beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xurşidbanu Natəvan

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: خورشیدبانو ناتوانXurşidbanu Natəvan

Doğum tarixi:6 avqust 1832-ci il
Doğum yeri:Şuşa
Vəfatı:2 oktyabr 1897-ci il (65 yaşında)
Vəfat yeri:Şuşa
Uşağı:Mehdiqulu xan
Xanbikə xanım
Mir Həsən Ağa Mir


Xurşidbanu Natəvan — Azərbaycanın görkəmli şairə-qadını. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.


Həyatı

Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda « Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.

Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşudbanu "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, оnun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdiкdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.

Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Cavan, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.

Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay bəy Usmubəylə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşudbanunu Dağıstana öz doğma кəndinə, оradan da Tiflisə aparmışdır.

Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir.

1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Omkanın adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət-xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır (məsələn, Məhəmmədəli Tərbiyyətin "Danişmədani – Azərbaycan", B., 1987; Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", B., 1997 və s.). Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.

Natəvan

Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "Məclisi-üns"ün üzvlərindən biri olub.

Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin başqa bir səbəbi, şübhəsiz, Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühiti də olmuşdur.

Xurşidbanu Natəvanın heykəli, Bakı şəhəri

Bəylər Məmmədov "Xurşidbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır" (səh. 60). Özü də müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır (inv. 481, səh. 7). Hal-hazırda bu materialın Füzuli adına Respublika Əlyazmalar institutuna verildiyi barədə gümanlar var, lakin həmin materiallar hələlik tapılıb tədqiqata cəlb edilməmişdir.

Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmış (Nizami adına Azərbaycan ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.

Natəvan poeziyası professional Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Onu da deyək ki, son vaxtlarda bəstəkar "Xan qızı Natəvan" operasını artıq yazıb bitirmişdir.

XX əsr azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirmişdir: Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s.

Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

Xurşudbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir. O, ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan bəyim isə Ziya xanın nəvəsi Uğurlu bəyin qızıdır.

Fəaliyyəti

Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur.

Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar (təsadüfi deyil ki, qohumlar arasında Xurşidbanuya "Dürrü yekta", yəni, tək inci-xanlıqın yeganə varisi deyərmişlər).

Natəvanın xeyirxahlığı və xeyriyyəçiliyi də gözə çarpır. Bəylər Məmmədov "Xurşidbanu Natəvan" əsərində göstərir ki, Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin, məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul etmiş və nəticədə qısa bir müddətdə Şuşada "Məclisi-üns" (yəni, dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərin birində Natəvanı "Məclisi-üns"ün ürəyi adlandırırdı. Şuşada Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə "Məclisi-fəramuşan" adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi.

Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni, "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürmüşdür.

"Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak etmişlər Bunlardan Hacı Hüsü, Meşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcanın (Sadıq Əsəd oğlunun) adlarını çəkə bilərik. Məşhur tarzən Qurban Pirimov yazırdı: "Xurşidbanu nəinki şeir, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi Isi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı" (Natəvan haqqında xatirələr. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Füzuli adına Respublika Əlyazmalar Instiututun fondunda saxlanılan Mir-Həsən Ağamirovun "Natəvan haqqında xatirələrdə" (inv. 1788) qeyd olunur ki, Natəvanın hər bir məclisində musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və burada Natəvanın qəzəlləri də oxunurdu.

Yaradıcılığı

Gənc şairə Şuşada "Məclisi üns" ədəbi məclisini təşkil etmişdir. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etmişdir.

O, yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri ("Gülün", "Qərənfil" və s.) tərənnüm olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şerlər yazmışdır.

("Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s.) Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr etmişlər.

Xurşidbanu Natəvan

Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun bədii tikmələri "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür.

Məmməd Rahimin «Natəvan poeması», İ.Əfəndiyevin «Natəvan» pyesi şairəyə həsr olunmuşdur.

Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.

Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.
İbrahimxəlil xanın nəvəsidir.
Qarabağın hakimi Mehdiqulu xan Cavanşirin qızıdır.
Xasay xanın həyat yoldaşıdır.

Övladları
Mehdiqulu xanın anasıdır.
Xanbikə xanımın anasıdır.
Mir Həsən Ağa Mirin anasıdır.

Törəmələri
Bəhram xan Naxçıvanskinin nənəsidir.
Əkbər xan Naxçıvanskinin nənəsidir.
Nəticələri: Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan, İsgəndər xan
Xaqan xan Naxçıvanskinin nənəsidir.
Kamran xan Naxçıvanskinin nənəsidir.
Ənvər xanım Naxçıvanskayanın nənəsidir.
Sənubər xanım Naxçıvanskayanın nənəsidir.
Leyla xanım Usmiyeva nəticəsidir.[1]

Əsərləri
Seçilmiş əsərləri. Təbriz: -1991.-112 s.
Əsərləri.-Bakı: Lider nəşriyyatı, 2004.-87 s.
Əsərləri.-Bakı: Yazıçı, 1984.-100 s.
33 qəzəl.-Bakı:: Gənclik, 1981.-36 s.
Şerlər.-Bakı:: Azərnəşr, 1965.-80 s.

Haqqında olan ədəbiyyat
Cəfərzadə Ə. Natəvan haqqında hekayələr. Bakı: Azərnəşr, 1963, 60 səh.
Xurşud Banu Natəvan. Azərbaycan yazıçılarının həyatından dəqiqələr. Bakı: 1979, səh. 44-48.
Məmmədov B. Xurşudbanu Natəvan. Bakı: Yazıçı, 1983, 158 səh.
Natəvanın şair qohumları. Bakı: Azərnəşr, 1989, 84 səh.
Əliyeva H. Natəvanın tikmələri. "Qobustan". 1970, N1, səh. 42-46.
Əfəndiyev İ. Xurşudbanu Natəvan. "Azərbaycan", 1985, N11, səh. 22-65.
Məmmədov B. Xurşudbanuya. "Ulduz", 1995, N1, səh. 36.


Tarix: 12.01.2013 / 16:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1265 Bölmə: Şairlər və Yazıçılar