beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəkil Hacılı

Hacıyev Vəkil Məhəmməd oğlu (1936-2008) – tənqidçi, ədəbiyyatşünas, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Elmi fəaliyyəti
3 Əsərləri
4 Xarici keçidlər


Həyatı

Vəkil Hacıyev 1936-cı il martın 6-da Gürcüstanın Borçalı (indiki Marneuli) rayonunun Sarvan kəndində anadan olmuşdur. Borçalı Pedaqoji Texnikumunda (1951-1955), Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır (1955-1960).

Tələbəlik illərində xam torpaqlarda tələbə inşaat dəstələrində fəaliyyət göstərmişdir (1958).

1961-ci ildə ADU – nun Avropa ədəbiyyatı ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Aspiranturada akademik, Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun rəhbərliyi ilə 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Universitetin xarici ölkələr ədəbiyyatı kafedrasında müəllim, baş müəllim və dosent işləmişdir (1965 – 1982).

1978 -1980-ci illərdə Türkiyənin İskəndərun şəhərində metallurgiya zavodunda tərcüməçilik etmişdir.

1982 – ci ildən BDU – nun XX əsr rus ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının dosenti, həm də Ədəbiyyatşünaslıq üzrə ixtisaslaşmış müdafiə şurasının elmi katibi olmuşdur (1983 – 1989). Filologiya fakültəsində xarici ölkələr ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid fənlərindən mühazirələr oxumuş, proqram, dərs vəsaitlərinin müəllifi olmuşdur.

Elmi fəaliyyəti

Vəkil Hacılının elmi yaradıcılığının əsas istiqamətləri xarici ölkələr ədəbiyyatı, ədəbiyyat nəzərriyyəsi, ədəbi əlaqələr və tərcüməşünaslıq, ədəbi tənqidi əhatə etmişdir. Bir çox klassik və müasir Avropa yazıçısının yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığında ilk elmi əsərlərin, o cümlədən, Şiller haqqında monoqrafik tədqiqatın müəllifi olmuşdur.

"Vilhelm Tell" adlı ilk elmi məqaləsi ADU "Elmi əsərləri"ndə (1963,№2) dil və ədəbiyyat seriyasında dərc edilmişdir. Həmin vaxtdan dövri mətbuatda elmi – nəzəri və tənqidi məqalərlə çıxış etmişdir.

Ədəbiyyatın nəzəri və tarx problemlərinə, müasir ədəbi prosesə, xarici ölkələrin ədəbiyyatına dair tədqiqatlar aparmışdır. Antik mədəniyyətə, Avropa ədəbiyyatına, o cümlədən, alman romantizminə, Azərbaycan-Avropa, Azərbaycan-rus ədəbi əlaqələrinə həsr olunmuş bir sıra elmi məqalələr yazmışdır.

Bir çox Azərbayan yazıçıları və ədiblərinin yaradıcılığına dair elmi-tənqidi məqalələri dərc olunmuşdur..

Alman və rus dillərindən tərcümələr etmiş, tərcüməşünaslığa, Avropa və rus ədəbiyyatının Azərbaycan dilinə tərcümələrinə aid əsərlər yazmışdır.

Müasir dövrdə ictimai əhəmiyyət kəsb edən kulturoloji problemlərə, xüsusən, əlifba, ana dili məsələlərinə, Borçalı türklərinin problemlərinə dair əsərlərin müəllifidir.

Bir çox ədəbi – bədii topluların tərtibçisi olmuşdur. Xarici ölkələr ədəbiyyatına, ədəbiyyat nəzəriyyəsinə aid mühazirələri gənc filoloqların formalaşmasında xüsusi rol oynamışdır.

Əsərləri
Ранняя драматургия Фридриха Шиллера. Б., 1964
XVIII əsr alman ədəbiyyatına dair mühazirələr: Lessinq, Şiller. Höte. B.,1967
"Dədə Qorqud" dastanlarında əxlaq məsələləri // BDU Elmi əsərləri, 1977, № 4, s.46-51
"Gəlinlik paltarı"nın işığında. B., 2005


Tarix: 19.01.2013 / 16:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 509 Bölmə: Şairlər və Yazıçılar