beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmir Məmmədli

Məmmədli İmir Məmməd oğlu — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Maçabeli mükafatı laureatı (1997).

Həyatı

İmir Məmmədli 1957-ci il avqustun 7-də Gürcüstanın Kaspi rayonunun Paşiyan kəndində anadan olmuşdur. Qonşuluqda olan Yuxarı Xəndək kənd orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1975-1980). İmir Məmmədli 80-ci illərdə Tbilisiyə köçmüş və 1985-ci ildə Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışmışdır.

1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992-1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996-2000) olmuş, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlmişdir.

Hazırda Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktorudur. Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədridir.

Ədəbi fəaliyyətə orta məktəb illərindən başlamışdır. Azərbaycan və gürcü dillərində yazıb yaradır. Əsərləri dövri mətbuatda dərc olunur. Onun elmi-publisistik yaradıcılığı və tərcümə fəaliyyəti 20-dən çox kitabda, 100-ə qədər publisistik məqalələrdə öz əksini tapmışdır. Şota Rustavelinin "Pələng dərisi geyinmiş cəngavər" poemasını ilk dəfə orijinaldan Azərbaycan dilinə poetik tərcümə etmişdir. Məhəmməd peyğəmbərin kəlamlarını, Yunus İmrənin şeirlər toplusunu, Aşıq Ələsgərin əsərlərini və müasir Azərbaycan poeziyasından nümunələri gürcü dilinə çevirmişdir.

Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü (1997), Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvü (1998), Dünya Azərbaycanlılarının I qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü (2001) seçilmişdir. Xidmətlərinə görə Gürcüstan dövlət mükafatları - Ləyaqət ordeni (1998) və Tbilisi Sədaqət medalı (1999) ilə təltif edilmişdir.

Əsərləri

Filmoqrafiya
Balqabaq (film, 2007)
Qovğalı kəndinin gecələri (film, 2008)
Sovqat (film, 2009)


Tarix: 16.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 432 Bölmə: Şairlər və Yazıçılar