Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kavka Frans Qəribə Heyvan

Mənim çox qeyri-adi bir heyvanım var: yarısı pişikdir, yarısı quzu. Bu da atamdan qalan mirasın içindədir. Ancaq hər şey mənim vaxtımda baş verdi, əvvəllər onda quzuluq pişiklikdən çox idi. İndi quzuluq da çoxdur, pişiklik də. Başı, caynaqları pişiyindir, iriliyi, görünüşü isə quzunun. Parıldayan vəhşi gözləri, yumşaq, qisa tükləri, bir də yerişi – gah hoppana- hoppana, gah da sürünə-sürünə yeriməsi isə hər ikisinin... Pəncərənin gabağında özünü günə verəndə yumrulanır, mırıldayır, çəmənlikdəsə elə qaçır ki, çatmaq olmur. Pişik görəndə aradan çıxır, quzu görəndə isə üstünə atılır. Aylı gecələrdə novalçaya dırmaşmağı yaman xoşlayır. Miyoldaya bilmir, siçovuldan da qorxur. Saatlarla toyuq hininin yanında pusquda durur, ancaq indiyə kimi bircə cücə də boğmayıb.

Onu şirin südlə yemləyirəm, bunu yaman xoşlayır. Südü iri qurtumlarla vəhşi dişləri arasından içinə çəkir. Əlbəttə, bütün bunlar uşaqlar üçün əsl tamaşadır. Hər bazar günortaya gədər gəlib baxa bilərlər. Heyvanı qucağıma götürürəm və qonşuluqda olan bütün uşaqlar da başıma yığışır.

Həmin anda elə qəribə-qəribə suallar verilir ki, adam cavab da tapa bilmir: Niyə bu heyvan belədir, niyə bu heyvan yalnız məndədir, bundan əvvəl də belə heyvan olub, ya yox, bəs o öləndən sonra necə olacaq, heyvan tək darıxmır ki, niyə balası yoxdur, adı nədir və sair və ilaxır...

Özümə əziyyət verib cavab axtarmıram, heç nə demədən, heç bir izahat vermədən olanımı onlara göstərirəm. Uşaqlar bəzən özlərilə pişik gətirirlər, hətta bir dəfə iki quzu da gətirmişdilər. Ancaq gözlədikləri səhnə alınmadı: heyvanlar bir-birini tanımadı. Yalnız öz heyvan gözləri ilə bir-birinə baxdılar və yəqin ki bir-birini ilahinin yaratdığı varlıq kimi qəbul etdilər...

Qucağımda olanda, heyvan heç kimdən, heç nədən qorxmur, heç kimin də dalınca düşmək istəmir. Qoynuma sığınaraq xoşallanır. Özündə onu böyüdən ailəyə bağlılıq hiss edir. Bu hər hansı qeyri-adi bir sadiqlik deyil, əksinə, yer üzündə saysız-hesabsız həmcinsi ola-ola, bəlkə də heç birinə qan qohumluğu çatmayan bir heyvanın əsl istniktidir və bizim yanımızda tapdığı doğmalıq onun üçün müqəddəsdir.

Bəzən məni imsiləyəndə, ayaqlarıma sarılaraq məndən ayrılmaq istəməyəndə, gülməyim tutur. Həm quzu həm pişik olması ona bəs eləmir, az qala, it də olmaq istəyir. Bir dəfə nəsə işlərim düz gətirmirdi – belə şey hamının başına gələ bilər – çıxış yolu tapa bilmirdim , ona görə də hər şeyin başını buraxmaq istəyirdim və elə bu barədə düşünə-düşünə, heyvan da qucağımda, hörmə yelləncəkdə oturmuşdum. Təsadüfən aşağı baxanda gördüm ki, uzun saqqalından yaş süzülür. Görəsən mənim göz yaşlarım idi, yoxsa onun? Doğrudanmı sinəsində quzu ürəyi gəzdirən bu pişik həm də insanlar kimi şöhrətpərəst idi? Düzdür, mənə atamdan çox şey qalmayıb, ancaq bu mirasa söz ola bilməz!

Keçirdiyi həyəcan hissləri də iki cürdür və biri digərinə bənzəmir : həm pişik kimi həyəcanlanır, həm də quzu kimi... Buna görə də dərisi ona darlıq edir. Hərdən böyrümdəki kreslonun üstünə tullanır, qabaq ayaqlarını çiynimə qoyur, burnunu qulağıma söykəyir, sanki nəsə deyir və sonra da, sözün əsil mənasında, əyilərək üzümə baxır, elə bil dediklərinin təsirini yoxlayır. Xoşuna gəlmək üçün özümü elə göstərirəm ki, guya nəsə başa düşmüşəm və başımı tərpədirəm. O dəqiqə də yerə tullanır, atılıb-düşməyə başlayır.

Bəlkə də bir qəssab bıçağı onun əziyyətinə son qoya bilər, ancaq mənə miras qaldığı üçün buna yol vermərəm. Qoy gözləsin, nəfəsi nə vaxt öz-özünə dayanar, onda da xilas olar...Bəzən özü də insanlara xas olan ağıllı baxışlarını mənə dikir və demək istəyir ki, ağlın nə deyirsə, onu da elə...


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 198 Bölmə: Xarici Əsərlər
loading...