beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Vəliyev

Vəliyev Əli Qara oğlu (28 fevral 1901, Ağdü, Zəngəzur — 1983, Bakı) — nasir, 1937-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1974), M.F.Axundov adına Dövlət mükafatı laureatı (1958).

Həyatı

Əli Vəliyev 1901-ci il-fevralın 28-də indiki Ermənistan SSR Sisyan rayonunun Ağdü kəndində anadan olmuşdur. 1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirmişdir. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olmuşdur. Şuşa firqə məktəbindən sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirmiş və fəal fəhlə-kəndli müxbiri kimi "Kommunist", "Kəndli", "Gənc işçi", "Yeni fikir" qəzetlərinin səhifələrində çıxış etmişdir. 1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1925-1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom almışdır. 1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuşdur. "İnqilab və mədəniyyət", "Hücum", "Ədəbiyyat cəbhəsində" jurnallarında hekayələri çap edilmişdir. 1930-cu ildə "Allahın səyahəti" və "Nənəmin cəhrəsi" kitablarını nəşr etdirmişdir. 1931-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsini bitirmişdir. 1933-1934-cü illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışmışdır. 1935-1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləmişdir. 1937-1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışmış, "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" və "Sübut" kitabları çap edilmişdir. 1941-1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak etmiş, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında "Cəbhə hekayələri" kitabını yazmışdır. 1942-1945-ci illərdə "Kommunist" qəzetinin redaktor müavini işləmiş, "Ərköyün", "Sovqat" kitablarını çap etdirmişdir. 1945-ci ildə "1941-1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalı ilə təltif olunmuşdur. 1945-1950-ci illərdə "Kommunist" qəzetinin məsul redaktoru vəzifəsində çalışmış, "Gülşən" povesti və "Hekayələr" kitabları nəşr edilmişdir. 1950-1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləmişdir. 1954-cü ildə "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülmüşdür. 1954-1959-cu illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalışmış, həmin illərdə yazıçının "Madarın dastanı", "Ürək dostları", Azərbaycan, rus və Ukrayna dillərində "Çiçəkli" romanı, "Seçilmiş əsərləri"nin 1-ci cildi oxuculara təqdim olunmuşdur. 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Rus dilində "Ürək dostları" romanı işıq üzü görmüşdür. 1960-1970-ci illərdə "Seçilmiş əsərləri"nin 2-6-cı cildləri, görkəmli söz ustası S.Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş "Xalq yazıçısı" monoqrafiyası, "Turaclıya gedən yol", "Budağın xatirələri" (Azərbaycan və rus dillərində) romanları, "Zəngəzur qartalları", "Bir cüt tərlan" povestləri, "Uşaqlara sovqat", "Əziz nəvələrimə", "Anaqız", "Bir cüt ulduz" nağıl və hekayələri çapdan çıxmışdır. 1971-ci ildə anadan olmasının 70 illiyi və sovet ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Lenin ordeni və "Əmək veteranı" medalı ilə təltif edilmişdir. Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına və "Xalq maarifi əlaçısı" döş nişanına layiq görülmüşdür. "Samovar tüstülənir", "Gəncliyimi tapdım" (rus dilində), povest və hekayələr kitabları çapdan çıxmışdır. 1972-ci ildə "Turaclıya gedən yol", "Çiçəkli" və "Ürək dostları" əsərlərinə görə Şamxor rayonundakı M.Əzizbəyov adına kolxozun təsis etdiyi "Qızıl oraq" mükafatına layiq görülmüş, "Durna qatarı" oçerklər kitabı nəşr edilmişdir. 1974-cü ildə Azərbaycan SSR xalq yazıçısı fəxri adına layiq görülmüş, "Gənclik" nəşriyyatı 2 kitabdan ibarət "Budağın xatirələri" romanının yeni-tamamlanmış nəşrini çap etmişdir. 1975-ci ildə "Yeni həyat" hekayələr kitabı çapdan çıxmışdır. 1976-ci ildə anadan olmasının 75 illiyi münasibətilə SSRİ Ali Sovetinin Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. "Zamanın ulduzları", "İstedad" (rus dilində) povest və hekayələr kitabları işıq üzü görmüşdür. 1977-1980-ci illərdə "Qarabağda qalan izlər", "Narahat adam", "Turaclıya gedən yol" (3-cü nəşri) romanları, "Qənirsiz gözəl", "Zamanın ulduzları" (rus dilində) povest və hekayələri, "Şamama Həsənova" oçerki çap edilmiş, bir sıra povest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri mətbuatda yayımlanmışdır. 1981-ci ildə Sovet ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və anadan olmasının səksən illiyi ilə əlaqədar olaraq Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur.

Əsərləri
Allahın səyahəti (1930)
Nənəmin cəhrəsi (1930)
Qarlı dağlar (1938)
Dostlar (1939)
Ordenli çoban (1939)
Qəhrəman (1940)
Sübut (1941)
Cəbhə hekayələri (1942)
Gülşən (1953)
Çiçəkli (1955)
Turaclıya gedən yol (1961)
Anaqız (1965)
Bir cüt ulduz (1967)
Bir cüt tərlan (1968)
Seçilmiş əsərləri,(6 cilddə) Bakı, Azərnəşr - 1968 (12 000 nüsxə)
Seçilmiş əsərləri, (povest, hekayələr və romanları - 6 cilddə) Azərbaycan Dövlət Kitab Palatası 1969. – 12 000 nüsxə
Seçilmiş əsərləri, Azərbaycan Dövlət Kitab Palatası - 1970, 12 000 nüsxə
Gülşən və ürək dostları,(Povestlər) - Azərbaycan Dövlət Kitab Palatası, 1970
Ürək dostları (1970)
Samovar tüstüləri (1971)
Durna qatarı (1972)
Budağın xatirələri (1974)
Zamanın ulduzları (1976)
Narahat adam (1978)
Oçerklər (1978)
Ötən günlər (1981)
Madarın dastanı (1988)


Tarix: 14.01.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 566 Bölmə: Şairlər və Yazıçılar