beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaqani Qayıblı

Qayıblı Xaqani İsmayıl oğlu - şair, tərcüməçi, publisist, Fin-Ugor dilləri üzrə ilk azərbaycanlı alim.

Həyatı

Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib.

1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib.

Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir.

2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib.

1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir.

1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir.

1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.

2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür.

"Eston və türk dillərində feil quruluşlarının müqayisəsi" (elmi rəhbəri akademik Ago Künnap) adlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimdir.

Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib. Müxtəlif illərdə 30-dan çox ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin, 4 kitab və 1 monoqrafiyanın müəllifidir. Bir çox beynəlxalq simpozium və konfransların məruzəçisi və iştirakçısıdır.



Üzv olduğu ictimai-siyasi təşkilatlar
Azərbaycan Yazıçılar Birliyi - üzv;
Estoniya-Azərbaycan cəmiyyəti - sədr;
Estoniya-Türkiyə Mədəni Əlaqələr cəmiyyəti - İdarə Heyətinin üzvü;
Estoniya Akademik Şərqşünaslar cəmiyyəti - üzv;
Estoniya Jurnalistlər Akademiyası - üzv;
Estoniya Ana Vətən və Respublikaçılar Birliyi partiyası - üzv;
Dünya Azrbaycanlıları Konqresi - İdarə Heyətinin üzvü, sədr müavini;
Tartu Universiteti Türk Dili Mərkəzi "Ərgənəkon" yayınları redaksiya heyəti - sədr;
"Ulduz" jurnalı - redaksiya heyətinin üzvü.

Kitabları
"Sənsiz ömrün bir ili" - 1999;
"Türkcə-estonca, estonca-türkcə turist sözlüyü" - 2000;
"Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası" - 2004;
"Qırx yaşım qırx sözüm" - 2004;

Redaktoru olduğu kitablar
"Türk Dünyası Yer Adları" - 1997;
"Estonca-azərbaycanca sözlük" - 2005;
"Nağıllar körpüsü" (Baltik xalqları nağılları) - 2005;

Tərcümə etdiyi əsərlər
"Danabaş kəndinin əhvalatları" (Cəlil Məmmədquluzadə);
"Kim dedi ki, Simurğ quşu var imiş!" (Kamal Abdulla);
"Mən burdayam İlahi" (Vaqif Səmədoğlu);
"Dualar qalıcıdır" (Tuna Kiremitçi);
"Halarvadı" (Bəhlul Abdullayev)


Tarix: 16.01.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 489 Bölmə: Şairlər və Yazıçılar