beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nohəxan Qəşəm

Həyatı
Nohəxan Qəşəm 1914-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. İki yaşında ata və anadan yetim qalan Qəşəmin tərbiyəsi və himayəsi ilə əmiləri Hüseyn və Xanlar məşğul olmuşlar. Qəşəm ilkin dini təhsilini mollaxanada əmisi oğlu Həsən Xəyallıdan, orta təhsilini isə Daşkənd kənd orta məktəbində almışdır. Qəşəm 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş və 1943-cü ildə döyüşdə yaralanaraq cəbhədən birinci qrup əlil kimi qayıtmışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından deportasiya olunmuş və həmin ildən də Bərdə rayonu Yeni Daşkənd kəndində yaşamışdır.

Nohəxan Qəşəm 1996-cı il may ayının 11-də Bərdə rayonu Yeni Daşkənd kəndində vəfat etmişdir. Məzarı Bərdə rayonu Yeni Daşkənd kənd qəbiristanlığındadır.

Yaradıcılığı
Yaradıcılığa uşaq yaşlarından başlayan Qəşəmin bütün şeirləri təbiətlə və dinlə bağlıdır. Şeirə, sənətə böyük marağı olan Nohəxan Qəşəm xüsusən aşıq sənətinə böyük maraq göstərmişdir. Aşıq Alının, Aşıq Ələsgərin, Növrəs İmanın, Aşıq Nəcəfin, Həsən Xəyallının şeirlərini əzbərdən bilirdi. Eyni zamanda dinə, mövhumata da böyük maraq göstərmişdir. Şəriət elmlərinə dərindən bələd olan, dinə bağlı, Əhli-beyt aşiqi bir insan idi. Məhərrəmlik mərasimlərində iştirak edər və Nohə oxuyardı. Boş vaxtlarında dini kitablar oxuyar, Kərbəla şəhidi İmam Hüseyn təziyəsi saxlayar, nohələr deyərdi. Buna görə də ona el arasında Nohəxan Qəşəm deyərdilər.

Yaradıcılığında aşıq deyişmələrində olan bağlamaları açmağa da çox maraq göstərmişdir. Eyni zamanda özü də bağlama-qıfılbənd şeirlər yazmışdır. Qəşəm ömrünün sonuna qədər ticarət və rabitə təşkilatlarında işləmişdir.

Nohəxan Qəşəmin şeirləri ilk dəfə Araz Yaquboğlunun "Bir kökün budaqları" (2006) adlı kitabında çap olunmuşdur (səh. 43-50). Nohəxan Qəşəmin həyatı və yaradıcılığı haqqında 2007-ci ildə "Nurlan" nəşriyyatında çap olunmuş Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir (səh.20-22).


Tarix: 05.02.2015 / 17:58 Müəllif: Feriska Baxılıb: 118 Bölmə: Qərbi Azərbaycan