Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Jan Kokto. "İnsan Səsi"

Jan Kokto.-İnsan səsi
Səhnə məkanı kimi qadına məxsus yataq otağının bir küncü seçilib.
Göy rəngin tonları ilə boyandığından səhnə yarıqaranlıq təsiri bağışlayır.
Bu məkan tamaşaçılara, qırmızı parça ilə üzlənmiş çərçivə əhatəsində təqdim olunur.
Sol tərəfdə yığışdırılmamış çarpayı, sağ cinahda isə ağappaq və güclü işıqlandırılmış vanna otağının yarıaçıq qapısı gözə dəyir.
Səhnənin mərkəzində və dərinliyində divardan məşhur bir tablo və ya hərhansı ailə portreti asılıb - bu tablonun insana vahimə aşılaması əsas şərtdir.
Suflyor köşkünün böyründə alçaq kreslo və kiçik masa qoyulub.
Masanın üstündə kitablar, telefon və ətrafa gözqamaşdırıcı işıq salan gecə lampası var.
Bu otaqda sanki qətl törədilib. Çarpayının yanında, döşəmədə, əynində uzun gecə paltarı olan qadın uzanıb.
Adama elə gəlir ki, o, ölüb. Pauza. Qadın hərəkətə gələrək, bir başqa poza alır və yenidən maneken kimi donur.
Bir azdan o, yerdən qalxmaq fikrinə düşür, qalxıb çarpayının üstündən kürkünü alır.
Telefonun yanından keçərkən bir anlığına duruxsa da, qapıya sarı yönəlir.
Qapının dəstəyinə toxunduğu an telefondan zəng gəlir. Kürkünü yerə ataraq, telefona tərəf cumur.
Ayağına ilişən kürkü təpiyiylə bir kənara atıb, cəld dəstəyi qaldırır.
Bu andan etibarən telefonu özüylə ora-bura daşıyan qadın, öz telefon danışığını oturaraq, ayaq üstə,
üzünü yana və ya zala tutaraq, bəzən də arxasını dönərək, kreslonun hündür söykənəcəyinin ardında dizi üstə çökərək,
başını kreslonun arxalığına nazla söykəyərək (sanki başı bədənindən ayrılıb) və ən nəhayət,
otaqda var-gəl edərək davam etdirir və bu durum, ta qadın gəlib çarpayıya üzüquylu sərələnənə qədər sürür.
Qadının başı çarpayının kənarından sallana qalır, telefonun dəstəyi isə ağır dəyənək misalı onun əlindən düşür.
Qadının aldığı hər poza onun monoloq-dialoqunun bu və ya digər diliminə (yalanlar bölümü, xətdə nasazlıq və s.) uyğun gəlməlidir.
Onun əsəbiliyi hərəkətlərinin tezliyindən deyil, sadəcə qadının rahatsızlığını maksimum ifadə edən poza dəyişimlərindən bəlli olmalıdır.
Səhnədəki hər şey - gecə köynəyi, gecə xələti, tavan, qapı, kreslolar, mebel üzlükləri, masa lampasının abajuru parlaq ağ rəngdədir.
Suflyor köşkündən gerçəkləşəcək işıqlanmanı elə ayarlamaq lazımdır ki, oturmuş qadından düşən nəhəng kölgə səhnənin arxa divarında, fonda əks olunsun.
Bu işıqlanma, masa lampasının abajurundan yaxın çevrəyə yayılan işığı bir heçə endirməlidir.
Təhqir olunmuş qadından normal şərtlərdə gözlənilən acıdillilikdən, kinayədən və tikanlı sözlərdən imkan daxilində qaçmaq xahiş olunur,
çünki əsərdəki qadın - özünü dəli bir sevgiyə qurban verib və tamaşa boyu tək bircə yol hiyləyə əl atır - bunu da ondan ötrü edir ki,
sevgilisini etirafa məcbur etsin və öz yaxasını bu ağrılı və çirkin şübhələrdən qurtarsın.
Müəllif, aktrisanın al-qana boyanan və hər çırpınışında sürəkli qan itirən yaralı məxluq kimi davranmasını nəzərdə tutub ki,
bu yolla tamaşanın sonuna doğru artıq bütün səhnənin qan içində üzmə effekti doğsun.
Mətndə rastlanacaq bütün təkrarların, yanlışların, ədəbi ricətlərin,
zövqsüzlüyün və ədəbsiz deyimlərin müəllif tərəfindən dönə-dönə gözdən keçirildiyi bunların mətnboyu ən uyğun şəkildə paylaşdırıldığı nəzərə alınmaqla,
aktrisanın mətnə sadiq qalması xahiş olunur.
Allo, allo, allo… “Yox” dedim də, xanım, səhv düşmüsünüz, dəstəyi qoyun…
Yox, bu özəl mənzildir. Yenə də… Allo!.. Yox, xanım, dəstəyi siz qoymalısınız…
Allo, xanım qız, allo… xətti açın… “Yox” dedim də, bu doktor Şmidt deyil… Bu, sıfır yeddi yox, sıfır səkkizdir.
Allo… Əcəb işə düşmüşük də… Mənə zəng edirlər, mən də cavab verirəm…
Dəstəyi qoysa da, əlini ondan çəkmir.
Zəng çalınır.
Allo!.. Amma, xanım, elə isə bəs siz məndən nə istəyirsiniz? Sizə necə yardım edə bilərəm axı?..
Niyə mənimlə bu tonda danışırsınız?.. Mənim bunda nə günahım var?.. Heç də yox… Yox, elə deyil…
Allo!.. Allo, xanım qız… Yox, danışıq alınmadı. Daim araya başqası girir. Xətt normal işləmir.
Bu xanıma da deyin ki, xətti boşaltsın.
Dəstəyi qoyur. Zəng çalınır.
Allo! Sənsən?.. Bu sənsən?.. Hə… Çox pis eşidirəm…
Məndən elə uzaqdasan ki… Allo!.. Dəhşətdir… Görürsən də, xətdə nə qədər səs var…
Təzədən yığ. Allo! Tə-zə-dən yı-ğğğ… Deyirəm ki: təzədən yığ… Xanım, bəsdirin də.
Bayaq da sizə dedim ki, mən doktor Şmidt deyiləm… Allo!
Dəstəyi qoyur. Zəng çalınır.
Hə! Axır ki… Sənsən… Hə… İndi çox yaxşı… Allo! Hə…
Səsini bir sürü səsin içindən ayırd etmək əsil işgəncə idi mənə… Hə… Hə… Yox… həqiqətən də uğurlu oldu…
İndicə gəlmişəm, bir on dəqiqə olar… Bundan əvvəl zəng eləməmişdin ki?.. Hə-ə! Yox, yox…
Marta qonaq çağırmışdı… onlarda yedim… İndi yəqin ki, on ikiyə on beş dəqiqə işləyər… Evdən zəng edirsən?..
Elə isə elektrikli saata bax da… Mən elə belə də bilirdim… Hə, əzizim, hə… Dünən axşammı?
Dünən axşam gələn kimi tez yuxulamaq üçün həb atdım… Yox… Bircə həb… Saat doqquzda…
Bir az başım ağrıyırdı, amma özümü birtəhər ələ aldım. Marta mənə baş çəkdi. Birlikdə səhər yeməyi yedik.
Sonra bazarlığa çıxdım. Evə dönüb, bütün məktubları sarı çantaya yığdım. Mən… Necə?..
Dözürəm də… And içərəm ki… Axı, mən çox, çox dözümlüyəm… Hə, sonra neylədim?
Sonra geyinib-kecindim, Marta gəlib maşınla məni evdən götürdü və… Elə indi də onlardan gəlirəm.
Qiyamət qızdır… Məndən ötrü heç bilmir ki, nə eləsin, lap əldən-ayaqdan gedir…
Bəlkə bu kənardan elə görünür, əslində isə o, belə deyil. Sən həmişəki kimi haqlı çıxdın…
Çəhrayı paltarımı və xəzi… Qara şlyapa ilə… Hələ də əynimdədir… Yox, canım, siqaret çəkmirəm.
Vur-tut üçcə siqaret çəkdim… Yox, doğru sözümdür… Hə, hə… Necə də qayğıkeşsən…
Sən də indicə gəlmisən?.. Bütün vaxtı evdəydin… Nə məhkəməsi?..
Hə, onu deyirsən… Özünü çox da yorma belə… Allo! Allo! Yox, hələ ki danışırıq! Allo!.. Allo! Əzizim… Allo!
Əgər danışıq kəsilsə, nömrəmi təzədən yığ… əlbəttə ki… Allo! Yox… Qulağım səndədir… Çantadadır…
Bizim məktubların hamısı, istədiyin vaxt bir adam göndərib, ala bilərsən… Əlbəttə, ağırdır… Başa düşürəm…
Əzizim, üzrxahlığın yersizdir, bu, son dərəcə təbii sayılmalıdır… Sadəcə mən bir az anlamazam…
Sən isə o qədər xeyirxahsan ki… Sən çox, çox xeyirxahsan… Heç vaxt inanmazdım ki, buna dözümüm çatar…
Bunda heyrətlənəcək bir şey yoxdur. İndi lap yuxudagəzənlərə dönmüşəm.
Eynilə robot kimi geyinib evdən çıxır, yenə robot kimi geri dönürəm…
Bəlkə də heç sabah bu qədər dözümlü ola bilməyəcəyəm… Sənmi?..
Yox, canım… yox, əzizim, mən sənə heç nəyi nöqsan tuta bilmərəm… mən… mən… Qoy görək də…
Nə?.. Bu, çox doğal olardı… Əksinə… Axı, biz…
Axı, biz heç vaxt biri-birimizə yalan söyləməmək haqda şərləşmişdik və əgər sən sonuncu ana qədər mənə bunu açıb söyləməsəydin,
bu, sənin cinayət işləməyinə bərabər olardı. Bunu özümə qarşı amansız zərbə sayardım,
çünki mənim yetərincə vaxtım var idi anlayım ki… Hansı komediyanı?.. Allo!.. Kim?..
Mənəm komediya çıxaran, eləmi?.. Sən ki, mənə bələdsən və yaxşı bilirsən ki, mən… Heç də yox… Yox ki, yox…
Son dərəcə sakitəm… Bu, sənin gözündən yayınmazdı… Dedim ki: bu, sənin gözündən yayınmazdı.
Bəyəm mənim səsim nəyi isə gizlədən birisinin səsinə bənzəyir ki… Yox.
Mən dözümlü olmağa qərarlıyam və belə də qalacağam… Dayan görüm…
Bunlar heç də eyni şeylər deyil… ola bilər, amma bədbəxtliyi duyub, ona hər nə qədər hazırlaşsan belə, o,
adamın başının üstünü elə qəfil alır ki, əl-ayağın yerdən üzülür…
Bir elə də şişirtmə… Hər halda bu duruma uyğunlaşmaq üçün yetərli zamanım vardı.
Sən isə məni sakitləşdirməyə, uyutmağa çalışırdın.
Sevgimiz xeyli maneəni aşmalı oldu. Bir an içində qərar verməliydik: beş il sürən səadətdən vaz keçək, yoxsa riskə gedək.
Şəxsən mən heç vaxt inanmazdım ki, hər şey yenidən yoluna düşər.
Bu sınırsız səadət yolunda mən nələrdən keçmədim…
Allo!.. hə, sınırsız… Peşiman da deyiləm…
Mən heç… mən heç nəyə heyifsilənmirəm - heç nəyə - heç nəyə…
Sən… onda sən yanılırsan… sən… sən… sən yanılırsan…
Mən… Allo!.. Mən haqq etdiyimi aldım. Mən dəlicəsinə sevir və qarşılığında da sınırsız bir səadət umurdum…
Əzizim… Qulaq as… Allo!.. Əzizim… qoy bir… Allo!.. Qoy bir mən sözümü bitirim də. Sən özünü heç suçlama.
Hər şeyin günahkarı tək mənəm. Hə, hə… Versaldakı o bazar gününü və o teleqramı xatırla… Hə!.. Gördün!..
Axı, mən onda gəlmək istəyirdim, bir də ki, səni ağız açmağa da qoymadım.
Onda sənə dedim ki, mən hər şeyə biganəyəm… Yox… Yox… Yox… Bunda yanılırsan…
Mən… Əvvəlcə mən zəng etdim… Yox, o gün çərşənbə axşamıydı… çərşənbə axşamı…
Hə, bundan əminəm. Ayın iyirmi yeddisi, çərşənbə axşamı. Sənin teleqramını isə iyirmi altısında,
yəni bazar ertəsi axşamı aldım. O tarixləri mənim əzbər bildiyim sənə də yaxşı bəllidir… Anan? Nə üçün?..
Narahatçılığa elə bir səbəb yoxdur… Hələlik özüm də bilmirəm… Hə… ola bilər…
O! Əlbəttə ki, bir az sonra. Bəs sən?.. Sabah?.. Bunun belə erkən baş tutacağını heç zənn etmirdim…
İndicə, bir dəqiqə dur… Amma bunda çətin heç nə yoxdur… günü sabah çanta xidmətçidə olacaq.
Jozef gəlib onu alar… Mən? Əslində mən bəlkə də heç yana getməyəcəyəm, uzaqbaşı bir neçə günlüyünə şəhər kənarına,
Martagilə yollana bilərəm…
O, buralardadır. Dəngəsi pozulub, bir yerdə qərar tuta bilmir.
Dünən bütün günü otaqla dəhliz arasında var-gəl edib. Məni şübhəli baxışlarla, həm də lal-dinməzcə dinlədi.
Daha səni axtarmadığı yer qalmadı. Hətta arada mənə elə gəldi ki… səni tapmaqda ona… yardım etmədiyim üçün mənə acığı tutur…
Mənə qalsa, onu öz yanına aparman daha məsləhətdir… əgər bu heyvan da bədbəxt olmalıydısa… O! Mən!…
Axı, bu qadının saxlayacağı it cinsi deyil.
Mən ona sən deyən yaxşı baxa bilmərəm. Onu gəzməyə də çıxara bilmərəm.
Məncə, onun səninlə qalmağı daha məsləhətdir… Yox, yəqin ki, tezliklə məni yadırğayacaq… Baxarıq…
Amma bu, çox da qəliz bir şey deyil.
Deyərsən ki, guya bu dostunun itidir. İt Jozefə yamanca isnişib.
Elə o da gəlib onu aparar… Mən itin boğazına nömrəsiz qırmızı xalta taxacam…
Yaxşı, gözləyək görək… Hə… Hə… Hə, yaxşı, əzizim… Anladım… Oldu, əzizim… Hansı əlcəkləri?…
Sənin maşın sürəndə geydiyin içi xəzli əlcəkləri?… Xəbərim yoxdur. Heç gözümə dəyməyib. Ola bilər.
İndicə baxaram… Gözlə bir… Diqqət elə, danışığımızı kəsməsinlər…
Masanın üstündə, masa lampasının arxasındaki dəri əlcəkləri götürüb,
ehtirasla opür. Əlcəkləri yanağına sıxaraq,
dəstəyə deyir.
Allo!.. Yox… Komoda, kreslonun üstünə, dəhlizə, hər yerə baxdım.
Heç yerdə yoxdur… Qulaq as… Yaxşı. Yenə də axtararam, amma arxayınam ki…
Əgər sabahacan tapsam, onları da xidmətçi qadına verəcəyim çantaya qoyaram… Necə, əzizim?.. Məktubları…
Hə… Yandır getsin… Səndən bir şey də xahiş etmək istəyirdim… Əlbəttə, bu yersiz səslənəcək… Bilirsən…
deməli… Sənə deyəcəkdim ki, məktubları yandırsan, külü sənə bağışladığım siqaret yığmaq üçün qutuya yığarsan…
həmin qutunu sən… Allo!.. Yox… Bilirəm ki, bu düşük səslənir…
Bağışla məni. Vaxtilə mən hədsiz dözümlü idim…
Hönkürür.

Hə, artıq keçib getdi. Burnumu silirdim. Sadəcə olaraq həmin külü xatirə kimi saxlamaq istəyirdim, vəssalam.
Necə də geniş qəlbin var… Nə?..

Bundan sonra gələn və dırnaq arasında verilən cümlələri aktrisa nisbətən yaxşı bildiyi xarici dildə səsləndirir.

“Bacının kağız-kuğuzlarını mətbəxdəki sobada yandırdım.
Əvvəlcə haqqında mənə söz açdığın o rəsmi onların arasından götürmək fikrinə düşdüm,
amma mənə ” hər nə var - yandır” dediyin üçün, sözündən çıxmadım… Hə, yaxşı… Oldu… Hə!

Yenidən əvvəlki dildə davam edir.

Doğru sözündür ki, artıq xalatdasan?.. Yatmağa hazırlaşırsan?..
Çox gec saatlara qədər işləmə, əgər sabah tezdən qalxacaqsansa, erkən də yat. Allo!.. Allo!..
Bəs belə necədir?.. Amma mən olanca səsimlə danışıram… İndi necə eşidirsən?..
Soruşuram ki: İndi necə? Eşidirsən?.. Qəribədir, mən səni çox aydın eşidirəm, elə bil lap yanımdasan…
Allo!.. Allo! Allo! Bəli də! İndi artıq heç mən də səni eşitmirəm… İndi azca yaxşılaşdı,
amma səsin yenə quyu dibindən gəlir… Sən necə, məni eşidirsən?.. Yaxşı, hər şeyin sırası var…
Yox, yox, dəstəyi qoyma!.. Allo!..
Xanım qız, mən hələ ki, danışıram… Mən səni eşidirəm. Mən səni çox aydın eşidirəm.
Hə, bu, çox xoşagəlməz bir şeydir. Sən eşidirsən, amma dəridən-qabıqdan çıxsan da, səni eşitmirlər ki, eşitmirlər,
elə bil kabussan… Hə, yaxşıdır, çox-çox yaxşıdır. Qəribədir ki, bizə belə uzun-uzadı danışıq imkanı tanıyıblar.
Adətən üç dəqiqə sonra danışığı kəsir, sonra isə tamam başqa nömrə ilə calayırlar… Hə, hə…
İndi mən əvvəlkindən də yaxşı eşidirəm, sadəcə sənin aparatında nə isə küy var.
Heç elə bil sənin telefonun deyil… Xəbərin var ki, mən səni həm də görürəm?
Kişinin suallarına cavab verir.
Hansı şərfini taxmısan?.. Qırmızı… düyün soldadır… köynəyinin qollarını çırmalamısan…
Sol əlində nə var? Telefon dəstəyi. Sağ əlində? Qələm. Bloknotda ürəklər, ulduzlar, başlar çəkirsən.
İndi gülümsünürsən. İstəyəndə mən hətta öz qulaqlarımı da görə bilirəm. (Cəld hərəkətlə üzünü örtür).
Yox, əzizim, mənə elə baxma da… Qorxuram?… Yox, qorxub eləmirəm…
Bu daha betərdir… Sadəcə mən yalqız yatmağı yadırğamışam… Hə… Hə… Hə… Hə, hə… Sənə söz verirəm…
Mən, mən… Söz verirəm… Bunu sənə vəd edirəm… Sən çox xeyirxahsan… Bilmirəm. Özümü güzgüdə süzməkdən də qaçınıram.
Vanna otağında işığı yandırmaqdan çəkinirəm. Dünən aynada yaşlı bir qadınla burun-buruna gəldim…
Yox, yox! Həqiqətdir, üzü narın qırışlarla örtülmüş ağ saçlı bir qarıydı… Sən çox nəcib insansan!
Amma, əzizim, hardan idi məndə elə gözəl üz? Adətən sənət adamları belə süni danışırlar, o da nə işə yarar ki…
Yadında, mənə “bu iyrənc sifətə baxın” deməyin əslində bundan çox ləzzət edirdi mənə… Haqlısınız, əlahəzrət!…
Zarafat edirdim… Əcəb də söz anlamazsan ha…
Yöndəmsiz olsan da, əsas odur ki, məni sevirsən. Əgər sən ayıq olub, üstəlik, məni sevməsəydin, yəqin ki,
telefon qorxu saçan silaha çevrilərdi. İz buraxmayan, səssiz işləyən silaha… Mənmi? Hikkəliyəm?
Allo!… Allo! Allo!… Allo, əzizim… Haraya yox oldun belə?..
Allo, allo, allo, xanım qız. (Nömrəni yığır.) Allo, xanım qız, danışığımız kəsildi.
Dəstəyi qoyur.
Təkrar dəstəyi qaldırır.
Allo! (Nömrəni yığır.) Allo! Allo! (Nömrəni yığır). Allo, xanım qız!
Nömrəni yığır. Zəng çalınır.
Allo, sənsən?… Yox, xanım qız. Söhbətimiz yarıda kəsildi…
Hardan bilim?! Yəni ki… Gözləyin… Otöy, sıfır-dörd-yeddi.
Allo!… Məşğuldur… Allo, xanım qız, yəqin o mənim nömrəmi yığır… Yaxşı.
Dəstəyi qoyur. Zəng.
Allo! Allo!.. Yaxşı.
Dəstəyi qoyur. Zəng gəlir.
Allo! Allo! Sıfır-dörd-yeddi? Yox, altı demədim, yeddi. Off!
Yenidən nömrəni yığır.
Allo!.. Allo, xanım qız. Nömrə yanlışdır. Məni sıfır-dörd-altıya bağlayırlar.
Mən isə sıfır-dörd-yeddini sifariş vermişəm. Otöy. (Gözləyir.) Allo! Otöy, sıfır-dörd-yeddidir?
A! Hə. Danışan Jozefdir?.. Bu, mənəm… Cənabla söhbətimizi bayaq yarıda kəsdilər. Evdə yoxdur?..
Hə… Hə… Bu gün evə qayıtmayacaq ki?.. İlahi, mən əcəb huşsuzam!
Cənab mənə restorandan telefon etmişdi, söhbətimiz yarıda kəsildi, mən isə indi onu evində axtarıram…
Bağışlayın məni, Jozef… Sağ olun… Sağ olun… Yaxşı… Gecəniz xeyrə qalsın, Jozef…
Dəstəyi qoyur. Qanı qaralıb. Zəng gəlir.
Allo! A-a! Əzizim, sənsən?.. Sözümüz ağzımızda qaldı…
Yox, yox. Mən gözləyirdim. Kimsə mənə zəng eləmişdi, dəstəyi qaldırdım, o biri başda susurdular
Əlbəttə… Sözsüz… Hə yatmaq istəyirdin…
Sağ olki, zəng etdin… Çox xeyirxahsan…
Ağlayır
Yox, qulağım səndədir… Necə?.. Bağışla məni… Anlayıram ki, bu axmaqlıqdır…
Eybi yox… Mənim işlərim qaydasındadır…
And içərəm ki, bütün işlərim öz yolunda gedir… Yox, bu sənə elə gəlir…
Heç nə baş verməyib. Yanılırsan… Eynilə əvvəlki səs tonuyla…
Bilirsən, fərq ondadır ki, danışdığın zaman adamın ağlına da gəlmir ki,
dəstəyi qoyan kimi susacaq və yenidən boşluğun, zülmətin ağuşuna düşəcəksən…
Deməli… (Ağlayır.)
Əzizim, bir məni dinlə. Sənə heç vaxt yalan satmamışam…
Hə, bilirəm, bilirəm, sənə inanıram, bu barədə sənə güvənirəm… Yox, məhz bu barədə…
Amma bir azca qabaq sənə bir yalan dedim… bir az qabaq… indicə…
telefonla, bu son on beş dəqiqə ərzində sənə bəzi yalanlar sırıdım.
Yaxşı bilirəm ki, heç bir ümid yerim və umacağım qalmayıb, dar gündə heç yalan da adamın karına gəlmir,
bir də ki bu sənin hətta xeyrinə olsa belə, sənə yalan satmağı sevmirəm, bunu bacarmıram və istəmirəm bunu…
Of! Elə bir şey deyil, əzizim, qorxma… Geyimimi sənə təsvir etməklə və Martagildə
yemək yediyimi deməklə bir az qabaq sənə yalanlar sırıdım.
Hələlik dilimə heç nə vurmamışam, əynimdə çəhrayı paltar yoxdur.
Gecə köynəyinin üstündən çiynimə qısa kürkümü atmışam.
Çünki sənin zənginin intizarında gözümü telefona zillədiyim, gah qalxıb, gah oturduğum,
gah da otaqda var-gəl etdiyim bu müddət ərzində yavaş-yavaş ağlımı itirdiyimin fərqinə vardım!
Ona görə də kürkümü çiynimə atdım ki, küçəyə çıxıb taksi tutum,yaşadığın mənzilin pəncərələri altında dayanıb səni gözləyim…
Bilmirəm! Nəyi gözlədiyimi
də bilmədən, sadəcə gözləyim… Haqlısan… Hə… Hə, qulaq asıram… Özümü ağıllı aparacağam…
Qulaq asıram… And içirəm ki, suallarına gerçək cavablar verəcəyəm…
Qulağım səndədir… Yox, hələ ki, heç nə yeməmişəm… Meylim çəkmirdi…
Əhvalım qarışmışdı… Dünən axşam yuxulamaq üçün yuxu həbi içmək istədim: özlüyümdə düşündüm ki,
əgər bir neçə həb içsəm, daha rahat yataram, yox, əgər bütün həbləri içəsi olsam, onda həmişəlik yataram. (Ağlayır.) …
Düz on iki həb içdim…İlıq su ilə…
Lap ölü kimi yatmışdım. Yuxuda gördüm ki, məni atıb getmisən.
O dəqiqə yuxudan ayıldım, yerimdən sıçrayınca bunun sadəcə yuxu olduğuna xeyli sevindim.
Az sonra bunun gerçək olduğunu, yalqız qaldığımı, başımın sənin çiynində uyumadığını,
aramızdaki məsafənin uzaqlığını anlayınca, bundan belə yaşamağın mənasızlığına qərar verdim…
Vücudum lələk kimi yüngül və soyuq idi, ürəyim dayanmaq üzrə idi, amma ölmək bilmirdim,
sonunda içimi elə qorxunc həsrət sardı ki, aradan bircə saat keçməmiş Martaya zəng etdim.
Yalqızlıqda ölməyə cəsarətim yetmədi…Əzizim… Əzizim… Səhər saat dörd idi.
Marta bizə binalarında yaşayan həkimlə birlikdə gəlmişdi. Hərarətim qırxa yaxın idi.
Görünür, özünü zəhərləmək asan iş deyil, çünki çox adam öz dozasını bilmir. Həkim dərman yazıb getdi,
Marta bütün günü yanımdan ayrılmadı. Bir az var gedib, bunda da mən israr etdim,
mənə son kərə zəng edəcəyin barədə vədin xatirimdəydi və qorxurdum ki,
Marta yanımda olsa, səninlə rahat danışa bilmərəm… İndi yaxşıyam, çox, həm də çox yaxşıyam… Yox, ağrımıram…
Hə, haqlısan… Bir az qızdırmam var… Otuz səkkiz və üç… O da əsəbilikdəndir… Rahatlığını pozma…
Tamam unutmuşam! Bax ha, üstəlik də söz vermişdim ki, səni həyəcanlandırmayacağam,
səndən sabah görüşəcəkmişik kimi arxayın ayrılmışdım, səni arxayın yola salmışdım…
Yox, bu, ağılsızlıq olardı… Hə, hə, sözsüz ki, bu ağılsızlıq olardı!..
Dəstəyi asıb, təkrar tənhalığa qapılmaq daha müşküldür… (Ağlayır.) Allo… Elə bildim yenə danışıq kəsildi…
Sən elə səmimi, mehriban adamsan ki…
Mən isə sənin kimi zavallı tifilin könlünü qırdım…
Daxilən elə əzablar çəkirdim ki, istəyirdim özümü yerdən yerə vurum,
amma sənin səsini duyan kimi könlümə rahatlıq və sərinlik yayıldı.
Səninlə yanaşı uzanıb, başımı həmişəki yerinə, yəni sənin çiyninə qoyub, şirin söhbətinə qulaq verəndə də səsin,
bax, eynilə indii telefondan eşitdiyim kimi gəlirdi…
Alçaqlıqdır?.. Əksinə, mən özümü yaramaz aparıram. Axı, sənə söz vermişdim ki…
Mən… Nə danışırsan! Axı, sən… Sən… Sən həmişə məni xoşbəxt etməyə çalışırdın…
Əzizim, əmin ola bilərsən ki, bunlar yalandır.
Mən aramızda bütun bu olub-keçənlərin gec-tez baş verəcəyinə heç vaxt şübhə etmirdim.
Dünyada minlərlə qadın zənn edir ki, öz sevgilisiilə ömürboyu birlikdə olacaq
və elə buna görə də onlardan ötrü ayrılıq tamamən gözlənilməz bir şey sayılır.
Mən isə bunu gözləyirdim… həm də çoxdan gözləyirdim… Sadəcə sənə heç nə demirdim…
Onun fotosunu dərziyə gedəndə jurnalda görmüşdüm…
Masanın üstündəki jurnal nədənsə məhz həmin səhifədəcə açılmışdı…
Amma bu, çox təbiidir, daha dəqiq desəm, qadınsayağıdır…
Çünki səninlə keçirəcəyim son həftələri bir heçə döndərmək istəmirdim… Yox. Bu, çox təbiidir…
Gəl, məni olduğumdan daha yaxşı və üstün görməyə çalışma, canım… Allo! Qulağıma nəsə bir melodiya gəlir…
Deyirəm ki, melodiya eşidirəm… Divara döyüb onlara təpin ki, gecənin bu vaxtı sakitliyi pozmasınlar.
Gecədən keçmiş musiqi dinləmək onların köhnə adətidir, həm də arxayındırlar ki, sən evində gecələmirsən…
Yox, istəməz… Martanın gətirdiyi həkim sabah mənə baş çəkəcək…
Yox, əzizim, çox yaxşı həkimdir və bir başqasını gətirməklə onun xətrinə toxunmağa dəyməz…
Narahat olma… Həqiqətən… Doğru sözümdür… Marta sənə bildirər… Başa düşürəm… Anladım…
Yox, bu səfər mən dözümlü, çox dözümlü olacağam… Necə?..
Oh, indi son dərəcə yaxşıyam və əgər işdir-şayət sən zəng etməsəydin, çoxdan o dünyalıq olmuşdum…
Yox… Gözlə görüm… Gözlə… Bir çarə tapmağa çalışarıq…
Otaqda var-gəl edir, arada ahlayıb-uflayır.
amma unutma ki, mən əzablar içində çapalayıram. Bu telefon xətti - bizi birləşdirən sonuncu bağdır…
Srağagün axşam? Hə, yatmışdım. Telefonu yatağa, yanıma götürmüşdüm… Yox, yox… Yatağa…
Hə, bunun gülünc olduğunu anlasam da, telefonu özümlə məhz yatağa götürmüşdüm,
çünki bunun bizi birləşdirən son bağ olduğunu bilirdim…
Kabel… Həm də axı, sən söz vermişdin ki, yenə zəng edəcəksən.
İnanmazsan ki, o az vaxtda nə qədər rəngarəng yuxu gördüm.
Bir gördüm ki, guya sənin telefon zənginin səsindən qulaqlarım ba
tıb, sən məni vurunca yerə sərilirəm. Sonra gördüm ki, məni boğurlar və ağlım başıma gəlincə özümü sənin
Otöydəki mənzilində, amma dənizin dibində buluram, əynimdəki skafandrın kabelinin bir ucu sənə bağlıdır və sənə yalvarıram ki,
nəbadə onu üzüb atasan. Dilinə alıb danışanda bütün bunlar bəlkə axmaq səslənir,
amma yuxuların hədsiz reallığı məni dəhşətə gətirmişdi… Artıq o hiss keçib gedib, çünki səninlə danışa bilirəm.
Bu son beş ilimi ancaq sənə bağlı yaşamışam, ancaq səninlə nəfəs almışam, ancaq sənin yolunu gözləmişəm.
Görüşə gecikdiyin zaman öldüyünü zənn eləmişəm, bu fikirdən özüm də ölməyə başlamışam,
amma sən otağıma qədəm basınca, yanımda peyda olunca mən də dirilmişəm və yenidən məni tərk edəcəyini düşününcə qorxular canımı alıb.
İndi rahat nəfəs ala bilirəm, çünki səninlə danışıram. Əslində yuxum sən deyən də mənasız deyilmiş.
Məsələn, əgər sən indi dəstəyi assan və ya bizi qovuşduran bu son bağı kəssən…
Hə, əzizim, birinci gecə mən ona görə yuxuladım ki, bu mənə ilk dəfə uyğulanmışdı.
Həkim dedi ki, sinir şoku keçirmişəm, həm də ki, birinci gecə bütün xəstələr yatır.
Bu cür sarsıntı adətən gözlənilməz olduğundan ağrısı da dözülməz təsir bağışlayır, adamı necə çaşdırırsa,
zərbədən yayınır və dözürsən. İkinci gecə isə, yəni dünənki gecə - artıq tam çəkilməz oldu, bugün isə üçüncü gecəmdir.
Sən dəstəyi asandan sonra, yəni bir azdan başlanacaq və sabahkı günü,
birisigünü və daha neçə-neçə belə mənasız günləri əhatə edəcək. İlahi, özün mənə bir çarə qılsana!
Yox, qızdırmam tamam keçib gedib və hər şeyi tam ayıq başla dəyərləndirməyə qadirəm…
Bu, çarəsizlikdən doğmuşdu, odur ki, var gücümü toplayıb, sənə yalan sırımalı oldum… Lap elə yuxulasam belə,
bunlar yuxuda da məni rahat buraxmayacaq. Sonra da gərək qalxıb geyinim, yemək yeyim, yuyunum, adam içinə çıxım.
Yaxşı, bəs hara gedim, hə?.. Amma, əzizim, mənim səni sevməkdən başqa bir işim-gücüm yox idi axı… Ola bilsin ki,
mən həmişə məşğul görünürdüm, haqlısan, amma bütün fikrim-zikrim ancaq səninlə məşğul idi, sənin yanında idi…
Marta?.. Amma onun da öz yaşamı var… Əzizim, bu, balıqdan susuz necə yaşayacağını soruşmağa bənzədi ha…
Axı, sənə dedim ki, mənə başqa heç kim lazım deyil… Əylənməkmi?.. Sənə bir etiraf etmək istərdim,

düzdür, şairanəlikdən uzaq olsa da, bu, əsil həqiqətdir.
Məni qoyub getdiyin o mənhus gecədən sonra fikrimdən təkcə bir yol çıxmısan, o da ki, həkim dişimin sinirini çıxaranda…
Təkəm… təppətək… Bayaq sənə dedim ki, it də iki gündür dəhlizdən otağa keçmir…
Onu çağırıb, bir az oxşamaq, sığallamaq istədim. Amma yaxın buraxmır. Bir az da zəhləsini töksəm - dişləyə də bilər…
Hə, elə məni də dişləyər!.. Dişlərini qıcayıb mırıldanır. İnan ki, o əməlli-başlı dəyişib, ondan lap qorxuram…
Martanı?.. Bəs sənə demirəm ki, it heç kimi yaxına qoymur?!
Marta da onu gəzməyə güc-bəla çıxara bildi, çünki ona qapını açmağa da imkan vermirdi…
Hə, bu pis olmazdı. Sən inanırsan ki, mən artıq ondan qorxuram? Dilinə heç nə vurmur.
Yerindən də tərpənmir. Gözlərini mənə zilləyəndə canımdan soyuq gizilti keçir… Mən bunu hardan bilim, axı?
Bəlkə də itə elə gəlir ki, məndən sənə bir yamanlıq toxunub… Yazıq heyvan…
Onun durumunu çox yaxşı anladığımdan ona zərrəcə acığım tutmur. İt sənə yamanca isnişib.
Sən isə geri dönmək bilmirsən ki, bilmirsən… İt elə zənn edir ki, bunun tək baisi də mənəm…
Bacarsan Jozefi yolla… Məncə, it ona qoşulub gedər… Ah, mən… Bunun ki, zamanı gəlməyib…
O mənə heç vaxt bağlı olmayıb… Nə sübutum ola bilər ki? Bu sənə belə gəlirmiş, əslində, inan mənə, it məni artıq bir qarışlığına da buraxmır…
Əgər sən onu bizdən almasan, gərək onu bir başqasına verim. Çünki onun bunca əsəbilik keçirməsini və ya xəstələnməsini heç istəmərəm…
Səninlə qalsa, o heç kimi dişləməz. Çünki sənin seçib-sevdiklərinə o da könüldən bağlanır…
Demək istədim ki, səninlə yanaşı yaşayanlara o da rəğbət bəsləyir… Bu barədə haqlısan, əzizim,
amma unutma ki, o itdir, hər nə qədər ağıllı olsa da, anlaya bilməz ki… Mən şəxsən ondan heç çəkinmirdim.
Sənin gedişindən sonra onun nələr çəkdiyini bir Allah bilir!..
Demək istəyirəm ki, it son dərəcə dəyişdiyim üçün it artıq məni tanımır və məndən qorxur…
Nə bilmək olar axı?.. Əksinə… Oğlunun ölüm xəbərini Janna xalaya çatdırdığım axşamı yadına sal.
Xatirində deyil o adətən rəngi avazımış və cılız qadın həmin axşam necə də nəhəng və qıp-qırmızı olmuşdu?..
Hə, it də sanki dam boyda olmuşdu, adama elə gəlirdi ki, başı tavana dəyir, otaqda onun əlindən dəbərmək olmurdu,
kölgəsi və zəhmi hər yeri basmışdı, qəribə şəkildə də hürürdü… Mənim nə elədiyim heç xatirimdə deyil, əzizim!
Hardan bilim axı? Elədə insan sanki öz mehvərindən çıxır. Yəqin ki, mən də ətrafa dəhşət saçırmışam.
Təsəvvür eləməzsən ki, mən öz fotolarımla dolu qalın bir zərfi, özümdən xəbərsiz ortadan cırmışam.
Adi vaxtda bunu cırmağa heç kişi xeylağının da gücü yetməz. Hansıları? Sürücülük vəsiqəsi üçün çəkdirdiklərimi…
Necə?.. Yox, daha o vəsiqə gərəyim deyil… Heyifslənməyə də dəyməz. Tamam özümdən çıxıbmışam…
Yox, bir də eləməyəcəyəm! Çünki yolda sənin qarşıma çıxman məndən ötrü bir səadət idi.
İndi isə əgər səyahətə çıxası olsam, səninlə rastlaşmamı bədbəxtlik sayardım…Yox, məni dilə çəkmə… Yetər…
Allo! Allo! Xanım, dəstəyi qoyun, sizi yanlışlıqla başqa nömrə ilə bağlayıblar… Allo! Yox, xanım, axı…
Heç kim sizin əsəbilərinizlə oynamır. Amma başqasının danışığına da qulaq asmamalısınız…
Əgər bizim söhbətimiz sizə gülünc gəlirdisə, bəs onda niyə vaxtınızı boş şeylərə sərf etməmək üçün bayaqdan dəstəyi asmırdınız?
Oh!.. Nə dediniz?.. Əzizim! Əzizim! Sinirlənmə… Ən nəhayət… Yox. Yox, mən idim.
Mən telefonun çəngəlinə basdım. Qadın da içində yığılan çirkabı boşaldan kimi dəstəyi asdı… Allo!
Könlünə toxundu?.. Əlbəttə ki, yəqin bu eşitdiklərindən könlün qırıldı. Bunu səsindən sezirəm…
Sən küskünsən!.. Mən… Əzizim, əvvəla, bu qadın çox hirsli idi, ikincisi də, o səni tanımır.
Yəqin o zənn edib ki, sən də bütün qalan kişilərin tayısan… Yox, əzizim, yox!
Bunlar eyni şeylər deyil… Vicdan əzabı çəkmək?.. Allo!.. Bunu bir yana qoy. Belə axmaq şeyləri könlünə yük etmə.
Oldu, bitdi… Əcəb sadəlövhsən amma!.. Kimdi o? Nə fərqi varmış axı.
Məsələn, srağagün mən, soyadı S hərfi ilə başlayan bir tanış qadına rast gəldim… S hərfi ilə…
B. S. Hə, hə, o qadın Anri Marten küçəsində yaşayır…
Səni xəbər alırdı, deyirdi ki, onun qardaşı var, ya yox.
Sonra da açıb dedi ki, qəzetlərdə sənin qardaşının toy elanına rast gəlib…
Zənn eləmə ki, mən bu xəbərdən sarsıldım… Çünki bu, bir gerçəkdir… Hansı üzlə? Dərin hüznlə…
Əlbəttə, mən ondan ayrılmağa çalışdım. Dedim ki, evdə qonaqlarım var… Gəl, bunu bu qədər qəlizləşdirmə.
Hər şey çox bəsitdtr. İnsanlar özlərinə olan diqqətsizliyə qarşı amansızdırlar.
Mən isə get-gedə bütün dostlarımla üzülüşürəm… Mən birlikdəliyimizin hər dəqiqəsini dəyərləndirməyə çalışıram…
Şayiələrə qarşı tam biganəyəm. Qoy istədiklərini danışsınlar… İnsafı əldən qoymaq olmaz.
Başqaları bizim münasibətləri anlamağa qadir deyillər… Kənar adamlar…
Onlardan ötrü ancaq sevgi və nifrət mövcuddur. Ayrılıq isə ayrılıqdır. Onlar hər şeyə üzdən yanaşırlar.
Bunu onlara heç vaxt aşılaya bilməzsən… Sən… Bəzi şeylər var ki,
sən onları başqalarına heç vaxt açıqlaya bilməzsən… Ən asan yol isə, mən etdiyim kimi, bunu yalanlamaqdır.
Yerli-dibli…

Qəfil ağrıdan sarsılıbmış kimi çığırır.

Of!.. Heç. Önəmli deyil. Səninlə belə uzun-uzadı və ordan-burdan danışsaq da, arada xatırlamalı oluram ki,
aramızda hər şey bitib… (Ağlayır.) Niyə özümü aldatmalıyam ki?.. Hə… Hə…
Yox, keçmişdə bənzər durumlara düşən adamlar çaşqınlıq keçirsələr də,
sözlərinə xilaf çıxsalar da, hər şeyi yenidən başlamağı, yenidən sevgililərinə sahib çıxmağı,
onların köksünə sığınmağı, onlardan dördəlli yapışmağı bacarırdılar. Bircə baxışla hər şey alt-üst olurdu.
İndi isə, bu telefonlar zəmanəsində, bir şey qırıldısa, yerli-dibli qırılır… Fikir eləmə.
Sui-qəsdlə ölmək təkcə bir yol mümkündür… Bəlkə də biri yetər uyumaq üçün… Yox, mən tapança satın ala bilmərəm.
Sən təsəvvürünə gətirə bilirsən ki, mən necə tapança alıram?.. Axı, mənim yalan danışmağa da tabım-taqətim qalmayıb, əzizim… Haradan alım?..
Mən güclü, dözümlü olmalıydım… Bəzi durumlarda yalan da köməyə gəlir.
Məsələn, sən hicran əzablarımı xəfiflətmək üçün əgər mənə yalan satmış olsaydın…
Mən demirəm ki, sən yalan danışırsan. Dedim ki: əgər sənin yalan satdığını mən anlamış olsaydım…
Məsələn, əgər indi sən evdə olmasaydın, amma mənə desəydin ki… Yox, yox, əzizim! Bir qulaq as da…
Sənə etibarım var… Mən demək istəmədim ki, sənə inamım qalmayıb… Niyə belə əsəbiləşirsən?..
Yox, əsəbiləşirsən axı. Səsindən əsəbilik yağır. Mən dedim ki, sənin mənə hərhansı ardniyyətsiz yalan satdığını anlamış olsaydım,
səni əvvəlkndən daha artıq sevərdim… Allo! Allo!.. Allo!.. (Dəstəyi yerinə qoyub, sakit səslə, amma sürətlə danışır.)
İlahi, bir səbəb sal ki, bir də zəng etsin. İlahi, bir səbəb sal ki, yenə zəng eləsin.
Bu cümləni daha 2 dəfə təkrarlayır.İlahi bir səbəb sal ki… Zəng. Dəstəyi qaldırır.
Danışığımız kəsildi, elə sənə onu deyirdim ki, sənin mənə ard niyyətsiz yalan satdığını anlamış olsaydım,
səni əvvəlkindən daha artıq sevərdim… Əlbəttə ki… Sənin ağlın çaşıb… Eşqim mənim… Mənim tək eşqim…
Dəstəyin kabelini boynuna dolayır.
Mən də bilirəm ki, belə lazımdır, amma bu, dözülməzdir… Yox, buna mənim heç vaxt cəsarətim yetməz…
İndi biz danışırıq və mənə elə gəlir ki, biz yanaşı durmuşuq,
biz bir-birimizə söykənmişik, söhbət kəsilən anda yenidən aramızda zirzəmiləri və kanalizasiyalarıyla bir şəhər zühur edəcək…
Xatirindədir, insan səsinin kabellərlə ötürülməsinə İvonna necə heyrətlənirdi.
İndii mən telefon kabelini boynuma dolamışam. Və deməli, sənin səsin də … mənim boynuma dolanıb…
Əgər bu ara telefon qovşağından təsadüfən danışığımızı kəssəydilər, heç fəna olmazdı…
Ah, əzizim! Yəni səncə, mən sənə bunca az bələdəm ki? Bu əməliyyatın mənə nisbətən sənin üçün daha dözülməz olduğunu da yaxşı anlayıram…
Yox… Yox, canım… Marselə?.. Əzizim, əgər siz birisigün axşam Marselə gələcəksinizsə,
mən də istərdim ki… yəni xahiş edərdim ki… xahiş edərdim ki, sən adətən bizim qaldığımız oteli seçəsən.
Acığın tutmur ki, mənə… Çünki insanın təsəvvür edə bilmədiyi şeylər ondan ötrü, ümumiyyətlə,
mövcud deyil və ya hansısa duman arxasında mövcuddur. Bundan isə faciə yaratmağa dəyməz… Anladın?..
Sağ ol… Sağ ol… Necə də xeyirxahsan. Sevirəm səni.
Yerindən qalxır, telefon aparatı əlində
yatağa sarı gedir.
Bax belə… Bax… Həmişəki kimi az qala deyəcəkdim “hələlik”… Güman etmirəm…
Bunu heç kim və heç vaxt biləmməz… O!.. Hə… Belə daha yaxşıdır. Həm də çox yaxşıdır…
Telefonu köksünə sıxıb, çarpayıya uzanır.
Əzizim… Sevgilim… Gözəlim… Mən dözümlü olacağam. Tez ol. Tez ol, dəstəyi qoy!
“Tez ol” dedim axı. Qoy yerə! Tez ol! Mən səni sevirəm, sevirəm, sevirəm, sevirəm…
Telefonun dəstəyi döşəməyə düşür.


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 1123 Bölmə: Xarici Əsərlər
loading...