Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik.
Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal - hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxardığı səsi, əlimizin ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1) periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı qəbul etmək, xarici energiyanı sinir prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent (mərkəzəqaçan) və efferent (mərkəzdənqaçan) sinirlər daxildir: 3) analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası perifernik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir. Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var. O beyin qabığında müxtəlif yerlərdə yerləşir. Məsələn görmə duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının ənsə payında yerləşir. Eşitmə duyğusunun analizatorunun mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır. Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz.
Analizatorlar fəal bir orqandır. O qıcıqlandırıcının təsiri altında daima özünü yenidən qurur. Ona görə də demək lazımdır ki, duyğu passiv proses deyil. O həmişə özündə hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri daşıyır.
Duyğuların insanın həyatında əhəmiyyəti əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət yetirmək kifayətdir.
Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil edir. Gerçək aləm haqqında ilkin məlumatı duyğular vasitəsilə əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur.
Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil, həm də hiss və emosiyalarımızın da mənbəyidir.
Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa, çürümüş ətin üfunətliliyi mənfi emosional halın yaranmasına səbəb olur.
Duyğuların insanın həyatında rolunu göstərmək üçün bu faktı xatırlamaq yerinə düşər.
Məşhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə rastlaşmışdır: Xəstə bütün duyğulardan məhrumdur. Onun ancaq bir gözü azacıq görmə qabiliyyətini saxlamışdır. Bir də əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır. Həkim göstərir ki, əgər xəstə həmin görən gözünü yumursa, əlindəki hissiyyatın qaldığı sahəyə heç kim toxunmursa, bu zaman xəstə huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır.
Duyğuların təsnifatı
Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları reseptorların yerləşməsnə görə təsnif etməkdən ibarətdir. Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.
Ekstreoseptorlar bədənin xarici səthində yerləşir. Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğuları daxildir.
İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Bunlara isə intreoseptorlar deyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır.
Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə yerləşir. Bunları isə proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları bu bölgəyə daxildir.
Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla təmasından asılı olaraq kontakt və distant duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:
1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duyğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir.
2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir.
Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini qısaca nəzərdən keçirək.
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Hansı uzunluqda olan dalğa hansı rəngi yaradır? Bunu aşağıdakı cədvəldən görə bilərik:
Dalğanın uzunluğuMüvafiq uzunluqda olan dalğanın yaratdığı rənglər
380 – 450
480
500
521
540 – 560
572
600 – 650
650 - 780
Bənövşəyi
Mavi
Göy
Yaşıl
Yaşıl
Sarı
Çəhrayı
Qırmızı
Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir.
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.
İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir.
Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.Lazarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları yerləşir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşluluq duyğuları.
Dilin selikli qişasının müxtəlif sahələrinin həm eyni, həm də müxtəlif dad qıcıqlandırıcılarına həssaslığı cürbəcürdür. Məsələn adamın dilinin ucu şirinə, ətrafı turşuya, kökü acıya daha həssasdır.
Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları.
Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur.
İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir.
Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır.
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq.
Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır. Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır.
Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və surətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir. Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hərəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duyğusu görmə qavrayışında, lamisə qavrayışında müstəsna dərəcədə əhəmiyyət daşıyır.
Müvazinət duyğuları. Bu cür duyğular başın və bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarımdairəvi kanalcıqların içərisindəki endolimfa və bu kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti dəyişdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk.
Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin inikasından ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvi duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir.
Duyğuların ümumi qanunauyğunluqları
Hər bir duyğuya xas olan xarakterik cəhətlərlə yanaşı bütün duyğulara aid olan ümumi cəhətlər də mövcuddur. Son psixoloji ədəbiyyatlarda bu ümumi cəhətlərin aşağıdakılardan ibarət olduğu göstərilir.
Keyfiyyət cəhəti. Bu, bir duyğunu başqa duyğulardan fərqləndirən cəhət olub duyğuya xas olan modallıq xüsusiyyətidir.
Duyğunun intensivliyi duyğulara xas olan başqa bir ümumi cəhət olub, təsir edən başqa qıcıqlandırıcının qüvvəsi və reseptorun funksional vəziyyəti ilə müəyyən edilir.
Duyğuların davamlılığı onun zaman xarakteristikasından ibarətdir. Bu da hiss üzvlərinin funksional vəziyyətindən, qıcıqlandırıcının gücü və təsir müddətindən asılıdır. Nəhayət, duyğulara aid olan ümumi cəhətlərdən biri də duyğuların məkan lokallığıdır. Bu o deməkdir ki, reseptorların göndərdikləri siqnalların təhlili imkan verir ki, biz qıcıqlandırıcının hansı məkandan təsirini də əks etdirək. Başqa sözlə, işığın haradan düşdüyünü, istinin haradan gəldiyini, yaxud, bədənimizin hansı hissəsinə mexaniki təsirin olduğunu əks etdiririk.
Duyğulara aid olan qanunauyğunluqlardan biri də həssaslıq və onunölçülməsi məsələsidir.
Həssaslıq analizatorun duyma qabiliyyətidir. Mütəxəssislər həssaslığın iki növünü qeyd ediblər: mütləq və fərqləndirmə həssaslığı. Mütləq və fərqləndirmə həssaslığı duyğunun mütləq və fərqləndirmə həddləri ilə ölçülur.
Duyğunun mütləq aşağı həddi zorla duyğu əmələ gətirə bilən qıcıqlandırıcının ənkiçik kəmiyyəti ilə müəyyən edilir. Bu kəmiyyət nə qədər kiçik olarsa həssaslıq bir o qədər yüksək olar. Bu, duyğunun mütləq həddi və həssaslıq arasında tərs mütənasib asılılıq olduğunu göstərir. Bunu riyazi olaraq belə ifadə etmək olar:
E = 1/p
Burada E-mütləq həssaslıq, P isə qıcıqlandırıcının mütləq hədd kəmiyyətidir.
Duyğuların aşağı həddi müvafiq analizatorun mütləq həssaslıq səviyyəsini müəyyən edir. Yəni P-nin kəmiyyəti nə qədər kiçik olarsa E-nin göstəricisi bir o qədər yüksək olar və ya əksinə.
Mütləq həssaslığın aşağı duyğu həddi ilə yanaşı yuxarı duyğu həddi də vardır. Duyğu yaratmaqda davam edən ən yüksək qıcıq qüvvəsinə və ya kəmiyyətinə həssaslığın yüksək mütləq həddi deyilir. Məsələn, eşitmə duyğusunda səs dalğasının 20 hersə bərabər olan kəmiyyəti duyğunun aşağı mütləq həddi hesab olunursa, 20 000 hersə bərabər kəmiyyəti bu duyğuda yuxarı mütləq hədd kimi qəbul olunmuşdur. Həm aşağı, həm də yuxarı hədd kəmiyyətləri insanın fəaliyyətinin xarakterindən, onun yaşından, reseptorun funksional vəziyyətindən, qıcıqlanmanın qüvvəsindən və davamlılığından asılı olaraq dəyişilir.
Fərqləndirmə həddi, fərqləndirmə həssaslığı məsələsi də duyğulara xas olan qanunauyğunluqlardandır. İnsan nəinki müəyyən kəmiyyətdə olan qıcığı duyur, eyni zamanda təsir edən qıcıqların kəmiyyət dəyişmələrini də duyur. Fərqləndirmə həssaslığı və fərqləndirmə həddi də buradan irəli gəlir. Qıcıqlandırıcılar arasında güclə duyğu əmələ gətirə biləcək fərq kəmiyyətinə fərqləndirmə həddi deyilir. Ən kiçik fərq kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı adlanır. Belə bir təcrübəyə nəzər salaq. Əgər bizə min şamlıq işıqla təsir edilirsə, sonradan onun üzərinə 0,5; 0,8; 0,9 şam əlavə edilərsə, bu əlavələrin heç biri bizdə yeni duyğu, yəni fərqləndirmə duyğusu əmələ gətirməyəcəkdir. Əgər bir şam əlavə edilərsə biz işığın gücləndiyini duyacağıq. Deməli görmə duyğusu üçün fərqləndirmə həddi 1/100-ə bərabərdir. Beləliklə də alman fizioloqu E. Veber müəyyən etmişdir ki, duyğunun intensivliyi təsir edən qıcığın kəmiyyətinin mütləq artımından deyil, ilkin təsir edən qıcığın kəmiyyəti ilə artım arasında olan nisbətdən asılıdır. Bu nisbət müxtəlif analizatorlar üçün müxtəlifdir. Məsələn, görmə analizatorları üçün təxminən 1/100-ə, eşitmə analizatoru üçün 1/10-ə, toxunma analizatoru üçün 1/30-ə bərabərdir.
Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxış edərək duyğunun intensivliyi ilə qıcığın qüvvəsi arasındakı olan asılılığı aşağıdakı düsturla ifadə etmişdir:
S = K Lg J + C
Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və C isə sabit kəmiyyətləri ğöstərir. Bu düstur göstərir ki, duyğunun intensivliyi qıcıqlandırıcınınqüvvəsinin loqarifmasına mütənasibdir. Başqa cür desək qıcığın qüvvəsi həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi silsilə ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir.
Duyğulara aid qanunauyğunluqlardan adaptasiya, sensibilizasiya, sinesteziya, ardıcıl surətlər haqqında da danışmaq lazımdır.
Adaptasiya (alışma) duyğu üzvlərinin qıcıqlandırıcılara uyğunlaşması nəticəsndə həssaslığın dəyişməsinə deyilir. Məsələn qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç nəyi görmürük, getdikcə otaq sanki işıqlaşır, artıq otaqdakı əşyaları görə bilirik. Bu o deməkdir ki, duyğu üzvümüz-gözümüz qıcıqlandırıcıya, qaranlığa uyğunlaşır və nəticədə onun həssaslığı artır.
Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn sinif otağında tədricən hava ağırlaşır. Otaqdakılar adaptasiya prosesi baş verdiyinə görə bunu duymurlar, ancaq otağa yenicə daxil olan adam otağın havasının ağır olduğunu söyləyir. Bu isə iy duyğusu orqanının həssaslığının aşağı düşməsi ilə bağlıdır. Adaptasiya hadisəsi üç şəkildə baş verir:
Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duyğunun tamamilə yoxa çıxması kimi;
Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların kütləşməsi kimi;
Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın artması kimi.
Duyğuların qarşılıqlı təsiri və sensibilizasiya. Duyğuların intensivliyi təkcə qıcıqlandırıcının qüvvəsindən və adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin vaxta başqa qıcıqlandırıcıların hiss üzvlərinə olan təsirlərindən də asılıdır. Başqa hiss üzvlərinin qıcıqlanması nəticəsndə digər analizatorun həssaslığının dəyişməsinə duyğuların qarşılıqlı təsiri deyilir. Ümumiyyətlə, bizim analizatorlar sistemimiz az və çox dərəcədə bir-birinə təsir edir, bir vəziyyətdə həssaslığın aşağı düşməsinə, başqa vəziyyətdə həssaslığın artmasına səbəb olur. Məsələn, müəyyən olunmuşdur ki, eşitmə qıcıqlanmasının təsiri altında görmə analizatorlarının həssaslığı dəyişir. Eyni zamanda gözə işığın təsiri səslərin daha gur eşidilməsnə səbəb olur.
Analizatorun qarşılıqlı təsiri ilə yanaşı mümarisələr də həssaslığın artmasına səbəb olur. Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına sensibilizasiya deyilir.
Sinesteziya. Duyğu ilə bağlı bu qanun daha az ümumiliyə malikdir. Bu hadisə ən çox özünü rəngli eşitmə deyilən xüsusiyyətə malik insanlarda göstərir. Rus bəstəkarı A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarşısında rəng çalarları yaranır, rəng duyğusu əmələ gəlirmiş. Duyğularımızda sinesteziyanın olmasını dilimizdə olan, «yumşaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək.
Ardıcıl surətlər. Həyati faktlardan aydın gördüyümüz kimi, duyğular qıcıqlandırıcıların təsiri kəsildikdən sonra dərhal yox olub getmir. Həmin qıcıqlandırıcıları bu və ya digər səviyyədə hələ də duymaqda davam edirik, başqa sözlə onların surəti bizim tərəfimizdən hələ də duyulur. Bu hadisə elmdə ardıcıl surətləradı ilə qəbul olunmuşdur. Ardıcıl surətlər həm müsbət, həm də mənfi xarakter daşıya bilir. Adətən müsbət ardıcıl surətlər özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin qıcığa uyğun gəlir. Məsələn, bir üzündə quş, o biri üzündə qəfəs şəkli çəkilmiş kardon parçanın iki ucundan bağlanmış iplə fırlatsaq biz quşu qəfəsin içində duymağa başlayarıq. Bu ona ğörə baş verir ki, kardon parçasının o biri üzü gələnə qədər hələ bizim gözümüzün tozlu qişasında quşun şəkli qalır. Nəticədə qəfəs şəkli ilə üst-üstə düşdüyünə görə biz quşu qəfəsdə görməyə başlayırıq.
Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə duyğularında aydın müşahidə edirik. Məsələn, əgər ağ vərəq üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən müddət gözümüzü ona dikdikdən sonra qırmızı rəngli kağızı götürsək onun yerində açığı göy yaşıl rəng görməyə başlayacağıq. Bu ona görə baş verir ki, ağ rəng üzərindəki qırmızı rəngə baxdıqda gözün tozlu qişasında həmin rəngi duyan qəbuledicilər yorulur, daha az həssas olmağa başlayır. Ona görə də sonradan torlu qişanın həmin hissəsinə ağ işıq düşdükdə digər qəbuledici elementlər yüksək duyma qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaşıl rəng görürük. Bu halı neqativ şəkillərə baxdıqda da müşahidə edə bilirik. Məsələn, neqativ insan şəklinə baxdıqdan sonra ağ lövhəyə baxsaq orada adamın həqiqi pozitiv surətini görə bilərik.
Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eşitmə, temperatur, ağrı, dadbilmə duyğularında da qıcıqlandırıcıların təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.
Tarix: 27.11.2014 / 11:52 Müəllif: Aziza Baxılıb: 287 Bölmə: Ümumi Psixologiya