beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərrux Rüstəmov

Həyatı
Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V.İ.Lenin adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fakültə əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə - Lenin təqaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngidar kəndindəki səkkizillik məktəbdə 1982-1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir. Az vaxt ərzində məktəbin maddi-texniki bazasını yaxşılaşdırmış, məktəbi ixtisaslı kadrlarla təmin etmiş, kollektivdə işgüzar mühit yaratmış, şagirdlərin, müəllimlərin və kənd əhalisinin sevimlisinə çevrilmişdir. 1985-ci ildə elmi işə maraq onu yenidən V.İ.Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1985-1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. ADPU-nin Ümumi pedaqogika kafedrasının nəzdindəki "Şagirdlərin peşəyönümü" problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan F.Rüstəmov, az sonra kafedrada müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasının "Pedaqogika, psixologiya, fəlsəfə" bölməsinin rəhbəri olmuşdur. 1998-2006-cı illərdə Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının müdiri olmuşdur. 22 aprel 1998-ci ildə Beynəlxalq pedaqoji Akademiyanın (Moskva) həqiqi üzvü (akademiki) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Akademik Mehdi Mehdizadə", "Gənc alimlər" və "Qızıl qələm" mükafatları laureatıdır. ADPU-nun "Xəbərlər" nin pedaqoji-psixoloji elmlər seriyasının redaktorudur. 2007-ci ildə ADPU-nun pedaqoji fakültəsinin dekanı, böyük Elmi şuranın üzvü və pedaqoji fakültənin Elmi Şurasının sədri seçilmişdir. ADPU -nun Elmi şurasının qərarı ilə " İlin müəllimi və İlin alimi" muüsabiqəsinin qalibi olmuşdur. 2007-2012-ci illərdə ADPU-nun ibtidai təhsilin pedaqogikası kafedrasının müdiri olmuşdur. 2004 -cü ildən professordur. ADPU-də fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir. 2010-cu ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2010-cu ilin aprelində Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Təhsildə və elmdə qazandığı uğurlara görə Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı" (2006) ilə təltif olunmuş , "Əməkdar Elm Xadimi" (2012) fəxri adı verilmişdir.

İlk kitabını 1990-cı ildə nəşr etdirən F.Rüstəmovun qısa bir dövr ərzində 30-dan artıq monoqrafiya, kitab və kitabçanın, 31 tədris proqramının, 200 elmi məqalə və tezisin, 250-yə qədər elmi-pedaqoji və publisistik yazının müəllifidir. 10 kitabın tərtibçisidir. 40-a yaxın kitabın elmi redaktoru olub. Rəhbərliyi ilə 8 nəfər pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 3 nəfərin doktorluq , 20 nəfərin namizədlik dissertasiyasının rəsmi opponenti olub. Təhsil haqqında qanunu hazırlayan işçi qrupunun üzvü olmuşdur.

"Pedaqoji tədqiqatlar" elmi məqalələr məcmuəsinin redaktorudur. Elmi - pedaqoji fəaliyyəti ilə bağlı "Professor Fərrux Rüstəmov 50" kitabı (2011, 576 səh.) nəşr olunmuşdur.

Əsərləri Bakı, İstanbul , Tbilisi, Moskva, Çeboksarı, Səmərqənd, Təbriz şəhərlərində nəşr olunmuşdur.

Prof. F.Rüstəmov akademik Hüseyn Əhmədovun əsərlərinin biblioqarfik göstəricisinin (1996, 2001, 2006), həm də 5 cildlik "Seçilmiş pedaqoji əsərləri"nin tərtibçilərindən biridir.


Tarix: 05.02.2015 / 17:31 Müəllif: Feriska Baxılıb: 178 Bölmə: Qərbi Azərbaycan