beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhlul Abdulla

Abdullayev Bəhlul Ağabala oğlu — ədəbiyyatşünas, tənqidçi, folklorşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989), Əməkdar elm xadimi (2000), Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Xəzər Universitetinin professoru, Xəzər Universiteti nəzdində Dünya məktəbinin müəllimi.

Həyatı

Bəhlul Abdulla 1940-cı il aprelin 27-də Lerik rayonu Zuvand bölgəsi Lələhiran kəndində kolxozçu ailəsində anadan olmuşdur. Biləsuvar rayonunda orta məktəbi bitirmişdir (1958). Sumqayıt sənaye müəssisəsində aparatçı işləmişdir (1958-1959). Ordu sıralarında xidmət etmişdir (1959-1961). Yenidən Sumqayıt sənaye müəssisəsində elektrik kimi çalışmışdır (1961-1962). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Biləsuvar şəhəri Nizami adına orta məktəbində dil-ədəbiyyat müəllimi olmuşdur (1967-1971). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdir (1971). "Yusif Vəzir Çəmənzəminli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1974). Sonra institutda kiçik elmi işçi (1974-1978), böyük elmi işçi (1978-1990), folklorşünaslıq şöbəsının müdiri (1993) olmuşdur. "Azərbaycan mərasim folkloru və onun poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Sonra institutun folklor şöbəsində baş elmi işçi vəzifəsində çalışıb (1993-cü ildən), Xəzər Universiteti ndə (1996-cı ildən bu günə kimi) və onun nəzdində fəaliyyət göstərən Dünya məktəbi ndə dərs deyib.

Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. "Qaynar çeşmə" məqaləsi "Ədəbiyyat və incəsənət" qəzetində (1 iyun 1969) çap ediləndən sonra dövri mətbuatda foklorun təbliği ilə ardıcıl məşğul olmuşdur. "Ədəbiyyat" (V sinif) dərsliyinin şərikli müəllifidir. "Aşıq Əsəd" (1979), "Azərbaycan bayatıları" (1984), "Arazam, Kürə bəndəm" (1986), "Dastanlar" (1987), "Göyər səmənim, göyər" (1993), "Dava yorğan davasıymış" (1996), "Ağırlığım-uğurluğum odlara" (1996), "Koroğlu" (2000), "Azərbaycan şifahi xalq ədəbiyyatı antologiyası" (2002), "Məktəbəqədər yaşlı uşaqlar üçün folklor antologiyası" (2002) kitablarında şifahi xalq ədəbiyyatı incilərini toplayıb tərtib və nəşr etdirmişdir. "Cənubi Azərbaycan antologiyası"nın (1,3,4) tərtibçilərindən biridir (1983-1988).

Alma-Ata, Daşkənd, Kişinyov, Qroznı, Dağlıq Altay, Yakutsk, Moskva, Tartu, İzmir, Tehran şəhərlərində keçirilən Ümumittifaq və Beynəlxalq konfrans, müşavirə və simpoziumlarda folklorşünaslıq problemləri barədə məruzələrlə çıxış etmişdir. 2011-ci il 25 mart tarixində gözlərini əbədi olaraq yummuşdur.

Əsərləri
1.Yusif Vəzir Çəmənzəminli. Bakı: Elm, 1981, 124 səh.
2.Haqqın səsi. Bakı: Azərnəşr, 1989, 137 səh.
3.Azərbaycan mərasim folkloru və onun poetikası. Bakı: Elm, 1990, 215 səh.
4.Kitabi-Dədə Qorqud və islam dini. Bakı: Ozan, 1997, 40 səh.
5.Kitabi-Dədə Qorqud poetikası. Bakı: Elm, 1999, 222 səh.
6.Azərbaycan folklorunda mifoloji at. Bakı: Ozan, 2002, 105 səh.
7.Dəli Domrul "Kitabi-Dədə Qorqud"da və Qorqudşünaslıqda. Bakı: Təhsil, 2002, 55 səh.
8."Kitabi-Dədə Qorqud"da xanımlar. Bakı: Elm, 2009, 96 səh.


Tarix: 14.01.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 587 Bölmə: Şairlər və Yazıçılar