beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Əzim Şirvani

Seyid Əzim Şirvani
(1835-1888)


XIX əsr Azərbaycan ədəbiyyatında istedadlı lirik və satirik şair kimi tanınır. O, həm də maarifçi şerləri və mənzum hekayələri, təmsilləri ilə məşhurdur. Seyid Əzim 1835-ci il iyulun 10-da Şamaxıda doğulmuş, lakin 7-8 yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyi üçün anası ilə birlikdə Dağıstanda yaşayan babası Molla Hüseynin yanına köçərək 10 il orada yaşamış, ilk təhsilini də Dağıstanda almışdır. 1835-ci ildə 18 yaşında ikən Şamaxıya qayıtmış və ömrünün sonunadək burada yaşayıb ədəbi və elmi-pedoqoji fəaliyyət göstərmişdir. Yəni həm özü məktəb açaraq dərs demiş, həm Şamaxı Ruhani məclisinin nəzdində Səid Əfəndi Ünsizadənin açdığı "Məclis" məktəbində əvvəl müəllim, S.Ünsizadə Tiflisə köçdükdən sonra ona rəhbərlik etmişdir. 1877-ci ildən isə eyni zamanda Şamaxı şəhər məktəbinə şəriət və ana dili müəllimi təyin olunmuşdur. Pedoqoji fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsasən iltisav məktəb şagirdləri üçün dərslik yazmış, lakin onun nəşri üçün göstərdiyi bütün cəhətlər puça çıxmışdır. Seyid Əzimin bu dərsliyinin nəşr edilməsinə o zamankı Çar hökuməti idarələri icazə verməmişlər.

S.Ə.Şirvani XIX əsrdə nəşr olunan milli mətbuat orqanlarının hamısında - "Əkinçi" (1875-1877), "Ziya (Ziyayi-Qafqasiyyə)" (1879-1884) və "Kəşkül" (188 -1891) - maarifə çağırış, əxlaqi, didaktik ruhlu şerləri və məqalələri ilə əməkdaşlıq etmişdir. Lakin şair "Əkinçi" qəzetinin nəşrini Azərbaycan ictimai-mədəni mühitində parlaq bir hadisə hesab edib şerlə tərik məktubu göndərsə də, qəzetin təbliğ etdiyi ictimai ədəbi və mədəni ideyaların mahiyyətini dərk edib mənimsəmək üçün ona təxminən bir il vaxt lazım olmuşdur; 1876-cı ilin ortalarından Seyid Əzimin dövrünə görə qabaqcıl, maarifçi ruhlu şerləri "Əkinçi" qəzetində, sonra isə "Ziya (Ziyayi-Qafqasiyyə)" və "Kəşkül"də tez-tez çap edilmişdir. Beləliklə, o, ədəbiyyat tarixində həm də maarifçi şerlər müəllifi kimi tanınmışdır.

Seyid Əzim Şamaxıda fəaliyyət göstərən "Beytüs-Şəfa" adlı ədəbi məktəbə rəhbərlik etmiş, eyni zamanda Bakı, Qarabağ, Lənkəran və digər mədəni mərkəzlərdəki ədəbi məclislərin üzvləri ilə yaradıcılıq əməkdaşlığı etmiş, onlarla şerləşmişdir. S.Ə.Şirvani dərin məzmunlu, yüksək ideya-estetik keyfiyyətə, incə lirizmə malik qəzəlləri, habelə realist ruhlu əsərləri ilə müasirlərindən seçilir. Onun satirik şerləri özünün ideya-bədii keyfiyyəti ilə Azərbaycan ədəbiyyatında satiranın formalaşaraq ictimai məzmun qazanmasına səbəb olmuşdur. Şirvani təzə bəyləri, "Qazı saqqalını yandırır", "Müstəhidin təhsildən qayıtması" və s. satiraları yüksək qiymətləndirilir… Şairin "Şirvan xanlığının tarixi" adlı bir elmi əsəri də var.

S.Ə.Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmişdir. Onun əsərləri kitab halında dəfələrlə çap olunmuş, haqqında çoxlu məqalə, dissertasiya və monoqrafiyalar yazılmışdır. Şairin həyat və yaradıcılığı orta və ali məktəblərdə də öyrənilir.


Tarix: 23.08.2012 / 23:12 Müəllif: [Ram] Baxılıb: 1237 Bölmə: Şairlər və Yazıçılar