Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zoyfer Yura Vineta Və Ya Sulara Qərq Olmuş şəhər

VİNETA VƏ YA SULARA QƏRQ OLMUŞ ŞƏHƏR

P Y E S

İŞTİRAK EDİRLƏR:


CONNİ, qoca matros


SAHİBƏ, limandakı meyxananın sahibi


KATRİN, fahişə


ŞƏHƏR KEŞİKÇİSİ


QADIN


ŞƏN SENATOR


DEYİNGƏN SENATOR


ŞƏHƏR MİRZƏSİ
VİNETANIN SAKİNLƏRİ

DİLƏNÇİ OĞLAN


DİLƏNÇİ QIZ


ŞƏN SENATORUN ARVADI


LİLİE, şən senatorun qızı


ƏSGƏR


MƏHBUS


HƏBSXANA GÖZƏTÇİSİNİN SƏSİ






BİRİNCİ ŞƏKİL



Səhnədə bir liman meyxanası görünür. Musiqi və səs-küy.

CONNİ (sərxoşdur): Anni! Anni! Səninlə deyiləm, Anni?!

SAHİBƏ (gəlir): Bəsdir, mumla, Conni!

CONNİ: Mumlayım?! Bu da təzə çıxdı? Bu meyxanada da səsimi içimə salım?!

SAHİBƏ: Tuluğunu doldurubsan, bəsindir.

CONNİ: Bəsimdir? Mən özüm bilərəm bəsimdir, ya yox, qandın? Mən... Mən dörd okean üzüb gəlmişəm... Özüm də qocalmışam, əzizim...

SAHİBƏ: Katrin! Gəl bu Conniyə de ki mumlasın!

CONNİ (əsəbiləşir): Neyləyim? Bu da təzə çıxdı? Burda birinci dəfədir mənə deyirlər ki, mumla! Həmişə də pulunu verən bir adama... Bura meyxana yox, zibilxanadır, bildin?!

KATRİN (gəlir, mülayim səslə): Yaşa Conni! Lap düz deyirsən! İndisə mumla, Conni, bəsindir.

CONNİ: Sən hələ uşaqsan, Katrinxen, ancaq mən baban yerindəyəm, səni dizlərimin üstündə yatırdaram. Mən Havay adalarında dönmə uşaqlar əkəndə, sənin adı bəlli olmayan fırıldaqçı atan hələ dünyaya gəlmiş olmazdı. Hə, indi bir dənə litirlik gətir! Yoxsa pulunu vermirəm? Verirəm axı! Elə deyil?

SAHİBƏ: Verdiyin də bir zibil deyil!

CONNİ (birdən-birə yazıqlaşır): Bəlkə də verdiyim zibildir... Ancaq yaşlı bir adamın çörək pulu istədiyini üzünə vurmaq yaxşı deyil. Tfu! Yaxşı deyil...

SAHİBƏ: Conni, indisə gəl...

CONNİ: Mumla, eləmi? Bilirəm, bilirəm... Bu zibilxanada bütün günü elə bunu eşidirəm.

SAHİBƏ: Katrin, bura gəl!

CONNİ: Mən nə dedim ki, Anni? Dedim ki, yarımca litr gətir. Sən birgə keçirdiyimiz cavanlığı yadına sal! Qızıl gül ətirli günlərimizi xatırla, Anni!

SAHİBƏ: Səninlə qızılgül ətirli günlərim olmayıb! Səninlə heç vaxt olmayıb! Ola da bilməzdi!

CONNİ: Mən demirəm ki, bir yerdə olmuşuq. Yox, hərənin öz günləri olub. Ancaq onda sinəndə gəzdirdiyin daş yox, ürək idi, Anni! Yoxsa düz demirəm? Bu qoca vaxtımda yalan danışıram?

SAHİBƏ: Ay qız gəl də! İkinci otaqda qalan cənab Detye səninlə mırt vurmaq istəyir.

CONNİ: Getməyin, uşaqlar! Qocanı tək qoymayın! Sizə başıma gələn bir əhvalatı danışacam (hirslənir). Sizinlə deyiləm? Qulaq asın! Hamımızın pulunu Conni verəcək! Conni indi öz həyatında olmuş bir əhvalatı danışacaq (səs-küy davam edir. Bu aralıqda).

SƏS EŞİDİLİR: Conninin verdiyi zibildir (hamı gülür).

SAHİBƏ: Özün bil, qonaqları narahat eləsən, bayıra atılacaqsan! Katrin, sən onu sakitləşdir, sonra da get cənab Detye ilə bir az mırt vur...

CONNİ (kədər içində): Görürsən, qızım, məni sakitləşdir, cənab Detyeni isə əksinə... Onunla mırt vur... Axı niyə, mənim əzizlərim? Ona görə ki, mən qocayam...

KATRİN: Sən qoca deyilsən, Conni.

CONNİ: Lazım deyil, Katrin, onsuz da mən daha heç kəsə lazım deyiləm. Heç cavanlar da mənim başıma gələnlərə qulaq asmaq istəmir.

KATRİN: Çünki onları bizə yüz dəfə danışmısan, Conni.

CONNİ: Boş-boş çərənləmə, qız! Mən daha heç kəsin xoşuna gəlmirəm. Başıma gələnlərə də heç kəs qulaq asmaq istəmir! Heç kəs! Heç kəs!

KATRİN: Yox, yox, Conni, mən qulaq asıram.

CONNİ: Sən? Sən yaxşı uşaqsan, Katrinxen. Ancaq onların hamısını bilirsən, elə deyilmi? Yoxsa bilmirsən?

KATRİN (yalandan): Hardan bilirəm? Sənin başına o qədər iş gəlb ki...

CONNİ: Doğru sözündür? Bəs cənab Detye?

KATRİN: Qoy ikinci otaqda özü ilə mırt vursun.

CONNİ: Bəs cavan oğlanlar?

KATRİN: Onlar da rədd olsunlar.

CONNİ: Ha... ha... Mən Kəlküttədə ağ ayı ovlayanda, onlar hələ bəlkədə olardılar. Necə ovladığımı sənə danışım?

KATRİN: Danış, Conni.

CONNİ: Yox, bəlkə sənə dəniz ilanının başına necə torba taxdığımı danışım?

KATRİN: Danış, Conni!

CONNİ: Yoxsa «Uçan Hollandiyalı»nı necə içirtdiyimi danışım? Gedib stolun altına girdi.

KATRİN: Danış, Conni!

CONNİ: Yox, yaxşısı budur sənə Vinetada – sulara qərq olmuş bir şəhərdə necə yaşadığımı danışım! Orda uzun bir həyat yaşamışam. Orda çox şey görmüşəm. Bu, tarixdir və ondan nəsə öyrənmək olar, qızım. Biz gərək həmişə təpərli olaq. Bu təpər ürəyimizdə olmalıdır (Katrin əsnəyir). Əsnəyirsən, qızım?

KATRİN: Mən?

CONNİ: Yoxsa bu əhvalatı da bilirsən?

KATRİN: Yox, Conni, bilmirəm. Tez ol, danış...

CONNİ: Hə, onda mən lap cavan idim. İyirmi beş yaşım olardı... ya da iyirmi altı... Elədir? O vaxtlar sənin kimi qızlar bütün gecəni mənimlə mırt vururdular. Özü də heç nəsiz... Pulsuz-parasız... Hər gecə... (Katrin ona araq süzür). Sağ ol, Katrinxen, sənin sağlığına! Onda mən hələ matros deyildim, adicə dalğıc idim. Vinetada olanda... yəni dənizin dibində heç nə ilə məşğul olmaq istəmirdim... Bu hadisə belə olmuşdu... Min səkkiz yüz... bilmirəm neçənci ildə bizim balaca, qoz qabığına oxşayan üç yüz tonluq gəmimiz Şimal dənizinin sahillərindən birində lövbər saldı. Bir il əvvəl burda bir yük gəmisi batmışdı, biz gərək onu tapıb çıxaraydıq. Çox gözəl, çıxaraq da... Bəs gəmidə ən etibarlı dalğıc kim idi?

KATRİN: Əlbəttə, Conni!

CONNİ: Düz deyirsən, Conni idi! Deməli, Conni hamıdan birinci yeddi yüz metr dərinliyə baş vurub oradakı vəziyyəti yaxşı-yaxşı öyrənməli idi. Qoy olsun! Hə, başlayıram hazırlaşmağa: dalğıc paltarını geyinirəm, altı qurğuşunlu ayyaqabıları ayağıma taxıram... Tullanacağım yerə gəlib dəbilqəni başıma keçirmək istəyirəm ki, birdən... Hə, nə olsa yaxşıdır?

KATRİN: Gəmidə əl buyruqçusu işləyən oğlan qaça-qaça gəlir...

CONNİ: Özü də necə gəlir?! Lap nəfəsi kəsilir, elə bil kimsə dalınca düşüb. «Conni, Conni, tullanma! - deyir. - Geri qayıtmayacaqsan!» Heçcə nə başa düşmürəm: niyə qayıtmıram? Deyir: «Zəng səsləri eşitdim... Zəng səsləri...» Bütün gəmi gülüşür. Hərəyə bir şunquruq qoşmağı xoşlayan miçman deyir: «Yəqin aşpaz qulağının dibinə birini ilişdirib, qulağı hələ də cingildəyir. Ha... ha...» Oğlan deyir: «Yox, aşpaz qulağımın dibinə ilişdirəndə, musiqili səslər eşidirəm. Ancaq indi kilsə zənglərinin səsidir. Dənizin dibindən gəlir!» (Bu arada qız yavaşca əkilir, ancaq qoca Conni bunu hiss eləmir). «Hə, deyəsən, nənəndən eşitdiyin nağılların havası hələ başından çıxmayıb!» - deyirəm. – «Qulağın səsə düşüb, oğul bala. Yaxşısı budur, dəbilqəni bəri ver!» Oğlan ağlamağa başlayır. «Ulama!» - deyirəm, dəbilqəni yaxşı-yaxşı bağlayıram, kəndir pilləkanı suya atıram... və onunla bir az düşüb suya baş vururam... Hə, necədir? Necə? Hə, başlayıram aşağıdüşməyə... Təxminən üç yüz, dörd yüz metr enirəm və birdən nə hiss eləsəm yaxşıdır? Elə bil kimsə başımdan sıxır. Elə sıxır ki, dözmək olmur. Lap indiki kimi başım bərk ağrımağa başlayır. Fərq ondadır ki, indi içməkdən ağrıyır, dünən çox içmişdim... Ay uşaq, orda sakit olun! Bunlara bax, qulaq asmaq istəmirlər. Elə deyil, qızım? Hə, başım bərk ağrıyır, sonra da qulaqlarım uğuldamağa başlayır. Sonra... sonra bilirsən nə eşidirəm? Zəng səsləri! Doğru sözümdür, zəng səsləri eşidirəm! Danq... Danq! (səs-küy azalır, uzaqlardan zəng səsləri eşidilməyə başlayır). Hə, o dəqiqə başa düşdüm, nə olub. Hava verən cihaz işləmir. Başa düşürsən bu nə deməkdir? Hə, kəndiri silkələyirəm, işarə verirəm ki, əzizlərim, məni yuxarı çəkin. Hə, çəkin! Ancaq neyləsələr yaxşıdır? Elə bil göyərtədəkilər kar, kor olmuşdular, heç nə olmayıbmış kimi kəndiri açırdılar, mən də enir, enirdim! Ah, lənətə gəlmiş bu baş ağrısı... Elə hey enir, enirdim... (zəng səsləri ucalmağa başlayır). Gözlərim qaralmağa başlayır... (qaranlıqlaşır) İndi heç nə görmür, heç nə eşitmirəm... Yalnız bu zəng səsləri... Lənətə gəlmiş zəng səsləri... Eşidirsən, qızım, necə ucadan səslənir? Nəfəs almaq istəyirəm, ancaq havam çatmır. Qulaqlarım güyüldəyir, tutulur... Zəng səsləri gəlir... Mənə elə gəlir ki, ölürəm... Aha, öldüm! Öldüm! Daha qurtardı... qurtardı... və birdən gözlərimi açıram...





İKİNCİ ŞƏKİL



Alaqaranlıqdır. Orta əsrlərin kilsə meydanı. Ön planda Conni uzanıb qalıb. Dalğıc paltarındadır, ancaq başında dəbilqə yoxdur. Zəng səsləri kəsilir. Şəhər gözətçisi orta əsrlərin cəngavər paltarında meydanın ortasında dayanıb.

CONNİ (təəccüblə yan-yörəsinə baxır): Mən hardayam? Bura necə gəlib çıxmışam? (Gözətçi cavab vermir) Deyəsən bəxtim gətirib, eləmi? Kimsə məni xilas edib! Düz demirəm? Onu da deyim ki, kimisə yarımcan halda dalğaların əlindən alırsan, sonra da küçənin ortasında atıb gedirsən... Belə də iş olar? Düz demirəm? (Cavab gəlmir) Ey, yoxsa mənim xilaskarım elə siz özünüzsünüz? Elədir? (Dikəlir) Lənət şeytana! Yerimdən tərpənə bilmirəm, elə bil kimsə üstümdən aşağı basır... Ah, hava elə ağırdır ki! Nə yaman zəifləmişəm... Ey, danışın da... Mən çoxdan burda uzanıb qalmışam? Necə? Hə... Bağışlayın, saat neçədir? Necə? Hə, deyirsiniz burda bircə saat var... Günəş saatı... Cənab... özünüz də görürsünüz ki, günəş hələ çıxmayıb (səmaya tərəf baxır) Səma bu gün nə qəribə görünür! Qaraya çalan mavi rəngdə... Elə bil ordan dəniz asılıb... Düz demirəm? Dillənin də... Necə? (günəş saatının qəribə tərzdə yırğalanan əqrəblərinin kölgəsini göstərir). Sizin saatınız ona görə də belə oyunlar çıxarır... İstiqaməti səhv salıb. Sizin şəhərdə elə bil vaxtın özü də dayanıb. Ha... ha... Nə dediniz? Hə, heç nə demədiniz... Hm... Mən də elə sizin kimi fikirləşirəm... Ancaq vaxt mənə çox lazımdır. Əgər çoxdan burdayamsa, deməli gəmidəki dostlarım narahat olmağa başlayıblar. Nə dediniz? Başa düşürsünüz? (susan adama baxa-baxa nə edəcəyini bilmir). Hə, sizin susmağınızın iki səbəbi ola bilər: ya lal-karsınız, ya da heykəlsiniz. Birinci halda sizə lap yazığım gəlir, ikinci halda, icazə verin deyim ki, çox pis yerdə ucaldıblar sizi! Çünki gediş-gəlişin gurlaşdığı bir vaxtda düz ortada dayanıb maneçilik törədirsiniz.

KEŞİKÇİ: Belə lazımdır! Küçə hərəkətini tənzimləyirəm!

CONNİ: Urra! Nə yaxşı ki, allah onun dilini də əlindən almayıb. Atam balası, tez olun, təzədən yuxuya getməzdən əvvəl məni başa salın görüm hardayam? Saat neçədir? Hansı yolla getsəm limana daha tez çataram? (cavab gəlmir) Nə oldu yenə? Çox danışıb yoruldunuz? Oxuduğunuz müharibə sizi lap əldən saldı ki! Görünür bir az irəli getmək lazımdır, bir ev o tərəfə...

KEŞİKÇİ: Gedin, gedin, dayanmayın!

CONNİ: Axı hara gedim? Allah saxlamış bu şəhərin limanı hansı tərəfdədir? İrəli gedim, yoxsa...

KEŞİKÇİ: Qanun necə tələb edirsə, elə də gedin.

CONNİ: Cənab, razılaşın ki, boğulmuş bir dənizçinin sizinlə çənə vurması çox yorucudur.

KEŞİKÇİ: Mən küçə hərəkətini tənzimləyirəm.

CONNİ: Bunu eşitdim! Ancaq necə tənzimləyirsiniz? Hansı hərəkəti tənzimləyirsiniz?

KEŞİKÇİ: Tənzimlənmiş hərəkəti. Qanun necə tələb edirsə...

CONNİ: İnanıram! Ancaq məni narahat edən odur ki, burda heç bir hərəkət görmürəm (cavab gəlmir) Bura baxın, sizinləyəm! Burda hərəkətdən əsər-əlamət var?

KEŞİKÇİ: Qanun necə tələb edirsə, elədir... Yəni yoxdur!

CONNİ: Bəs onda nəyi tənzimləyirsiniz?

KEŞİKÇİ: Küçə hərəkətini!

CONNİ: Aha, belə de... (qorxmuş halda) Ey, bura baxın! Bəlkə bu yolla sizdən söz qopara bildim: saat neçədir? Nə vaxtdan burudasınız? (bic-bic) Bu gün səhərdən?

KEŞİKÇİ: Bəli!

CONNİ: Aha, elə isə indi günortadır, yoxsa axşam?

KEŞİKÇİ: Qanun necə tələb edirsə, elədir.

CONNİ: Necədir?

KEŞİKÇİ: Axşamdan...

CONNİ: Burda dayanıbsınız?

KEŞİKÇİ: Elədir, günortadan... Qanun necə tələb edirsə...

CONNİ (başını tutur): Bircə xahişim var: deyin ki, birisi gündən burda dayanıbsınız, onda başa düşərəm.

KEŞİKÇİ: Elədir. Qanun tələb etdiyi kimi, birisi gündən.

CONNİ: Təşəkkür edirəm, deməli, sirzdə ağıl deyilən şey yoxdur. Necə deyərlər, salamat qalın, mən getdim!

KEŞİKÇİ: Gedin, gedin, dayanmayın! (Conni diksinir. Halı pisləşir. Keşikçidən aralı bir dövrə vurub gedir. Zəng səsləri eşidilir).





ÜÇÜNCÜ ŞƏKİL



Liman. Bir qadın əlində yük dayanıb. Conni gəlir. Zəng səsləri kəsilir.

CONNİ: Hə, bu da mənim dənizçi duyumum (qadına tərəf). Bağışlayın, xanım, burdan gəmi keçir?

QADIN: Bəli, cənab, burdan gəmi keçir.

CONNİ: Çox çağ olun. Bəlkə biləsiniz, mən harda yelkənli qayıq kirələyə bilərəm? Necə deyərlər, bu şəhərdə batıb qalmışam, gəmim hardasa yaxınlarda olmalıdır. Bilmirsiniz ki, gəmiçilik idarəsi açıq olar, ya yox? Deyəsən, səhər tezdəndir, küçələrdə ins-cins gözə dəymir. Yalnız gülünc görkəmli bir polisdən başqa... O da elə ölü kimiydi... Hi... Hi... hi... (qadının soyuq, hərəkətsiz baxışları onu diksindirir) Bağışlayın, zarafat etmək istədim. Özüm adicə bir dənizçiyəm... Bəlkə xanım bilə: saat neçədir? Buranın camaatı nə yaman qaradinməzdir... (pərt halda boğazını arıtlayır) Hə, mənə elə gəlir, xanım özü də gəmi ilə səfərə çıxmağa hazırlaşır...

QADIN: Elədir, cənab, gəmini gözləyirəm. Ərimin yanına getmək istəyirəm. O da, balaca qızım da məni gözləyir. Qızımın sarışın saçları var, adı da Anneloredir.

CONNİ: Çox gözəl, qəşəng adı var. Bəs cənab ərinizlə xanım qızınız indi hardadırlar?

QADIN: Bilmirəm...

CONNİ: Hm... Necə deyim... Yəni indi hardadırlar? Yəni haradan haraya gedirsiniz?

QADIN (heç nə başa düşməyərək onun üzünə baxır): Yadımdan çıxıb.

CONNİ: Necə deyərlər, yazıqlar olsun... (nə edəcəyini bilmir) Bəs xanımın səfəri harayadır?

QADIN: Elədir, cənab, gəmini gözləyirəm. Ərimin yanına getmək istəyirəm. O da, balaca qızım da məni gözləyir. Qızımın sarışın saçları var, adı da Anneloredir.

CONNİ: Ah, necə də gözəl səslənir! Qəşəng addır! Xanım, bəs gəmi nə vaxt yola düşür?

QADIN: Dünən.

CONNİ: Necə? Dünən?

QADIN: Elədir ki var, cənab!

CONNİ (ümidsiz halda): Belə çıxır ki, təkcə o polis deyil, elə mən özüm də ağlımı itirmişəm. Xanım, xahiş ediərm, mənə kömək edin! Xahiş edirəm, deyin, bu cümlə səhvdir, yoxsa düz: əgər bir gəmi dünən gedirsə, deməli, nə bu gün, nə də sabah gedəcək. Deməli, bu gəmi heç vaxt getməyəcək!

QADIN: Mən gəmini gözləyirəm, cənab! Ərim üçün, balaca qızım üçün yaman darıxmışam. Onları öpə bilsəydim, çox xoşbəxt olardım. Onlarsız yaşaya bilmirəm.

CONNİ: Gəmi də dünən gedir?

QADIN (çox sakit halda): Dünən! Qızımın sarışın saçları var, adı da Anneloredir...

CONNİ (nə edəcəyini bilməyərək): Qəşəng addır... İcazə verin... Başım hərlənir (qadının yanında skamyaya çökür)

Şən senatorla deyingən senator gəlirlər.

ŞƏN SENATOR: Deməli, cənab senator, sizə on vaqon taxıl verirəm, özü də iyirmi iyirmidən. Bu mənim son qiymətimdir. Siz götürməzsiniz, başqası götürər... Biz ki bir-birimizin dabbaqda gönünə bələdik. Hi... hi... Ha... ha...

DEYİNGƏN SENATOR: Cənab senator, siz deyəsən bu alverə ciddi yanaşmırsınız. Özünüz də bilirsiniz ki, mən əvvəlki senatorun kölgəsiyəm. İyirmiyə də götürsəm, bahadır...

ŞƏN SENATOR: Bəs gəmiyə yükləmə xərci necə olacaq, cənab senator?

DEYİNGƏN SENATOR: Dedim ki, iyirmi...

ŞƏN SENATOR: Siz məni ölü yuyub diri basdırırsınız... Ha... ha... ha... Lap müsibətsiniz? Ha... ha...

CONNİ: Əgər bunlar da normal adam çıxmasalar, onda vay mənim halıma... Sabahınız xeyir, cənablar.

ŞƏN SENATOR: Axşamınız xeyir.

CONNİ (sevinclə): Elə mən «axşamınız xeyir» demək istəyirdim.

DEYİNGƏN SENATOR: Günaydın!

CONNİ: Bağışlayın, indi saat neçədir ki?

ŞƏN SENATOR: Doqquzun yarısıdır, cənab. Düz demirəm cənab senator?

DEYİNGƏN SENATOR: Elədir, dördə on beş dəqiqə qalır.

CONNİ: Necə? Yox, yox, təşəkkür edirəm... Bayaq bağladığınız müqaviləyə görə də sizi ürəkdən təbrik edirəm... Dənizçi kimi belə şeylərdən bir az başım çıxır. Bəs cənablar hansı taxılı alıb-satırlar?

DEYİNGƏN SENATOR: Bu lap yerinə düşdü, əntiqə oldu! İyirmi iyirmiyə... Çox pis zəmanədir.

CONNİ: Yəni deyirəm ki, bu taxıl harda bitir? Burda? Kanadada? Yoxsa Argentinada?

DEYİNGƏN SENATOR: Bilmirəm.

CONNİ: Necə yəni bilmirəm?

ŞƏN SENATOR: Dostum, təsəvvür edin ki, biz bunu doğrudan da unutmuşuq. Ha... ha... ha...

CONNİ: Axı bu cənab taxılı indicə aldı. Hətta yükləmə xərcini də verdi. Sonra da...

DEYİNGƏN SENATOR: Nə sonra-sonra salmısınız? Mən də satıram, alırsınız? Əntiqə taxıldır, söz ola bilməz. İyirmi iyirmidən

CONNİ: Ax, taxılın özü yoxdursa...

ŞƏN SENATOR: Hə, yoxdursa, deməli yoxdur. Ha... ha... ha...

CONNİ: Cənablar yalnız taxıl alverilə yaşayırlar?

DEYİNGƏN SENATOR (hirslənir): Nə? Yaşamaq? Biz yaşamırıq, cənab! Yadınızda qalsın! Bir də belə sözlər danışmayın. Bu, həyat deyil. Mən özüm də keçmiş senatorun kölgəsiyəm.

CONNİ: Elə isə bu alver cənabların nəyinə lazımdır? Bu qədər pulu niyə qazanırsınız?

DEYİNGƏN SENATOR: Bilmirəm...

ŞƏN SENATOR: Unutmuşuq! Bunu çoxdan unutmuşuq, dostum. Ha... ha... ha...

CONNİ: Unutmusunuz? Bura lap unutqanlar şəhəri oldu ki! Belə de... Bu nə paltardır geyinmizisin? Axı indi belə paltar geymirlər. Xahiş edirəm deyin! Haqqında danışdığınız o çoxlu gəmilərdən hansı indi gəlib keçəcək? Hara gedir, getsin... Onsuz da soruşan deyiləm, məlum məsələdir ki, hara gedəcəyini unutmusunuz. Yox, yox vaxtını da soruşmuram. Sadəcə olaraq deyin ki, hansı gəmidir... Hansı?

DEYİNGƏN SENATOR: Heç biri...

CONNİ: Heç biri?

DEYİNGƏN SENATOR: Çox pis zəmanədir, gediş-gəliş kəsilib. Liman da ölü limandır.

CONNİ: Bəs bayaq çoxlu gəmilərdən danışırdınız... Onlar necə oldu?

ŞƏN SENATOR: Demək olar ki, ölü gəmilərdir, dostum. Hamısı ölüb. Ha... ha... ha...

CONNİ: Çıxıb getmək lazımdır! Bu şəhərdən uzaqlaşmaq gərəkdir! (Gedir)

ŞƏN SENATOR (qadına tərəf): Sabahınız xeyir, müşavir xanım.

QADIN: Axşamınız xeyir, cənab senator.

ŞƏN SENATOR: Müşavir xanım yəqin ki gəmi gözləyir?!

QADIN: Bəli, gəmini gözləyirəm. Ərimin, qızımın yanına getmək istəyirəm. Qızımın sarışın saçları var, adı da Anneloredır.

ŞƏN SENATOR: Çatan kimi cənab müşavirə məndən salam deyin. Əvəzimdən Annelorenın də üzündən öpərsiniz. Ha... ha... ha...

DEYİNGƏN SENATOR: Bəs gəmi nə vaxt gedir?

QADIN: Dünən, cənab senator.

DEYİNGƏN SENATOR: Doğrudan? Düzdür mən çox bədbin adamam, ancaq bizim gəmiçilik işimiz barədə yalnız bunu deyə bilərəm: eşq olsun!



DÖRDÜNCÜ ŞƏKİL



Şəhər qapısı. Qapının hər qülləsində balaca bir pəncərə var. Pəncərələrdən birinin arxasında şəhər mirzəsi oturub. Conni qaça-qaça gəlir, bağlı qapını döyməyə başlayır.

ŞƏHƏR MİRZƏSİ: Sənədləriniz?!

CONNİ: Hansı sənəd?

ŞƏHƏR MİRZƏSİ: Hamısı.

CONNİ: Sənədim yoxdur. Mən bu şəhərdən çıxıb getmək istəyirəm. Sənədlərim nəyinizə lazımdır?

ŞƏHƏR MİRZƏSİ: Bilmirəm! Mənə tapşırıblar ki, onları sizdən tələb edim.

CONNİ: Axı dedim ki, heç bir sənədim yoxdur. Mən elə bir səfərə çıxmışdım ki, orda sənəd lazım olmurdu.

ŞƏHƏR MİRZƏSİ: Onda birisi gün gəlin.

CONNİ: Lənət şeytana, birisi gün də sənədim olmayacaq!

ŞƏHƏR MİRZƏSİ: Elə isə sragagün saat beşlə iki arasında gəlin.

CONNİ: Lənət şeytana, onda da gələ bilməyəcəm.

ŞƏHƏR MİRZƏSİ: Axı siz nə istəyirsiniz?

CONNİ: Çıxıb getmək istəyirəm, vəssalam.

ŞƏHƏR MİRZƏSİ: Haraya? (Təkidlə) Yaxşı-yaxşı fikirləşin! Hamısı sənədləşdirilir.

CONNİ: Öz gəmimə getmək istəyirəm.

ŞƏHƏR MİRZƏSİ: Gəminiz haradadır?

CONNİ: Bilmirəm.

ŞƏHƏR MİRZƏSİ: Bəs bura necə gəlib çıxmısınız?

CONNİ (fikirli halda): Bilmirəm...

ŞƏHƏR MİRZƏSİ: Nəyə gəlmisiniz?

CONNİ (duruxur): Bilmirəm...

ŞƏHƏR MİRZƏSİ: Burda nə iş görürsünüz?

CONNİ (nə deyəcəyimi bilmir): Bilmirəm...

ŞƏHƏR MİRZƏSİ: Harada olduğunuzu bilirsiniz?

CONNİ: Xeyr.

ŞƏHƏR MİRZƏSİ: Niyə qayıtmaq istəyirsiniz?

CONNİ (əsəbiləşir): Öz işimə qayıtmalıyam!

ŞƏHƏR MİRZƏSİ: Niyə?

CONNİ: Yaşamaq üçün.

ŞƏHƏR MİRZƏSİ: Niyə yaşamaq istəyirsiniz?

CONNİ (duruxur): Bilmirəm...

ŞƏHƏR MİRZƏSİ: Bilmirsiniz?

CONNİ (iflic olmuş adamlar kimi): Yadımdan çıxıb!

ŞƏHƏR MİRZƏSİ (təkidlə): Fikirləşin!

CONNİ: Mən... mən... bilmirəm... Deyəsən... mübarizə aparmışam... mən... sevmişəm... nifrət etmişəm...

ŞƏHƏR MİRZƏSİ: Kimin üçün, kimə qarşı mübarizə aparmısınız? Kimi, nəyi sevmisiniz? Kimə, nəyə nifrət etmisiniz?

CONNİ: Ya... ya... yadımdan çıxıb...

ŞƏHƏR MİRZƏSİ: Bəs nə üçün yaşamaq istəyirsiniz?

CONNİ: Nə üçün? Bilmirəm... unutmuşam...

ŞƏHƏR MİRZƏSİ: Yaxşı, ilkin sorğu-sual üçün bəs eləyir. Bayaqkı suallara bu anketdə cavab yazın, şəhadətnamənizi alın.

CONNİ: Nəyi alım?

ŞƏHƏR MİRZƏSİ: Vineta şəhərinin sakini olmağınız haqqında şəhadətnaməni!





BEŞİNCİ ŞƏKİL



Kilsə meydanı. Conni, dilənçi oğlan, dilənçi qız.

CONNİ: Siz harada yaşayırsınız?

DİLƏNÇİ OĞLAN: Heç yerdə...

CONNİ: Bəs harda yatırsınız?

DİLƏNÇİ OĞLAN: Bilmirəm.

CONNİ: Bax buna kasıblıq deyərəm! Ancaq bir-birinizi sevirsiniz, elə deyilmi?

DİLƏNÇİ OĞLAN: Unutmuşam...

CONNİ: Ah, bu lənətə gəlmiş şəhərin sakinləri nə yaman unutqandırlar! Bəs harda işləyirsiniz?

DİLƏNÇİ OĞLAN: Heç yerdə.

CONNİ: Elə mən özüm də iş tapa bilmədim...

DİLƏNÇİ QIZ (Conniyə): Sən heç bura adamına oxşamırsan?!

CONNİ: Buralıyam. Ancaq... nə vaxtdan? Fərqi yoxdur, bu yaxınlardan.

DİLƏNÇİ OĞLAN: Ona görə də bilmirsən ki, Vinetada heç kəs işləmir. Valılara işləmək lazım deyil, kasıblar da işləyə bilmir. Sözün qısası: ölkədə adət belədir.

CONNİ: Belə de... Lənət şeytana, bəs onda nə yeyirsiniz?

DİLƏNÇİ QADIN: Vinetada heç kəs heç nə yemir. Varlıların iştahası yoxdur, kasıbların da çörəyi.

CONNİ: Belə də şey olar? Yaxşı gəlin ümid edək ki...

DİLƏNÇİ OĞLAN: Elədir, dünən bu gündən yaxşıdır.

CONNİ (onu silkələyir): Sabah de, cavan oğlan, sabah... sabah!

DİLƏNÇİ OĞLAN (itaətkarlıqla): Bəli, sabah... Birisi gün...

CONNİ: Yox! Lənət şeytana... deyəsən mən hələ yaxşı Vinetalı deyiləm! Sizi başa düşə bilmirəm... Başa düşə bilmirəm ki, adam ümidsiz necə... Yox, başqa cür deyim! Siz burda neyləyirsiniz?

DİLƏNÇİ QIZ (tələsik): Ah, kilsədə ibadətin qurtarmasını gözləyirik. Adamlar ordan çıxanda ürəkləri yumşaq olur, bizə nəsə verirlər.

DİLƏNÇİ OĞLAN: Düz deyir, nəsə verirlər.

CONNİ: Oh, yenə də bu ümid qığılcımı! Bəs ibadət nə vaxt qurtarır? (dilənçilər mat-mat bir-birinə baxırlar) Axı mən lap aydın dedim: nə vaxt?

DİLƏNÇİ QIZ (tələsik): Bilmirəm...

DİLƏNÇİ OĞLAN: Yadımdan çıxıb...

CONNİ (qəzəblə): Yaxşı fikirləşin! Görüm sizi lənətə gələsiniz! Fikirləşin də...

DİLƏNÇİ QIZ: Mənə elə gəlir ki, heç vaxt! Adamların ürəyi o qədər daşa dönüb ki, ibadət heç vaxt... heç vaxt qurtarmayacaq.

CONNİ: Siz də dayanıb gözləyirsiniz...

DİLƏNÇİ QIZ (bayaqkı kimi tələsik): Hə, gözləyirik ki, ibadət qurtarsın. Ordan çıxan adamların ürəkləri yuşmaq olur, bizə də nəsə verirlər.

DİLƏNÇİ OĞLAN: Düz deyir, nəsə verirlər.

CONNİ: Əntiqədir, uşaqlar, lap əntiqədir! Bununla yaşaya bilirsiniz?

DİLƏNÇİ OĞLAN (mat-mat onun üzünə baxır): Yaşamaq? Sən yaşamaq istəyirsən?

CONNİ (acı-acı): Elədir, ay zavallı səfehlər, mən yaşamaq istəyirəm. Ancaq bilmirəm nə üçün, kimin üçün... Çünki buraya düşəndən sonra hamısını unutmuşam. Ancaq, lənət şeytana, buna baxmayaraq istəyirəm. Özüm üçün iş qaracam, bəlkə də fırıldaqçılıq eləyəcəm... Ancaq varlanacam... Mənsəbə çatacam! Sonra da yaşayacam! Baxmayacam ki, burda zaman dayanıb. Bu lənətə gəlmiş alaqaranlıq başımın üstündən heç vaxt çəkilməsə də... Gecə ilə gündüz bilinməsə də... Bilmirəm buranı kim belə sehrləyib... Ancaq mən yaşayacam... işləyəcəm... vəssalam! Hamıya da günaydın, sabahın xeyir, gecən xeyrə qalsın deyəcəm... (gedir)

DİLƏNÇİ QIZ: Buna bax, yaşamaq istəyir...

DİLƏNÇİ OĞLAN: İşləmək istəyir...

HƏR İKİSİ: Özü də Vinetada! (başlarını bulayırlar).

Zəng səsləri eşidilir.



ALTINCI ŞƏKİL



Şən senatorun evi. Senator, arvadı və qızı Lilie.

SENATORUN ARVADI (qızına): Deməli, onu bütün varlığınla, bütün qəlbinlə sevirsən, elədirmi qızım?

LİLİE: Elədir, mənim əziz anam!

ŞƏN SENATOR (bayaq alver etdiyi dostu ilə olduğu kimi mehriban danışmır, müstəbidlik edir): Sənin bu cür ərə getməyindən bilirəm ki, məhəbbətin nə olduğunu hələ anlamırsan.

LİLİE: Yox, cənab ata, anlamıram! (hiss olunur ki, həqiqəti deyir)

QADIN: Özün çox götür-qoy edəndən sonra bu qərara gəlibsən ki, ailə həyatının bütün çətinliklərinə dözəcəksən, elə deyilmi zavallı balam?

LİLİE: Elədir, mənim əziz anam!

ŞƏN SENATOR: Ancaq mən inanmıram ki, sənin bu çətinliklərdən xəbərin var...

LİLİE: Elədir, cənab ata! (hiss olunur ki, həqiqəti deyir)

ŞƏN SENATOR: Yaxşı, qoy olsun! İndi isə sənin gələcək ailə həyatının çətinlikləri barədə... Cehiz sənin adına olacaq! Düzdür, sənin nişanlın uzun illər alver işində mənə çox kömək edib, ancaq özünə də gün ağlayıb...

QADIN: Əlbəttə, sən onu bir ər kimi uca tutmalısan, sədaqətli olmalısan, hər nə desə, yerinə yetirməlisən, zavallı balam!

ŞƏN SENATOR: Hər şey ola bilər...

QADIN: Hər şey ola bilər... Sən də təkrar elə!

LİLİE: Hər şey ola bilər, mənim əziz anam!

ŞƏN SENATOR (kəskin tərzdə): Nə ola bilər ki?

LİLİE: Bilmirəm, cənab ata!

ŞƏN SENATOR: Yaxşı, səndən başqa cavab da gözləmirdim (hədələyici bir səslə) Sən Liliesən, başa düşdün? Vay o gündən ki...

QADIN (ərinin qəflətən sözünə ara verdiyindən istifadə edərək qızına pıçıldayır): Təkrar elə!

LİLİE: Mən Lilieyeyəm – çiçəyim, vay o gündən ki...

ŞƏN SENATOR (fınxırır): Ha... ha... ha... (qonaqların addım səslərini eşitdiyi üçün səsinin tonunu dəyişir) Oho, əziz qonaqlar gəldi!

QADIN: Əziz... əziz...

LİLİE: Əziz... əziz... (Üçü də gedir.)

Conni ilə şəhər mirzəsi gəlir. İndi Conninin otuz beş yaşı var; özü də Vinetalılar sayağı geyinib.

CONNİ: O, Liliedir – ətirçiçəyidir! Necə bilirsən, məni doğrudanmı bütün varlığı, bütün qəlbi ilə sevir!

ŞƏHƏR MİRZƏSİ: Sən heç Vinetada kiminsə kimi sevdiyini görübsən?

CONNİ: Sevmirsə, deməli, nifrət edəcək!

ŞƏHƏR MİRZƏSİ: Ya da nifrət etdiyini?

CONNİ: Bu qız müstəsnadır.

ŞƏHƏR MİRZƏSİ: Boş-boş danışma! Ola bilməz! Görünür o vaxt adicə bir maraq xatirinə səni bu şəhərin vətəndaşı eləməklə böyük bir səhvə yol vermişəm.

CONNİ: Elədir ki, var, əzizim! Çünki indi varlanmışam və yaşamağa başlayacam.

ŞƏHƏR MİRZƏSİ: Bilmək olmaz... Ölülər şəhə... Vay, vay, mən nə dedim...

CONNİ: Necə? Necə?

ŞƏHƏR MİRZƏSİ: Heç nə... Dilim dolaşdı... Demək istəyirdim ki, təkbaşına yaşamaq olmaz. Buna iradənin gücü çatmaz.

CONNİ: Görəcəksən necə yaşayırlar! Mən bu bataqlığa qərq olmuş şəhərdə...

ŞƏHƏR MİRZƏSİ: Bataqlıq? Necə? Sən Vinetanın tarixini bilirsən ki?

CONNİ: Yox! Sizdə bu barədə heç bir kitab yoxdur.

ŞƏHƏR MİRZƏSİ: Elədir, hamısını senatorların göstərişi ilə beş yüz il bundan əvvəl məhv etmişəm.

CONNİ: Neçə il bundan əvvəl? Bu səfeh zarafatları burax, kişi!

ŞƏHƏR MİRZƏSİ: Sən doğrudan da bilmirsənmiş! Ancaq yuxarıda yaşayanların çoxu bunu bilir.

CONNİ: İkinci mərtəbədə yaşayanlar?

ŞƏHƏR MİRZƏSİ: Yox, parterdəkilər. Yerin üstündəkilər. Ancaq mən çalışıb özümü qoruyacam ki...

CONNİ: Danış, danış, əzizim, yoxsa səni öldürərəm!

ŞƏHƏR MİRZƏSİ: Birincisi, sən bunu bacarmayacaqsan, çünki mən onsuz da ölmüşəm. İkincisi, elə də olsa, belə də olsa məni öldürmək istəyəcəksən... Çünki xəbər tutacaqsan ki, bu gecə beş yüz on səkkiz yaşlı qızla bir yastığa baş qoyursan... Eh, yaxşısı budur ki, susum...

CONNİ: Mənə yazığın gəlsin, Mirzə!

ŞƏHƏR MİRZƏSİ: Yazığım gəlsin? Gülünc olma! De görüm məktəbdə oxuyan zaman sənə qədim orta əsrlərdə sulara qərq olmuş bir şəhər barədə nağıl danışıblar, ya yox?

CONNİ: Sulara qərq olmuş... şəhər... İlahi, deyəsən yadıma gəlir...

ŞƏHƏR MİRZƏSİ: Bu bir daha sübut edir ki, sən əsl Vinetalı deyilsən.

CONNİ: Hə... tufan olub... Elədir... beş yüz il bundan əvvəl bir şəhər suyun altında qalıb...

ŞƏHƏR MİRZƏSİ: Ola bilər. Tufan nəsə yadıma gəlmir... Ancaq onu bilirəm ki, böyük bir qəza idi... Elə bir dəhşətli qəza ki, ona daşqın da demək olar... Yoxsa yerin üstündəkilər bunu başa düşməz. Bundan sonra nə olduğunu, nələrin baş verdiyini isə yaxşı bilirəm...

CONNİ: Vinetanın sulara qərq olduğu yerdə dənizin dibindən hərdən zəng səsləri eşidilir... Çünki Vineta hələ yaşayır.

ŞƏHƏR MİRZƏSİ: Yox, «hələ yaşayır» demək olmaz. Vineta artıq ölüb! Ancaq Vinetanın özü bunu bilmir! Çox gülməlidir, elə deyilmi? Biz yaşamırıq və ona görə də ölə bilmirik. Biz qocalırıq, biz nifrət etmirik, biz sevmirik, heç nədən də qorxmuruq. Daha heç nə uğrunda mübarizə aparmırıq, heç nəyə ümid etmirik. Axı zamanın dayandığı, dünənlə sabahın eyni olduğu bir yerdə nəyə ümid etmək olar? Ancaq bu «yalan» barədə senatorlardan və bir də ikimizdən başqa heç kəs heç nə bilmir. Onlara demək də olmaz!

CONNİ: Hə, ölüb... özü də bilmir... Elə buna görə də...

ŞƏHƏR MİRZƏSİ: Hə, buna görə... İndi hər şeyi başa düşdün?

CONNİ (özündə deyil): Hə, başa düşdüm... Ancaq bircə şeyi başa düşə bilmədim... Sən... sən... əzizim, niyə sən bunu camaatdan gizlədirsən? Niyə bildiklərini danışmırsan? Səninləyəm!

ŞƏHƏR MİRZƏSİ: Mənimlə? Niyə demirəm? Birincisi, belə xoşuma gəlir. İkincisi də, susmağım yaxşıdır. Üçüncüsü də... qorxuram...

CONNİ: Qorxursan? Kimdən? Nədən?

ŞƏHƏR MİRZƏSİ: Sonra nələr ola biləcəyindən! Təsəvvürə gəlməyən şeylərdən... Özün fikirləş, bura son ayaqdır... Son qığılcımdır... Ümidsizliyin özüdür. Bunları da sındırsam, gör nələr ola bilər... Təsəvvür edə bilmirəm ki, onda nələr olacaq... Ona görə də qorxuram...

CONNİ: Sözün qısası, sən çox fikirləşirsən, sən çox şeyləri bilirsən, ancaq az iş görürsən.

ŞƏHƏR MİRZƏSİ: Elədir, dostum! Ziyalı öləndən sonra da ziyalı kimi qalır!



Səs-küy eşidilir, şən senator, arvadı və qızı Lilie gəlirlər.

ŞƏN SENATOR: Aha, bu da bizim qaçqın! Hə, cənablar toyqabağı bir az şənlənək?

ŞƏHƏR MİRZƏSİ (yavaşdan Conniyə tərəf): Xahiş edirəm, yalvarıram nə indi, nə də sonralar qayınatana işarə eləmə ki, o da, ailəsi də çoxdan ölüb. O buna dözə bilməz, sən özün də burda yaşaya bilməzsən.

QADIN (qızına pıçıldayır): Utana-utana get onu qucaqla!

LİLİE: Yaxşı, əziz anam! (onun dediyi kimi edir) Conni!

QADIN: Zavallı qızcığazım!

ŞƏN SENATOR: Mənim gənc dostum! Oğlum! Qızım – zərif çiçəyim!

CONNİ (dodağının altından): Beş yüz on səkkiz yaşlı...

ŞƏN SENATOR: Ah, bu zərif çiçək...

ŞƏHƏR MİRZƏSİ: Bu zərif çiçəyin sağlığına! Yaşasın zərif çiçək!

HAMI: Yaşasın!

ŞƏN SENATOR: Bizim şərikli firmamızın uğurunun, çiçəklənməsinin sağlığına! Yaşasın!

HAMI: Yaşasın!

QADIN: Yaşasın bizim təzə balamız! Həm də şərikimiz!

CONNİ (şəhər mirzəsinə tərəf): Yaşayacaq!

ŞƏHƏR MİRZƏSİ: Dostum, adam heç vaxt tək yaşaya bilməz.

ŞƏN SENATOR: Cənablar nə barədə danışırdılar?

CONNİ (çaş-baş halda): Heç nə... Heç nə, ata! Onu deyirdim ki, sənin bütün işlərində köməkçi olacam, sənə sədaqətli olacam... Və... və... (hiss edir ki, hər necə olsa da nitqini sona çatdırmalıdır) amansız tale nə vaxtsa səni bizdən ayırmaq istəsə...

ŞƏHƏR MİRZƏSİ (yavaşdan): Axmaq!

ŞƏN SENATOR (rəngi avazıyır və birdən öküz kimi böyürməyə başlayır): Sus, yaramaz uşaq! Senator Hauren ölməyəcək! Eşidirsən? Heç vaxt ölməyəcək! Bütün şəhər qırılsa da, o ölməyəcək! Bütün dünya dağılsa da, senator Hauren ölməyəcək! Çünki ölmək istəmir! İstəmir! İstəmir! (son sözlər qaranlıqdan gəlir)





YEDDİNCİ ŞƏKİL



Conninin evi və ya sualtı bitkilərdən ibarət olan bağı. Conninin əlli yaşı var, arvadı isə olduğu kimi qalıb.

QADIN: Təzə xəbəri bilirsən, əzizim? O qəşəng, zərif müşavir xanım uzun ayrılıqdan sonra ərinin, qızının yanına getmək istəyir. Uşağın adı Anneloredır. Qəşəng addır, elə deyilmi? Dünən saat on tamamda yola düşəcək gəmini gözləyir. Şəhər mirzəsinin sabah kilsə meydanından qovduğu dilənçi ər-arvad srağagün yenə ordaydılar. Yaman sırtıq adamlardır, elə deyilmi?

CONNİ: Gör nə böyük qəza olub ki... Daşqını deyirəm... hətta kasıblar da adam olduqlarını unuda biliblər...

ARVADI: Elədir... elədir... Lap təzə bir xəbər! O qəşəng, zərif müşavir xanım uzun ayrılıqdan sonra ərinin...

CONNİ: Əzizim, de görüm indi sənin neçə yaşın var?

ARVADI: İyirmi beş, əzizim!

CONNİ: Deməli, üç il bundan əvvəl...

ARVADI: İyirmi səkkiz yaşım vardı.

CONNİ: Elə də şey olar? Yaxşı, yaxşı, qoy olsun! Demək istəyirdim ki, yer üzünün vaxtı ilə düz on il çalışdım ki, səninlə birlikdə yaşayam... sən bunu heç hiss eləməmisən?

ARVADI: Əzizim, axı... sən məni alanda... mən çiçək idim... və....

CONNİ: Yox, yox, məni düzgün başa düş! Deyirəm... çalışırdım ki, səninlə yaşayanda canlı olum...

ARVADI: Nə danışırsan, əzizim? Canlı olmaq ayıbdır!

CONNİ: Belə de... Yaxşı, məni sevirsən?

ARVADI: Əlbəttə, əzizim!

CONNİ: Bilirsən, məhəbbət nədir?

ARVADI: Əlbəttə bilmirəm, əzizim!

CONNİ: Özün bilirsən ki, sabah cəbhəyə gedirəm. Mənim müharibəyə getməyim səni heç kədərləndirmir?

ARVADI: Əlbəttə yox, əzizim! Əksinə...

CONNİ: Özüm də bilirəm ki, qəhrəmanam! Ancaq...

ARVADI: Vinetalı ölməzdir!

CONNİ: O mənə aid deyil. Bəs bilmirsən, sevən qadın ərinin müharibəyə getdiyini biləndə hansı hissləri keçirir?

ARVADI (çaşqın halda): Əzizim, deyəsən... nə vaxtlarsa... keçmişdə... bilirdim... Ancaq indi... unutmuşam...

CONNİ: Hə, unudubsan...





SƏKKİZİNCİ ŞƏKİL



Səngər. Conni və bir əsgər,

ƏSGƏR: Bizi heç vaxt unutmayacaqlar, dostum, çünki biz qəhrəmanıq.

CONNİ: Əlbəttə, əlbəttə! Məni başqa şey maraqlandırır... Bilirsən indi biz hara gedirik?

ƏSGƏR: Yox, dostum, bilmirəm. Ancaq indi şeypur çalınıb hücum əmri veriləcək...

CONNİ: Şübhəsiz ki, elədir. Sən gəl bircə sualıma cavab ver: bizim düşmənimiz kimdir?

ƏSGƏR: Ordakılar.

CONNİ: Axı ordakılar kimlərdir?

ƏSGƏR: Kimlərdir? Onlar... Ah, nə pis oldu... doğrudan da unutmuşam...

CONNİ: Hə, unudubsan...

Şeypur səslənir.





DOQQUZUNCU ŞƏKİL



Şəhər qapısı. Şəhər mirzəsi yenə həmin pəncərənin önündə oturub. Conni bir az da qocalıb.

ŞƏHƏR MİRZƏSİ: Aha, əziz qardaşım, çoxdandır görüşmürük... Görəsən nə münasibətlə uzun illərdən sonra yenidən belə bir şərəfə nail oldum?! Deməli sən o zəfər dolu müharibədə də ölmədin...

CONNİ: Xoşbəxtlikdən elədir.

ŞƏHƏR MİRZƏSİ: Hə, necə oldu, yaşaya bildin?

CONNİ: Allah xatirinə... Yox!

ŞƏHƏR MİRZƏSİ: Bir sözlə, əsl Vinetalısan!

CONNİ: Bu istehzanı özünə saxla! De görüm indi nə işlə məşğul olursan?

ŞƏHƏR MİRZƏSİ: Boş vaxtlarımda fəlsəfə ilə məşğul olmağa başlamışam. Elm adamları məni böyük mütəfəkkir hesab edir.

CONNİ: Belə de! Bura bax, cənab professor, sənin əgər sadə bir həqiqət, yəni həyat barədə düşünməyə ixtiyarın çatmırsa, onda nə barədə düşünə bilərsən? Özü də vəzifən əsas məsələni unutmaqdır...

ŞƏHƏR MİRZƏSİ: Çox məntiqli sualdır. Mən elə unutmaq barədə düşünürəm. Özüm də fəlsəfi bir məktəb yaratmışam. Özümüzü «Unutqanlar dəstəsi» adlandırmışıq. Buyurub mənim proqram xarakterli əsərimə də baxa bilərsən: «Unutqanlıq inkişaf etmiş sivil xalqların düşüncə tərzi kimi».

CONNİ (oxuyur): İnteqral qeyri-materialist, həqiqi mövcudluq haqqındakı metapsixopatik təlimlə silahlanmış metametafizik fenomenologiya bizi öyrədir ki... Bəh-bəh, fəlsəfəyə bax! Cümlənin axırına çatana qədər əvvəli yaddan çıxır...

ŞƏHƏR MİRZƏSİ: Əhsən! Mənim metodumun mahiyyəti də elə bundan ibarətlir. Deməli, başa düşdün...

CONNİ: Ay yaramaz!

ŞƏHƏR MİRZƏSİ: Bəs sən özün kimsən?

CONNİ: Mən? Mən bu gündən yaşamağa başlamışam! Gəldim ki, bunu sənə xəbər verim! Elə indicə senatda gözəl bir nitq irad elədim. Bütün Vineta bundan danışır.

ŞƏHƏR MİRZƏSİ: Dilənçilərin evsiz-eşiksizliyinə son qoyulması barədəki xahişini deyirsən?

CONNİ: Nə xahiş?! Tələbdir bu! Əməldir bu! İndi elə ilk dilənçilər qəsəbəsinin özül daşını qoymaqdan gəlirəm! Orda dedim: Hava! İşıq! Həyat! Camaat vəcdə gələrək ura çəkdi! Bu gündən...

ŞƏHƏR MİRZƏSİ: Yəni demək istəyirsən ki, dünəndən...

CONNİ: Nə dedin?

ŞƏHƏR MİRZƏSİ: Ya da srağagündən! Mənim əziz qardaşım, heç bilirsən senator olduğun gündən indiyəcən neçə belə təməd daşı qoyubsan?

CONNİ (özünü tamam itirir): Nə qədər? Bu gün birinci dəfə idi...

ŞƏHƏR MİRZƏSİ: Bəli, Vinetanın zaman ölçüsü ilə elədir. Ancaq şəhər kənarına çıxsan görərsən ki, neçə hektarlarla yer senator Conninin özül daşları ilə doldudur. Hamısı bir yerdə 1095 daş eləyir. Başqa zaman ölçüsü ilə, üç ildir ki, hər gün təzə bir özül daşı qoyursan. Hamisını da yeni eranın şərəfinə!

CONNİ: İlahi! Mən doğrudan da bunu...

ŞƏHƏR MİRZƏSİ: U... U... U...

CONNİ: Unutmuşam!

ŞƏHƏR MİRZƏSİ: Eh, mənim zavallı dostum! Axı o toy günündə dedim ki, ölülərin arasında sən heç vaxt diri qala bilməzsən. Düz deməmişəm?

CONNİ: Buna etirazım yoxdur, ancaq...

ŞƏHƏR MİRZƏSİ: Ancaq çalışdın ki, ölülərə həyat verəsən! Nə oldu, möcüzə baş verdi?

CONNİ: Bəsdir, mirzə!

ŞƏHƏR MİRZƏSİ: Nəticəsi nə oldu? Arvadın dirildi? Əsgər dostun dirildi? Evsiz-eşiksiz dilənçilər dirildi?

CONNİ: Sənin çox güclü məntiqin var, mirzə. Yalnız ölümün özü sənin qədər məntiqli ola bilər. Aancaq yenə də deyirəm: bütün bunlara baxmayaraq, mən...

ŞƏHƏR MİRZƏSİ: Buna vaxtın çatmayacaq!

CONNİ: Necə yəni?

ŞƏHƏR MİRZƏSİ: Düz deyirəm. Mənim qeydiyyat kitabıma düşənlərin arasında da sən müstəsnasan...

CONNİ: ? ? ?

ŞƏHƏR MİRZƏSİ (əlini onun üzünə çəkir): Bir özünə bax:qocalırsan...



ONUNCU ŞƏKİL



Məhbəs. Məhbus. Conni... Artıq qocalmışdır.

CONNİ: Mənimlə açıq danış. Mən senator Conam. Sənə kömək etmək istəyirəm. Kömək lazım deyil?

MƏHBUS: Xeyr, cənab senator.

CONNİ: Burda səninlə yaxşı rəftar edirlər?

MƏHBUS: Bəli, cənab senator.

CONNİ: Heç nədən şikayətin yoxdur?

MƏHBUS: Xeyr, cənab senator.

CONNİ: Qabağımda dimdik dayanma, otur! (Məhbus yerinədn tərpənmir. Conni əsəbiləşir) Dedim ki, otur!

MƏHBUS (çiyinlərini çəkərək): Oldu, cənab senator (oturur).

CONNİ: Nə cinayət törətmisən?

MƏHBUS: Bilmirəm, cənab senator.

CONNİ: Cəzan nə vaxt bitir?

MƏHBUS: Dünən, cənab senator.

CONNİ (xəyali bir keşikçiyə tərəf): Gözətçi! Bu kişi nə iş görüb ki? O nə vaxt azadlığa çıxacaq?

KEŞİKÇİNİN SƏSİ (əks-səda kimi səslənir): Bilmirəm... Dünən...

CONNİ (məhbusa): Adın nədir?

MƏHBUS: Unutmuşam...

KEŞİKÇİNİN SƏSİ (əks-səda ilə): Unutmuşam...

CONNİ: İndi bura nə üçün gəldiyimi deyim. Bu şəhər də gələndən bəri əbəs yerə həyat işartısı axtarmağa başladım. Heç yanda, heç kimdə tapa bilmədim... Nə kasıbında, nə də varlısında... Daha vaxtıma da çox qalmayıb. Birdən yadıma düşdü ki, mənim o cavan olduğum ölkədə heç kəs məhbuslar qədər həyatı sevməyib. Ona görə də sən mənim son ümidimsən. Mən səni azadlığa buraxıram (Məhbus susur). Eşidirsən? Sən azadsan!

MƏHBUS: Eşidirəm, cənab senator.

CONNİ: Təkrar elə: mən azadam!

MƏHBUS: Mən azadam!

KEŞİKÇİNİN SƏSİ: Azad...

CONNİ: Yaxşı, de görüm azadlıqda neyləyəcəksən?

MƏHBUS: Bilmirəm.

CONNİ: Bir az fikirləş. Gözləyənin yoxdur? Gedib onu öpəsən...

MƏHBUS: Xeyr!

CONNİ: Bəlkə hardasa bir düşmənin gözləyir səni? Elə bir adam var ki, sən indi gedib onunla haqq-hesabı çürüdəsən?

MƏHBUS: Xeyr, cənab senator.

CONNİ: İndisə mənə qulaq as! Başqa cür olan bir dünya da var. Orda gah gecə olur, gah gündüz, yaz gəlir, qış olur, yenə yaz gəlir... Gah tufan qopur, gah da günəş çıxır. Taxıl əkirlər, sonra da biçirlər... Özü də həmişə... İnsanlar doğulur, buğda kimi boy atır. Təbiətən narahat olduqları üçün sevirlər, nifrət edirlər, sonra qocalırlar, ölürlər. Nifrət etmək, sevmək, qocalmaq, ölmək üçün yeni-yeni insanlar yaranır. Bunun heç vaxt sonu olmur. Fikirləşirsən ki, bütün bunların nə mənası var?! Ən böyük məna da elə bunun özüdür: HƏYAT! Başa düşürsən?

MƏHBUS: Xeyr, cənab senator.

CONNİ: Bilirəm, bunu başa düşmək sənin üçün çətindir, ancaq hər halda, az da olsa, bunun həsrətini çəkirsən, elə deyilmi? Axı nə vaxtsa sən bu həyatı yaşayıbsan.

MƏHBUS: Bilmirəm... Bilmirəm...





Səs-küy eşidilir.

KEŞİKÇİNİN SƏSİ: Cənablar yoxlamağa gəlirlər.





Şən senator, arvadı, Lilie və şəhər mirzəsi gəlirlər.

LİLİE (anasına tərəf): Bilirsinizmi, əziz anam, o qəşəng, zərif müşavir xanım uzun ayrılıqdan sonra...

ŞƏN SENATORUN ARVADI: Bir bura bax! Nə gözəl kameradır!

ŞƏN SENATOR: Ha-ha-ha! Kimi görürəm?! Bizim əziz qaçqınımızı!

ŞƏHƏR MİRZƏSİ: Gənc senator Con türmə islahatları haqqında dünən edəcəyi məruzə üçün material toplayır.

ŞƏN SENATOR: O yenə də həmişəki kimi vicdanlıdır. Ha-ha-ha!

CONNİ (yorğun halda): Qulaq asın mənə...

LİLİE: Gör nə qəşəng məhbusdur!

CONNİ (bayaqkı kimi): Qulaq asın, ey Vineta sakinləri...

ŞƏN SENATOR: Sakit! Axmaq gənc senator Con nitqinə hazırdır. Ha-ha-ha!

CONNİ: Bilmirəm siz niyə belə həvəslə dərinliklərə çökürsünüz, heçliyə yuvarlanırsınız... Elə dərinliyə çökürsünüz ki, zavallı məhbusun da son həyat işartısı sönür...

ŞƏN SENATOR: Aha!

LİLİE: Con, bu nə deməkdir? Sənə bu gün nə olub?

CONNİ: Mən bircə şeyi bilirəm: bu mənim son şansımdır ki, özümü sizin aranızda yeganə canlı hesab edim. Lap son nəfəsim də olsa... Bu mənim son tənəzzülüm, əbədi məhvim də olsa...

ŞƏN SENATOR: Aha!

ŞƏN SENATOR ARVADI: Con, dəli olubsan, nədir?

CONNİ: Camaata həqiqəti demək üçün son şansımdır. Halbuki bu həqiqətin gizli qalmasına mən özüm də kömək etmişəm. Bəli, elədir! İndi mən bu həqiqəti hamıya deyəcəm və...

ŞƏN SENATOR: Cavan oğlan!

ŞƏHƏR MİRZƏSİ (kəskin tərzdə): Sus!

CONNİ (pəncərənin dəmir barmaqlıqlarına tərəf cumur): Bu anları mən yaşayacam! (Barmaqlıqları sındırır) Hamınız eşidin!

ŞƏHƏR MİRZƏSİ: Sus!

CONNİ: Ey mənim qeydiyyat kitabımda olanlar, eşidin! Vineta, sizin dünyanız... (şəhər mirzəsi ona tərəf atılır, ağzını yummaq istəyir)... Ölüb!

Bu sözdən sonra kənardakılar olduqları vəziyyətdə qalırlar. Conni ilə şəhər mirzəsi səssiz-səmirsiz tutaşırlar. Döyüş vaxtı Conninin arvadına toxunurlar. Qız sanki bu zərbədən özünə gəlir, onun dilindən rabitəsiz sözlər qopur. Həmin anda başqa ölülərin də dilindən ölü sözlər qopur. Conni ilə şəhər mirzəsinin döyüşünü mənasız, qarışıq bir səs-küy müşayət edir.

CONNİNİN ARVADI: Bilirsən o qəşəng, zərif müşavir xanım uzun ayrılıqdan sonra... Düz deyirəm, əzizim...

ŞƏN SENATORUN ARVADI (onunla birlikdə): Sən çiçəksən, qızım, bunu yadında saxla... bilmək olmaz...

ŞƏN SENATOR: Götürürsünüz? Ha-ha-ha... Çox gözəl, çox gözəl! İyirmi iyirmiyə! Ha-ha-ha...

MƏHBUS: Bəli, cənab senator! Bəli, cənab senator!

CONNİ: Burax məni, mirzə! Sən əcəlsən! Mən isə yaşamaq istəyirəm! Yaşamaq! Yaşamaq! Burax, mənə hava lazımdır! Hava! Hava! Hava! Hava!

Bu qarmaqarışıqlıqda kəskin zəng səsləri eşidilir.




ON BİRİNCİ ŞƏKİL



Birinci şəkildə olan meyxana. Conni təkdir.

CONNİ: Hə, Katrinxen, birdən gözlərimi açıram və görürəm ki, göyərtədə uzanmışam, bütün heyət də başıma yığışıb. «Urra, sağdır». Düz yarım saat əlləşirblər ki, məni özümə gətirsinlər. Məlum oldu ki, düz yarım saat ölümlə həyatın arasında çabalamışam. Hə, yarım saat... bəlkə də ədəbiyyətin özü qədər! Necə istəyirsən, elə də başa düş! Bilirsən, qızım, onda başa düşdüm ki, Vineta da, zəng səsləri də qarabasmadır. Ancaq çox fikirləşdim ki, bu tarixdən nəyi öyrənmək olar? Axırda bu qərara gəldim ki, dünyada Vineta adlı şəhər həqiqətdə olmayıb. Ancaq nə vaxtsa tufan qopsa, böyük bir müharibə başlasa, vəhşilik hər yanı başına götürsə, bütün dünya Vinetaya çevrilməyəcəkmi? (Katrin hiss olunmadan gəlib) Ancaq bütün bunlar mənim fantaziyamdır, elə deyilmi, qızım? Əgər fantaziya olmasaydı, çox pis olardı... Düz demirəm, qızım? Onda gərək biz var gücümüzlə çalışaq ki, bu tufan qopmasın. Özü də tələsmək lazımdır, çünki onun nə vaxt qopacağını heç kəs bilmir. Bəlkə də lap yaxındadır, bu iyrənc meyxananın qapısı ağzındadır... Bu qorxulu deyilmi, qızım?

KATRİN: Elədir, Conni! Sən haqlısan, Conni! O da çox alçaq adam imiş.

CONNİ: Kimi deyirsən?

KATRİN: İkinci otaqda yaşayan cənab Detyeni! Lap bitinin ətini yeyəndir... Lənətə gəlsin onu...

PƏRDƏ


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 737 Bölmə: Xarici Əsərlər
loading...