Ölülərə qonaq getmişdim. Böyük, tərtəmiz sərdabə idi və içində bir neçə tabut olsa da, yer çox qalmışdı, iki tabutun da ağzı açıq idi. Onların içi yığışdırılmamış çarpayıya bənzəyirdi, sanki kimsə yenicə yataqdan qalxıb getmişdi. Bir qədər kənarda yazı masası vardı və onun arxasında da cüssəli bir kişi oturmuşdu. Sağ əlində qələm tutmuşdu, sanki yenicə nəyisə yazıb qurtarmışdı, sol əli ilə döş cibindəki saatın zəncirini oynadırdı, başını da masaya tərəf əymişdi. Qulluqcu qız oranı süpürürdü, halbuki süpürüləsi hec nə yox idi.
Maraq güc gəldi və onun sifətini gizlədən yaylığın ucunu qaldırdım, üzünü indi görə bildim. Nə vaxtsa tanıdığım yəhudi qızı idi. Dümağ, koppuş yanaqları, yumru, qara gözləri vardı. Onu yaşlı arvada oxşadan yaylığın arxasından üzümə baxıb güləndə, soruşdum:
- Burda məzhəkə çıxarırsınız?
- Bəli, - dedi, - məzhəkə kimi bir şeydir. Elə gördüyün kimidir!
Sonra yazı masasının arxasında oturmuş kişini göstərdi:
- Get ona salam ver, buranın ağası odur. Nə qədər ki onunla salamlaşmayıbsan, səninlə danışmağa ixtiyarım yoxdur.
- Axı o kimdir? – deyə yavaşdan soruşdum.
- Fransalı zadəgandır, adı da De Poitondur.
- O bura necə gəlib çıxıb?
- Bilmirəm, - dedi. – Burda hər şey bir – birinə qarışıb.Kimsə gəlib qayda yaratmalıdır, onu gözləyirik. Bəlkə sən həmin adamsan?
- Yox, yox, - dedim.
- Çox yaxşı, elə isə kişinin yanına get.
Ona tərəf gedib baş əydim. Başını qaldırmadığı üçün yalnız dağınıq saçlarını görə bilirdim, “Axşamınız xeyir” – dedim, ancaq qımıldanmadı. Masanın kənarı ilə balaca bir pişik dövrə vururdu, sanki kişinin qoynundan ora düşmüşdü və oraya da qayıdıb yoxa çıxdı. Ola bilsin, kişi bayaqdan saatın zəncirinə deyil, masanın altına baxırmış. Bura necə gəlib çıxdığımı ona başa salmaq istədim, amma qız pencəyimin ətəyindən dartaraq pıçıldadı:
- Bu kifayətdir.
Sevinərək qıza tərəf döndüm və əl - ələ verib sərdabədə gəzməyə başladıq. Süpürgə mənə mane olurdu.
- Bu süpürgəni at getsin, - dedim
- Yox, yox, xahiş edirəm... qoy qalsın.Görmürsən ki, buranı süpürmək cətin deyil?! Əksinə bəzi üstünlükləri var, onlardan əl çəkə bilmərəm. Yeri gəlmişkən, burda qalacaqsan? – deyə söhbəti dəyişmək istədi.
- Sənin xatirinə məmnuniyyətlə qalaram, - uzada – uzada cavab verdim.
Sevgililər kimi bir – birimizə sığına – sığına gedirdik.
- Qal! Qal! – dedi – Səndən ötrü yaman darıxmışam. Bəlkə də qorxursan, ancaq bura fikirləşdiyin qədər də pis deyil. Axı burda olanların bizə nə dəxli?!
Bir anlığa susduq. İndi əllərimizi buraxıb qucaqlaşmışdıq. Əsas yolla irəliləyirdik, sağ- sol tabutla dolu idi. Sərdabə böyük görünürdü, böyük olmasa da, uzun idi. İçəri qaranlıq olsa da, görmək olurdu. Sanki şər qarışmışdı, ancaq biz olan yerdə ağarışdanırdı, yan – yörəmizi seçə bilirdik.
Qəflətən dilləndi:
-Gəl, sənə tabutumu göstərəcəm.
Heyrətə gəldim:
- Sən ki ölməmisən?!
- Elədir, – dedi. – Ancaq həqiqət xatirinə deməliyəm ki, buraları yaxşı tanımıram, ona görə də sənin gəlişinə çox sevindim. Bu dəqiqə hər şeyi başa düşəcəksən, bəlkə də indi hər şeyi məndən yaxşı görürsən.... Ancaq bütün bunlara baxmayaraq, mənim tabutum var.
Sağ tərəfə döndük, ayrı bir yolla yenə də cərgə- cərgə düzülmüş tabutların arası ilə irəlilədik. Bunların hamısı mənə nə vaxtsa görmüş olduğum şərab zirzəmisini xatırlatdı. Yolda balaca, eni hec bir metrə catmayan, ancaq iti axan bir çaya da rast gəldik. Axırda qızın tabutuna çatdıq. İçi zərif tiftikli yastıqlarla döşənmişdi. Qız onun içinə girib, şəhadət barmağı ilə mənə işarə etsə də, əslində, baxışları ilə yanına apardı.
- Qəşəng qız, - deyə yastığı onun başının altından götürdüm, əlimi yumşaq saçlarının altına qoydum. - Sənin yanında qala bilmərəm. Bu sərdabədə bir nəfərlə söhbət etməliyəm. Bəlkə onu tapmaqda mənə kömək edəsən?!
- Onunla söhbət etməlisən? Axı burda hec nəyə məcburiyyət yoxdur!
- Mən buralı deyiləm, - dedim.
- Elə bilirsən burdan çıxıb gedə biləcəksən?
- Əlbəttə!
- Onda əbəs yerə vaxt itirmə! – deyərək yastığın altında nəsə axtarmağa başladı və ordan bir köynək çıxardı. – Bu mənim əcəl köynəyimdir, - dedi və onu mənə tərəf uzatdı. - Ancaq hələ geyməmişəm....
Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 209 Bölmə: Xarici Əsərlər