Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kavka Frans Blumfeld

Bir axşam yaşı ötmüş subay Blumfeld pillələrlə mənzilinə qalxırdı.Əziyyətli iş idi, çünki mənzili yeddinci mərtəbədəydi. Son vaxtlar pilləkənləri qalxa-qalxa fikirləşirdi ki, bu cür tənha həyat sürmək yaman çətin imiş: indi bu yeddi mərtəbəni heç kəsin gözünə görünmədən qalxmalıdir ki, bomboş mənzilinə çatsın, orda yenə heç kəsin gözünə görünmədən ev xalatını geyinsin. Qəlyanını yandırsın, neçə illərdən bəri abunə olduğu fransızca yurnalı bir az oxusun, oxuya-oxuya da özü hazırladığı gilas arağından qurtum-qurtum içsin və nəhayət yarım saatdan sonra yatmağa getsin, ancaq yorğan-döşəyə girməmişdən əvvəl onu qaydaya salmalı olsun, çünki söz təsir eləməyən quluqçusu onu kefi istədiyi kimi yığışdırmış olur. Ürəyindən keçirdi ki, kaş bu işləri görəndə kimsə onu kənardan müşahidə eləyəydi. Fikirləşmişdi ki, bəlkə özünə balaca bir it alsın. Bu cür hevanlar adətən şən və hər şeydən əvvəl də qədirbilən, sədaqətli olurlar. İş yoldaşlarından birinin belə iti var, sahibdən başqa heç kimlə getmir, onu gözündən bircə anlığa itirib, sonra da tapanda ucadan hürür, sanki bununla sahibini, öz fövqaladə xeyirxahını tapdığı üçün sevindiyini bildirir. Ancaq ümumiyyətdə götürəndə, itin də çatışmayan cəhətləri çoxdur. Nə qədər cins it olsa da, yenə otağı batıracaq. Bu qaçılmazdır, çünki onu hər dəfə içəri gətirəndə isti suda çimizdirmək mümkün deyil və heç səhhəti də buna yol verməz. Blumfeldin də pintilikdən zəhləsi gedir, təmizlik məsələsində güzəştə gedən deyil və hər həftə bir neçə dəfə təəssüf ki, bu məsələdə çox da dəqiq olmayan qulluqçusu ilə sözə gəlir. Qadın bir az ağır eşitdiyi üçün onun qolundan tutub darta-darta otağın çirkli qalmış yerinə aparır, ona göstərir. Elə bu ciddiliyinə görə də otağındakı səliqə-səhman istədiyinə müəyyən gədər uyğun gəlir. Bu evə it gətirilməsi o demək olardı ki, indiyəcən çox diqqətlə qorunduğu natəmizliyə könüllü surətdə yol açır. Burada itlərin əbədi yol yoldaşı birələr özlərinə yuva quracaq. Birənin düşməsi də o demək idi ki, Blumfeldin öz rahat otağını itə qoyub özünə başqa mənzil axtaracağı gün o qədər də uzaq deyil. Ancaq natəmizlik itlərin yalnız bircə çatışmayan cəhətidir. İtlər həm də xəstələnirlər və əslində, onların dərdindən başı çıxan da yoxdur. Elə olanda ya çəkilib bir küncdə oturur, ya da axsaya-axsaya gəzir, zingildəyir, öskürür, ağrıdan qıvrılır. Onu adyala bükürsən, süd verirsən, bir sözlə, qulluq eləyirsən ki, bəlkə boş şeydir, keçib gedər, ancaq sonradan məlum olur ki, ciddi, pis, yolxucu xəstəlikdir. Hətta heç xəstələnməsə də, nə vaxtsa qocalır, amma bu vəfalı heyvandan vaxtında ayrıla bilmirsən və sonra da elə bir zaman gəlib yetişir ki, öz qocalığın itin nəmli gözlərindən sənə baxır. Onda bu kor, bütün vaxtı ləhləyən, piy basdığı üçün tərpənə bilməyən heyvan adama əziyyət verir, sanki ona nə vaxtsa bəxş etdiyi sevincin əvəzini ikiqat geri alır. Yox, Blumfeldin it alamaq həvəsi indi nə qədər güclü olsa da, almayacaq, sonralar qocalmış iti özünə ağır yük eləməkdənsə, hələ otuz il də bu pilləkənləri tək qalxmağa razı olacaq. Hələ üstəlik də bu it yanınca pilləkənləri qalxanda, ondan bərk tövşüyəcək....

Deməli, Blumfeld tək qalacaq. Axı o qarımış qız deyil ki, yanında həmişə itaətkar bir canlı varlığın olmasını arzulasın, onu saxlasın, ona nəvaziş göstərsin, qulluğunda dursun və bu məqsədlə də gedib özünə ya pişik, ya sarı bülbül, ya da qızıl balıq alsın. Bunlar da olmasa, pəncərənin qabağına bir dibçək gül qoymaqla kifayətlənsin. Ancaq Blumfeld istəyir ki, yanında bir heyvan olsun, ona da çox əziyyət verməsin, yeri gələndə ona bir təpik də ilişdirsin, lazım gələndə küçədə saxlasın, Blumfeld istəyəndə də zingildəyə-zingildəyə, hoppana-hoppana yanına gəlsin, əlini yalasın. Blumfeld nəsə buna bənzər bir şey istəyir, ancaq bilir ki, bu ona çox baha başa gələcək, ona görə də bundan vaz keçir, eyni zamanda da dəqiq adam olduğu üçün hərdən, məsələn elə bu axşam yenə də o haqda düşünür.

Mənzilinin qapısına çatıb açarını çıxarmaq istəyəndə, içəridən eşitdiyi səs diqqətini cəlb edir. Qəribə, şappıltıya oxşayan bir səsdir, özü də çox canlı, ahəngdardır. Blumfeld indicə it barədə düşündüyü üçün bu səs ona dalbadal döşəməyə dəyən pəncə səsini xatırlatdı. Yox, pəncə şappıldamır, pəncə səsi deyil. Tələsik qapını açır, işığın düyməsini burur. Yox, belə şeyi heç gözləmirdi: bu ki lap sehribazlıq idi! İki sellüloid top parketin üstündə atılıb-düşür! Biri döşəməyə çatanda o biri göydə olur və yorulmadan beləcə oynaşırlar. Blumfeld bir dəfə gimnaziyada o məşhur elektrik təcrübəsi zamanı balaca kürəciklərin belə hoppanışdığını görmüşdü, ancaq bunlar nisbətən iri toplardır, otaqda hoppanışırlar və heç bir elektrik təcrübəsi aparılmır. Blumfeld onları yaxşı görmək üçün aşağı əyəlir. Adi toplar olduğuna şübhə yeri qalmır, yəqin ki hərəsinin də içində bir neçə balacası var və şappıldayan da elə onlardır. Blumfeld əlini havada o yan-bu yana gəzdirir ki, bəlkə sapla asılıblar. Yox, özləri hərəkət edir! Heyf ki Blumfeld uşaq deyil, yoxsa belə toplar onun üçün gözəl bir sürpriz olardı, halbuki indi bütün bunların hamısı ona pis təsir edir. Axı, heç kəsin diqqətini cəlb etmədən subay yaşamağın özü də o qədər mənasız deyil, indi də kimsə - fərqi yoxdur, kim olur olsun – bu sirrdən agah olub və ona belə gülməli toplar gündərib.

Toplardan birini tutmaq istəyir, ancaq ikisi də ondan aralanır, Blumfeldi arxalarınca bütün otağı dolandırırlar. Fikirləşir ki, bu topların arxasınca qaçmaq səfehlikdir, ona görə də dayanır və görür ki, daha arxalarınca qaçmadığı üçün toplar bayaqkı yerlərində dayanırlar. “Ancaq, hər halda, mən onları tutacam”,- deyə ürəyindən keçirən Blumfeld təzədən onlara tərəf cumur. Toplar da yenə qaçmağa başlayırlar və Blumfeld ayaqlarını aralayaraq onları evin küncündəki çamadana tərəf sıxışdırır, nəhayət birini tuta bilir. Balaca, soyuq bir topdur və onun əlində fırlanır, hiss olunur ki, sürüşüb düşməyə çalışır. O biri top sanki dostunun dara düşdüyünü hiss edərək bayaqkından da hündürə tullanır, Blumfeldin əlinə toxunur.

Özünü onun əlinə çırpır, daha tez-tez hoppanaraq çırpılır, qah bu tərəfdən gah o biri tərəfdən hücum edir, sonra topu bərk-bərk tutmuş ələ heç nə eləyə bilmədiyini görüb, lap hündürə tullanır, hiss olunur ki, Blumfeldin sifətinə çatmaq istəyir. Blumfeld istəsəydi o biri topu da tutub, ikisini də hardasa gizlədərdi, ancaq bu anda ona elə gəlir ki, iki balaca topa qarşı belə hərəkət etmək ona yaraşmaz. İndi iki belə topunun olması da maraqlı idi, yəqin ki bir azdan onlar da yorulacaq, diyirlənib dolabın altına girəcəklər, onu sakit buraxacaqlar. Belə qərara gəlməsinə baxmayaraq, Blumfeld bir növ qəzəblə əlindəki topu döşəməyə çırpır, ancaq möcüzəyə bax ki, bu nazik, bir üzündən o biri üzü görünən sellüloid qırılmır. Toplar həmin dəqiqə də bayaqkı yerlərinə qayıdırlar və elə bayaqkı tərzdə də hoppanıb-düşməyə başlayırlar.

Blumfeld sakitcə paltarını dəyişir, dolabdan asılmış paltarları qaydaya salır, adəti üzrə diqqətlə baxır ki, qulluqçu buraları səliqəyə salıb ya yox.. Bir-iki dəfə qanırılıb çiyinləri üzərindən toplara baxır və görür ki, indi toplar onun dalınca düşüblər, lap yaxınına gəliblər, arxasındaca atılıb-düşürlər. Blumfeld ev xalatını geyinir, üzbəüz divardakı stellajdan asılmış qəlyanlarından birini götürmək istəyir. Ancaq geri çevrilməmişdən əvvəl, qeyri-ixtiyari, ayağının arxası ilə toplara bir təpik atır, toplar isə vaxtında geri çəkildikləri üçün təpik onları tutmur. Qəlyanı götürməyə yollananda, toplar da həmin dəqiqə onun dalınca düşürlər, o çəkələklərini sürüyə-sürüyə, topuq çala-çala yeriyir, ancaq hər addım səsinə uyğun olaraq toplar da şappıltı ilə döşəməyə dəyirlər. Bulumfeld qəfildən geri dönür ki, görsün toplar indi neyləyəcəklər. Ancaq elə dönməyə başlayan kimi toplar havada qövs cızaraq onun arxa tərəfinə keçirlər, bir də dönür və hər şey yenidən təkrar olunur. İtaətkar müşahidəçilər kimi həmişə Blumfeldin arxasınca gedirlər. Görünür, əvvəlcə ona görə cəsarət edib onun garşısında dayanmışdılar ki, özlərini təqdim etsinlər, indi isə vəzifələrini icra etməyə başlamışdılar.

Blumfeld bu vaxta qədər hadisələrə nəzarət etməyə gücü çatmadığı bütün fövgəladə vəziyyətlərdə müvəqqəti bir vasitədən istifadə etmiş, yəni özünü elə göstərmişdi ki, guya heç nə görmür. Bu da çox vaxt kömək etmiş, əksər hallarda vəziyyət də, ən azı, yaxşılaşmışdı. İndi də belə eləyir, qəlyanlar asıldığı stellajın qarşısında dayanır, dodaqlarını sallayaraq onlardan birini seçib götürür, onu hazır saxladığı tütün kisəsinin içinə salıb tələsmədən yaxşı-yaxşı doldurur və arxasında özləri üçün hoppanışan toplara fikir vermir. Ancaq stola tərəf getməyə tərəddüd edir, çünki topların şappıltısı ilə öz addım səslərini eyni vaxtda eşitməyə, demək olar ki, dözə bilmir. Beləcə dayanıb mənasız yerə qəlyanı doldurmağa davam edir, onu stoldan ayıran məsafəni gözəyarı hesablayır. Nəhayət zəifliyinə qalib gəlir, həmin qısa məsafəni elə ağır addımlarla keçir ki, topların səsini eşitmir. Kresloya oturan kimi topların yenə də arxasında hoppanışdığını eşidir.

Stolun üzərində, divarın əlçatası bir yerində taxça, onun üstündə də ətrafına balaca qədəhlər düzülmüş bir şüşə gilas arağı var. Şüşənin yanında fransız jurnalının nömrələri qalaqlanıb. (Elə bu gün təzə nömrəsi gəlib və Blumfeld onu götürür. Arağı isə tamam unudur, ona elə gəlir ki, həmişə görməyə adət etdiyi işləri indi təsəlli xatirinə görür, əslində, oxumağa da elə çox həvəsi yoxdur. Adəti xilafına bu gün jurnalı bir-bir vərəqləmir, istənilən bir səhifəni açır və böyük bir şəkil görür. Özünü məcbur edib şəklə diqqətlə baxır. Burda Rusiya çarı ilə Fransa prezidentinin görüşü təsvir olunur. Görüş gəmidə keçirilir. Bu gəminin ətrafında sonsuzluğa gədər çoxlu gəmi var və onların buxarılarından qalxan tüstü aydın səmaya qarışıb yox olur. Hər ikisi – çar da, prezident də iti addımlarlara bir-birinə tərəf gəliblər və bu anda da bir-birinin əlini sıxırlar. Həm çarın, həm də prezidentin arxasında iki nəfər dayanıb. Çarın da, prezidentin də üzlərindəki mehribançılıq ifadəsinin əksinə olaraq, onları müşayət edənlər çox ciddi görkəmdə dayanmışdılar və hər qrupun da gözü öz hökmdarına dikilmişdi. Lap aşağıda – yəqin ki görüş gəminin üst göyərtəsində keçirilirdi - əlləri gicgahlarında olan matroslar düzülmüşdü və şəklin çərcivəsi də çoxunu kəsmişdi. Blumfeldin şəklə marağı tədricən artmağa başlayır, onu bir az özündən uzaq tutaraq, gözünü qıyıb baxır. Belə təntənəli səhnələri həmişə xoşlamışdı. Əsas şəxslərin bir-birinin əlini belə sadəliklə, səmimiyyətlə sıxmasını da həqiqət kimi qəbul edir. Eyni zamanda bu da həqiqətdir ki, müşayətçilər – yeri gəlmişkən, onlar da yüksək rürbəli şəxslərdir və adları da şəklin altında verilib – öz ciddi duruşları ilə bu tarixi anın necə ciddi olduğunu nümayiş etdirirdilər.)

Blumfeld özünə lazım olan şeyləri stellajdan götürmək əvəzinə, sakitcə oturub hələ də tüstülənən qəlyanına baxır. Elə bil pusquda dayanıb və qəflətən, heç gözlənilmədən donu açılır, bircə təkanla oturduğu kreslo ilə bərabər geri dönür. Ancaq toplar da sərvaxt dayanıblar və ya geyri-ixtiyari vəzifələrini yerinə yetirirlər, Blumfeld dönən kimi yerlərini dəyişirlər, onun arxasında gizlənirlər. İndi Blumfeld, əlində də sönmüş qəlyan, arxası stola tərəf oturub. Toplar isə stolun altında hoppanışırlar və orada xalça olduğu üçün səsləri zəif eşidilir. Bu isə onun xeyrinədir. Yalnız boğuq guppultular eşidilir və onları eşitmək üçün də çox diqqətli olmaq gərəkdir. Düzdür, Blumfeld səsə qarşı həssas olduğu üçün indi onu eşidir, ancaq yəqin ki indi belədir, bir azdan heç nə eşitməyəcək. Blumfeldə elə gəlir ki, xalçanın üstündə hoppanışarkən belə zəif hiss olunmaqları topların zəif yeridir. Onların altına bir - hələ yaxşı olar, iki xalça salsa, heç nə eləyə bilməyəcəklər. Özü də müəyyən müddətə qədər – axı, onların burda olması artıq nəsə deməkdir!

Blumfeldə it indi lazım olardı. Özü də cavan, yırtıcı bir it ki, topların axırına çıxardı. İtin onları necə pəncəsi altına aldığını təsəvvürünə gətirir: topları gabağına qatıb otaqda ordan-ora, burdan-bura qovur, axırda da dişinə salır... Ola bilsin ki, Blumfeld lap yaxınlarda özünə bir it alsın...

Ancaq toplar hələlik Blumfelddən qorxmalıdırlar və onun da indi onları partlatmaq həvəsi yoxdur, kim bilir, bəlkə də buna qətiyyəti çatmır. Axşamlar işdən yorğun qayıdır və indi ona sakitlik çox lazım olduğu bir vaxtda belə həngamə ilə üzləşir. Yenicə hiss edir ki, doğrudan da çox yorulub.Topları partlatmağına mütləq partladacaq, özü də lap tezliklə, ancaq indi onlara toxunmayacaq, bunu yəqin sabah edəcək. Bütün bunların hamısına əvvəlcədən düşünülməmiş bir olay kimi baxsan görərsən ki, toplar ozlərini kifayət qədər “təvazökar” aprırlar. Məsələn, istəsələr hərdən hoppana-hoppana irəli çıxardılar, özlərini göstərib təzədən yerlərinə qayıdardılar, ya da xalça səsi udduğuna görə bir az da hündürə tullanıb şappıltı ilə stola dəyərdilər. Ancaq bunların heç birini eləmirlər, Blumfeldi boş yerə özündən çıxarmırlar, hiss olunur ki, yalnız vacib olan hərəkətləri eləməklə kifayətlənirlər.

Yeri gəlmişkən, elə bu vacib hərəkətlər Blumfeldi stola yaxın gəlməyə qoymur. Orda bir neçə dəqiqə oturan kimi yatmağa getmək istəyir. Bunun bir səbəbi də ondadır ki, qəlyan çəkə bilmir, çünki kibrit tumbanın üstündə qalıb. Gərək gedib kibriti götürəydi və əgər tumbanın yanına gedirdisə, deməli , orda qalması daha yaxşı olardı və uzanıb yatardı. Həmin anda, ağlına gribə bir fikir də gəlir: yəni fikirləşir ki, toplar da kor-koranə şəkildə onun arxasınca düşəcəklər, çarpayının üstünə tullanacaqlar və Blumfeld də uzananda, istər-istəməz, onları əzməli olacaq. Onun fikrincə əzilmiş topun qalıqları tullana bilməzdi. Axı, qeyri-adi şeylərin özü də bütöv olmalı idi. Top bütöv olanda onsuz da tullanır, lap ara verə-verə də olsa tullanır, ancaq cırılandan sonra qalıqları heç vaxt tullana bilməz və deməli, indi də tullanmayacaqlar.

Bu fikir sanki onu şuxlaşdırır, “Haydı, getdik!” – deyə ayağa durur, toplar da arxasınca topuq çala-çala çarpayısına tərəf gedir. Deyəsən, fikirləşdiyi düz çıxır, qəsdlə çarpayıya lap yaxın dayanır və toplardan biri o dəqiqə çarpayının üstünə tullanır. Həmin anda gözlənilməz bir hadisə baş verir: ikinci top özünü çarpayının altına verir. Topların çarpayının altında da tullana bilməsi ehtimalı Blumfeldin heç ağlına gəlməmişdi. Toplardan birinə hirslənir, eyni zamanda da hiss edir ki, burda nəsə bir ədalətsizlik var, çünki çarpayının altındakı top çarpayının üstündəkinə nisbətən öz vəzifəsini bəlkə də daha yaxşı yerinə yetirəcək. Ancaq hər şey onların harda qərar tutacaqlarından asılı olacaq, çünki Blumfeld onların uzun zaman öz vəzifələrini ayrı-ayrılıqada yerinə yetirəcəklərinə inanmır. Və həmin anda aşağıdakı top doğrudan da çarpayının üstünə tullanır. “Aha, ilişdilər!” - deyə sevinclə ürəyindən keçirən Blumfeld özünü tez çarpayıya atmaq üçün xalatını sıyırıb çıxarır. Ancaq elə həmin anda da bayaqkı top hoppanıb çarpayının altına girir. Blumfeldin bütün ümidləri puça çıxır. Ola bilsin ki, yuxarını yoxlayırmış, bura da xoşuna gəlməyib. Axırda ikinci top da onun yanına gedir və məlum məsələdir ki, orda qalır, çünki aşağı daha yaxşıdır. “ Deməli, bütün gecəni tappa-trupa qulaq asacam!” – deyə Blumfeld ürəyindən keçirir, dodaqlarını çeynəyir, başını bulayır.

Blumfeld kədərlənir və əslində heç bilmir ki, toplar bu gecə onun başına hansı oyunu açacaqlar. Yuxusuna söz ola bilməz, zəif səsləri vecinə almaz. Buna tam əmin olmaq üçün bayaqkı təcrübəyə arxalanıb, onların altına iki xalça sərir. Görən deyərdi ki, balaca bir iti var, ona yumşaq yer düzəldir. Toplar da sanki yorulmuşdular, yuxulu idilər, bayaqkı kimi tez-tez hündürə tullana bilmirdilər. Blumfeld çarpayının yanında diz çöküb onun altını gecə lampası ilə işıqlandıranda hərdən ona elə gəlir ki, toplar həmişəlik bu xalçaların üstündə qalacaq, çünki

çox zəifləmişdilər, güclə o yan-bu yana diyiyrlənirdilər. Ancaq bir az sonra yenə də vəzifələrini yerinə yetirməyə başlayırlar. Kim bilir, bəlkə də Blumfeld sabah tezdən durub çarpayının altına baxanda iki sakit, gəşəng uşaq topu görəcək....

Ancaq deyəsən toplar səhərə qədər hoppanıb-düşməyə dözə bilməyəcəklər, çünki Blumfeld yerinə uzanandan sonra onların səsini eşitmir. Bütün diqqətini toplayaraq qulaq kəsilir, başını çarpayıdan aşağı uzadaraq onun altını dinşəyir, ancaq səs gəlmir. Yox, xalçalar onlara bu qədər təsir eləyə bilməzdilər. Topların sakitləşməsinin bircə izahı ola bilərdi: ya xalçalar yumşaq olduğuna görə möhkəm dayaq tapa bilmirlər və buna görə də hələlik hoppanmırlar, ya da – çox güman ki, elə budur – daha heç vaxt hoppanıb-düşməyəcəklər. Blumfeld istəsə durub baxardı, niyə belə olduğunu bilərdi, ancaq durmasa yaxşıdır, yenicə rahatlıq tapıb, öz baxışları ilə sakitləşmiş topları təzədən qıcıqlandırmaq lazım deyil. Hətta qəlyan çəkməkdən də vaz keçir, o biri böyrü üstə çevrilir və o dəqiqə də yuxuya gedir.

Ancaq bu rahatlıq çox çəkmir. Həmişə olduğu kimi yenə də yuxu görmür, ancaq çox narahat yatır. Dəfələrə ona elə gəlir ki, kimsə qapını döyür, diksinib ayılır. Ancaq onu da dəqiq bilir ki, qapı döyülmür. Axı, kim gecə vaxtı gəlib onun – subay bir adamın qapısını döyərdi?! Bunu dəqiq bilsə də, diksinib ayılır, həyəcan içində bir anlığa qapıya tərəf baxır, ağzını ayırır, gözlərini güclə açır, saçları tər basmış sifətinə dağılır. Neçə dəfə ayıldığını saymağa çalışır, ancaq alınan rəqəmlər onun ağlını başından çıxarır, təzədən yuxuya gedir. Ona elə gəlir, tıqqıltının hardan gəldiyini bilir: yox, qapıdan gəlmir, hardansa başqa yerdən gəlir, ancaq yuxulu olduğu üçün niyə belə düşündüyünü xatırlaya bilmir. Bircə onu bilir ki, o zəif zəhlətökən tıqqıltılar əvvəlcə bir yerə yığışır, sonra da bərk taqqıltıya çevrilirlər. Taqqıltı olmasaydı, o zəhlətökən zəif tıqqıltılara dözərdi, amma nədənsə daha gec idi, heç nə eləyə bilməzdi, gecikmişdi, indi deməyə sözü də yoxdur, ağzını da yalnız hərdən əsnəmək üçün açıb-yumur və buna qəzəblənərək başını yastığa döyür. Gecə bu minvalla keçib gedir.

Səhər tezdən qulluqçunun qapını döyməsinə ayılır, bu zəif tıqqıltını eşidən kimi dərindən nəfəs alaraq yüngülləşir – halbuki indiyə kimi qapının zəif döyüldüyündən, onu eşitmədiyindən şikayətlənmişdi – elə yenicə “Gəlin!” demək istəyir ki, başqa bir tıqqıltı səsi eşidilir. Zəif olsa da, bu tıqqıltıda nəsə bir canlılıq, amiranəlik var. Çarpayının altındakı toplardır. Ayılıblar, ondan fərqli olaraq bütün gecəni güc toplayıblar?! “Bu dəqiqə!” – deyə Blumfeld çarpayıdan düşür, ancaq bunu çox ehtiyatla edir, toplar yenə onun arxasında qalır, başını geri çevirirb onlara baxır, az qalır söyüş eləsin. Gecələr ağır yorğanları üstlərindən atan uşaqlar kimi toplar da bütün gecəni xalçaları yavaş-yavaş, az-az itələyib çarpayının altından o qədər sürüşdürmüşdülər ki, indi özləri quru parketin üstündə qalmışdılar və səs eləyirdilər. “ Haydı, xalçaların üstünə!” – Blumfeld gəzəblə dillənir və yalnız toplar xalçanın üstünə gayıdıb sakitləşəndən sonra qulluqçunu içəri çağırır. Və bu gombul, kütbeyin, yeriyəndə quru taxta kimi dümdüz dayanan qadın yeməyi stolun üstünə qoyub yalandan süfrənin ora-burasını düzəltdiyi anlarda Blumfeld əynində ev xalatı çarpayısının qabağında dayanır və topları çarpayının altında saxlamaq üçün yerindən tərpənmir. Qadının nəsə hiss eləyib-eləmədiyini bilmək üçün onu baxışları ilə izləyir. Yaxşı eşitmədiyindən onun nəsə hiss edəcəyi o qədər də ağılabatan deyil və Blumfeldə elə gəlir, qadın sanki hərdən yerində mıxlanıb qalır, gah da mebellərdən birinə söykənir, qaşlarını dartaraq ətrafı dinşəyir. Blumfeld fikirləşir ki, yəqin gecəni pis yatdığı üşün əsəbləri pozulub, ona elə görünür. Kaş qulluqçunu bir az tələsdirə biləydi, çünki bu gün həmişəkindən də ləng tərpənir, Blumfeldin paltarlarını, çəkmələrini özü ilə dəhlizə aparır, uzun müddət orda qalır, hərdən tək-tək şappıltı səsi gəlir, yəqin ki onun paltarlarını çırpır. Bütün bu vaxt ərzində Blumfeld çarpayısının üstündə oturub səbrlə gözləməlidir. Yerindən tərpənə bilməz, əgər topları ardınca çəkib aparmaq istəmirsə, isti-isti içməyi xoşladığı qəhvəsini də soyutmalıdır və pəncərinin salınmış pardələrinə baxmaqdan savayı əlindən heç nə gəlmir. Bayırda çıxan günəşin kədərli şüaları pərdənin arasından içəri süzülür. Qulluqçu nəhayət işini qurtarır, ona xoş bir gün diləyib getmək istəyir. Ancaq bayıra çıxmamaışdan əvvəl qapının ağzında dayanır, dodaqları tərpənir, uzun- uzadı Blumfeldə baxır. Blumfeld onu söhbətə tutmaq istəyəndəsə çıxıb gedir. Blumfeld az qala qanını açıb onun arxasınca qışqırmaq istəyir ki, o, çox səfeh, kütbeyin bir qarıdır. Sonra fikirləşir ki, qadının günahı yalnız ondadır ki, axmaq olduğu üçün heç nə hiss eləmədi, ancaq özünü elə göstərmək istədi ki, guya nəsə başa düşüb. Eh, fikirləri yaman dolaşıb! Özü də gecəni pis yatdığına görə! Pis yatdığına da xırdaca bir səbəb tapır ki, dünən axşam adət etdiyi işləri görmədi, qəlyan çəkmədi, araq içmədi. Axırda da fikirləşdiklərindən belə bir nəticə çıxarır ki, qəlyan çəkməyəndə, araq içməyəndə pis yatır.

Bu gündən özünə fikir verəcək və fikir verməyi də bununla başlayır ki, tumbanın üzərindən asılmış dərman qutusundan pambıq götürür, ondan iki çəngə qoparıb yumrulayır, qulaqlarına tıxayır. Sonra ayağa durub yoxlamaq məqsədilə bir addım atır. Toplar arxasınca gəlsələr də səsləri eşidilmir, qulaqlarına taxdığı pambığı bir az da qalınlaşdırandan sonra, ümumiyyətlə, heç nə eşitmir. Blumfeld bir neçə addım da atır, elə bir diqqətiçəkən narahatçılıq hiss eləmir. Hərəsi öz işindədir, Blumfeld də, toplar da... Bir-birinə bağlı olsalar da, biri digərinə mane olmur. Yalnız bicə dəfə Blumfeld qəfil geri dönəndə, topun biri çatdırıb vaxtında kənara tullana bilmir, onun dizinə toxunur. Bu, yeganə hadisə olur, özgə heç nə baş vermir, Blumfeld arxayınca qəhvəsini içir, aclıq hiss edir, sanki bu gecə yatmayıb, uzaq yol gedib. Soyuq su ilə yuyunur, əməlli-başlı sərinləşir və paltarını dəyişir. Hələ indiyıcən də pərdələri qaldırmayıb, ehtiyatlandığı üçün alaqaranlıq otaqda galmağı üstün tutur və istəmir ki, topları kimsə görsün. Artıq getməyə hazır olanda fikirləşir ki, küçəyə çıxanda birdən toplar da arxasınca gələrlər – ancaq buna inanmır – ona görə də nəsə eləmək lazımdır. Ağlına yaxşı bir fikir gəlir: iri paltar dolabının qapısını açıb arxasını ona tərəf çevirir. Amma toplar sanki onun niyyətini duyublar, dolabın içinə girmirlər, Blumfeldlə onun arasında qalmış boş yerdə dayanırlar, başqa yolları qalmayanda, bircə anlığa dolabın içinə tullanırlar və qaranlıqdan qorxaraq tez də geri sıçrayırlar, onları içəridə saxlamaq mümkün olmur, qarşılarına qoyulmuş vəzifənin əksinə olsa da, Blumfeldin böyründə durmağı üstün tuturlar. Lakin onların bu bicliyinin köməyi olmayacaq, çünki indi Blumfeld özü geri-geri dolabın içinə girir, bir az sola çəkilir və toplar da ora girməli olur. Beləliklə də taleləri həll olunur, dolabın döşəməsində çoxlu xırda-xuruş əşyalar – çəkmələr, qutular, balaca çamadanlar var, hamısı da səliqə-səhmanla yığılıb, - Blumfeldin bu səliqə-səhmana heyfi də gəlir – toplara tərpənməyə imkan vermirlər. Blumfeld, demək olar ki, qapıları örtüb və qəfil bir tullanışla bayıra çıxır - neçə illər idi ki, belə tullanmırdı – qapıları örtür, açarı fırladır, beləliklə toplar içəridə ağzı bağlı qalır. “ Bu da belə!” – deyə Blumfeld ürəyindən keçirir və üzünün tərini silir. Toplar dolabın içində bir hay-küy qoparırlar ki, gəl görəsən! Adama elə gəlir, bütün ümidləri üzülüb. Blumfeld isə, əksinə, çox razı qalır. Otaqdan çıxır və bomboş dəhliz də indi ona xoş gəlir. Pambığı qulaqlarından çıxarır, yenicə oyanmaqda olan binanın səs-küyü ona ləzzət eləyir. Çox tez olduğu üçün adam hələ azdır...

Girişdə qulluqçunun zirzəmidəki mənzilinin balaca qapısı qarşısında onun on yaşlı oğlu dayanmışdı. Elə bil anasının burnundan düşmüşdü, hətta o yaşlı qadının çirkinliyi də onun uşaq sifətindən yan keçməmişdi. Ayaqları əyri olan oğlan əlləri şalvarının cibində orda dayanıb fınxırır, boğazında zob olduğu üçün çətin nəfəs alır. Başqa vaxt oğlana rast gələndə bu “tamaşanı” görməmək üçün onun yanından iti addımlarla keçib gedir, ancaq bu gün, az qala, dayanmaq istəyir. Bu oğlanı həmin qadın dünyaya gətirsə də və o da əsil-nəcabətinin bütün əlamətlərini özündə cəmləşdirsə də, hər halda, hələlik uşaq idi, yekə başında hələ uşaq fikirləri dolaşırdı, onunla aydın danışsan, nəsə soruşsan, yəqin ki cingiltili, məsum bir səslə, hörmətlə cavab verəcək, hətta adam özünü məcbur edib onun başını tumarlaya da bilər. Blumfeld belə fikirləşsə də, onun yanından keçib gedir. Küçəyə çıxanda hiss edir ki, hava onun evdə fikirləşdiyindən də xoşdur. Səhər dumanı əriyir, mavi səmanın bəzi yerləri artıq görünməyə başlayır. Blumfeld toplara minnətdar olmalıdır ki, evdən bu gün həmişəkindən tez çıxıb, hətta stolun üstündəki səhər gəzetini oxumağı da unudub, ancaq hər halda xeyli vaxt udub, indi tələsməyə bilər. Qəribədir ki, onlardan ayrılandan sonra topları az qala unudur. Nə qədər ki arxasınca gəzirdilər, onları Blumfeldə aid olan əşyalar hesab etmək olardı. Özü də elə bir əşya ki, Blumfeld haqqında danışanda onlardan bu və ya digər dərəcədə istifadə etmək olardı, ancaq indi oyuncaq kimi evdəki dolabda atılıb qalmışdılar. Birdən ağlına gəlir ki, həmin toplardan öz təyinatları üzrə istifadə etməklə onları zərərsizləşdirmək olar. Oğlan hələ də qapının ağzında dayanıb, Blumfeld topları ona bağışlayacaq, özü də sözün əsil mənasında bağışlayacaq, geri almayacaq, bu da toplar üçün ölüm cəzası kimi bir şey olacaq. Lap sağ qalmalı olsalar da, oğlanın əlində dolabdakı toplar olmayacaqlar, bütün bina görəcək ki, oğlan onlarla oynayır, başqa uşaqlar da gəlib ona qoşulacaqlar və onda həmin topların da Blumfeldin əbədi yol yoldaşları deyil, adicə oyuncaqlar olduğu haqqındakı ümumi fikir bir daha öz təkzibolunmaz sübutunu tapacaq. Blumfeld yüyürə-yüyürə geri qayıdır. Oğlan yenicə evlərinə tərəf düşür, qapını açıb içəri girmək istəyir. Blumfeld indi gərək onu adı ilə çağırsın. Adı da özü kimi gülməlidir...

-Alfred! Alfred! - deyə qışqırır.

Oğlan çox tərəddüd edir.

- Bura gəl, - deyir Blumfeld. – Sənə bir şey verəcəm.

Üzbəüz qapıdan dalandarın iki balaca qızı bayıra çıxır, biri Blumfeldin sağında, biri də solunda dayanıb maraq içində ona baxırlar. Qızlar hər şeyi oğlandan tez başa düşürlər, ancaq bircə şeyi anlaya bilmirlər ki, o niyə tez gəlmir. Ona əl edirlər, eyni zamanda Blumfeldi də gözdən qoymurlar, ancaq Alfredi gözləyən hədiyyənin nə olduğunu əvvəlcədən tapa bilmirlər. Maraq onları rahat buraxmır, ayaqlarının birini götürüb o birini qoyurlar. Blumfeld qızların bu hərəkətinə də, oğlana da gülür. Oğlan, deyəsən, axır ki hər şeyi başa düşür, qamətini əymədən ağır addımlarla pillələri qalxır. Yerişi də lap anasının yerişidir. Yeri gəlmişkən, artıq o da qapıda görünür. Blumfeld ucadan danışır ki, quluqçu da eşitsin, lazım gələrsə, onun tapşırığının necə yerinə yetirildiyinə nəzarət etsin

- Yuxarıda, - deyir, - otaqda iki qəşəng top var. İstəyirsən onları sənə verim?

Oğlan ağzını büzür, nə edəcəyini bilmir, sualedici nəzərlərlə anasına baxır. Qızlar isə o dəqiqə Blumfeldin yan-yörəsində atılıb-düşməyə başlayırlar, xahiş edirlər ki, onlara versin.

- Siz də oynada bilərsiniz! - deyən Blumfeld oğlandan cavab gözləyir. Əlbəttə, topları elə həmin dəqiqə bu qızlara da bağışlaya bilərdi, ancaq ona elə gəlir ki, çox yelbeyindirlər, buna görə də oğlana daha çox etibar edir. Oğlan bu aralıqda bicə kəlmə də kəsmədən anasından məsləhət almışdı və Blumenfeld təzədən soruşanda başını yırğalayır.

- Elə isə diqqətlə qulaq as, - deyən Blumfeld hədiyyəsinə görə “sağ ol” eşitməyəcəyinə fikir vermir. - Otağın açarı ananda var, ondan alarsan, paltar dolabının açarını da özüm verirəm, toplar həmin dolabdadır. Sonra dolabın da, otağın da qapısını ehtiyatla bağlayarsan. Toplarla da nə istəsən edərsən, geri gaytarmazsan. Başa düşdün?

Təəssüf ki, oğlan heç nə başa düşməyib. Blumfeld istəmişdi ki, bu matı-mutu qurumuş məxluqa hər şeyi dəqiq başa salsın, bu məqsədlə də hamısını dəfələrlə təkrar etmişdi, gah açarlardan, gah otaqdan,gah da dolabdan danışmışdı, elə buna görə də oğlan indi ona xeyirxah bir adam kimi deyil, baş tovlayan kimi baxır. Qızlar isə hər şeyi o dəqiqə başa düşüblər, irəli soxulurlar, əllərini açara tərəf uzadırlar.

- Bir aman verin! – deyən Blumfeldin hamıya acığı tutur. Vaxt keçir, burda çox qala bilməz. Heç olmasa, qulluqçu deyəydi ki, onu başa düşüb, oğlu üçün dediklərinin hamısını eləyəcək. Ancaq bunun əvəzində hələ də qapının ağzında dayanıb, ağır eşidən adamlara xas bir əda ilə gülümsəyir və bəlkə də elə bilir ki, Blumfeld onun oğluna valeh olub, ondan vurma cədvəlini soruşur. Axı Blumfeld zirzəmiyə gedən pilləkənlə aşağı düşüb onun qulağına qışqıra bilməz ki, oğlu Allah eşqinə onun canını toplardan qurtarsın. Onsuz da güclə özünü məcbur edib paltar dolabının açarını bütün günü bu ailəyə etibar etmək qərarına gəlmişdi. Oğlanı özü ilə yuxarı aparıb topları ona vermək əvəzinə burda açarı təklif etməsi də özünə görə deyil. Axı belə də olmazdı ki, oğlanı yuxarı aparıb topları bağışlasın, sonra da əlindən alsın, çünki onlar Blumfelddən əl çəkməyib arxasınca düşəcəklər.

- Yenə başa düşmədin? – Blumfeld az qala kədərlə bir də soruşur, uşağın hələ də gözünü döydüyünü görüb, təzədən başladığı izahatını yarımçıq kəsir. Bu cür baxışların qarşısında heç eləmək olmaz! Bunlar adamı azdırardılar, onlardan yağan mənasız boşluğu ağılla doldurmaq üçün lazım olduğundan çox danışardın...

-Biz topları gətirib ona verərik! – deyə qızlar qışqırışırlar. Onlar bicdirlər, başa düşdülər ki, topları yalnız oğlanın vasitəsilə ələ keçirmək olar, eyni zamanda da həmin vasitəçiliyi özləri yaratmalıdır. Dalandarın evində saat zəng çalır, Blumfeldi tələsməyə səsləyir.

- Onda açarı alın, - deyir Blumfeld. Ancaq açarı özü verməyə macal tapmır, qızlar onu dartıb əlindən alırlar. Açarı oğlana vermiş olsaydı, tam arxayın gedə bilərdi.

- Otağın açarını qulluqçudan alarsınız, - Blumfeld əlavə edir, - topları götürəndən sonra açarların ikisinin də qulluqçuya verərsiniz.

-Oldu! Oldu! - Deyən qızlar pilləkənlə aşağı yüyürürlər. Onlar hər şeyi bilirlər! Bilmədikləri şey yoxdur və oğlanın bu qədər kütbeyin olması Blumfeldi sanki sehrlədi, indi özü də anlamır ki, qızlar onun dediklərinin hamısını necə başa düşə bildilər.

Onlar artıq aşağıda qulluqçunun ətəyini dartışdırırlar, ancaq bütün bunlar nə qədər cəzbedici olsa da, Blumfeld dayanıb onlara tamaşa edə bilməz ki, tapşırılan işi necə yerinə yetirirlər. Özü də təkcə ona görə yox ki, gecikir, həm də ona görə ki, toplar azadlığa çıxanda, burda olmaq istəmir. Hətta istəyir ki, qızlar qapıya çatanda, bir neçə küçə aralıda olsun. Axı, dəqəq bilmir ki, toplar onu görəndə nə edəcəklər. Beləliklə Blumfeld bu səhər ikinci dəfə küçəyə çıxır. Bundan əvvəl gulluqçunun elüzəri də olsa qızlara necə müqavimət göstərdiyini, əyriqıçlı oğlunun ona köməyə tələsdiyini görmüşdü. Blumfeld heç cür anlaya bilmir: necə olur ki, bu qulluqçu kimi adamlar dünyaya gəlirlər, sonra da doğub-törəyirlər?!

İşlədiyi alt paltarları fabrikinə gedən yolda Blumfeld tədricən hər şeyi unudaraq yalnız iş haqqında düşünür. Addımlarını yeyinlədir, oğlanın ucbatından xeyli ləngiməsinə baxmayaraq iş otağına birinci çatır. Bürosu şüşə divarlarla kəsilmiş bir otaqdır, içində də Blumfeld üçün bir yazı masası, ona təhkim olunmuş təcrübəçilər üçün iki stul-pult var. Sanki məktəblilər üçün hazırlanmış bu stul-pultlar nə qədər balaca, ensiz olsalar da, otaqda darısqallıqdır və təcrübəçilər həmin stullarda otura bilmirlər, çünki onda Blumfeldin kreslosuna yer qalmır, ona görə də bütün günü pultun arxasında ayaq üstə dayanmalı olurlar. Düzdür, təcrübəçilər narahat olurlar, ancaq eyni zamanda da Blumfeld onlara yaxşı nəzarət etməyə çətinlik çəkir. Bir də görürsən, ikisi də pulta sıxılıb, ancaq işləmək əvəzinə pıçıldaşırlar, ya da mürgü döyürlər. Blumfeld onlardan çox narazıdır, çünki ona tapşırılmış böyük işdə kifayat qədər kömək etmirlər. İşi də ondan ibarətdir ki, şəxsi evlərdə hazırlanan mallar da – bəzi incə malları adam tutub evlərdə tikdirirdilər – daxil olmaqla fabrikin mal və pul dövriyyəsini hesablasın. Bu işin həcminin nə dərəcədə böyük olduğunu təsəvvür etmək üçün ordakı işlərin hamısından yaxşı baş çıxarmaq lazımdır. Ancaq bir neçə il bundan əvvəl onun birbaşa rəisi öləndən sonra heç kim baş çıxara bilmir və Blumfeld də belə düşünür ki, daha heç kəs onun işi baradə fikir yürüdə bilməz. Məsələn, fabrikin sahibi cənab Ottomar Blumfeldin işindən narazı olduğunu gizlətmir, eyni zamanda onun iyirmi il ərzindəki xidmətlərini də danmır, ancaq bunu məcburiyyət qarşısında qaldığı üçün eləmir, əksinə, ona görə eləyir ki, Blumfeldə sədaqətli, etibarlı adam kimi hörmətlə yanaşır, lakin bununla belə, işini bəyənmir, hesab edir ki, bu işi lap sadə, hər cəhətdən əlveririşli şəkildə də qurmaq olar. Deyirlər, - özü də boş yerdən demirlər – guya Ottomar Blumfeldin şöbəsində ona görə az-az görünür ki, onun iş metodunu görüb əsəbiləşməsin. Əlbəttə, Blumfeld əməyinin bu cür qiymətlədirilməsinə kədərlənir, ancaq əlindən də heç nə gəlmir, çünki Ottomarı məcbur edə bilməz ki, bir ay fasiləsiz onun şöbəsində otursun, burda görülən müxtəlif çeşidli işlərin xüsusiyyətlərinə bələd olsun, özünün daha yaxşı hesab elədiyi metodları tətbiq etsin və bu metodların şöbəni necə uçuruma apardığını öz gözlərilə görəndən sonra Blumfeldin haqlı olduğuna inansın. Buna görə də Blumfeld indiyəcən necə işləmişdisə, eləcə də işləməyinə davam edir, xeyli vaxt keçəndən sonra Ottomar şöbəyə gələndə bir az narahat olur, tabeçilikdə olan bir adam kimi vəzifə borcunu yerinə yetirərək bu və ya digər məsələni elüzəri də olsa ona izah etməyə çalışır, o da sakitcə başını tərpədir, başını da qaldırmadan çıxıb gedir. Blumfeld qalan vaxtlarda işinin lazımınca qiymətləndirilməməsinə görə deyil, nə vaxtsa vəzifəsindən gedəndən sonra şöbədə həmin dəqiqə yaranacaq böyük qarmaqarışıqlığa görə narahat olur, çünki fabrikdə elə bir adam tanımır ki, onu əvəz eləyə, işini elə səviyyədə apara bilsin ki, fabrik heç olmasa ilk aylarda böyük itkilırdən qaça bilsin. Əgər şef kiminsə işini lazımınca qiymətləndirmirsə, orda işləyənlərin hamısı onu ötməyə çalışırlar. Ona görə də fabrikdə heç kim Blumfeldin işini qiymətləndirmir, heş kim nəyisə öyrənmək üçün onun şöbəsəndə işləmək istəmir, işə təzə adam götürüləndə də, heç kim Blumfeldin yanına öz xoşuna göndərilmir. Elə bunun nəticədir ki, Blumfeldin şöbəsində neçə illərdir , artım yoxdur. O vaxta gədər şöbədə yalnız bircə köməkçi ilə işləyən Blumfeld ona bir təcrübəçinin də verilməsi üçün həftələrlə amansız mübarizə aparmalı olmuşdu. Demək olar ki, hər gün Ottomarın kabinetinə getmiş, sakitcə, ətraflı şəkildə ona şöbəyə təcrübəçinin nə üçün vacib olduğunu başa salmağa çalışmışdı. Ona görə vacib deyildi ki, Blumfeldin özünə yazığı gəlir, yox, özünə görə demir, payına düşən işi artıqlaması ilə görür, getmək fikrində də deyil, amma cənab Ottomar nəzərə almalıdır ki, zaman keçdikcə fabrik inkişaf edib, buna uyğun olaraq şöbələr də böyüyüb, ancaq Blumfeldin şöbəsi həmişə unudulub. Halbuki şöbədə iş lap çoxalıb! Blumfeld bu vəzifəyə gələndə - yəqin ki cənab Ottomar o vaxtları xatırlamaz - təxminənən on toxucu işləyirdi, indi isə onların sayı əlli ilə altımış arasındadır. Bu iş üçün xeyli güc lazımdır, Blumfeld isə yalnız ona söz verə bilər ki, özünü bütövlükdə bu işə həsr eləsin, ancaq onun öhdəsindən tam gələ biləcəyinə bu gündən söz verə bilməz. Əlbəttə, cənab Ottomar Blumfeldin xahişini heç vaxt birbaşa rədd etməmişdi, bilirdi ki, köhnə işçiyə qarşı belə hərəkət etmək olmaz, ancaq onun sanki Blumfeldə qulaq asmaması, Blumfeld xahiş edərkən kiminləsə danışması, candərdi razılıq verməsi, bir neçə gündən sonra da hər şeyi unutması əməlli-başlı xətrinə dəymişdi. Yox, Blumfeld özü üçün çalışmır, o, fanatik deyil, şan-şöhrət, tanınmaq nə qədər şirin olsa da, Blumfeld onlarsız da keçinər və bütün bunlara baxmayaraq işində qalacaq, bacardıqca hər şeyə dözəcək, çünki haqlıdır və haqq da, bəzən lap gec də olsa, axırda tanınır. Beləliklə, Blumfeldə nəhayət iki təcrübəçi verildi. Özü də necə təcrübəçilər! Elə fikirləşmək olardı ki, Ottomar şöbədən xoşu gəlmədiyini təcrübəçi veməməklə deyil, məhz belə təcrübəçilər göndərməklə daha aydın şəkildə ifadə edib və Blumfeldi də bu vaxta gədər ona görə get-gələ salıb ki, məhz belə təcrübəçilər axtarırmış, ancaq məlum məsələ idi ki, tapa bilmirmiş. Blumfeld indi şikayətlənə də bilməzdı, çünki alacağı cavabı əvvəlcədən bilirdi: deyəcəkdilər ki, sən bir təcrübəçi istəyirdin, biz isə ikisini verdik. Ottomar hər şeyi çox ustalıqla düzüb-qoşmuşdu. Əlbəttə, Blumfeld buna baxmayaraq şikayətlənirdi və ona görə şikayətlənirdi ki, düşdüyü vəziyyət onu məcbur edirdi, yoxsa kimdənsə kömək gözləmirdi. Ancaq inadla şikayətlənmirdi, sadəcə olaraq, yeri gələndə ötəri şəkildə deyirdi. Buna baxmayaraq onu istəməyən həmkarlarının arasında belə bir şayə yayıldı: guya kimsə Ottomardan soruşub ki, Blumfeldə bu cür köməkçilər veriləndən sonra niyə şikayətlənir. Ottomar da cavında deyib ki, düzdür, Blumfeld hələ də şikayətlənir və buna da haqqı var. O, yəni Ottomar, nəhayət hər şeyi başa düşüb və ona hər toxucu üçün bir təcrübəçi – yəni altımış təcrübəçi göndərəcək. Bunlar bəs eləməsə, yenə də göndərəcək və onun şöbəsi dəlixanaya çevrilənə qədər göndərməkdə davam edəcək. Həmin dəlixananin əlamətləri də artıq neçə illərdir ki özünü orda göstərir. Düzdür, bu sözlərlə Ottomarın danışıq tərzini yaxşı yamsılamışdılar, ancaq Blumfeld əmin idi ki, Ottomar onun haqqında heç vaxt belə danışmaz. Bunlar hamısı ikinci mərtəbədə işləyənlərin uydurması idi , onlara heç fikir vermirdi. Ancaq kaş həmin təcrübəçilərə də beləcə fikir verməməyi bacaraydı! Ancaq təcrübəçilər vardı və onlardan da qaçmaq olmazdı. Solğun bənizli zəif uşaqlar idi. Sənədlərinə görə icbari təhsil yaşını adlamışdılar, ancaq baxan buna inanmazdı. Bəli, onları heç müəllimə də ümid etmək olmazdı, çünki lap ana uşağına oxşayırdılar. Düz-əməlli yeriyə də bilmirdilər və ən çox da ilk günlərdə bir az ayaq üstə galan kimi yorulurdular. O qədər zəif idilər ki, bir az gözdən qoyan kimi büzüşürdülər, bir küncə çəkilib ikiqat olurdular. Blumfeld onları başa salmağa çalışırdı ki, bu gedişlə özlərini ömürlük şikəst edəcəklər. Belə təcrübəçiləri iş dalınca göndərməyin özü böyük risq idi. Bir dəfə onlardan hansısa nəyisə iki-üç addım o yana aparmalı oldu və elə yıxıldı ki, dizi pulta dəyib yaralandı. Otaq toxucu qadınlarla, pultların üstü isə malla dolu idi, ancaq Blumfeld məcbur olub bütün işlərini yarımçıq qoydu, ağlayan təcrübəçini otağına aparıb yarasını sarıdı. Təcrübəçilərin nəsə etmək cəhdləri zahiri idi, hətta bəzən balaca uşaqlar kimi özlərini göstərmək istəyirdilər, ancaq əksər hallarda, özü də lap tez-tez müdirlərinin gözündən pərdə asmaq, onu aldatmaq istəyirdilər. Bir dəfə də işin qızğın vaxtında Blumfeld qan-tər içində harasa qaçanda gördü ki, ikisi də parça toplarının arasına girib poçt markası dəyişirlər. Onların hərəsinin təpəsinə bir yumruq ilişdirmək istədi – onların bu hərəkəti üçün ən yaxşı cəza olardı – ancaq fikirləşdi ki, uşaqdırlar və Blumfeld də uşaqları öldürə bilməz! Uşaqlar ona beləcə əzab verməkdə davam edirdilər. İlk günlər elə bilirdi ki, təcrübəçilər xüsusən malların bölüşdürülməsi zamanı çox böyük bir gərginliyin, sayıqlığın tələb olunduğu vaxtda ona kömək edəcəklər. Fikirləşirdi ki, özü təxminən pultun arxa tərəfində - ortada dayanacaq, hər şeyə nəzarət edəcək, təcrübəçilər onun göstərişi ilə qaça-qaça malları bölüşdürəcəklər, Blumfeld də qeydiyyatla məşğul olacaq. Bilirdi ki, onun nəzarəti nə qədər güclü olsa da, bu qarmaqarışıqlıqdan baş çıxarmağa kifayət etməyəcək, təcrübəçilərin diqqəti nəzarəti tamamlayacaq, özləri də tədricən təcrübə toplayacaq, hər xırda şey üçün oturub Blumfelddən göstəriş gözləməyəcəklər, axırda tikdikləri mala olan tələbata və nə dərəcədə etibarlı olduqlarına əsasən toxucuları bir-birindən fərqləndirəcəklər. Ancaq təcrübəçiləri belə görəndə bütün ümidləri boşa çıxdı. Blumfeld tezliklə anladı ki, onları toxucularla danışmağa qoymaq olmaz. Elə ilk günlərdən bəzi toxucuların yanına getmək istəmədilər, çünki ya qorxurdular, ya da xoşları gəlmirdi, ancaq hansılardan xoşları gəlirdi, düz qapıyacan qabaqlarına yüyürürdülər. Onların istədiklərini gətirirdilər, guya bir növ gizlincə verirdilər, halbiki bunlar toxuculara onsuz da verilməli idi. Xoşları gələn toxucular üçün parça kəsəiklərini, lazımsız şeyləri, bəzn də nəyəsə yaraya bilən qırıq-quqruqları boş rəflərdən birinə yığıb saxlayırdılar, onlar gələndə, Blumfeldin arxa tərəfinə keçib göz-qaş eləyirdilər, əvəzində konfet alırdılar. Əlbəttə, Blumfeld tezliklə bu biabırçılığa son qoydu, toxucular gələndə onları arakəsmənin o biri tərəfinə göndərdi. Uşaqlar uzun müddət bunu böyük bir ədalətsizlik hesab elədilər, inadkarlığa başladılar, qəsdən qələmuclarını sındırdılar, başlarını qaldırmağa cəsarət eləməsələr də, toxucuların diqqətini Blumfeldin onlara necə pis rəftar etdiyinə yönəltmək məqsədilə şüşələri tıqqıldatdılar..

Özlərinin elədikləri haqsızlığı isə başa düşmək istəmirlər. Məsələn, demək olar ki, hər gün işə gecikirlər. Ancaq onların rəhbəri Blumfeld lap gənc yaşlarından özünü işə ən azı yarım saat tez gəlməyə öyrəşdirib, bunu da şöhrət üçün, özünü işgüzar adam kimi göstərmək üçün eləmir, bir növ ləyaqət hissi Blumfeldi buna məcbur edir, çox vaxt da təcrübəçilərini bir saatdan artıq gözləməli olur. Adəti üzrə səhər yeməyi üçün götürdüyü kökəni yeyə-yeyə zaldakı pultun arxasına keçib toxucuların haqq-hesab dəftərçələrində qeydlər aparır. Tezliklə başı işə garışır və hər şeyi unudur. Qəflətən elə diksinir ki, əlindəki qələm bundan sonra da bir az titrəyir. Təcrübəçilərdən biri özünü içəri salır, adama elə gəlir, indicə yıxılacaq, bir əli ilə nədənsə tutub, o biri əlini də tövşüyən ürəyinin üstünə qoyur. Ancaq sən demə, bütün bunların hamısı vur-tut gecikdiyinə görə üzür istəmək imiş. Amma bu üzürxahlıq elə gülünc çıxır ki, Blumfeld özünü eşitməzliyə qoyur. Belə eləməsəydi, onda gərək oğlanı layiqincə əzişdirəydi. Onu bir anlığa süzür, sonra əlini uzadaraq arakəsməni göstərir, təzədən işə başlayır. Gözləmək olardı ki, təcrübəçi öz rəhbərinin bu xeyixahlığını başa düşəcək, iş yerinə tələsəcək. Ancaq yox, tələsmir, ayaqlarını oynadır, gah barmaqlarının ucuna qalxır, gah da dabanlarını cütləyir. Yoxsa rəhbərini ələ salır? Yox, bu da deyil. Yenə də qorxu qarışıq özündənrazılıq əlamətidir, adamın əl-qolunu bağlayır, heç nə eləyə bilmirsən. Buna başqa nə ad qoymaq olar ki, özü də bu gün adəti xilafına işə gec gəlib, xeyli gözləyəndən sonra – dəftərçələri yoxlamağa həvəsi yoxdur – indi oraları süpürən səfeh xidətçinin süpürgəsindən qalxan toz-torpağın arasından küçə ilə arxayın-arxayın gələn təcrübəçiləri görür. Gol-boyun gəlirlər, deyəsən vacib söhbətləri var və məlum məsələdir ki, danışdıqlarının işlə nəsə bir əmmalı bağlılığı var. Şüşə qapıya yaxınlaşdıca addımlarını daha da yavaşıdırlar . Biri nəhayət əlini dəstəyə uzadır, ancaq onu burmur, beləcə dayanıb söhbət edirlər, gülüşürlər.

- Cənablar üçün qapını açsan! – deyə Blumfeld əlini yellədərək xidmətçiyə qışqırır.

Ancaq təcrübəçilər içəri girəndə, Blumfeld onlara baş qoşmaq istəmir, salamlarını almayıb yazı stolunun arxasına keçir. Hesablamağa başlayır, hərdən də başını qaldırıb təcrübəçilərin nə işlə məşğul olduqlarını bilmək istəyir. Deyəsən, biri çox yorğundur, gözlərini ovuşdurur. Gödəkçəsini asanda, fürsətdən istifadə edib divara söykənir, bir az orda dayanır. Küçədə şux görünürdü, ancaq işə başlayacağı anda yoruldu! O biri təcrübəçi, əksinə, işləmək həvəsindədir. Amma bu həvəs başqa işədir. Məsələn, çoxdan arzulayır ki, buraları süpürsün. Ancaq bu elə işdir ki, onun icazəsi yoxdur, süpürmək xidmətçinin işidir. Əslində, Blumfeld təcrübəçinin buraları süpürməsinin əleyhinə deyil, qoy süpürsün, hər halda xidmətçidən pis süpürməz, ancaq süpürmək istəyirsə, xidmətçi bu işə başlamamışdan əvvəl gəlməlidir, daha fabrikin işini görməli olduğu halda, vaxtını buna sərf eləməməlidir. Əgər bu balaca oğlanın ağlı belə şeyləri kəsmirsə, onda heç olmasa, gözləri yaxşı görməyən, Ottomarın başqa bir şöbəyə deyil, məhz Blumfeldin şöbəsinə təhkim etdiyi, yalnız Allahın və bir də sahibkarın mərhəməti sayəsində hələ də yaşayan bu qoca xidmətçi insaflı olmalı, süpürgəni bircə anlığa ona verməli idi, əlindən heç nə gəlməyən oğlan da o dəqiqə həvəsdən düşərdi, kişinin dalınca düşüb yalvarardı ki, özü süpürsün. Ancaq deyəsən xidmətçi bu işdə özünün daha çox məsuliyyət sahibi olduğunu hiss edir, oğlan ona yaxınlaşmaq istəyəndə, titrəyən əlləri ilə süpürgədən daha bərk yapışır, işi dayandırır ki, bütün diqqətini cəmləyib süpürgəni əlində saxlaya bilsin. Təcrübəçi özünü guya nəyisə hesablayan kimi göstərən Blumfeldin qorxusundan süpürgəni dili ilə istəmir, əslində istəməyin xeyri də yoxdur, çünki ona nəyisə başa salmaq üçün bağırmaq lazımdır. Beləliklə təcrübəçi əvvəlcə xidmətçinin pencəyinin golunu dartışdırır. Əlbəttə, xidmətçi söhbətin nədən getdiyini bilir, qorxu içində təcrübəçiyə baxır, başını bulayır və süpürgəni özünə bir az da yaxın tutur, sanki bağrına basır. Təcrübəçi əlini geri çəkərək xahişə keçir. Düzdür, bilir ki, xahişlə bir şey alınmayacaq, sadəcə olaraq, məzələnir. Digər təcrübəçi bu olayı sakit bir gülüşlə izləyir və ona elə gəlir ki, inanılası olmasa da, Blumfeld heç nə eşitmir. Xahişin xidmətçiyə zərrə qədər də təsiri olmur, geri dönür ki, arxayınca işini görsün. Ancaq təcrübəçi sanki onun barmaqlarının ucunda fırlanıb yenə də qarşısında peyda olur, əllərini bir-birinə sürtərək yalvarıcı nəzərlərlə üzünə baxır, indi də bu tərəfdən xahişə başlayır. Xidtməçinin o tərəf-bu tərəfə dönməsi, təcrübəçinin də sanki onun barmaqları ucunda fırlanması dəfələrlə təkrar olunur. Axırda xidmətçi yolunun hər tərəfdən bağlandığını hiss edir və başa düşür ki, səhv eləyib: bir az sadəlövh olsaydı bilərdi ki, özü oğlandan tez yorulacaq. Ona görə də başqa yerdə kömək axtarır, barmağı ilə oğlanı hədələyir, Blumfeldi göstərir: yəni əl çəkməsə, ona şikayət edəcək. Təcrübəçi başa düşür ki, əgər süpürgəni ələ keçirmək istəyirsə, tələsməlidir və həyasızcasına ondan yapışır. O biri təcrübəçidən qopan qeyri-ixtiyari qışqırtı indi nə etmək lazım olduğundan xəbər verir. Düzdür, xidmətçi bu dəfə bir addım geri çəkilməklə süpürgəni xilas edir, ancaq təcrübəçi əl çəkmir, ağzını geniş açaraq gözləri parıldaya-parıldaya irəli atılır, xidmətçi qaçmaq istəyir, ancaq ayaqları titrəyir, tərpənə bilmir, təcrübəçi süpürgədən yapışır, ala bilməsə də, onu xidmətçinin əlindən yerə salır. Deyəsən, o heç təcrübəçiyə də qismət olmur, çünki süpürgə yerə düşən kimi üçü də donub qalır – təcrübəçilər də, xidmətçi də. Axı Blumfeld indi hər şeyi biləcək! Doğrudan da Blumfeld başını qaldırıb öz balaca pəncərəsindən baxır, sanki bütün bunlardan yenicə xəbər tutur, hər üçünü ciddi, sınayıcı nəzərlərlə bircə-bircə süzür, döşəməyə düşmüş süpürgə də gözündən qaçmır. Sanki sükut çox çəkir, sanki təcrübəçi özünün süpürmək həvəsini boğa bilmir, ehtiyatla aşağı əyilir, elə bil yerdəki süpürgə yox, heyvandır, onu götürür, döşəməyə çəkir, ancaq Blumfeld ayağa durub arakəsməyə tərəf gələndə, qorxusundan yerə tullayır.

- İkiniz də iş başına! Avaralandığınız bəsdir! – deyə qışqıran Blumfeld təcrübəçilərə pultu göstərir. Oğlanlar itaətkarlıqla iş yerlərinə tərəf gedirlər, ancaq Blumfeldin qarşısından keçəndə, utanıb-qızarmaq, başlarını aşağı salıb getmək əvəzinə, dönub onun gözünün içinə baxırlar, sanki bununla döyülməkdən qorunurlar. Ancaq öz təcrübələrindən bilməli idilər ki, Blumfeld heç vaxt heç kəsə əl qaldırmır. Axı onlar çox qorxaqdırlar və ağına-bozuna baxmadan həmişə gerçək və ya onlara gerçək kimi görünən hüquqlarını müdafiə etməyə çalışırlar...


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 699 Bölmə: Xarici Əsərlər
loading...