Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Könül Bünyadzadə

Həyatı
Könül Bünyadzadə 2 noyabr 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Orta təhsilini 1981-1991-ci illərdə Daşkəsən rayonu A.S.Puşkin adına 2 saylı məktəbdə alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin institutun dissertantı təsdiq edilib. Hazırda həmin institutun baş elmi işçisi vəzifəsində çalışır.

Elmi fəaliyyəti
2002-ci ildə "Sərrac Tusinin "əl-Lümə" əsərində sufi-fəlsəfi məsələlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 2007-ci ildə isə "Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 2009-cu ildə mühazirəçi kimi çalışdığı universitetin professoru vəzifəsinə keçmişdir.

Əsas düşüncələri
Könül Bünyadzadənin fəlsəfi yaradıcılığında üstünlük təşkil edən mövzu təsəvvüf fəlsəfəsinin müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılmasıdır. O, bir fəlsəfə tarixçisi olaraq böyük sufi Cüneyd Bağdadinin, Mənsur Həllacın, Sərrac Tusinin təlimlərini Azərbaycanda ilk dəfə tədqiq etməklə yanaşı, həm də fəlsəfi komparativistika sahəsində bir sıra ciddi tədqiqatlar aparmışdır. Orta əsrlər fəlsəfəsi adətən İslam dünyasında islam dini dünyagörüşü, Qərb fəlsəfi ədəbiyyatında isə xristian dünyagörüşü üzərində qurulmuş bir fəlsəfə kimi təqdim olunur. Lakin bu iki "dünyanın" zamanın ruhuna uyğun olaraq xeyli ortaq cəhətlərə malik olduğu indiyədək az öyrənilmişdir. Bu cür yanaşdıqda, bir tərəfdən, təsəvvüf fəlsəfəsi, digər tərəfdən də, Bonaventura, Mayster Ekchart, Nikolay Kuzanski ortaq məxrəcə gətirilir. K.Bünyadzadə öz yaradıcılığında bir sıra yeni ideyalardan çıxış edir ki, bunlardan ən vacibi təsəvvüfdə və ümumiyyətlə İslam fəlsəfəsində istifadə olunan sezgi konsepsiyasını Qərb fəlsəfəsindəki irrasionalizm və intuitivizm təlimləri ilə müqayisə edərək bunların ümumi və fərqli cəhətlərini aşkar edir. Sezgi təliminin hansı məqamlarda rasionalizmə və hansı məqamlarda irrasionalizmə uyğun gəlməsi məsələsi müasir epistemologiya üçün çox önəmli bir məsələdir. Bu axtarışlarını davam etdirərək K.Bünyadzadə orta əsrlərdən müasir dövr fəlsəfəsinə keçir və Kant fəlsəfəsini, Husserl fenomenologiyasını və Timiniçkanın həyat fenomenologiyasını təsəvvüf fəlsəfəsi kontekstində nəzərdən keçirir.

K.Bünyadzadənin bir xidməti də bundan ibarətdir ki, o, ayrı-ayrı fəlsəfi təlimlərin təfərrüatlarına getməkdənsə, bütövlükdə dövrün ruhunu ifadə edən ən ümumi ideyalardan çıxış edir.

5 monoqrafiya, 2 tərcümə kitabının müəllifidir, bunlarla yanaşı, xaricdə bir kitabı tərcümə edilərək nəşr olunub.

Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Cənubi Koreya, Malayziya, Əlcəzair və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda həm məruzəçi, həm də moderator kimi Azərbaycanı təmsil etmişdir. Dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, rus, ingilis, ərəb və s. dillərdə elmi məqalələri çıxıb. Ümumiyyətlə isə, Azərbaycanda və xaricdə 130-a yaxın məqaləsi işıq üzü görüb.

Məsul vəzifələri
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının eksperti, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının məsul katibi, Bakı şəhərində Şərq-Qərb Tədqiqat Mərkəzinin direktoru, Beynəlxalq Fenomenologiya İnstitutunun, Nyu-York Akademiyasının, Beynəlxalq Oksford "Mühyiddin İbn Ərəbi Cəmiyyəti"nin, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO-nun nəzdindəki Filosof Qadınlar cəmiyyətinin üzvüdür.

Ülvi Bünyadzadənin bacısıdır.
Qasım Binnətovun nəvəsidir.


Tarix: 05.02.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 132 Bölmə: Qərbi Azərbaycan
loading...