beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəbi Xəzri

Babayev Nəbi Ələkbər oğlu — şair, nasir, dramaturq, publisist, tərcüməçi, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ Dövlət mükafatı laureatı (1973), Azərbaycan Dövlət mükafatı laureatı (1982), Azərbaycanın Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın Xalq şairi (1984).Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Mükafatları
4 Filmoqrafiya
5 Mənbə
6 Həmçinin bax


Həyatı

Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığında Xırdalan kəndində anadan olmuşdur. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır.

1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin Rəyasət Heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10_45-də kəskin işemik insultdan vəfat etmişdir.

Yaradıcılığı

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyatımıza xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.

Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür.

"İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsirlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitabların müəllifidir.

Mükafatları
SSRİ Dövlət Mükafatı
Ümumittifaq Lenin komsomolu mükafatı
Azərbaycan SSR Dövlət mükafatı
Lenin ordeni
Qırmızı Əmək bayrağı ordeni
Şöhrət ordeni
İstiqlal ordeni
Bolqarıstanın Kiril Mefodi ordeni[Mənbə göstərin]

Filmoqrafiya
10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) (Aztv)
Çiçəklənən Abşeron (film, 1967) (televiziya filmi)
Zirvə buludu (film, 1968)
Şer mənim üçün bir kainatdır (film, 1984)
Nəbi Xəzri (film ,1987)
Şerin xəzrisi (film, 2000)

7.Sahil bağı (televiziya filmi 1966) 8.Anlamaq istəyirəm (bədii film 1980)


Tarix: 17.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 685 Bölmə: Şairlər və Yazıçılar