beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nağı Nağıyev

Nağı Nağıyev - yazıçı, dramaturq.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 İstinadlar
5 Mənbə


Həyatı

Nağı Kərim oğlu Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. [1] O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikomunu bitirmiş,1930-1941 illərdə Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik etmişdir.[2]

Nağı Nağıyev 1935-1938 illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. [3]

Nağı Nağıyev 1942-1945 illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 1946-1949 illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 1949-1951 illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışmışdır. O, 1945-1951 illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının məsul katibi olmuşdur, [4]

Nağı Nağıyev 1951-ci ildən ömrünün sonuna kimi Bakıda yaşamış, "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri işləmişdir.

Nağı Nağıyev II Dünya Müharibəsi iştirakçısıdır.

Nağı Nağıyev 13 may 1981-ci ildə Bakıda vəfat etmişdir.



Yaradıcılığı

Nağı Nağıyev qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. O, üç səhnə əsərinin bir çox hekayə, oçerklərin və ilk iri həcmli əsəri olan "Həsrət" romanının müəllifidir.[5]

"Həsrət" romanı Nağı Nağıyevin ilk iri həcmli əsəri olub, mövzusu kənd həyatından götürülmüşdür. "Yer altında" povesti Nağı Nağıyevin uzun illər ərzində Naxçıvan duz mədəni kollektivinin işi ilə tanışlığının məhsuludur. Konfiliktin həyatiliyi, bədii cəhətdən əsaslandırılması, surətlərin reallığı və inandırıcılığı povesti Nağı Nağıyevin ən yaxşı əsərlərindən biri etmişdir.[6]

Onun "Qaynar bulaqlar", "Sumqayıtda", "Milyoner briqada", "Geoloqlar", "Püskürən dərə" adlı oçerklərində həyatın müxtəlif sahələri ilə maraqlanmış, müxtəlif peşə adamlarının həyatını qələmə almışdır.[7]

Nağı Nağıyev tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Andre Stilin, Aybəkin, A.T.Stuçenkonun, Cəlal İkraminin, M.Kolosnikovun, Bojena Nemtsovanın və başqa xarici yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Əsərləri
Yer altında. Bakı, 1953.
Nişanə. Bakı, 1956.
Sumqayıtda. Bakı, 1959.
İki tale. Bakı, 1961.
Həsrət. Bakı, 1965.
Yaralı qız. Bakı, 1966.
Seçilmiş əsərləri. Bakı, 1967.
Seçilmiş əsərləri. Bakı, 1974.

İstinadlar
↑ Yəhya Seyidov. Nağı Nağıyev. (Nağı Nağıyev. Seçilmiş əsərləri. Bakı, 1967)
↑ Naxçıvan Ensiklopediyası. Bakı, 2002
↑ Naxçıvan Ensiklopediyası. Bakı, 2002
↑ Naxçıvan Ensiklopediyası. Bakı, 2002
↑ Yəhya Seyidov. Nağı Nağıyev. (Nağı Nağıyev. Seçilmiş əsərləri. Bakı, 1967)
↑ Yəhya Seyidov. Nağı Nağıyev. (Nağı Nağıyev. Seçilmiş əsərləri. Bakı, 1967)
↑ Yəhya Seyidov. Nağı Nağıyev. (Nağı Nağıyev. Seçilmiş əsərləri. Bakı, 1967)


Tarix: 17.01.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 377 Bölmə: Şairlər və Yazıçılar