Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahim Göyçaylı

Əsgərov İbrahim Məhəmməd oğlu (İbrahim Göyçaylı) – şair, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində "Ədəbiyyat və İncəsənət Redaksiyası"nın baş redaktor müavini.
Həyatı

İbrahim Göyçaylı 1936-cı il, noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdur.

1943-cü ildə Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)filologiya fakültəsində təhsil alıb (1953-1958).

Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Mədəni ticarət", "Za kulturnuyu torgovli" qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.

Ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş, radionun formalaşmasında xüsusi xidmətləri olmuşdur.

2006-cı ildə prezident İlham Əliyevin qərarına əsasən Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür.

2007-ci il, fevral ayının 24-də,uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat etmişdir.

Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub.

Yaradıcılığı

Qoymayın qızları kədərlənməyə

Qoymayın qızları kədərlənməyə,
Ürəyə xal düşər,
Hissə xal düşər.
Dünyada bircə qız kədərlənərsə,
Dəyişər rəngini,
Dəyişər səhər.

Qoymayın qızları kədərlənməyə,
Ağacdan yarpaq da saralar düşər,
Bir sevinc kürləşər,
Çəkilər göyə,
İllərin səfindən bir bahar düşər.

Qoymayın qızları kədərlənməyə,
Qaçar anaların şirin yuxusu.
Qızının ürəyi şad olsun deyə
Ananın qayğıya dönər arzusu.

Kədərə düşməsin bir qız ürəyi,
Məğrur ataların beli qırılar.
Böyüyər ağzında halal çörəyi,
Hər yanda,
Hər yerdə yeri dar olar.

Kədərə boyansa bir qız baxışı,
İşindən, gücündən olar bacılar.
Döyər ürəkləri payız yağışı,
Bacının yerinə solar bacılar.

Həsrət dolaşmasın,
Həsrət gəzməsin
Bir bacı üzündə,
Bir qız gözündə.
Qardaş ürəyini həsrət üzməsin,
Vüqar sınanmasın qardaş gözündə.

Qoymayın qızları kədərlənməyə,
Ağacdan yarpaq da saralar düşər,
Bir sevinc kürləşər,
Çəkilər göyə,
İllərin səfindən bir bahar düşər.

Apar ürəyində məni sabaha

Dərdimi necə də təzələdin sən,
Rəngli yuxularım gözümdən qaçar.
İpək pərdə kimi gözlərdən enən
Çəhrayı buluda bənzəyişin var.

Ürəyim tablamır il ayrıcında,
Bu həsrət yağıştək yağar üstümə.
Gözlərin yol çəkər yolayrıcında
Zaman da daralar,
Durar qəsdimə.

Apar ürəyində məni sabaha,
Alışıb yanaram orda, istəsən.
Günahsız-günahsız batma günaha,
Aparsan gününü isidərəm mən.

Qoy baxım gözünə gözümdolusu,
Oxuyum qəlbindən keçəni bir-bir.
Qoy baxım üzünə üzümdolusu
Bu dünya əzəldən ölüm-itimdi.

Bu gecə

Çağlayır bu gecə sevda qanımda
Ovcumun içində ruhum da oyaq.
Bu xoş saatımda, bu xoş anımda,
Elə bil, heç səhər açılmayacaq.

Bu gecə nə sakit, nə həlim gecə,
Oyadıb garagün sakit duyğumu.
Alıbdı əlimdən, alıb necə də
Narahat yuxumu, dəcəl yuxumu.

Elə bil, əlləri saçımda gəzir,
Baxışı üzümdə sığal yel kimi.
Mən ona vurğunam, o mənə əsir,
Axır ürəyimə, axır sel kimi.

İndi dünya mənim, bu gecə mənim,
İndi qol-boyunam məhəbbətimlə.
Min illik günümə bu gecə qənim,
Aldım qisasımı mən həsrətimdən.

Çağlayır bu gecə sevda qanımda
Ovcumun içində ruhum da oyaq.
Bu xoş saatımda, bu xoş anımda,
Elə bil, heç səhər açılmayacaq.

1999

Apar, əzizim

Günlər sənsizlikdən bezib, yorulub,
Ayları, illəri çapar, əzizim.
Təkliyin əlindən məni almasan,
Ürəyim üzülər, qopar, əzizim.

Bu sevda gecikən amandı, ahdı,
Gəlib ildırımtək gözümdə çaxdı.
Bu odu söndürmək, vallah günahdı,
Sinəmi oymasın qubar,əzizim.

Mənim tənhalığım min ildi bəlkə,
Ömrüm bu dünyada gəzəri kölgə.
Səni axtarmışam mən ölkə-ölkə,
Məni tənhalıqdan qurtar,əzizim.

Dolaşıq salma, gəl, ağla qaranı
Ağ elə ağdısa, ağla qaranı.
RAzıyam,sən bütün arzularını,
Qəlbimin qanilə suvar,əzizim.

Bu sevda yolunun yolçusu mərddi,
Kədəri sevincdi, sevicnci dərddi.
Bu yoldan dönənin özü namərddi,
Kəssə yolunu da divar , əzizim.

Özün bilirsənmi, günəş kimisən,
Günəşin üzündə işıq telisən.
Səni gözləyirdim, haqdan gəlmisən,
Bahartək gəlmisən, bahar, əzizim.

Sehrinlə açıldı dərdim, düyünüm,
Haqqım var, haqqıma baxım öyünüm.
İlahi günüdü sənli hər günüm,
İlahidən gələn gün var, əzizim.

Bu da belə tale, bu da belə bəxt,
Bilmirəm bədbəxtəm, bilmirəm xoşbəxt.
Daha mənim deyil bu can, bu həyat,
Bu can səninkidir, apar, əzizim.

1994

Məhəbbətimdi

Səpsin işığını yoluma göylər,
Çiçək də çəmən də sevinsin bu gün.
Xoşbəxtəm yurdumun baharı qədər,
Xoşbəxtəm sən məni sevdiyin üçün.

Odlu baxışların işıqlı dünyam,
O mənim ölməyən səadətimdi.
Ömür bəxş eləyən, ömür çağlayan,
O gözlər əbədi məhəbbətimdi.

Sevən ürəyinin atəşi mənəm,
Bu yanar atəşi söndürmək olmaz.
Məhəbbət günəşin, sevgi sözünəm,
Dünyada heç zaman günəş qaralmaz.

Gəlmisən, gedirsən

Gəlmisən, əzizim,
Çox xoş gəlmisən,
Gəlişin ömrümə bir gün gətirdi.
Gərək mən olasan,
Onda bilərsən,
Gəlişin əvəzsiz səadətimdi.

Gözümdə göynədi bu acı həsrət,
Ürəkdi, ürəyə söz demək olmur.
Gələndə od kimi gəlir məhəbbət,
Gedəndə uşaqtək kiritmək olmur.

Yaşımı soruşdun,
Bu nəyə lazım?
İstərəm bu eşqlə həmişə yanam.
Bilirəm, gələcək mənim son yazım,
Yüz yaşım olsa da mən ki insanam.

Gedirsən, əzizim,
Bu da bir günah.
Bəs mənə verdiyin sual nə idi?
Deyirəm, bu yersiz suallar heç vaxt,
Heç kəsə,
Heç kəsə verilməyəydi.



Kitabları
1. Dalğalar qoynunda. Bakı: Azərnəşr, 1966
2. Yadigar sözlər. Bakı: Azərnəşr, 1969
3. Gözlərinin işığında. Bakı: Gənclik, 1973
4. Qərənfil işığı. Bakı: Gənclik, 1979
5. Qoymayın qızları kədərlənməyə. Bakı: Yazıçı, 1982
6. Ulduzlar nədən danışır. Bakı: Gənclik, 1984
7. Vaxt soruşsa. Bakı: Yazıçı, 1986
8. Песня голубой вершины. (Mavi zirvənin nəğməsi). Москва: Советский писатель, 1987
9. Uzaq haraylara isinmir ürək. Bakı: Yazıçı, 1991
10.Ümiddən uzun gecə. Bakı: Azərbaycan Ensiklopediyası N.P.B., 1997
11.Lirika. Bakı: Gənclik, 2001
12.Ümid yeri. Tehran: 2003
13.Yaşadığım bu dünya. Bakı: Gənclik, 2004
14.Fikrimin sabahı. Bakı: Şirvannəşr, 2005
15.Ömrümüz su kimi. Bakı: Şirvannəşr, 2005a


Tarix: 16.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 819 Bölmə: Şairlər və Yazıçılar
loading...