beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Sultanlı

Verdiyev Vaqif Soltan oğlu (Vaqif Sultanlı) — nasir, ədəbiyyatşünas, tərcüməçi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1997), professor (1999)

Həyatı

Vaqif Sultanlı 1958-ci il martın 26-da Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur. Köhnəbazar kənd orta məktəbini bitirmişdir (1964-1974), Kürdəmir rayon elektrik şəbəkəsində fəhlə işləmişdir (1974-1976). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1981). Əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. Sonra isə ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının aspiranturasında təhsilini davam etdirmişdir. "Azərbaycan dramaturgiyasında xarakter problemi (1970-1980)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1984). Orada müəllim, baş müəllim, dosent işləmişdir (1984-1991). Hazırda Universitetin Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor vəzifəsində işləyir (1999). "Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1997). İctimai fəaliyyətlə ardıcıl məşğul olmuşdur. Ümumdünya Azərbaycanşünaslar Assosiasiyasını təşkil etmiş və onun sədri seçilmişdir (1991). Amerikanın "Azadlıq" və "Azad Avropa" radiostansiyalarının Azərbaycan redaksiyasında ədəbi verilişlər üzrə müxbir işləmişdir (1995-1998). Türkiyədə nəşr edilən "Durnalar" jurnalının Azərbaycan üzrə təmsilçisidir. Polşada ("Xudafərin" - 1995), İsveçdə ("Araz" - 1996-1997) nəşr olunan dərgilərin baş redaktoru olmuşdur. Hazırda "Filoloji araşdırmalar toplusu"nun (Bakı - 1995-ci ildən), "Dünya azərbaycanlıları" jurnalının (ABŞ - 2000-ci ildən) baş redaktorudur. Kipr-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Qurumunun (Türkiyədə) üzvü seçilmişdir.

Ədəbi yaradıcılığa çox erkən başlasa da "Yovşan ətri" adlı ilk hekayəsi 1980-ci ildə "Azərbaycan qadını" jurnalında nəşr olunmuşdur. Həmin dövrdən başlayaraq hekayələri, tərcümələri, elmi-publisistik məqalələri ilə müntəzəm olaraq mətbuatda çıxış edir. Rəşad Nuri Güntəkinin "Yarpaq tökümü" romanını, Sergey Jitomirskinin "Sirakuzlu alim" tarixi povestini, habelə E.Ştritmatter, Y.Haşek, V.Meri, Q.Stopka və başqalarının əsərlərini doğma dilə çevirərək nəşr etdirmişdir. Çoxlu sayda publisistik yazıların, tənqid və ədəbi proseslə bağlı 1000-dən artıq elmi-publisistik məqalənin müəllifidir. Bir sıra əsərləri İranda, Türkiyədə, Ukraynada nəşr olunmuşdur. İstanbulda keçirilən I millətlərarası Azərbaycan türk dərnəkləri qurultayında iştirak etmişdir (1990). 1991-ci ilin avqustunda Edinburq Universitetinin dəvəti ilə Böyük Britaniyada olmuşdur. Sonra bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq konfrans, simpozium və forumlarda iştirak və çıxış etmişdir. H.Zərdabi adına mükafata (1995), Kipr-Balkanlar və Avrasiya Türk Ədəbiyyatları Qurumunun (KİBATEK) Uluslararası Ədəbiyyat ödülünə (2003) layiq görülmüşdür. 2010-cu ilin dekabrında Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin Azərbaycandan üzvü seçilmişdir [Mənbə göstərin].

Əsərləri
Sönmüş ulduzlar. Bakı: Yazıçı, 1988, 136 səh.
İnsan dənizi. Bakı: Gənclik, 1992, 279 səh.
Məhəmməd Əmin Rəsulzadənin ədəbi dünyası. Bakı: ADU-nun nəşri, 1993, 153 səh.
Ağır yolun yolçusu (portret-monoqrafiya). Bakı: Azərnəşr, 1996, 196 səh.
Azadlığın üfüqləri (məqalələr toplusu). Bakı: Şirvannəşr, 1997, 208 səh.
Azərbaycan mühacirət ədəbiyyatı (dərs vəsaiti). Bakı: Şirvannəşr, 1998, 160 səh.
Qul bazarı (hekayələr, miniatürlər, sərgüzəştlər, esselər). Bakı: Gənclik, 1999, 120 səh.
Ədəbi-nəzəri illüstrasiyalar (nəzəri fraqmentlər). Bakı: Azərnəşr, 2000, 54 səh.
Ölüm yuxusu (povest, hekayə və esselər). Bakı: Turan, 2002, 160 səh.
Ömrün nicat sahili (dialoq-monoqrafiya). Bakı: Azərnəşr, 2004, 208 səh.
Ölüm Rüyası (povest və hekayələr). İstanbul: Avrupa Yakasi Yayinları, 2006, 224 səh.
Ədəbi tənqidin tədrisi məsələləri (metodik vəsait). Bakı: Azərnəşr, 2007, 124 səh.
Azerbaycan Mühaceret Edebiyatı (monoqrafiya). İstanbul: Avrupa Yakasi Yayinları, 2007, 224 səh.
Azərbaycan ədəbi tənqidi (dərs vəsaiti). Bakı: Azərnəşr, 2009, 204 səh.
Ruhun Ağrıları (monoqrafiya). İstanbul: Avrupa Yakasi Yayinları, 2010, 208 səh.
Heçlik vadisi (povest və hekayələr). Bakı^ Azərnəşr, 2010, 184 səh.

Tərcümələri

(ruscadan və türkcədən)
S.Jitomirski. Sirakuzlu alim. Bakı: Gənclik, 1987, 208 səh.
R.N.Güntəkin. Yarpaq tökümü.Dəyirman. Bakı: EA nəşri, 1994, 280 səh.
Fəyyaz Sağlam. Rübailər. Bakı: 1998, 50 səh.
R.N.Güntəkin. Yarpaq tökümü. Bakı: Çinar-çap, 2006, 120 səh.


Tarix: 19.01.2013 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 583 Bölmə: Şairlər və Yazıçılar