Mən qulluqçuyam, ancaq iş tapa bilmirəm. Bir az qorxağam, irəli soxulmağı bacarmıram. İrəli soxulmaq bir yana, başqaları ilə bir sırada da dayana bilmirəm, ancaq bu mənim işsiz qalmağımın yalnız bircə səbəbidir və bəlkə də bunun, ümumiyyətlə, işsizliyimə heç bir qarışacağı yoxdur, ancaq əsas məsələ odur ki, məni heç yerə çağırmırlar, halbuki başqaları çağırılıb, özü də onlar məndən çox müraciət etməyiblər və ya özləri çağırılmaq istəməyiblər, mən isə çağrılmağı, ən azı hərdən, lap çox istəmişəm.
Ona görə də qulluqçuların otağında uzanıram, tavandakı tirlərə baxıram, yuxuya gedirəm, ayılıram, təzədən bir də yatıram. Bəzən də yaxınlıqdakı meyxanaya gedirəm, ancaq verdikləri pivə yaman turş olur. Hərdən əsəbiləşib onu yerə tökürəm, ancaq sonra da təzəsini alıb içirəm. Orda oturmaqdan xoşum gəlir, çünki onun balaca, bağlı pəncərəsindən evimizin pəncərələrinə baxdığımı heç kəs görmür. Orda da çox şey görünmür, mənə elə gəlir, bu küçəyə baxan yalnız dəhlizlərin pəncərələridir. Özü də bu dəhlizlər ağaların qaldığı otaqların dəhlizləri deyil. Ancaq ola bilsin ki, səhv edirəm, bunu bir dəfə kimsə demişdi, özü də mən şoruşmamışdım, özü demişdi, evin ümumi görnüşü də bunu sübut edirdi. Pəncərələr nadir hallarda açılırdı, açan da qulluqçu olurdu, ona söykənib bir az küçəyə tamaşa edirdi. Deməli, elə dəhlizdir ki, onun küçəyə baxdığını heç kəs görmür. Yeri gəlmişkən, yuxarıda işləyən qulluqçuları tanımıram, onlar mən qalan otaqda yatmırlar.
Bir dəfə meyxanaya gələndə gördüm ki, yerimdə ayrı bir müştəri oturub. Qorxumdan kim olduğuna baxmadım, elə qapıdanca geri dönüb qayıtmaq istədim. Ancaq məni yanına çağırdı və belə məlum oldu ki, o da qulluqçudur, hardasa görmüşdüm, sadəcə olaraq, söhbətimiz olmamışdı.
- Niyə qaçırsan? Gəl otur, iç, pulunu özüm verəcəm.
Beləliklə, onun yanında oturdum. Bir neçə sual verdi, ancaq cavab ala bilmədi, çünki nə soruşduğunu başa düşmədim,ona görə də dedim:
- Yəqin indi məni dəvət etdiyinə peşman oldun. Elə isə, gedirəm...
Və ayağa durmaq istədim, ancaq o, əlini stolun üstündən uzadıb məni yerimdə oturtdu:
- Dayan! –dedi. – Bu yalnız imtahan idi. Kim suallara cavab verə bilmir, deməli, imtahandan keçmiş olur...
Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 171 Bölmə: Xarici Əsərlər