beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Nəcəf

Həyatı
Bayramov Nəcəf Allahverdi oğlu 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu,cüsəlli insan olub. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış.

Aşıq Nəcəf Aşıq Ələsgərə on il şəyirdlik edib, onunla ağır məclislər yola salıb. Aşıq Nəcəf Dədə Ələsgərin (1821-1926) ən çox sevdiyi şəyirdlərindən olmuşdur. Onun səsi Aşıq Əsədin (1874-1951) səsi ilə uyğun gəldiyindən hər ikisinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd otuzluq lampanı dəfələrlə toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə səmimiyyətlə etiraf edərmiş ki, Daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi. Aşıq Nəcəflə, Aşıq Əsəd 1910-cu ildə İran səfərində olarkən Təbriz aşıqlarının ustadı onlara hörmət və ehtiram əlaməti olaraq hər birinə on telli saz bağışlamışdır. Bu saza "Xətai sazı" da deyilir - qolunun içi boşdur.

Aşıq Nəcəfin bir çox qüdrətli aşıqlar və şairlər ilə yaxın dostluq münasibətləri olmuşdur. Hətta Bozalqanlı Aşıq Hüseyn Aşıq Nəcəfin oğlanları Şəmistan və Şəmiddinin kirvəsi olmuşdur. Aşıq Nəcəfin Şəmistan, Şəmiddin, Mikayıl, Astan və İsmayıl adında beş oğlu olmuşdur. 5 fevral 1919-cu ildə erməni polkovnikinin başçılığı ilə "Küllü" təpə deyilən yerdə Aşıq Nəcəfin belinə odlu samovar bağlanmış və beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülmüşdür.

Yaradıcılığı
Aşıq Nəcəfin acınacaqlı həyatı və yaradıcılığı haqqında geniş məlumat bir neçə kitablarda verilmişdir:

Sərraf Şiruyənin "Ağlama, bülbül, ağlama" (1994) kitabında "Aşıq Nəcəf və Gülüstan" (səh.348-371) dastanı, "İgid ölər, adı qalar" (2002) kitabında "Göyçəli Hacı Rəhim dastanı" (səh.258-296)
Eldar İsmayılın "Allah amanatı" (1994) kitabında "Nəcəf" poeması (səh. 85-109).
Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi" (1998) kitabında (səh.92-105)
Xasay Zeynalovun "Göyçəsiz günlərim" (2006) kitabında "Aşıq Nəcəf dastanı" (səh.129-168)
Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, Nurlan-2008.


Tarix: 05.02.2015 / 16:54 Müəllif: Feriska Baxılıb: 195 Bölmə: Qərbi Azərbaycan