Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli (Alyoşa) Bayramov - Əsərləri

Povestləri
Həqiqət naminə, Torpaq ətri, Ağrılı acılı günlərimiz, Ağbaba – Ax Baba,

Hekayələri
Kişi sözünü udmaz, Mükafat, Qalsın münasib vaxta, Zəncirlənmiş torpaq, Kölgələr, Durnalar niyə oxumadı, Qonşular, Müslümov, Şaftalı cazibəsi, İşə düşmədik?, Nimdaş kilim, Şöhrətov, Bədxahlıq, Həsrət, Cahan nənənin nağılı, Mən və Sən, Mənsur şerləri, Ana laylası, Aşıq Ələsgərə, Ana, Ayrılıq, Torpaq, Görmədin, Xəyallara dalmışdı, Gec deyilmi?,

Poeziya çələngi
Bacıma, Ana gözləri, Günlər, Doğma yurdum, Firuzə, Düşüncələr, Gülüşün, Yolum kəndə düşəndə, Gərək, Atamın qəbrini axtarıram mən, Arpa gölü, Ana vətən, Demədi, Gəlin analar, O ürəyə qurban olum, Ürəyə dəymə, Var, Həsrət duyğuları, Axtar, Gözəlliyə vurğunam, Qalıb, Vurğuna, Qalıbdır, Aşıq Ələsgərə, İmzalar, Həmişə qonaq gəlin, İstərəm, Məktublar, Vətən olublar, Zəfər bayramı, Yurdumdadır,ellərdədir, Çoban qardaş, Ömrün mənası, Üç şahin-üç ulduz, Duyğular, Qalaçalar, 'Bayatılar,

Poema
Biz hərb istəmirik

Xatirələrdən
“ ...Gəlimli-gedimli dünya...” Əli müəllim haqq dünyasina köçəndən sonra onun çap olunacaq kitabına yazacağım ön sözə bu bənzərsiz həzin poetik başlığı qoymaq istərdim, əlyazması mənə təqdim olunanda gördüm kitabın adıdır. Yaxşı düşünülüb: Alyoşa müəllim həyatdan gedib ancaq onun əsərlərindəki qəhrəmanlar, talelər, sujetlər yaşayır, bizi düşündürür. Xatirələrimizdə Alyoşa müəllimin özü yaşayır, sakit, pak, təmkinli, sadə, ziyalı və istedadlı nasir kimi yaşayır.
İnsanlar dünyaya gəlirlər və ... mütləq gedirlər. Ancaq yaxşı insanlar bu dünyadan sonra azı yüz il yaşayırlar – onu tanıyanların ürəyində, xatirələrində.
Əli müəllim Ağbaba mahalının Arpa gölünün sahilində - Balıqlı kəndində dünyaya gəlmişdi, böyümüşdü , sonra Bakı Dövlət Universitetini bitirmişdi,doğma diyara qayıdıb müəllimliyə başlamışdı – onlarla həmyerlisi kimi. Amma yüksək mənəvi zənginlikləri ilə hamının diqqətini özünə cəlb etmişdi. Bu kiçik kəndin müəllimini bütün bölgədə tanımışdılar, hörmət edirdilər, cavan yaşlarından ağsaqqallıq məqamına çıxmışdı.
Hekayələr, povestlər, publisist əsərlər yazmışdı – Bakıda və İrəvanda çap olunmuşdu.
İndiyə kimi mənə məlum deyil ki, O mənə və onu tanıyanlara bir insan kimi daha əziz idi, yoxsa yazıçı kimi? Bu suala indi də cavab verməyə çətinlik çəkirəm, daha dəqiq desəm bu barədə fikirləşmək istəmirəm. Ancaq bir məsələ şəksizdir: yazılarındakı estetik ideallarla , mənəvi paklıqla onun özünün iç dünyası arasında üzvi yaxınlıq, deyərdim ki, eynilik vardı.
Arpa gölünün ətraf kəndlərinin o sırada Balıqlının iqlimi çox sərt keçir, burada yeddi, səkkiz ay qış olur, uzun müddət avtonəqliyyat yolu bağlanır , insanlar bir kənddən başqasına xizəklə getməli olurlar. Buranın adamları məğrur və sərtdirlər. Əli müəllim isə son dərəcə mülayim, müdrük və həssas qəlbli insan idi. Deyirdim ki,necə olub ki, ətraf mühüt, belə amansız iqlim sənin xasiyyətinə, əxlaqına təsir edə bilməyib? Cavabında : xəfif-xəfif gülümsəyirdi.
Mən Ağbabanı, onun özünəməxsus təbiətini və insanlarını çox sevirdim, rəhbərlik etdiyim İrəvan Azərbaycan dövlət Dram teatrı hər yay bu mahala qastrol səfərinə gələndə çalışırdım ki, kollektivdən ayrılmayım və hətta elə olurdu ki, səfərin sonunacan orada qalırdım. Bir vaxtlar Amasiya rayon partiya komitəsinin birinci katibi Məhərrəm Bayramov və onun həyat yoldaşı Klara xanım xahiş etdilər ki, ailəmi də ora istirahətə gətirim. Və bir dəfə Ağbabaya ailəlikcə getdik.
Elə o günlər Əli müəllim bizi ailəlikcə evinə qonaq dəvət etdi. Maşınımız Arpa gölünün sahillərinə yaxınlaşanda hava birdən bərk bozarıb qaraldı, buludlar göy üzünü tutdu. Biraz keçmiş şıdırğı yağış tökdü və sonra doluya çevrildi. Biz Əli müəllimgilin həyətinə çatdıq, gəldiyimizi bu səs küydə necə eşitmişdisə dərhal bayıra çıxdı, bizə yaxınlaşdı, ama dolu elə tökürdü ki, biz beş on dəqiqə maşından çıxa bilmədik.
Dedim: Ağbabada boran olar, qar olar bəs bu nə doludur?
Dedi: Siz gələndə Ağbabada hər şey olar. Şeytanın qıçını sındırıbsınız. Balıqlı sizi belə salamlayır.
Yarım saat sonra hava tam açıldı, dağ günəşi ətrafı nura boyadı, yarım saat ondan qabaqkı buludlardan əsər-əlamət qalmadı. Əli müəllim Gördünüz Ağbaba sizi necə salamlayır?dedi.
Biz iki, üç saat evdə oturub ədəbiyyatdan, Ağbabalılardan, buradakı və bütün Qərbi Azərbaycandakı ədəbi qüvvələrdən danışdıq, Alyoşa müəllimin kitablarına baxdıq. İndi dağların zirvəsində, Arpa gölünün sahilindəki bir mərtəbəli iki, üç gözlü o ev mənim yaddaşımda gərəkli bir ziyalının isti nəfəsi , bir diyarın nurlu ocağı kimi qalır.
Hələ Ağbabada olanda uşaqlarının tərbiyəsinə, təliminə xüsusi diqqət yetirərdi. Övladları seçdikləri məktəblərə öz minnətlərinə daxil olurdular.
Böyük oğlu Sabir barədə danışardı, özü də fərəhlə, fəxrlə yox. Sabir həqiqətən də fərəhlə, fəxrlə danışılmağa layiq oğul olsa da. Bu məsələdə də ata babalarımızın yüksək əxlaq normalarının ədəb-ərkanını gözləyirdi. Yəni ata övladı, oğulu tərifləməz, ürəyində çox sevər, layiqli övladla fəxr edər, amma məhəbbətini, fəxriyyəsini bildirməz.
Sabir şəfqətli həkim kimi yetişdi, elmlər namizədi alimlik dərəcəsi aldı, baş həkim oldu, lap başlıcası isə əsl insan, əsl vətəndaş kimi formalaşdı. Fiziki baxımdan da, mənən də atasına oxşadı.
... İnsanlar dünyaya gəlirlər və mütləq gedirlər. Ancaq yaxşı insanlar bu dünyadan sonra azı yüz il yaşayırlar, övladlarının, nəvələrinin həyatında, dost-tanışlarının ürəyində, xatirələrində.
Hidayət.


Tarix: 05.02.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 216 Bölmə: Qərbi Azərbaycan
loading...