İşlərimin bütün ağırlığı öz boynumdadır. Girəcəkdəki otaqda iki qız oturur və oraya da iki yazı makinası, qovuluqlar qoyulub, mənim otağımda isə bir yazı masası, kassa, məsələhət vermək üçün ayrı bir masa, yumşaq kreslolar var. Mənim bütün idarəm bunlardan ibarətdir. Axı nə qədər sadə olsa, idarə etmək də o qədər asanlaşır. Ona görə də heç nədən, heç kimdən şikayətim yoxdur.
Təzə ildən sonra qonşuluqdakı balaca boş mənzili də cavan bir oğlan kirələdi. O mənzili də götürməyə çox tərəddüd etdim, axırda da əlimdən çıxdı. O da ikiotaqlı idi, üstəlik mətbəxi də vardı. Otaqlar mənə lazım ola bilərdi, çünki oturduqları otaq bəzən qızlara darlıq edirdi. Bəs mətbəx nəyəmə lazım olardı? Bütün günah da elə bu sualda oldu, həmin mənzili əldən verdim. İndi orda cavan bir oğlan oturur. Adı Harrasdır, orda nə işlə məşğul olduğundan da xəbərim yoxdur. Qapısından bir lövhə asılıb: “Harrasın bürosu”. Ordan-burdan öyrənmişəm ki, onun işi də təxminən mənimki kimidir. Kredit məsələsinə gəldikdə, elə bir xüsusi xəbərdarlığa ehtiyac yoxdur, çünki söhbət burda nəyəsə can atan, bəlkə də gələcəyi yaxşı olacaq cavan bir oğlandan gedir, ancaq indi, deyəsən, mülkü – varidatı yoxdur, ona görə də kredit vermək məsləhət deyil. Məlum məsələdir ki, kiminsə haqqında heç nə bilməyəndə, belə danışırlar.
Bəzən pilləkəndə Harrasla rastlaşıram, ancaq həmişə tələsənə oxşayır, yanımdan, sözün əsil mənasında, qaça-qaça keçib gedir. Hələ indiyəcən onun üzünü düzəməlli görə bilməmişəm, çünki otağın açarını əlində hazır saxlayır, o dəqiqə də açıb içəri girir, elə bil siçovulun quyruğu qapının arasından sivişib keçir və mən yenə də üzərinə “Harrasın bürosu” yazılmış lövhə ilə üzbəüz qalıram, halbuki bu yazını layiq olduğundan da çox oxumuşam...
Divar həddən artıq nazik olanda, vicdanla işləyən adamı satır, vicdansızı isə gizlədir. Otağımdakı telofon məni qonşumla ayıran divardan asılıb. Ancaq mən bunu istehza ilə deyirəm, çünki həmin telefon o biri divardan asılmış olsaydı da, qonşu otaqda danışılanların hamısı eşidilərdi. Müştərilərimin adını telofonda çəkməyi çoxdan yadırğamışam. Ancaq bəzi səciyyəvi sözlərdən, qaçılmaz ifadələrdən həmin adamın adını bilmək üçün o qədər də hiyləgər olmaq lazım deyil. Bəzən o qədər narahat oluram ki, dəstək də qulağumda barmaqlarımın ucunda yerimdəcə rəqs etməyə başlayıram, ancaq yenə də sirlərimi gizlədə bilmirəm.
Əlbəttə, buna görə işlə əlaqədar hər hansı bir qərar çıxarmaq lazım gələndə, inamsız oluram, səsim titrəməyə başlayır. Görəsən mən telofonla danışanda Harras nə edir? Əgər çox şişirtmək istəsəm – bəzən həqiqəti üzə çıxarmaq üçün tez-tez şişirtmək lazım gəlir – belə deyərdim: Harrasa telefon lazım deyil. Elə mənimkindən istifadə edir. Divanını divara yaxın çəkib qulaq asır, mən isə, əksinə, telofon səslənən kimi onun yanına qaçmalı oluram, müştərilərin istədiklərinə qulaq asıram, çox vacib qərarlar çıxarıram, onları güc-bəla ilə yola gətirirəm və bütün bunları eləyə-eləyə, eyni zamanda da istər-istəməz, divardan Harrasa məlumatlar ötürürəm.
Bəlkə də söhbətə heç axıra kimi qulaq asmır, məsələnin mahiyyətini başa düşən kimi ayağa durur, adəti üzrə qaça-qaça şəhərə üz goyur və bəlkə də mən heç dəstəyi yerinə asmamış, şəhərdə mənim əleyhimə iş aparmağa başlayır...
Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 189 Bölmə: Xarici Əsərlər