaq üçün şagirdlər onları müəyyən hadisələrlə əlaqələndirirlər.
Təlim fəaliyyətinin təsiri altında məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır. Yeniyetmələr müəllimin köməyi əsasında yaddasaxlamanın səmərəli yollarından istifadə etməyə başlayırlar. Beləliklə, yeniyetmələr məntiqi, eləcə də ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun sayəsində mexaniki hafizənin inkişafı ləngiyir. Yeniyetmələrdə yaddasaxlamanı yaxşılaşdırmaq yollarına maraq artır.
Yeniyetməlik dövründə diqqətin inkişafında da özünəməxsus xüsusiyyətlər müşahidə olunur. Bu dövrdə diqqətin tez-tez yayınması halları özünü göstərir. Uşağın təlim fəaliyyətindəki əsaslı dəyişikliklər, tələbat və maraq dairəsinin dəyişməsi, şagirdin ayrı-ayrı fənlərə, müəllimlərə münasibəti, keçirdiyi psixi hallar, yeni və rəngarəng təəssürat bolluğu, cinsi yetişmənin başlanması ilə əlaqədar güclü təəssüratlar, yaşlılıq hissi ilə bağlı problemlər və s. diqqətin təzahür və inkişafına, burada mənfi halların özünü göstərməsinə səbəb ola bilir.
Təlim və tərbiyənin təsiri altında yeniyetmələrdə sabit ixtiyari diqqət inkişaf etməyə başlayır. Diqqətin həcmi, davamlılığı, paylanması nisbətən məhsuldar xarakter daşıyır.
Yeniyetməlik dövründə təxəyyülün inkişafında xeyli irəliləyiş baş verir. Bərpaedici təxəyyül yüksək inkişaf səviyyəsinə çatır. Romantik, fantastik surətlərin yaradılmasına meyl yüksək olur. Yaş artdıqca yeniyetmələrin təxəyyülü dəyişir. 14-15 yaşlarda təxəyyül surətləri daha real və daha tənqidi xarakter daşımağa başlayır. Bununla yanaşı olaraq həmin dövrdə də yeniyetmələr romantik surətlərdən tam yaxa qurtara bilmirlər.
Yeniyetmələrdə yaradıcı təxəyyül xeyli inkişaf etmiş olur. Yeniyetmələrin təxəyyülünün inkişafı təlim materialını daha səmərəli və yaradıcı şəkildə mənimsəmələrinə imkan verir. Yeniyetmələr əldə etdikləri bilikləri yeni sahəyə tətbiq etməyə başlayırlar.
Yeniyetmələrdə təfəkkürüninkişafında xüsusilə irəliləyiş baş verir. Onların təfəkkürü kiçik məktəblilərin təfəkküründən əsaslı şəkildə fərqlənir. Bu dövrdə təfəkkür daha ümumiləşmiş, daha dərin və mücərrəd xarakter daşıyır. Adətən, kiçik məktəblilər əsasən konkret cisimləri müqayisə edir, fərdi hökmlərin ifadəsinə üstünlük verir, başlıca olaraq ümumi təsəvvürlərə və məişət anlayışlarına əsaslanırlar. Yeniyetmələr isə elmi anlayışları mənimsəyir və onlara istinad edirlər. Daha çox ümumi hökmlərdən istifadə edir, onların təfəkkürü ən çox mücərrəd xarakter daşımağa başlayır. Yeniyetmələrdə mücərrəd təfəkkür sürətlə inkişaf edir.
Bu dövr mücərrəd təfəkkürün inkişafı üçün senzitiv dövr hesab olunur. Konkret və əyani-obrazlı təfəkkür öz yerini mücərrəd nəzəri təfəkkürə verir. Yeniyetmələrin təfəkkürü geniş ümumiləşdirməyə cəhd göstərməklə səciyyələnir. Hansı davranış formasını seçməsindən asılı olmayaraq yeniyetmələrdə təfəkkürün müstəqilliyi və tənqidiliyi özünü göstərir.
Yeniyetməlik yaşının psixoloji xüsusiyyətləri (11-15 yaş)
- İntensiv cinsi yetişmə və inkişaf, orqanizmin güclü fizioloji yenidənqurulması
Qeyri-sabit emosional sfera, emosiya və əhvalların idarə olunmaması
Müstəqillik və fərdiyyətinin ÖZÜNÜTƏSDİQİ, böyüklərlə münaqişəli münasibətin meydana gələ bilməsi
APARICI fəaliyyət – həmyaşıdları ilə ünsiyyət, qəbul olunmağa, həmyaşıdlarının özünə qarşı hörmətinə «nail olmaq» zərurətindən irəli gələn adamlarla yeni davranış və münasibət normalarının mənimsənilməsi
ÖZÜNÜQİYMƏTLƏNDİRMƏNİN, XARAKTERİN inkişafı
Xarakterin aksentuasiyası və QEYRİ-ADAPTİV davranış formasının meydana gələ bilməsi.
Şəxsi baxışlarının, diktat yaşlılara qarşı etirazın, müstəqil olaraq referent qrupları seçmənin formalaşması
Həqiqi müstəqilliyin olmaması, həmyaşıdlarına münasibətdə yüksək təlqinçiliyin və konformizmin olması
MƏNTİQİ təfəkkürün, yaradıcı şəkildə düşünmək və özünütəhlil qabiliyyətinin, mücərrəd məfhumlara istinad etmənin inkişafı.
Özünənəzarət və fəaliyyəti planlaşdırmanın hələ çətin olması
Riskə, təcavüzə meyllilik özünütəsdiq tərzi kimi
Seksual həvəs və marağın aşkara çıxması
Öz «mənini» dərk etmənin, eqoidentikliyin formalaşması
Təlimdə seçicilik, ümumi və xüsusi qabiliyyətlərə senzitivlik.
Tarix: 27.11.2014 / 12:38 Müəllif: Aziza Baxılıb: 272 Bölmə: Ümumi Psixologiya