Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kavka Frans Yuva

Özümə yuva tikmişəm və deyəsən, yaxşı da alınıb. Əslində, çöl tərəfindən böyük bir oyuğa oxşayır, ancaq bu oyuq həqiqətdə heç yerə aparmır, bir-iki addım atan kimi, daş-qayaya dirənirsən. Bunula heç də biclik işlətdiyimə görə öyünmək istəmirəm, bu, əslində, dəfələrlə boşa çıxan yuva tikmək cəhdimin məhsulu idi və axırda mənə elə gəldi ki, bu oyuğun ağzını bağlamasam yaxşıdır. Düzdür, bəzi bicliklər o qədər mahir olur ki, bəlası öz başında çatlayır və mən bunu başqalarına nisbətən daha yaxşı bilirəm, ancaq elə bunun özü də böyük cəsarət tələb edir ki, bu cür oyuğun ağzını açıq saxlamaqla burada kiməsə qazıntı aparmağa imkan yaradasan, elə bilə ki, içərisində nəsə var. Kim fikirləşsə ki, bu yuvanı qorxudan tikmişəm, deməli, məni yaxşı tanımır. Çünki bu oyuqdan təxminən min addım aralıda yuvanın ağzı mamırla örtülmüş yolu var, özü də elə etibarlıdır ki, söz ola bilməz, ancaq, əlbəttə, kimsə bilmədən mamırın üstünə çıxar, yıxılar və onda da yuvanı görər, həvəsi olsa, - yeri gəlmişkən, bunu etmək üçün gərək, müəyyən mənada, xüsusi qabiliyyət sahibi olasan, - içəri cumar, hər şeyi darmadağın edər. Bunu yaxşı bilirəm və həyatım indi özünün zirvə nöqtəsinə çatsa da, bircə saatlığa olsa da, rahatlıq tapa bilmir, mamırın altındakı qaranlıqda son nəfəsini yaşayır. Tez-tez yuxuda görürüəm ki, nəsə burnunu irəli uzadıb acgözlüklə buraları imsiləyir. Deyə bilərlər ki, niyə bu oyuğun ağzını torpaqlamırsan. Düzdür, oraya yuxarısından bir nazik qat torpaq tökmək olardı və aşağıya da yumşaq torpaq səpərdim ki, qaçmaq üçün yol açanda, çətinlik çəkməyim. Ancaq bu mümkün deyil, ehtiyat tələb edir ki, tez qaçıb aradan çıxmaq imkanını saxlamaq lazımdır. Məhz ehtiyat tələb edir ki, həyatımla risqə gedim və təəssüf ki, bu da tez-tez olur. Bütün bunların hamısı ürəküzən hesablamalardır və iti zəka sahibi olmağın sevinci də bəzən adamı hesablamağa həvəsləndirir. Gərək tez qaçıb aradan çıxmaq imkanım həmişə qalsın, axı, nə qədər sərvaxt olsam da, kimsə, nəsə heç gözləmədiyim tərəfdən hücum çəkə bilər. Öz evimin içində qulağı dinc yaşayıram və elə bu anda da düşmənim asta-asta, səssiz-səmirsiz hansı tərəfdənsə yeri oya-oya mənə yaxınlaşır. Bununla heç də demək istəmirəm ki, o məndən həssasdır.

Bəlkə o da mənim haqqımda mən onun haqqında bildiyim qədər bilir. Ancaq elə həyasız yırtıcılar var ki, kor-koranə yeri qazırlar və mənim yuvam da çox böyük olduğundan, nə vaxtsa bura gəlib çıxacaqlarına ümid edirlər. Əlbəttə, mənim burda bir üstünlüyüm var ki, öz evimdəyəm, yolları, giriş-çıxışların səmtini yaxşı bilirəm. Həmin o yırtıcı çox asanca mənim ləzzətli şikarıma çevrilə bilər. Ancaq getdikcə qocalıram, indi çoxları məndən güclüdür, düşmənim də az deyil və elə də ola bilər ki, birinin əlindən qaçarkən o birinin əlinə düşərəm. Ah, belə şeylər o qədər olur ki! Ancaq, hər halda, əmin olmalıyam ki, hardasa tez çata biləcəyim açıq bir yol var. Aradan tez çıxmaq üçün elə bir yol ki, onu düzəltmək üçün çox işləməli olmuşam. Ancaq elə də olmasın ki, ümidsizlik içində haranısa qazıram, qoy lap yumşaq yer olsun və qəflətən – Allah özü məni bu bəladan hifz eləsin – düşmənin dişlərini ombamda hiss edirəm. Özü də məni hədələyən yalnız yerin üstündəki düşmənlərim deyil, belələri yerin altında da var. Onları hələ görməmişəm, ancaq barələrində çoxlu əfsanələr eşitmişəm və həmin əfsanələrə də çox inanıram. Hamısı da yerin altında yaşayan məxluqlardır, hətta əfsanələrin özü də onları düz-əməlli təsvir edə bilmir. Heç qurbanları da onların üzünü görməyib. Yaxınlaşanda, yerin altından caynaqlarının xırçıltısı eşidilir – bu da yalnız onların əlamətidir – və o dəqiqə də hər şey qurtarır. Həmin anda öz evində olmağın da xeyiri yoxdur, daha doğrusu, artıq onun evində olursan. Məni bu zaman heç o başqa yol da xilas eləyə bilməz – bəlkə də bu heç xilas yolu deyil - əksinə, axırıma çıxar, ancaq hər halda, ümiddir və mən də onsuz yaşaya bilmərəm. Bu böyük yoldan əlavə məni xarici aləmlə bir neçə dar, ancaq eyni zamanda da, təhlükəsiz yol da birləşdirir. Təmiz hava da içəri məhz bu yollarla gəlir. Həmin yolları çöl siçanları çəkib. Mən də böyük ustalıqla onları öz yuvamla birləşdirmişəm. Onlar mənə uzaqdan iyi duymaq üçün şərait yaradırlar və beləliklə də məni qoruyurlar. Həm də bu yollarla yanıma çoxlu xırda həşarat gəlir və mən də yuvamdan çıxmadan onları ovlayıb yeyirəm, bu da mənə yaşamağa bəs edir. Əlbəttə, belə şəraitə söz ola bilməz!

Ancaq yuvamın ən üstün cəhəti onun sakitliyidir. Əslində, bu sakitliyin özü də aldadıcıdır. Qəflətən pozula bilər və hər şey də qurtarıb gedər. Lakin bu sakitlik hələlik var. Saatlarla həmin dar yollarda sürünürəm, xırda bir həşaratın xışıltısından başqa səs-səmir eşidilmir və həmin dəqiqə də onu dişlərimin arasına alıb “sakitləşdirirəm”. Ya da haradansa torpaq tökülür və mənə deyir ki, oraya əl gəzdirmək lazımdır. Yoxsa sakitlikdir. Meşənin havası içəri dolur, həm isti olur, həm də sərin. Bəzən elə dəhlizdəcə uzanıram, ləzzətlə o tərəf-bu tərəfə çevrilirəm. Qocalığın səni haqladığı bir vaxtda belə bir yuvanın olması, payız girəndə daldalanmağa yer tapmaq çox gözəldir. Hər yüz metrdən bir dəlizləri genişləndirərək balaca, dəyirmi meydançalar düzəltmişəm və istədiyim kimi yumrulanıb özümü qızdıra, yata bilərəm. Orda şirin yuxu tapıram, çünki rahatam, heç bir istəyim qalmayıb, məqsədimə də çatıb, özümə ev qurmuşam. Bilmirəm, ya köhnədən qalma adətdir, ya da elə bu evdə də təhlükənin çox olmasındandır: tez-tez ayılıram. Tez-tez diksinərək dərin yuxudan ayılıram, gecə-gündüz burda hökm sürən lal sükutu dinşəyirəm, dinşəyirəm... və sakitləşərək gülümsəyirəm, gərginləşmiş əzələlərim boşalır, əvvəlkindən də dərin yuxuya gedirəm. Evsiz-eşiksiz galan, yollarda, meşələrdə gəzən, ən yaxşı halda yarpaqların altında, ya da yoldaşlarının arasında sığınacaq tapan, yerin-göyün qəzəbinə düçar olan zavallı sərgərdanlar! Mən isə burda, təhlükəsiz bir meydançada – beləsi yuvamda əllidən çoxdur - uzanıram, gah mürgü döyürəm, gah dərin yuxuya gedirəm, saatlar beləcə keçib gedir və həmin saatları da özüm seçirəm.

Yuvanın tən ortasında, lap təhlükəli anlar üçün hesablanmış əsas meydan var. Özü də bu meydan təqib üçün deyil, pusquya görə tikilib. Yuvada görülən bütün işlər bəlkə də çox gərgin zehni əməyin məhsulu olduğu halda, bu qala meydanı bədənimin bütün əzalarının ağırdan da ağır olan zəhmətinin nəticəsi idi. Bir neçə dəfə bərk yorulduğum üçün ümidsizliyə qapıldım, onu yarımçıq qoymaq istədim, yerimdə eşələnə-eşələnə lənət yağdırdım, sürünə-sürünə bayıra çıxdım, ağzını da açıq qoydum. Ona görə belə edirdim ki, bir daha bura qayıtmaq istəmirdim, ancaq bir neçə saat və ya gün keçəndən sonra peşman olub geri dönürdüm, onu qoyub getdiyim kimi tapanda, az qalırdı, şəninə bir mahnı oxuyam və sidq-ürəkdən sevinə-sevinə təzədən işə başlayırdım. Baş meydandakı iş həm də lazımsız olduğuna görə (ona görə lazımsız deyirəm ki, heç bir xeyri yox idi) çətinləşirdi, çünki onun üçün nəzərdə tutlan yerdə torpaq yumşaqdı, qumsal idi, ona görə də gərək möhkəmləndiriləydi ki, gözəl bir tağ qoymaq mümkün olaydı. Ancaq belə işi ərsəyə gətirmək üçün bircə alətim vardı ki, o da alnım idi. Beləliklə, gecə-gündüz yüz dəfə, min dəfə qaça-qaça gəlib torpağı kəllələyirdim və alnım qanayanda sevinirdim, çünki bu, bərk torpağa çıxdığımı göstərirdi. Yəqin özünüz də razılaşarsınınz ki, elə bu zəhmətimə görə baş meydan mənə halal idi.

Bu baş meydana ehtiyat azüqəmi, yuvanın içində ovladıqlarımdan artıq qalanı, eləcə də bayırdan ələ keçirib evə gətirdiklərimi yığıram. Meydan o qədər böyükdür ki, yarım illik ehtiyatım onu doldurmaz. Buna görə də onları seyrək-seyrək düzürəm, aralarında o yan-bu yana gəzişirəm, onlarla oynayıram, çox olduqlarından, hərəsindən bir çür iy gəldiyindən ləzzət alıram və nəyim olduğunu, nəyim olmadığını dəqiq bilirəm. İstəyəndə, ilin fəsillərinə uyğun olaraq, yerlərini dəyişirəm, gələcəyə nə lazım olduğunu, nədən nə qədər ovlayacağımı planlaşdırıram. Elə vaxtlar olur ki, heç nəyə ehtiyac hiss eləmədiyim üçün, ümumiyyətlə yemək istəmədiyimdən, yanımda xışıltı sala-sala ora-bura qaçışan xırda həşaratlara məhəl qoymuram, halbuki, bəzi məsələləri nəzərə alsaq, ehtiyatsızlığa yol verirəm. Müdafiə məsələlərilə çox məşğul olduğum üçün yuvadan hansı məqsədlə istifadə edəcəyim haqqındakı niyyətlərim tez-tez dəyişir, inkişaf edir. Ancaq elə köklü dəyişiklər olmur. Onda bəzən mənə elə gəlir ki, bütün müdafiə istehkamlarını yalnız baş meydanda qurmağın özü də təhlükəlidir, axı yuvanın rəngarəngliyi cürbəcür imkanlar yaradır və ehtiyat üçün bura yığdıqlarımı paylaşdırsam, bəzilərini balaca meydançalara yığsam yaxşıdır. Məsələn, hər üçüncü meydançanı eytiyat yığım meydançası eləyərəm və ya hər dördüncü meydaçanı əsas, hər ikincini də köməkçi yığım yeri eləmək olar və sair və ilaxır. Ya da, ümumiyyətlə, düşməni azdırmaq üçün yolların bəzilərinə ehtiyatlardan yığar, onları tamam kəsər və ya baş meydana yaxın-uzaqlığından asılı olaraq, bir neçəsini seçərəm. Ancaq hər yeni plan da nəyisə harasa aparmaq kimi ağır bir iş tələb edir, gərək hər şeyi təzədən hesablayam, şeyləri ora-bura daşıyam. Əlbəttə, bütün bunları tələsmədən, yavaş-yavaş eləmək olar və dadlı şeyləri ağzına alıb aparmaq, istədiyin zaman istədiyin yerdə dincini almaq, xoşun gələnlərdən ləzzətlə yemək o qədər də pis məşğuliyyət deyil. Pis odur ki, hərdən diksinib yuxudan ayılanda mənə elə gəlir, həmin şeylərin indiki yığımı başdan-ayağa səhvdir, böyük təhlükələr yarada bilər, yuxulu, yorğun olmağıma baxmayaraq düz yığmalıyam. Onda tələsirəm, onda sanki uçuram, onda hesablamağa vaxtım qalmır. Təzə, özü də dəqiq bir planı yerinə yetirməli olduğum üçün, gözümə nə sataşırsa, dişimə alıb aparıram, sürüyürəm, ah çəkirəm, zarıyıram, büdrəyirəm və yalnız mənə ən çox təhlükəli görünən şeyin yerini dəyişəndən sonra rahatlıq tapıram. Tamam ayılandan, ağlım özümə gələndən sonra başa düşürəm ki, tələsmişəm və özüm rahatlığını pozduğum sakit yuvamda dərindən nəfəs alıram, bayaq yatdığım yerə qayıdıram, təzədən yorulduğum üçün o dəqiqə yuxuya gedirəm, ayılanda, mənə hələ də yuxu kimi görünən kecəki işimin sübutu olaraq dişlərimə ilişib qalmış siçovul cəmdəyini görürəm. Sonra yenə elə bir zaman gəlir ki, bütün ehtiyatları bir yerə yığmaq mənə ən yaxşı variant kimi görünür. Ehtiyatları balaca meydançalara yığmağın nə xeyiri?! Ümumiyyətlə, ora nə qədər şey yığmaq olardı ki?! Müdafiə olunmaq üçün qaçanda mənə mane olmazdımı?! Bundan əlavə, nə qədər səfeh görünsə də, həqiqət idi ki, ehtiyat üçün yığdıqlarının hamısını bir yerdə görməyəndə, bircə dəfə baxmaqla nəyə sahib olduğunu bilməyəndə, ürəkli olmursan. Onları səpələyəndə, hansısa itməzdimi?! Axı mən yorğalaya-yorğalaya ordan-ora, burdan bura geçib yoxlaya bilməzdim ki, hər şey yerindədir, ya yox! Əslində, ehtiyatların bölünməsi yaxşı fikirdir, ancaq özünü o vaxt doğruldar ki, baş meydana oxşayan çoxlu meydançalar olsun. Bəli, çoxlu belə meydança! Bəs necə! Yaxşı, bəs bu meydançaları kim tiksin? Əslində, mənim indiki yuvamda onları tikmək də mümkün deyil. Gərək bunu da boynuma alam ki, yuvanın tikilişində səhvə yol verilib. Ümumiyyətlə, nədənsə bircə nüsxə olanda, orda mütləq səhv tapılır. Və mən də boynuma alıram ki, yuvanı tikərkən bütün vaxt beynimdə, nə qədər dumanlı olsa da, hər halda, anlaşılan bir fikir dolaşırdı: hətta ürəyimdən çoxlu belə baş meydanda yaşamaq keçsə də, onu eləyə bilməzdim, çünki özümü belə bir böyük iş üçün zəif hesab edirdim. Bəli, özümü belə bir işin vacibliyinə inandırmaq üçün zəif idim və dumanlı şəkildə özümə təsəlli verirdim ki, indiki vəziyyətimdə bəzi çatışmazlıqları, müstəsna hal kimi, mərhəmət göstərib mənə bağışlamaq olar, çünki divarı möhkəmləndirmək üçün çəkic kimi ona döyəclədiyim alnımı saxlamaq xatirinə biri bəs eləyirdi. Beləliklə, bircə meydan qalası tikdim və onun nə vaxtsa bəs eləməyəcəyi haqqındakı dumanlı fikirlərim də öz-özünə itib getdi. Hər necə olsa da, bununla kifayətlənməliyəm, çünki balaca meydançalar onu əvəz eləyə bilməz və bu fikir beynimdə möhkəmlənən kimi, hər şeyi təzədən geri daşıyıram. Bir neçə gün bunun özü də təsəlli olur ki, bütün meydançalar, yollar açıq qalır, baş meydan ətlə, sür-sümüklə dolur, cürbəcür iylər çıxış yollarına qədər hər tərəfi bürüyür, hərəsi də mənə bir cür ləzzət eləyir, hamısını da bir-birindən lap uzaqdan seçirəm. Belə anlardan sonra adətən dinclik dövrü başlayır, yataq yerimi içərilərə tərəf gətirirəm və beləliklə də iy-qoxuya o qədər yaxınlaşıram ki, daha dözə bilmirəm, gecələrin birində baş meydana cumuram, eytiyatların arasından ən xoşuma gələnləri seçirəm, gözüm doyana qədər yeyirəm, sonra da yerimdən tərpənə bilmirəm. Bu anlar xoşbəxt anlar olsa da, təhlükəli idilər. Kim bu anlardan istifadə edə bilsəydi, özünə heç bir xətər yetirmədən lap asanca axırıma çıxardı. Belə vaxtlarda ikinci və ya üçüncü mydanın olmamsı özünü göstərir, çünki bu qədər yeməyin bir yerdə olması məni yolumdan azdırır. Müxtəlif üsullarla özümü onlardan qorumağa çalışıram və eytiyatların balaca meydançalara paylanması da elə həmin üsullardan biridir, ancaq təəssüf ki, o da başqaları kimi məni daha da acgözləşdirir, özümü saxlaya bilmirəm və bu acgözlük ağlıma güc gəlir, mənim müdafiə planlarımdan öz məqsədləri üçün istifadə etməyə başlayır.

Adətən belə anlardan sonra özümü toplayıb yuvamı yoxlayıram, lazımi təmir işlərini aparandan sonra, lap qısa müddətə olsa da, onu tərk edirəm. Uzaqlaşmaqla onu cəzalandırmağım sonra özümə də amansızlıq kimi görünür, ancaq hərdən aralanmağın vacibliyini də başa düşürəm. Hər dəfə çıxış qapısına yaxınlaşdıqca, özümdə nəsə bir xoş ovqat hiss edirəm. Ev şəraitində yaşayanda isə ona yaxınlaşmıram, hətta ora gedən yoldan, yolayrıclarından da istifadə etmirəm. Əslində, oralarda fırlanmağın özü də asan deyil, çünki çoxlu dolanbac yolları, giriş-çıxışları var. Yuva elə ordan başlayırdı və onda heç inanmazdım ki, onu nəzərdə tutduğum şəkildə tikib qurtara biləcəm. İşə elə o küncdən, özü də zarafatla başladım və elə orda da bu cür bir labirint yaratmaq bacarığımın ilk sevincini daddım, elə bildim, yaratdığım bütün tikililərin şahıdır, halbuki bu gün onu, hətta nəzəri cəhətdən bəlkə qiymətli olsa da, yəqin ki yuvanın özünə layiq olmayan balaca bir quraması hesab edərdim. “Bax, bu mənim evimin qapısıdır!” – bu sözləri rişxəndlə gözəgörünməz düşmənlərimə dedim və onların artıq bu labirintdə necə boğulduqlarını görməyə başladım. Həqiqətdə isə divarları napnazik olan bir oyuncaqdır, ciddi hücum olsa, həyatı uğrunda əbəs yerə mübarizə aparan düşmənlərimdən biri ona toxunsa, tab gətirməz. Buna görə həmin hissəni təzədən tikim? Qəti qərara gəlməyə tərəddüd edirəm və yəqin ki, olduğu kimi də qalacaq. Bu işin necə ağır olacağını bir tərəfə qoyaq, axı, ona başlamağın özü son dərəcə təhlükəlidir. O vaxt yuvanı tikməyə başlayanda, nisbətən sakit bir şəraitdə işləyə bilirdim, risqin özü də elə böyük deyildi, ancaq bu gün bütün dünyanın diqqətini bura çəkmək deməkdir, ona görə də indi mümkün deyil. İlk əl işimə belə həssaslıqla yanaşmağım özümə də, müəyyən mənada, xoş gəlir. Digər tərəfdən də, hər hansı bir ciddi hücum olarsa, girişin hansı yamaq hissəsi məni xilas edə bilər? Giriş qapısı düşməni çaşdırar, azdırar, incidər və lazım gələrsə, bütün bunları indiki vəziyyətində də eləyə bilər. Ancaq məlum məsəldir ki, hər hansı bir ciddi hücumun qarşısını almaq üçün yuvanın bütün imkanlarından, bədənimin, ağlımın bütün gücündən istifadə etməliyəm. Belə olan halda, giriş qapısı olduğu kimi qala bilər. Onsuz da təbiət bu yuvaya çoxlu çatışmazlıqlar “bəxş edib”, qoy sonradan bilinsə də, çox aydın görünən bir çatışmazlıq da mənim əllərimin “məhsulu olsun”. Əlbəttə, bununla heç də demək istəmirəm ki, bu səhv hərdən və ya bəlkə də həmişə məni narahat etmir. Adətim üzrə buralarda gəzişərkən ən çox ona görə yuvanın bu hissəsindən gen qaçıram ki, oraya baxmaqdan xoşum gəlmir, çünki bu səhv ağlımı başımdan çıxarır. Bu səhv girişin yuxarısında olsaydı, mən də uzaqbaşı onu görməzdim. Yönüm çıxış qapısına tərəf düşəndə, oranı məndən hələ xeyli yolların, meydançaların ayırmasına baxmayaraq, özümü böyük bir təhlükə qarşısında hiss edirəm, sanki dərim nazilir, elə bil soyulur, yalnız quru cəmdəyim qalır və düşmənim də o dəqiqə ulaya-ulaya mənə “xoş gəldin” – deyir. Əlbəttə, belə hissləri çıxış qapısının özü yaradır, çünki adamı bütün təhlükələrdən qoruyan doğma ocaq burda sona çatır, ancaq məni ən çox narahat edən buranın həm də giriş qapısı olmasıdır. Hərdən yuxumda görürəm ki, onu söküb yenidən tikmişəm, tamamilə dəyişmişəm, hamısını da bircə gecənin içində eləmişəm, heç kəs də görməyib, alınmaz qalaya çevrilib. Bütün bunların baş verdiyi yuxu bütün yuxuların ən şirini olur və ayılanda görürəm ki, bığlarımdan sevinc dolu göz yaşları süzülür.

Bayıra çıxarkən bu labirintin əzablarını özüm də bütün bədənimdə hiss edirəm və həm əsbiləşir, həm də riqqətə gəlirəm ki, əlimlə tikdiyim evimdə özüm də bir anlığa çaşıram, bu “sənət əsəri” sanki bununla öz mövcudluğuna bir daha haqq qazandırmaq istəyir, halbuki mən qərarımı çoxdan vermişəm. Sonra mamır örtüyün altına çatıram. Hərdən uzun müddət yuvadan çıxmıram və mamıra imkan yardıram ki, meşədəki otlara qarışsın. İndi də başımı ona toxundurmaq bəs eləyir, həmin dəqiqə bayırda oluram. Ancaq başımı ona azacıq toxundurmağa xeyli tərəddüd edirəm və əgər təzədən o labirintə düşəsi olmasaydım, bəlkə də bu gün fikrimdən daşınardım, geri qayıdardım. Necə? Axı sənin yuvan təhlükəsizdir, özünə qapılıb qalıb. Qulağı dinc, isti yer, yemək də bol, əsil ağasan, özün də çoxlu yolların, meydançaların yeganə ağasısan və çox güman ki, bunları qurban verməzsən, ancaq hər halda, nədənsə keçməlisən. Düzdür, onu nə vaxtsa geri qaytaracağına ümid edirsən və bunu bilə-bilə də böyük, özü də çox böyük bir oyuna gedirsən? Məgər bunun üçün elə bir ağılabatan əsasın var? Yox, belə şeyin heç bir ağılabatan əsası ola bilməz! Beləliklə də qapı əvəzi olan çimi eytiyatla qaldırıram və artıq bayırdayam. Sonra onu ehmalca yerinə qoyuram və bu satqın yerdən bacardıqca tez uzaqlaşıram.

Ancaq, əslində, özümü azadlıqda hiss eləmirəm, halbuki indi o dar yollarda sürünmürəm, əksinə, açıq meşədə ov axtarıram, özümdə yeni bir güc hiss edirəm. Elə bir güc ki, yuva, hətta lap on dəfə böyük də olsa, baş meydanın özü də ona darlıq edərdi. Ov nə qədər çətin olsa da, çox nadir halda uğurlu alınsa da, bayırdakı yeməyin dadı ayrı idi və hər necə olsa da, nəticənin əsas olduğunu inkar etmirəm, hamısını başa düşürəm, ən azı, başqaları qədər bundan ləzzət alıram. Bəlkə də başqaları ilə müqayisədə, daha çox ləzzət alıram, çünki mən hər hansı bir sərgərdan kimi səfehlikdən, ümidsizlikdən deyil, məqsədli şəkildə, sakitcə ov edirəm. Əslində, mən bu dünyaya azadlıqda yaşamaq üçün gəlməmişəm, əksinə, özüm də bilirəm ki, vaxtım o qədər də çox deyil, burda ov etməyin də sonu var, nə vaxtsa özüm istəyəndə, ya da bu həyatdan yorulanda, kimsə məni öz qoynuna səsləyəcək və mən də bu çağırışa qarşı dura bilməyəcəm. Deməli, burada keçirdiyim anlardan ləzzət ala bilərəm, qayğısız yaşayaram, daha doğrusu, bilərdim, ancaq bacarmıram. Bütün fikrim-zikrim yuvanın yanındadır. Bayaq girişdən tez-tələsik aralanmışdım, ancaq tezliklə də geri qayıdıram. Gizlənmək üçün yaxşı bir yer tapıram, yuvanın girəcəyini pusuram. Bu dəfə bayırdan göz qoyuram, özü də bir neçə gün gecə-gündüz... Səfehlik kimi görünsə də, mənə sevinc bəxş edir, məni sakitləşdirir. Onda elə bilirəm ki, yuvamın yanında deyil, öz qarşımda dayanmışam və sanki yatıram, xoşbəxtlikdən, eyni zamanda həm dərin yuxuya gedirəm, həm də bütün hərəkətlərimə nəzarət edə bilirəm. Mənə, müəyyən mənada, elə bir qabiliyyət də verilib ki, gecələr gəzişən kabuslara yalnız köməksiz qaldığım sadəlövh yuxularda deyil, tamam ayılandan sonra hər şeyə ayıq nəzərlərlə baxmağı bacardığım anlarda da rast gəlirəm.Və mənə elə gəlir ki, qəribə də olsa, hərdən inandığım, bəlkə də hələ uzun müddət inanacağım kimi, yuvama düşəndə, halım o qədər də pis olmur. Bu baxımdan, bəlkə də başqa səbəbdən, ancaq daha çox birinciyə görə belə gəzintilər, doğrudan da, vacibdir. Əlbəttə, girişi nə gədər uzaq, sakit bir yerdə seçmiş olsam da, bir həftəlik müşahidələr göstərdi ki, burda da gediş-gəliş xeyli çoxdur, ancaq ola bilsin, bütün yaşayış yerləri belə basırıqdır və bəlkə də tək-tənha qalıb hansı bir düşməninsə qurbanına çevrilməkdənsə, bu axına qarışmaq daha yaxşıdır, çünki böyük olduğuna görə səni qoynuna alıb harasa aparacaq. Ancaq burda çoxlu düşmənlər və özlərindən də çox onlarla əlbir olanlar var, ancaq hamısı bir-biri ilə döyüşür, döyüşə-döyüşə də yuvamın yanından keçib gedirlər. Pusquda durduğum vaxt ərzində həm mənim, həm də onun xoşbəxtliyindən, heç kəs bu girişə fikir vermədi, nəsə hiss eləmədi, yoxsa yuvamın bilindiyindən qorxar, ağlım başımdan çıxar, onun üstünə atılıb boğazından yapışardım. Əlbəttə, elə bir sürü var ki, onlara yaxın getməyə cəsarətim çatmır, uzaqdan görən kimi qaçıram. Mənim yuvam haqqında nə fikirləşdikləri barədə də dəqiq heç nə deyə bilmərəm, ancaq tezliklə qayıdıb onlardan heç kəsi görməməyim, eləcə də giriş qapısının sağ-salamat yerində olması sakitləşmək üçün kifayət edir. Elə xoşbəxt günlərim olurdu ki, hətta az qala, öz-özümə deyirdim: bəlkə də dünyanın mənə qarşı düşmənçiliyi qurtarıb. Və ya özümü sakitləşdirirdim ki, yuvanın qüdrəti canımı indiyəcən qorxduğum ölüm-dirim mübarizəsindən qurtarıb. Bu yuva məni bəlkə də gözlədiyimdən, onun içində olarkən ağlıma gələnlərdən yaxşı qoruyur. Hətta iş o dərəcəyə çatırdı ki, bəzən uşaqlıq eləyib oraya qayıtmaq istəmirdim, fikirləşirdim ki, elə burdaca özümə bir yer düzəldim, ömrümü giriş qapısını müşahidə etməklə başa vurum, onu gözdən qoymayım və sevinim ki, içəridə olsam, yuvam məni lap yaxşı qoruya bilər. Ancaq uşaq xəyalları tez əriyib yox olur. Axı mən burda dayanıb hansı təhlükəni müşahidə edirəm? Məgər yuvada olarkən məni hansı təhlükənin gözlədiyini bayırda topladığım təcrübəyə əsasən müəyyənləşdirə bilərəm? Görəsən düşmənlərim yuvada olmadığımı doğrudanmı duya bilirlər? Əlbəttə, nəsə duyurlar, ancaq hər şeyi yox! Bəs hər şeyin hiss olunması böyük bir təhlükənin olması demək deyildimi? Deməli, mənim burda fikirləşdiklərimin hamısı özümü sakitləşdirmək və bu yalançı sakitliklə də daha böyük təhlükə qarşısında qalmaq üçün imiş! Yox, mən heç də fikirləşdiyim kimi, müşahidə etmirəm, əksinə, düşmənim oyaq olanda yatıram. O bəlkə də heç nəyə fikir vermədən giriş qapısının yanından keçənlərin arasındadır. Onlar da mənim kimi əmin olurlar ki, qapı sağ-salamatdır, onların hücumunu gözləyir və ona görə hücum etmirlər ki, onun sahibinin içəridə olmadığını bilirlər. Bəlkə elə onu da bilirlər ki, heç nədən xəbərsiz yaxınlıqdakı kolluqda gizlənib onları güdürəm. Belə olan halda müşahidə məntəqəsindən çıxıram, bayırdakı həyatdan doyuram və mənə elə gəlir ki, burda nə indi, nə də sonralar heç nə öyrənə bilmərəm. İstəyirəm ki, bayırla biryolluq vidalaşıb yuvama düşəm, bir də geri dönməyəm, hər şeyi öz axarına buraxam, bu mənasız müşahidələrimlə onları saxlamayam. Ancaq yuvamın giriş qapısının ağzında gördüklərim məni əməlli-başlı ərköyünləşdirib və indi kiminsə diqqətini cəlb eləyə-eləyə təzədən aşağı enmək barədə fikirləşəndə, mamırlı qapını yuvanın ağzına qoyandan sonra bayırda baş verənlərdən xəbərim olmayacağını təsəvvürümə gətirəndə, çox əzab çəkirəm. Tufanlı gecələrdə ələ keçirdiyim qənimətləri bir-birinin ardınca içəri tullayıram, bunun alınıb-alınmadığını özüm aşağı düşəndən sonra bilirəm. Kiminsə məni qabaqladığını başa düşəndə də gec olur. Ona görə də bu fikirdən vaz keçib aşağı düşmürəm. Əsil yuvadan bir qədər aralıda yeri özüm boyda qazıram, ora girib, ağzına mamırlı çim qoyuram, səbrlə gözləyirəm, günün müxxtəlif saatlarında gah tələsə-tələsə, gah da asta-asta haqq-hesab aparıram, sonra çimi qaldırıb bayıra çıxıram, müşahidələrimi “qeydiyyatdan keçirirəm”. Hər cür həyat təcrübəsi toplayıram, yaxşısı da olur, pisi də, ancaq aşağı düşməyin ümumi prinsiplərini və ya mükəmməl üsulunu hələ də tapa bilmirəm. Buna görə də heç vaxt əsas girişdən içəri düşməmişəm və qorxuram ki, nə vaxtsa düşəsi olacam. Təzədən geri qayıdıb o köhnə, ağrılı-acılı həyatı yaşamaq fikrindən o qədər də uzaq deyiləm, halbuki bu həyat etibarlı deyil, başdan ayağa təhlükədir, heç biri də digərindən fərqlənmir və elə buna görə də yuvamdakı etibarlı həyatı başqa həyatla müqayisə edəndə görürəm ki, hər hansı bir təhlükə ayrılıqda bu qədər bilinməzdi, qorxulu olmazdı. Əlbəttə, belə bir qərara gəlmək lap səfehlik olardı və onu yaradan da mənasız bir azadlıqda uzun müddət yaşamağım idi. Ancaq o yuva mənim idi və iki-üç addım atan kimi təhlükəsiz yerdə ola bilərdim. Nəhayət, bütün şübhə-tərəddüdlərin daşını ataraq günün günorta çağı yuvanın qapısına tərəf qaçıram ki, onun ağzındakı çimi qötürüm, ancaq bilirəm ki, götürmək olmaz, onun yanından keçib, cəzamı almaq üçün özümü qəsdlə qaratikan kolluğuna vururam. Eləmədiyim bir günah üçün özümü cəzalandırıram. Axırda da öz-özümə deyirəm ki, çox düz elədim, doğrudan da aşağı düşməklə mənə ən əziz olan bir sirri, lap bircə anlığa da olsa, ətrafdakıların hamısına – ağaclara, torpağa, havaya satmış olardım. Özü də bu təhlükə uydurma deyil, gerçək idi. Bəlkə də bununla həvəsə salacağım heç də əsil düşmənim yox, balaca, zavallı ya da iyrənc bir məxluq olacaqdı: maraq xatirinə arxamca gələrdi, özü ilə bütün dünyanı yığıb gətirərdi. Bu da olmasa, başqası – bundan da pisi, hətta lap betəri olacaq. Bəlkə də yuvadan yaxşı başı çıxan, onun qədrini bilən həmcinslərimdən biri olacaq. Ya da elə meşədəki sərgərdan, səfeh, qulağı dinc yaşamaq, ancaq özünə əziyyət verib yuva tikmək istəməyən “qardaş”larımdan biri... Əgər onlardan biri indi gəlsəydi, əgər öz iyrənc tamahkarlığı ilə giriş qapısnı iyləyib-çüyləyib tapsaydı, əgər üstü mamırlı çimi qaldırmaq istəsəydi, əgər qaldıra bilsəydi, əgər mənə yem olmaq üçün aşağı düşsəydi və mən də onun yarıdan çoxunun içəridə olduğunu görsəydim, bəli, bütün bunların hamısı olsaydı, heç nəyi vecimə almayıb, arxasınca cumardım, onu paça-parça, didik-didik eləyərdim, qanını sorardım, cəmdəyini də sürüyə-sürüyə o biri qənimətlərin yanına aparardım, hər şeydən əvvəl də - bu, əsas məsələ idi – təzədən yuvama qayıtmış olardım, bu dəfə hətta içəridəki labirintdən də ləzzət alardım, qayıdıb mamırlı çimi yerinə qoymaq şərtilə ömrümün bütün qalan hissəsini burda qulağı dinc yaşayardım. Ancaq heç kəs gəlmir, fikirləşdiklərim özümə qalır. Bu çətinliklər məni o qədər məşğul edir ki, qorxu hissini tamam itirirəm, daha giriş qapısından gen gəzmirəm, onun ətrafında dolanmaq sevimli məşğuliyyətimə çevrilir, sanki elə özüm düşmənəm, içəri soxulmaq üçün əlverişli fürsət gözləyirəm. Kiməsə etibar edə bilsəydim, onu müşahidə məntəqəmə qoyardım, arxayınca aşağı düşərdim. Etibar elədiyimlə razılaşardım ki, mən aşağı düşəndə, eləcə də xeyli sonra buralara yaxşı-yaxşı göz qoysun, təhlükə hiss eləsə, çimi tərpətsin, qalan vaxtı ona toxunmasın. Beləliklə, bayırla haqq-hesabı çürütmüş olurdım, heç nədən çəkinəcəyim qalmazdı, uzaqbaşı etibar elədiyim qalardı. Yaxşı, tutaq ki bunu havayı eləyir, bəs, heç olmsa, yuvaya baxmaq istəməyəcəkmi? Elə bunun özü, yəni kimisə öz xoşuma yuvaya buraxməq, mənim üçün son dərəcə ağır olardı. Axı, bu yuvanı qonaq üçün deyil, özümə tikmişəm və mənə elə gəlir, onu da içəri buraxmaram. Lap mənim üçün yuvaya qayıtmağa şərait yaratsa da, buraxmaram! Əslində, onu içəri buraxmaq olmazdı, çünki buraxası olsam, tək buraxmalı idim – bu da ağıla sığan şey deyildi. Ya da ikimiz də bir yerdə düşməli idik və onda da mənə eləmək istədiyi yaxşılıq, yəni bayıra göz qoymaq alınmırdı. Ümumiyyətlə, kiməsə etibar etmək olarmı? Yaxşı, tutaq ki, kiminsə gözünün içinə baxıb etibar edirəm, bəs onu görməyəndə, aramızda üstü mamırlı çim olanda etibar etmək olarmı? Kiməsə nəzarət edəndə və ya edə biləndə, ona etibar etmək nisbətən asan olur, hətta kiməsə uzaqdan nəzarət etmək də mümkündür, ancaq özün yuvanın içində, yəni başqa bir dünyada ola-ola bayırda kiməsə hər şeyi etibar etmək , mənə elə gəlir ki, mümkün olan iş deyil. Əslində, bu şübhə-tərəddüdlər də heç lazım deyil, sadəcə olaraq onu bilmək kifayətdir ki, mən yuvaya düşən anda və ya düşəndən sonra həyatın min cür təsadüfü etibar elədiyim kəsə öz vəzifəsini yerinə yetirməyə imkan verəcək ya yox? Yaxud kimsə ona, lap az da olsa, maneçilik törətsə, başıma nələr gələ bilər? Yox, bütün bunları götür-qoy edəndən sonra görürəm ki, tənhalıqdan, etibar eləməyə heç kəsim olmadığından şikayətlənməyə haqqım yoxdur. Bununla heç bir üstünlüyümdən mərhum olmuram, əksinə, bəlkə də ziyandan qaçıram. Mən yalnız özümə və yuvaya bel bağlaya bilərəm. Gərək bunları o vaxt fikərləşəydim, indi məni narahat edən məsələlərə görə əvvəlcədən tədbir tökəydim. Yuvanı tikməyə başlayanda, ən azı, bunlardan bəzilərini eləmək olardı. Gərək əsas qapını elə qoyaydım ki, bir-birindən aralı iki girişi olaydı: çətin anlarda biri ilə aşğı düşər, yerin altı ilə o birisinə qədər qaçar, əvvəlcədən onun ağzına qoymuş olduğum mamırlı çimi bir az aralayar, bir-neçə gün, gecə-gündüz bayırı müşahidə edərdim. Belə daha yaxşı olardı. Düzdür, iki girişin olması təhlükəni artırır, ancaq indiki vəziyyətdə bunu nəzərə almamaq da olardı. Uzaqbaşı, ikinci girişı yalnız müşahidə məntəqəsi kimi bir az dar eləyərdim. Bununla da, təzədən texniki hesablamalara başlayıram, mükəmməl bir bir yuva haqqında xəyala dalıram, sakitləşirəm, gözlərimi yumaraq özüm özümə valeh ola-ola, gizlincə sivişib içəri girmək və bayıra çıxmaq üçün cürbəcür yolları, qapıları gah aydın, gah da dumanlı şəkildə təsəvvürümdə canlandırıram.

Burda uzanıb dediklərim barədə düşünəndə, bu imkanları yüksək qiymətləndirirəm, ancaq hmısına əsil üstünlük kimi deyil, texniki nailiyyət kimi baxıram, çünki bu cür maneəsiz sivişib içəri girməyin və çölə çıxmağın özünün nə olduğunu bilmirəm. Əslində, narahat düşüncənin, özünə inamsızlığın, zəhlətökən şıltaqlığın nişanəsidir və bütün bunların hamısı mənim yuvamın yanında mənasız görünürlər, çünki bu yuva hələlik var və kim özünü bütünlüklə onun ixtiyarına versə, qulağı dinc yaşaya bilər. Əlbəttə, mən indi onun çölündəyəm və geri qayıtmağa yollar axtarıram. Yaxşı olardı ki, texniki cəhətdən bəzi düzəlişlər ediləydi. Bəlkə də heç lazım deyildi. Bəs indiki əsəbi vəziyyətdə yuvanı fürsət tapıb gizlincə içinə girmək üçün düzəldilmiş mağara hesab eləmək onu qiymətdən salmaq deyildimi? Əlbəttə, o həm də təhlükəsiz bir mağaradır və olmalıdır da! Təsəvvür edəndə ki, təhlükə qarşısındayam, onda dişimi dişimə sıxaraq bütün varlığımla arzulayıram ki, kaş elə mənim həyatımı təhlükədən qurtaran bir oyuq olsun, öhdəsinə düşən vəzifəni, imkan daxilində, mükəmməl yerinə yetirə bilsin və belə olan halda onu bütün başqa vəzifələrdən azad etməyə hazıram. Ancaq əsil həqiqətdə - çox çətinə düşəndə də bu həqiqəti görmək olmur, halbuki ən çətin anlarda da onu görə bilmək lazımdır – yuva təhlükəsiz görünsə də, tam təhlükəsiz deyil və belə olan halda bütün qayğılardan azad olmaq mümkündürmü? Düzdür, bunlar başqa qayğılardır, mənalıdır, fəxarətlidir, tez-tez unudulandır, ancaq bəlkə də həyatın mənə bayırda hazırladığı qayğılar qədər dəhşətlidir. Bu yuvanı yalnız təlükəsizliyimi təmin etmək üçün tikmiş olsaydım da, aldanmamışdım, lakin mənim ora sərf elədiyim ağır zəhmətlə müqayisədə hazırkı təhlükəsizlik, ən azı hiss elədiyimə, eləcə də gördüyüm xeyirə görə, kifayət eləmir. Bunu etiraf eləmək ürəyimi ağrıdır, ancaq eləməliyəm və özü də onu tikənin, öz sahibinin üzünə bağlanan giriş qaısına görə eləməliyəm. Axı, yuva yalnız kimisə xilas etmək üçün hər hansı bir oyuq deyil! Baş meydanda, ehtiyat üçün topladığım cəmdəklərin arasında üzü buradan başlayan, əsas meydana uyğun olaraq gah aşağı düşən, gah da yuxarı qalxan, gah düzünə, gah dolanbac şəkildə uzanan, gah daralan, gah da enlənən, ancaq hamısı da eyni vəziyyətdə bomboş, sakit olan, hərəsi də məni içəridəki digər meydanlara – onlar da bu yollar kimi həmişə bomboş və sakit olur - bir cür aparan on dənə çıxış yoluna tərəf dayananda, təlükəsizlik barədə düşünmürəm, çünki dəqiq bilirəm ki, bura mənim qalamdır və onu daş kimi torpağı cırmaqlaya-cırmaqlaya, dişimlə-dırnağımla oya-oya, al-qana bələnə-bələnə tikmişəm, ona görə də özümündür, heç kəsə də vermərəm. Hətta o dərəcədə özümündür ki, burda düşmənimin sonuncu öldürücü zərbəsini almağa da hazıram, çünki qanım doğma torpağıma töküləcək, itib getməyəcək. Bu yollarda yarıyuxulu, yarıoyaq, qulağıdinc keçirdiyim o gözəl anların mənası da elə bunda deyildimi?! O yollar ki, yalnız mənim gen-bol uzanmağıma, uşaq kimi o tərəf-bu tərəfə çevrilməyimə, şirin xəyallara dalmağıma, rahatca uyumağıma hesablanmışdı! Və bir də hamısı mənə yaxşı tanış olan, bir-birinin eyni olsalar da, gözüyumulu, divarlarına toxunmaqla birini o birindən ayıra bildiyim balaca meydançalar! Onlar məni elə rahat, elə isti saxlayırlar ki, heç bir quş öz yuvasında belə rahatlıq tapa bilməz. Hamısı da bomboş, səssiz-səmirsiz...

Əgər belədirsə, onda niyə tərəddüd edirəm, niyə kiminsə içəri soxulacağından qorxuram? Bəlkə bura soxulandan sonra yuvanı görmək bir daha ona qismət olmayacaq?! Ancaq, xoşbəxtlikdən, belə şey heç vaxt ola bilməz və ona görə də bu yuvanın mənim üçün nə demək olduğu barədə düşünmək lazım deyil. Yuva ilə mən bir-birimizə o qədər bağlıyıq ki, bütün qorxulara baxmayaraq onun içində rahatca qala bilərəm, özümü heç nəyə məcbur etmərəm, çəkinmədən qapını açaram. Bunun üçün əlimi heç nəyə vurmayıb gözləməyim kifayət edər, çünki heç nə bizi həmişəlik ayıra bilməz, nə vaxtsa mütləq bura qayıdası olacam. Ancaq buna nə qədər vaxt lazım olacaq və həmin vaxt ərzində istər içəridə, istərsə də bayırda nələr baş verəcək? Və bu vaxtı qısaltmaq, lazım olan işləri elə bu dəqiqə görmək özümdən asılıdır...

Yorğunluqdan daha fikirləşə bilmirəm, başım çiynimə düşür, yuxulu-yuxulu, ayaqlarım titrəyə-titrəyə, dəvdənə-dəvdənə girişə yaxınlaşıram, üstü mamırlı çimi asta-asta qaldırıram, yavaş-yavaş aşağı düşürəm, fikrim dağnıq olduğu üçün oranı uzun müddət açıq qoyuram, sonra buraxdığım səhv yadıma düşür, təzədən yuxarı qalxıram... Bəs niyə şölə çıxıram? Axı, yalnız üstü mamırlı çimi yuvanın ağzına çəkməliyəm... Yaxşı, qoy olsun, yenə də aşağı düşürəm və nəhayət çimi yerinə qoyuram. Yalnız və yalnız bu vəziyyədə həmin işi görə bilərdim! Beləliklə, üstü mamırlı çimin altında, özümlə gətirdiyim azuqə ehtiyatının üstündə, ətin şirısinə, qana bələnə-bələnə uzanıram, çoxdan həsrətində olduğum şirin yuxunu yatmaq istəyirəm . İndi heç kəs mənə mane olmur, heç kəs məni izləmir, mamırlı çimin o tərəfində də, ən azı indiyə kimi, sakitlikdir və mənə elə gəlir, lap sakitlik olmasaydı da, oranı müşahidə etmək üçün qala bilməzdim. Məkanı dəyişmişdim, yerin üstündəki dünyadan yerin altındakına – yuvama gəlmişdim və bunun təsirini də o dəqiqə hiss etdim. Bura tamamilə ayrı bir dünyadır, mənə təzə güc verir, yuxarıdakı yorğunluq da burda həmin yorğunluq olmur. Səyahətdən qayıtmışam, onun gərginliyindən elə yorulmuşam ki, huşum başımda deyil, ancaq doğma evimlə görüşməyim, məni gözləyən bərpa işləri, tələsik, üzdən də olsa, bütün otaqlara göz gəzdirməyin vacibliyi, hər şeydən əvvəl də baş meydana çatmaq istəyi bu yorğunluğu narahatlığa, həvəsə döndərib, sanki yuvaya düşən andaca uzun, dərin bir yuxu yatmışam. Başladığım ilk iş üzüntülüdür və məni çox yorur: qəniməti labirintin dar, nazik divarların arasından keçən yolları ilə daşımaq lazımdır. Bütün gücümü toplayaraq işə başlayıram və görürəm ki, alınır, ancaq çox ləng gedir. Onu tezləşdirmək üçün ətin bir hissəsini ayırıram, birini geri, o birini isə irəli itələyirəm, aralarına girirəm, son nəticədə qarşımda bircə hissəsi qalır, onu irəli itələmək asanlaşır, ancaq bu dar yollara o qədər ət yığılıb qalıb ki, heç nə aparmayanda da keçməyə çətinlik çəkirəm, az qalır öz azuqə eytiyatımın içindəcə boğulam, hətta bəzən onlardan canımı qurtarmaq üçün çox yeyib-içməli oluram... Ancaq daşıya bilirəm və bu işə o qədər də çox vaxt sərf eləmirəm, labirint arxada qalır, düz yola çıxaraq dərindən nəfəs alıram, qəniməti birləşdirici yolla məhz belə işlər üçün nəzərdə tutulmuş, üzüaşağı baş meydana gedən əsas yola çıxarıram. Bundan sonrakına iş demək olmaz: hamısı öz-özünə diyirlənir, axıb gedir. Bax bu da baş meydan! Nəhayət dincələ bilərəm! Heç nə dəyişməyib, deyəsən, elə böyük bədbəxtlik baş verməyib, ilk baxışda gözümə sataşan xirda-xuruş uçuntular da tezliklə düzələcək. İndi yalnız o yollarla gəzib baxmaq qalır ki, bu da çətin iş deyil, elə bil dostlarla laqqırtı vurursan. Keçmişdə özüm də tez-tez belə eləyərdim, – mən o qədər də qoca deyiləm, ancaq keçmişi xatırlayanda kövrəlirəm – ya özüm eləyirdim ya da kimlərinsə belə elədiyi barədə eşidirdim. İkinci yoldan başlayıram, qəsdlə yavaş-yavaş gedirəm, çünki baş meydanı görəndən sonra rahatlaşmışdım, nə qədər desən, vaxtım vardı – yuvanın içində vaxt istənilən qədər olur – və burda gördüyüm işlərin hamısı yaxşı işlər, vacib işlər olurdu, məni, qismən də olsa, qane edirdi. İkinci yoldan başlayıram və ortaya çatanda, yoxlamanı dayandırıram, üçüncü yola keçirəm, onunla təzədən baş meydana qayıtmalı oluram, hər şeyi təzədən başlamaq üçün bir də iknci yolu seçirəm, necə deyərlər, gördüyüm işlə oynayıram, onu özüm üçün artırıram, bu hərəkətimə gülürəm, sevinirəm, işin çoxluğundan çaş-baş qalıram, ancaq bundan əl də çəkmirəm. Ay yollar və meydançalar, sizin xatirinizə, ay baş meydan, ən çox da sənin suallarına görə qayıdıb gəlmişəm, uzun müddət səfehlik eləyib həyatım üçün əsmişəm, onun ucbatından qayıtmağa tərəddüd etmişəm, ancaq ona fikir verməyib yanınıza dönmüşəm. İndi yanınızdayam və heç bir təhlükə də vecimə deyil! Siz mənimsiz, mən də sizin və heç kim də bizə heç nə eləyə bilməz! Qoy bayırdakılar nə qədər istəyirlər hücum etsinlər, burunları ilə üstü mamırlı çimi deşsinlər! Yuvam öz lal sükutu, kimsəsizliyi ilə məni salamladı və dediklərimi bir daha təsdiq etdi! Ancaq bununla belə, canımda nəsə bir süstlük hiss edirəm və ən çox xoşladığım meydanların birində yumalanıb qalıram. Hələ hər yeri gəzib qurtarmamışam, axıracan gəzmək istəyirəm, burda yatmaq fikrim yoxdur, ancaq elə bil nəsə məni özünə tərəf çəkir, sanki yerimi yatmaq üçün rahatlayıram: görəsən əvvəllərdə olduğu kimi alınarmı?! Alınır! Alınmayan yalnız bu sehrdən qurtara bilməməyim olur və beləcə də dərin yuxuya gedirəm...

Deyəsən, çox yatmışam. Yuxudan doyana yaxın nəsə məni ayıldır. Ola bilsin, bərk yatmamışam, çünki güclə eşidilən bir xışıltıya oyanıram. O dəqiqə başa düşürəm: o xırda həşaratdır, çox fikir verməmişəm, yazığım gəlib, yəqin mən burda olmayanda, özünə təzə yol açıb, o da gəlib köhnə yollardan birinə çıxıb, indi ordan yel çəkir, xışıltıya bənzəyən bir səs çıxır. Yaman işlək məxluqdur və onun bu canfəşanlığından lap zəhləm gedir! Gərək divarları çox diqqətlə dinşəyəm, bir neçə yerindən deşik açam ki, bu səsi tapıb kəsəm. Yeri gəlmişkən, divarda açacağım təzə deşiklər yuvanın arxitekturasına uyğun gələrsə, havanı dəyişmək üçün yaxşı bir vasitə ola bilər. Ancaq bundan sonra gərək o balaca məxluqlara diqqəti bir az artırım, heç birinə yazığım gəlməsin.

Bu işdə böyük səriştəm olduğu üçün, yəqin ki çox vaxt aparmayacaq və elə indi də başlaya bilərəm. Düzdür, başqa işlərim də var, amma ən vacibi budur, çünki yollardan gələn səs mütləq kəsilməlidir. Əslində, elə zəhlətökən səs də deyil, içəri girəndə də eşitmədim, yəqin onda da gəlirmiş, Ancaq onu eşitmək üçün evin ab-havasına alışmaq lazım idi. Elə səs idi ki, onu yalnız bu evdə yaşayan eşidə bilərdi. Adətən belə səslər ara vermir, lakin bu, elələrindən deyil, uzun fasilələrlə eşidilir, görünür hava bir yerə yığılıb qalanda əmələ gəlir. Divarı yoxlamağa başlayıram, ancaq deşik açmaq üçün səs gələn yeri tapa bilmirəm. Düzdür, bir neçə yerdən qazıram, amma bunu gözəyarı eləyirəm. Əlbəttə, bununla heç nə alınmaz, min bir əziyyətlə qazmaq da və bundan da əziyytli olan torpağı daşımaq da hədər gedər. Səs gələn yerə heç cür yaxınlaşa bilmirəm, o zəif səs bayaqkı kimi fasilə verə-verə eşidilir, gah fışıltı, gah da fit səsinə oxşayır. Düzdür, məni çox narahat edir, ancq eybi yox, qoy bir az qalsın, onsuz da nədən yarandığını dəqiq bilirəm, yəqin ki çoxalmayacaq, əksinə, belə də ola bilər ki, - yeri gəlmişkən, indiyəcən belə çox gözləyəsi olmamışdım - o balaca “yerqazanlar” lağım atdıqca səs öz-özünə kəsilsin. Bəzən də elə olur ki, ara vermədən axtarırsan, səs gələn yeri tapmırsan, ancaq bir də görürsən, təsadüfən gəlib üstünə çıxıbsan. Beləliklə, özümə təsəlli verirəm, fikirləşirəm ki, yolları gəzsəm, çoxunu hələ görmədiyim meydançalarla görüşsəm, gəzə-gəzə də hərdən baş meydanda özüm-özümlə oynasam yaxşı olar, ancaq bacarmıram, axtarmağa davam edirəm. Bu xırda məxluqlar vaxtımı çox alırlar, halbuki onu daha yaxşı işlərə sərf edərdim. Adətən belə hallarda məni ən çox özünə çəkən işin texniki tərəfi olur, məsələn, qulağım səsin bütün incəliklərini seçə bildiyi üçün əvvəlcə onun nədən yarandığını müəyyənləşdirirəm, sonra maraq güc gəlir, bunun həqiqət olub-olmadığını yoxlayıram. Bu çox vacibdir, çünki həmin səbəbi müəyyənləşdirməyincə sakit ola bilmirəm, hətta burda söhbət hansı divardansa hansısa bir qum dənəciyinin düşməsindən getsəydi də, onu bilməli idim. Və bu baxımdan, indi eşidilən səsə adi bir təsadüf kimi baxmaq olmazdı. Ancaq adi də olsa, geyri-adi də olsa, çox axtarmağıma baxmayaraq, heç nə tapa bilmirəm, daha doğrusu, çox şey tapıram. Düşünürəm ki, niyə bu hadisə məhz mənim ən çox sevdiyim meydançada baş verməli idi və buradan xeyli uzaqlaşıram, o biri meydançaya çıxan yolun yarısınacan gedirəm, ancaq bütün bunların hamısı zarafatdır, sanki bununla sübut etməyə çalışırdım ki, məni narahat edən səs yalnız sevimli meydançamda deyil, başqa yerlərdə də var, gülümsəyə-gülümsəyə ətrafı dinşəməyə başlayıram, ancaq tezliklə gülümsəməyimi kəsməli oluram, çünki həmin xışıltı, həqiqətən, burda da eşidilir. Əslində, elə böyük şey deyil, bəzən mənə elə gəlir ki, bu səsi özümdən başqa heç kim eşidə bilməz, mən də yəqin ki, qulaqdan iti olmağa öyrəşdiyim üçün burda belə aydın eşidirəm, halbuki müqayisə edib görürəm ki, hər yerdə eyni cür eşidilir. Görürəm ki, divara yaxın dayanıb dinşəyəndə də, ortada durub qulaq asanda da, eyni cür gəlir – nə alçalır, nə də ucalır. Belə olan halda bütün diqqətimi toplamalı oluram, onda sanki səsin özünü eşitmirəm, haradansa gələn nəfəsini duyuram. Ancaq məni ən çox narahat edən də səsin hər yerdə eyni olmasıdır, çünki lap başlanğıcda düşündklərimlə bir araya sığmır. Əgər onun nədən yarandığını düz tapmış olsaydım, onda hardasa ucadan səslənər, oradan uzaqlaşdıqca alçalardı. Yaxşı, mən deyən deyildisə, bəs onda nə idi? Ola bilsin , bu səs iki yerdən gəlirdi və mən də indiyə kimi onlardan uzaq dayanıb qulaq asırdım və indi mən hansınasa yaxınlaşanda səs ucalırdı, ancaq o birinin səsi isə alçaldığı üçün qulağımda eşitdiyim kimi qalırdı. Hətta az

qala inanmağa başlayırdım ki, lap diqqətlə dinləyəndə, bu yeni fərziyyəyə uyğun olaraq, səslər cüzi də olsa, bir-birindən fərqlənir. Hər halda, müşahidə dairəsini bu vaxta qədərkindən xeyli artırmalıyam. Buna gürə də həmin yolla baş meydana qədər gəlirəm, buranı da dinşəməyə başlayıram. Lap möcüzədir: eyni səs burda da var! Elədir ki var, səs o yaramaz xırda heyvanların oyduqları yerdən gəlir, mənim burda olmamağımdan alçaqcasına istifadə ediblər. Ancaq hər halda mənə qarşı qəsd hazırlamırlar, sadəcə olaraq, öz mənasız işlərini görürlər və nə qədər ki, maneəyə rast gəlmirlər, həmin yolla irəliləyirlər - hamısını yaxşı bilirəm, lakin bununla belə, bir şeyi başa düşmür və lap çaş-baş qalıram ki, baş meydana qədər gəlib çıxmağa necə cəsarət ediblər. Bunun səbəblərini araşdırmaq da istəmirəm. Bəlkə baş meydan çox dərində olduğu üçün belə eləyirlər? Yoxsa, böyüklüyündən və buna uyğun olaraq, hava axınının çoxluğundan qorxublar? Bəlkə elə biliblər, baş meydan olduğu üçün o küt ağılları ilə burdan nəsə bir məlumat qopara biləcəklər? Ancaq, hər halda, indiyəcən baş meydanın divarlarında oyuq görməmişdim. Düzdür, burdakı kəskin ət, qan qoxusu heyvanları dəstə-dəstə çəkib gətirirdi və mən də yaxşıca ov edirdim, ancaq onlar yuxarılardan oya-oya yollara çıxırdılar, qorxa-qorxa gəlsələr də, dəstə-dəstə üzüaşağı tökülüşürdülər. İndisə yolları oyurdular! Kaş yeniyetməlik, cavanlıq çağlarının planlarını yerinə yetirmiş olaydım, daha doğrusu, onları həyata keçirməyə gücüm qalaydı! İstək həmişə olmuşdu! Sevimli planlarımdan biri baş meydanı öz ətrafından ayırmaq idi! Bu o demək idi ki, divarlarının hündürlüyü və qalınlığı boyuma uyğun olardı, yan-yörəsini divar hündürlüyündə boş saxlayardım, orada mağara kimi bir yer düzəldərdim. Bu mağaranı əbəc yerə yaşamaq üçün ən gözəl yer hesab eləmirdim! Burada istədiyim kimi uzanıb galar, yuxarı-aşağı sürünər, ağnayar, torpağı həmişə ayağımın altında hiss edər və bütün bu oyunları meydanın özündə deyil, kənarında çıxarardım. Baş meydana girməzdim, gözlərim bir az dincələrdi, onu görmək sevincini sonraya saxlayardım, ancaq əldən də verməzdim, necə deyərlər, caynaqlarımın arasına alıb saxlayardım, halbuki adi qapısı həmişə açıq olduğu üçün bu mümkün deyildi. Hər şeydən əvvəl, baş meydanı qoruyardım, bu da onu görə bilmədiyimin əvəzi olardı və əlbəttə, seçim qarşısında qalsaydım, mağaranı götürərdim ki, o tərəf-bu tərəfə gəzə biləm, baş meydana keşik çəkəm. Onda divarlardan səs gəlməzdi, həyasızlıq edib onu meydana qədər qazmazdılar, orda sakitlik hökm sürərdi və mən də həmin sakitliyin keşikçisi olardım. Daha o xırda məxluqların iyrənc xışıltısına deyil, getdikcə məndən uzaqlaşan bir səsə - meydandakı sükütün xışıltısına ləzzətlə qulaq asardım.

Ancaq bu gözəllik indi gerçək deyil və təzədən işimə qayıtmalıyam. Az qala, buna sevinməliyəm ki, həmin iş birbaşa baş meydanla bağlıdır və bu da məni ruhlandırır. Yəqin həmişəki kimi yenə də məlum olacaq ki, başlanğıcında bir az mənasız görünən bu işə sonradan var gücümlə girişməliyəm. İndi baş meydanın divarlarını dinşəyirəm və görürəm ki, yuxarıdan da, aşağıdan da, divarlardan da, döşəmədən də, içəridən də, çöldən də eyni səs gəlir. Ara verməyən bu səsi dinşəməyə görəsən nə qədər vaxt, gərginlik lazımdır?! Yalnız xırda bir təsəlli ilə özümü aldada bilərəm ki, qulağımı torpaqdan aralayandan sonra səs, böyük olduğuna görə, baş meydanda, yollardakından fərqli olaraq, heç eşidilmir. Bir az dincəlmək, özümə gəlmək üçün bu təsəllidən yapışır, diqqətlə dinşəyir, səs eşitməyəndə sevinirəm. Yaxşı, bəs əslində nə baş verib? Hər yerdən eyni səsin eşidilməsi mənim ilkin mülahizəmi tamailə inkar edir. Eyni zamanda, ağlıma gələn sonrakı mülahizələrdən də vaz keçməli oluram. Belə də fikirləşmək olardı ki, indi eşitdiyim səs öz işi ilə məşğul olan o xırda həşaratın səsidir. Ancaq uzun illərin təcrübəsi deyir ki, belə deyil. Əgər bu səs həmişə olubsa və mən də onu eşitməmişəmsə, deməli, indi də eşidə bilməzdim. Bəlkə illər keçdikcə yuvamda baş verənlərə qarşı daha həssas olmuşdum, ancaq hər halda qulaqlarım itiləşməmişdi. Axı, bu xırda həşaratların bir xüsusiyyəti də odur ki, səsləri eşidilmir. Yoxsa, ona dözə bilərdim?! Ağlıma belə bir fikir də gəlir ki, bəlkə heç tanımadığım heyvandır?! Ola bilər... Düzdür, çoxdandır ki, yerin altındakı həyatı diqqətlə müşahidə edirəm, ancaq dünya çox rəngarəngdir, gözlənilməyən xoşagəlməz hadisələrdən də xali deyil. Bəlkə də o heç tək deyil, böyük bir sürüdür, mənim ərazimə qəfil hücum edib... Xırda heyvanların böyük sürüsü... Ancaq səsləri eşidilirsə, deməli, xırdalardan bir azca böyükdürlər, işləyəndə, səsləri güclə eşidilir. Ola bilsin, indiyəcən görmədiyim heyvan sürüsüdür, gəzməyə çıxıb, yolları burdan düşüb, məni bir az narahat edir, bir azdan keçib gedəcəklər, səs də kəsiləcək... Deməli, gözləsəm, özüm üçün artıq iş yaratmasam yaxşıdır... Bəs tanımadığım heyvalardırsa, niyə onda heç birini görə bilmirəm? Onlardan birini tutmaq üçün çox yeri qazmışam, ancaq tuta bilməmişəm. Birdən ağlıma gəlir ki, bəlkə lap xırda heyvanlardır, mən tanıdıqlarımdan da balacadırlar, sadəcə olaraq, səsləri hündürdən çıxır. Ona görə də, qazılmış torpağı bir də yoxlayıram, kəltənləri göyə atıram ki, yerə düşəndə, parça-parça olsunlar, ancaq onların arasından da heç nə çıxmır. Yavaş-yavaş anlamağa başlayıram ki, ordan-burdan qazmaqla heç nə tapa bilməyəcəm, əksinə, yuvamın divarları oyuq-oyuq olacaq. Tələsik ora-buranı eşələməyə başlayıram, deşikləri tutmağa vaxt çatmır, torpaq qalaqları yolları kəsib, heç nə görünmür. Ancaq bunlar məni o qədər də narahat etmir, sadəcə olaraq, içəridə nə gəzə, nə ətrafa baxa, nə də dincələ bilirəm, tez-tez elə işləyə-işləyə oyuqların birində yuxuya gedirəm, pəncəmin biri bayırda torpağa yapışıb qalır, sanki yuxulu-yuxulu ordan nəsə qoparmaq istəyirəm. Yox, iş üsulumu dəyişəcəm. Səs gələn istiqamətdə torpağı düzünə qazacam və heç bir mülahizdən asılı olmayaraq, səsin əsil səbəbini tapana qədər işi dayandırmayacam. Tapandan sonra, gücüm çatsa, onun axırına cıxacam, yox, gücüm çatmasa, ən azı, səsin hardan gəldiyini dəqiq biləcəm. Ancaq onu dəqiq bilməyim məni nə sakitləşdirəcək, nə də ümidsiz qoyacaq. Eh, qoy nə olur, olsun... Ya elə, ya da belə... Amma, şübhə yeri qalmayacaq, əziyyətinə dəyəcək! Bu qərar özümə də ləzzət elədi. Mənə elə gəlir ki, indiyəcən gördüyüm işlərdə tələskənlik eləmişəm. Təzədən evimə qayıtdığım üçün həyacanlı olmuşam, yerin üstündəki həyatın qayğıları hələ canımdan çıxmayıbmış, yuvanın dincliyi məni hələ büsbütün öz qoynuna almayıbmış, ondan uzun müddət ayrı düşdüyümə görə kövrəlmişəm, ağlıma min cür şeylər gətirmişəm, dəli olmuşam. Axı, nə baş vermişdi? Uzun fasilələrlə eşidilən zəif bir xışıltı... Heç nə... Ancaq deməzədim ki, bu xışıltıya öyrəşmək olar... Yox, buna öyrəşmək olmazdı, ancaq bununla belə, heç bir tədbir görmədən, onu bir az müşahidə etmək olardı. Yəni bir neçə saat qulaq asmaq, sonu gözləmək mümkün idi, daha mənim kimi qulaqlarını divara söykəyib ora-bura sürünmək, nəsə tapmaq üçün deyil, içindəki narahatlığı boğmaq xatirinə səs gələn yerlərdə torpağı eşik-eşik eləmək yaramazdı. Ümid edirəm ki, indi hər şey başqa cür olacaq. Ancaq yenə də ümidimi kəsirəm , - bunu da gözlərimi yumaraq özümə acığım tuta-tuta boynuma alıram - çünki bir neçə saat bundan əvvəl içimdə baş qaldırmış narahatlıq hissi olduğu kimi qalmışdı və ağlım mənə “dayan!”- deməsəydi, çox güman ki, səs gəlib-gəlmədiyinə fikir verməzdim, hara gəldi, inadla, ağına-bozuna baxmadan, yalnız qazmaq xatirinə, ya mənasız yerə, ya da bəlkə yemək üçün torpağı eşən o xırda məxluq kimi qazmağa başlayardım. Bu təzə, ağıllı plan gah məni özünə çəkir, gah da buraxırdı. Ona qarşı heç nə demək olmazdı, ən azı özüm heç nə deyə bilməzdim və zənnimcə, məni məqsədimə çatdırmalı idi. Ancaq buna baxmayaraq, ona inanmıram. O dərəcədə inanmıram ki, hansı nəticəni verəcəyindən, bu nəticənin nə qədər pis olacağından da qorxmuram. Bəli, mənə belə gəlir, səsi eşitdiyim andan elə fikirləşdim ki, ara vermədən qazmaq lazımdır, ancaq buna çox inanmadığım üçün başlamadım. Buna baxmayaraq, əlbəttə, qazmağa başlayacam, çünki başqa yolum yoxdur, amma indi başlamayacam, onu bir az təxirə salacam. Sağlam düşüncə qalib gələrsə - gəlməlidir də - bu işə tez başlamayacam. Hər halda, ona başlamamışdan əvvəl, bayaq eşik-eşik elədiyim yerləri düzəldəcəm. Düzdür, çox vaxt aparacaq, ancaq bunu eləmək vacibdir. Əgər təzə qazmağa başlayacağım yol məni məqsədimə çatdıracaqsa, deməli, uzun olacaq, yox, məqsədə aparmırsa, sonu-sonucu olmayacaq. Əlbəttə, bu iş yuvadan xeyli aralı düşmək olacaq, ancaq hər halda, yerin üstündəkindən pis olmayacaq, istədiyim anda onu dayandırıb, evimə qonaq gedəcəm, getməsəm də baş meydanın havası gəlib məni tapacaq, işimi həmin hava ilə nəfəs ala-ala görəcəm, amma bununla belə, yenə də yuvadan uzaq düşmək, özümü naməlum talenin ixtiyarına buraxmaq deməkdir, ona görə də buranı qaydaya salıb getmək lazımdır, yoxsa belə çıxardı ki, rahatlığım üçün çalışa-çalışa onu özüm pozmuşam və sonra da qaydasına salmamışam. Beləliklə, işə qazılmış yerləri təzədən doldurmaqla başlayıram. Bu elə bir işdir ki, ona lap yaxşı bələdəm, onu dəfələrlə, demək olar ki, heç iş hesab eləməyə- eləməyə görmüşəm, xüsusilə axıra yaxın möhkəmlətmə, hamarlama işlərində lap ustalaşmışam və bunu da özümü tərifləmək üçün demirəm, sadəcə olaraq, həqiqətdir. Ancaq bu dəfə cətin olacaq, çünki fikrim çox dağnıqdır, bir də görürsən, işin qızğın çağında qulağımı divara söykəyib dinşəyirəm, yenicə yerinə qoyduğum torpağın təzədən qayıdıb yerə töküldüyünə fikir vermirəm. Sondakı “bəzək” işləri lap çox diqqət tələb etdiyi üçün, alınmır. Eybəcər görünən donqarlar, çatlar... Hələ onu demirəm ki, o vaxt divara yamaq vurub düzəltdiyim keçidi təzədən bərpa eləmək istəmirəm... Özümə bununla təsəlli verirəm ki, hamısı müvəqqəti işlərdir, geri qayıdıb rahatlanandan sonra hər şeyi təzədən istədiyim kimi düzəldəcəm, onda bütün işlər yağ kimi öz-özünə gedəcək. Bəli, nağıllarda bütün işlər yağ kimi gedir və mənim təsəllim də həmin nağıllardan biridir. Yaxşı olardı ki, indi mükəmməl bir iş görəydim. Tez- tez yollara düşüb haradan səs gəldiyini müəyyənləşdirməkdənsə, bu daha xeyirli olardı, çünki istədiyin yerdə dayanıb dinşəməyə iş demək olmazdı. Üstəlik də təzə-təzə mənasız kəşvlər eləyirəm. Bəzən mənə elə gəlir ki, səs daha kəsilib, çünki fasilə lap şox olur, eşidilmir, öz qanımın fışıltısını daha aydın eşidirəm, bəzən də ikisinin fasiləsi eyni vaxta düşür və onda elə bilirsən ki, səs biryolluq kəsilib. Daha dinşəmirsən, atılıb-düşürsən, həyat büsbütün dəyişir, sanki hansı çeşməninsə gözü açılır, oradan içəri sakitlik axır... Bu tapıntının doğru olub-olmadığlnı yoxlamağa qorxursan, kimisə axtarmağa başlayırsan ki, ona inana, bel bağlaya biləsən, ona görə də yorğalaya-yoğalaya baş meydana qayıdırsan, yadına düşür ki, qəlbində yeni bir həyat arzusu baş qaldıdrıb, səhərdən dilinə heç nə dəyməyib, torpağın üstünə səpələnmiş ehtiyatlardan birini dartıb götürürsən, onu acgözlüklə çeynəyə-çeynəyə, uda-uda bu inanılmaz kəşvi elədiyin yerə qayıdırsan, yeyə-yeyə, guya elə-belə, bir daha inanmaq üçün dinşəyirsən və azacıq dinşəyən kimi də yanıldığını başa düşürsən, özün özündən utanırsan, uzaqlardan gələn xışıltını eşidirsən... Ağzındakını yerə tüpürürsən, onu ayaqlamaq istəyirsən, təzədən işləməyə başlayırsan, ancaq nə elədiyini özün də bilmirsən. Vacib hesab elədiyin yerdə - belə yer də kifayət qədər var – qeyri-ixtiyari nəsə eləyirsən, sanki nəzarətçi gəlib və sən də yalandan özünü göstərirsən. Ancaq elə də ola bilər ki, bir az məşğul olan kimi, nəsə təzə bir şey kəşv eləyəsən. Deyəsən, xışıltı bir az güclənib, ancaq çox güclənməyəib, əlbəttə, söhbət azacıq fərqdən gedir - hər halda, artıb, aydınca bilinir. Lakin bu güclənmə səsin artmasına deyil, daha çox yaxınlaşmasına oxşayır, sanki onun necə addım – addım yaxınlaşdığını da görürsən. Divardan geri sıçrayırsan, bircə baxışla bu

kəşvin özü ilə gətirə biləcəyi fəsadların hamısını görməyə çalışırsan. Sənə elə gəlir, bu yuvanı hər hansı bir hücumdan qorunmaq üçün tikməyibsən. Düzdür, məqsəd bu olub, ancaq böyük həyat tərübəsinə baxmayaraq, hücum təhlükəsindən və buna uyğun da müdafiə qurmaq fikrindən uzaq olubsan, ya da heç uzaq olmayıbsan (məgər belə də ola bilərdi?!), bundan da betər fikirlə özünə gulağı dinc yaşamaq üçün yer düzəldibsən və elə buna görə də yuvanın sakitliyini hər şeydən üstün tutursan. Halbuki əsas məqsəddən uzaqlaşmadan bu istiqamətdə də çox iş görmək olardı, ancaq nədənsə, nəyə görəsə heç bir iş görülməmişdi... Bu bir neçə ildə bəxtim gətirmişdi və bu da məni ərköyünləşdirmişdi. Düzdür, hərdən narahat olmuşdum, ancaq bəxt olan yerdə narahatçılıq heç nə eləyə bilməzdi...

Indi ilk növbədə yuvaya müdafiə və bunun üçün olan imkanlar nöqteyi-nəzərindən baxmaq, elə bu baxımdan da yenidənqurma planı hazırlamaq, elə həmin dəqiqə də gənclik həvəsi ilə işə başlamaq lazım idi. Hazırda ən vacib iş bu idi. Yeri gəlmişkən, gecikmiş olsa da, nəyisə tapmaq üçün aparılan, məqsədi də yalnız qorxa-qorxa, özü də əliyalın hansı təhlükə mənbəyinisə axtarmaq olan qazıntı işi deyil, çox lazımlı bir iş idi. Gəflətən əvvəlki planımın mənasını başa düşməməyə başlayıram. O vaxt mənə ağıllı görünən bu planda indi ağılabatan heç nə görmürəm, işimi yenə yarımçıq qoyuram, dinşəməyi də buraxıram: indi mənə səsin güclənib-güclənmədiyini bilmək lazım deyil, onsuz da kəşvlərim çox olub, hamısının daşını atıram, beynimdəki ziddiyyətli fikirlərdən canımı qurtarmaq bəsimdir. Yenə də içəridəki yolların canına düşürəm, lap uzaqlara, geri qayıdandan sonra xırçıltı salan pəncələrimin hələ dəymədiyi yerlərə gedib çıxıram, ordakı lal sükutu diksindirirəm, sonra özüm də həmin sükuta qərq oluram. Ancaq ona təslim olmuram, yoluma davam edirəm, nə axtardığımı bilmirəm, yəqin ki bunula vaxtı uzadıram. O qədər gəzirəm ki, axırda azaraq labirintə gəlib çıxıram, üstü mamırlı çimin o biri tərəfini dinşəmək xəyalına düşürəm. Məndən çox-çox uzaq olan şeylər indi məni maraqlandırır. Lap yaxına gəlib dinşəməyə başlayıram. Dərin bir sükut... Bura nə gözəldir... Bayırdakıların heç biri yuvamla maraqlanmır, hərə öz işi ilə məşğuldur, bu işlərin də mənə heç bir aidiyyaı yoxdur. Buna nail olmaq üçün çox əziyyət çəkmişəm! Üstü mamırlı

çimin yanı indi yuvamda yeganə yerdir ki, saatlarla, boş-boşuna dinşəyə bilərəm. İndi yuvada hər şey tərsinə olub: bu vaxta qədər çox təhlükəli hesab olunan bir yer indi ən təhlükəsiz yerə çevrilib, baş meydan səs-küylü, qorxulu bir dünyaya dönüb. Ən pisi də odur ki, buranın özü də həqiqətən sakit yer deyil, burda da heç nə dəyişməyib, sakitliyindən, səs-küyündən asılı olmayaraq mamırlı çimin o biri üzündəki təhlükə hələ də pusquda dayanıb, ancaq onu daha hiss etmirəm, məni indi ən çox narahat edən divarlardan eşidilən xışıltı səsidir. Məni narahat edir? Bu səs getdikcə güclənir, getdikcə yaxınlaşır, mənsə labirintdə ora-bura sürünürəm, yuxarıda – üstü mamırlı çimin altında özümə yer düzəldirəm, bunula sanki evimi o xışıltı salanın ixtiyarına buraxıram, yuxarıdakı cüzi rahatlıqla barışıram. Xışıltı salanın? Məgər o səsin səbəbini dəqiq müəyyənləşdirmişəm ki? O səs xırda bir məxluqun qazdığı yerdən gəlmir? Mən bu qərara gəlməmişdim? Axı, deyəsən, mən hələ bu fikrimdən daşınmamışdım... Əgər onun qazdığı torpağın səsi deyildisə, hər halda, dolayı da olsa, onunla bağlı idi... Yox, əgər bunula bağlı deyildisə, deməli, əvvəlcədən heç bir tədbir tökmək lazım deyil, o səbəbi tapana və ya özü üzə çıxana qədər gözləmək lazımdır. Əlbəttə, indi istənilən qədər mülahizə yürütmək olar, məsələn, demək olar ki, hardasa lap uzaqda su sızıb və gah fışıltıya, gah da xışıltıya oxşayan bu səs, əslində, şırıltı səsidir. Bu sahədə heç bir təcrübəm olmadığına baxmayaraq, - ilk dəfə qrunt suyuna rast gələndə, onun axarını həmin dəqiqə başqa səmtə çevirə bildim və bir də buralara qayıtmadı, - hə, buna baxmayaraq, bilirəm ki, bu səs xışıltıdır, onu şırıltı ilə qarışdırmaq olmaz. Ancaq özümü nə qədər sakitləşdirməyə çalışsam da, xeyri olmur, fantaziyayalar qurtarmaq bilmir və əslində, inanmağa başlayıram ki, - artıq bunu danmağın mənası yoxdur – xışıltı heyvan xışıltısıdır, özü də bir neçə xırda heyvanın deyil, tək bir iri heyvanın səsidir. Ancaq bəzi şeylər də bunun əksini deyir. Məsələn, səsin hər yerdə eşidilməsi, hər yerdə eyni tonda olması və bunlardan əlavə də, gecə-gündüz eşidilməsi... Əlbəttə, ilk öncə fikirləşmək olardı ki, çoxlu xırda heyvandır, qazanda onlara rast gələcəm, ancaq heç nə tapmadım, ona görə də bircə mülahizə qalır ki, iri heyvandır. Bunu əksinə olan mülahizələr isə həmin heyvanı inkar etmək əvəzinə onun lap təhlükəli olduğundan xəbər verir. Məhz elə buna görə də həmin mülahizəni özümdən uzaqlaşdırmağa çalışmışam. Daha özümü aldatmıram. Çoxdan beynimdə belə bir fikir dolaşmağa başlayıb ki, həmin heyvan qəzəblə işlədiyi üçün səs uzaqdan da eşidilir, elə tez-tez qazır ki, sanki yol gedir, qazdıqca da yer titrəyir, qazıb keçəndən sonra da hələ də titrəyən yerin səsi indi işlədiyi yerin səsi ilə birləşir və mən də itib getməkdə olan səsi hər yerdə eyni cür eşidirəm. Belə təsəvvür yaranır ki, heyvan mənə tərəf gəlmir, ona görə də səsi dəyiışmir, yəqin elə bir planı var ki, mən başa düşmürəm, yalnız belə düşünürəm ki, - əlbəttə, dəqiq deyə bilmərəm – mənim burda olduğumu bilir və onu müşahidə eləməyə başladığım andan indiyə qədər ətrafımda bir neçə dəfə dövrə vurub. Ancaq səsin növü məni düşünməyə məcbur edir: xışıltıdır, yoxsa fışıltı? Özüm torpağı cırmaqlayanda, eşəndə səs başqa cür çıxır. Xışıltını belə izah etmək olar ki, caynaqları o heyvanın əsas aləti deyil, ondan bəlkə də yardımçı vasitə kimi istifadə edir, əsas aləti isə ya burnudur, ya da xortumu və bundan əlavə, çox güclü olmaqla bərabər, bunlar həm də itidir. Güman ki, bircə güclü təkanla xortum torpağa sancılır, ordan böyük bir hissəni qoparır və həmin anda mən heç nə eşıitmirəm, fasilə yaranır, xortumu təzədən torpağa sancmaq üçün dərindən nəfəs alır. Deyəsən, dərindən nəfəs alanda, yeri titrədən səs çıxarır, özü də yalnız güclü olduğuna görə deyil, həm də tələsdiyinə, can-dildən işlədiyinə görə belə səs çıxarır və mən də onu asta xışıltı kimi eşidirəm. Ancaq bütün bunlarla bərabər, onun ara vermədən işləyə bilməsinin sirrini başa düşə bilmirəm. Bəlkə də xırda fasilələr zamanı, ani də olsa, dincəlir, amma deyəsən, indiyə kimi əməlli-başlı dincəlməyib, gecə-gündüz qazır, həmişə də eyni güclə, eyni həvəslə işləyir, nəzərdə tutduğu planı tez həyata keçirməyə çalışır və buna da qabiliyyəti çatır. Sözün düzü, belə bir rəqiblə üzləşəcəyimi heç gözləmirdim. Onun bütün bu xüsusiyyətləri bir yana, indi həmişə qorxduğum həmin iş baş verir: kimsə üstümə gəlir! Halbuki buna əvvəlcədən hazır olmaq lazım idi. Bəs necə oldu ki, uzun sürən sakitlikdən, xoşbəxtlikdən sonra belə bir iş baş verdi? Yolu düşmənlərimə kim nişan verdi ki, onlar da gəlib mənim mülkümdə lağım atdı? Məgər indi belə qorxudulmaq üçün uzun müddət toxunulmaz qaldım? Niyə vaxtımı bununla müqayisədə çox xırda görünən təhlükələrə qarşı nəsə fikirləşməyə sərf etdim? Bəlkə elə bildim ki, ev sahibi kimi üstümə gələnlərin hamısından güclü olacam? Əslində, belə böyük, kövrək sənət əsərinin sahibi kimi hər hansı bir ciddi hücumun qarşısında aciz idim! Onun sahibi olmaq məni ərköyünləşdirmişdi, onun kövrəkliyi mənə də keçmişdi, onun dərdi öz dərdim kimi qəlbimi göynədirdi. Gərək bunu əvvəlcədən fikirləşəydim, yalnız öz təhlükəsizliyim barədə düşünməyəydim – heç bunu da düz-əməlli həyata keçirə bilməmişdim, - yuvanın da təhlükəsizliyini nəzərə alaydım. Gərək əvvəlcədən elə tədbir görəydim ki, onun ayrı-ayrı hissələi, imkan daxilində də çox hissəsi, hücuma məruz qalanda, torpaq uçuntusu ilə bir-birindən ayrılaydı. Özü də elə ayrılaydı ki, düşmən əsil yuvanın o biri tərəfdə qaldığını başa düşməyəydi. Daha yaxşı olardı ki, yola tökülən torpaq yalnız yuvanı gizlətməyəydi, həm də düşmənin başına ələnərək onun qəbrinə çevriləydi. Ancaq bunun üçün heç nə eləməmişdim, bu istiqamətdə heç bir iş görülməmişdi, uşaq kimi səfeh olmuşdum, yetkinlik dövrümdə başımı uşaq oyunları ilə qatmışdım, hətta təhlükənin özü ilə oyun oynamışdım, əsil təhlükə haqqında düşünməmişdim. Artıq gec idi... Halbuki xəbərdarlıqlar olmuşdu...

Bu günə lazım olan işlərin heç biri görülməmişdi, halbuki yuvanın tikintisinə başladığım ilk günlərdə buna bənzər hadisələr olmuşdu. Əsas fərq onda idi ki, o vaxt başlanğıc idi... Həmin vaxtlar sanki şəyird idim, birinci giriş qapısında işləyirdim, labirintin geniş planını hazırlamışdım, meydanlardan birini də artıq oyub düzəltmişdim, ancaq ölçüsü düz gəlmirdi, divarları da yaxşı alınmamışdı. Sözün qısası, onda hər şey bir növ başlanğıc idi və ilkin cəhd kimi qiymətləndirilə bilərdi, səbr kasası daşsa, heç bir təəssüf hissi keçirmədən, hamısını yarımçıq da qoymaq olardı. Həmin hadisə də o vaxt baş verdi: bir dəfə dincimi alırdım – bütün həyatım boyu tez-tez işi dayandırıb dincimi almışam – torpaq qalaqlarının arasında uzanmışdım və qəflətən uzaqdan gələn bir səs eşitdim. Gənc olduğum üçün məni qorxudan çox maraq bürüdü. İşi bir kənara qoyub dinşəməyə başladım, çox dinşədim, ancaq bu dinşəməkdən canımı qurtarmaq üçün üstü mamırlı çimin altında uzanmağa getmədim. Onda, ən azı, dinşədim. Dəqiq bildim ki, kimsə mənim kimi qazır, səs də zəifdir, ancaq hansı uzaqlıqda olduğunu bilmək çətin idi. Düzdür, bir az gərginləşmişdim, ancaq sakit

və soyuqqanlı idim. Fikirləşdim ki, bəlkə başqasının yuvasındayam, sahibi də qaza-qaza mənə tərəf gəlir. Bu mülahizənin düz olduğunu dəqiq bilsəydim, işğalçılıqla, harasa soxulmaqla aram olmadığına görə çıxıb gedərdim, özümə başqa yerdə yuva tikərdim. Ancaq məlum məsələdir ki, onda cavan idim, yuvam yox idi, ona görə də sakit və soyuqqanlı ola bilərdim. İşin sonrakı gedişi də məni çox həyəcanlandırmadı, yalnız səsin hardan gəldiyini müəyyənləşdirmək çətin idi. Əgər o biri tərəfdən qazan, doğrudan da, qazdığımı eşitdiyi üçün mənə tərəf gəlirdisə, deməli istiqaməti dəyişmişdi, ancaq bilmək olmurdu, mən işə ara verdiyim üçün bu istiqaməti itirmişdi, ya da, çox güman ki, özü fikrini dəyişmişdi... Bəlkə də yanılırdım, heç mənə tərəf gəlmirdi, ancaq hər halda, səs xeyli müddət əməlli-başlı eşidildi, sanki lap yaxınlaşırdı və mən də o vaxt cavan olduğum üçün onun qəflətən torpağın arasından çıxmağından narazı qalmazdım. Lakin belə olmadı, müəyyən vaxtdan sonra səs zəiflədi, getdikcə də yavaşıdı, sanki o, istiqaməti tədricən başqa səmtə yönəltdi, səs qəflətən kəsildi, elə bil doğrudan da, tamailə əks istiqamətə yön aldı, məndən uzaqlaşdı... İşə başlamamışdan əvvəl, yaranmış sakitlikdən istifadə edərək, ətrafı xeyli dinşədim. Əslində, bu xəbrdarlıq kifayət qədər aydın idi, amma onu çox tez unutdum və yuvanın planında da nəzərə almadım...

O vaxtla indinin arasında yaşa dolmuşam... Doğrudanmı bu vaxt ərzində heç nə baş verməyib?! Yenə də işə ara verib uzun müddət dincəlirəm, divarları dinşəyirəm. Rəqibim təzəlikdə fikrini dəyişib, geri dönüb, uzun səyahətdən qayıdıb, elə bilir, mənə kifayət qədər vaxt verib ki, onu qarşılamağa hazırlaşım. Ancaq mən bunun üçün əvvəlkindən də az iş görmüşəm, böyük yuva müdafiəsizdir, mən özüm də artıq balaca şəyird deyiləm, yaşa dolmuş memaram, nəsə eləmək istəsəm də, qalan gücüm sözümə baxmayacaq, ancaq nə qədər yaşlı olsam da, mənə elə gəlir, indikindən də çox qocalmaq istəyərdim. O qədər qocalardım ki, üstü mamırlı çimin altında düzəltdiyim yerimdən dura bilməzdim. Çünki indi burda uzanmağa dözə bilmirəm, sanki dincəlmək əvəzinə qayğılarım bir az da artıb, ona görə də durub yuvaya qaçıram. Buranı necə qoyub getmişdim? Xışıltı səsi zəifləmişdi? Yox, əksinə, daha da qüvvətlənmişdi. On müxtəlif yerdə dayanıb dinşəyirəm, səhv etdiyimi başa düşürəm, xışıltı olduğu kimi qalıb, heç nə dəyişməyib. O biri tərəfdə də heç nə dəyişmir, sakitlikdir, vaxt da onun üçün işləyir, mənə isə burda hər an əzaba çevrilir. Uzun yolu keçib təzədən baş meydana qayıdıram. Mənə elə gəlir, ətrafdakı hər şey həyəcan içindədir, sanki hamısı mənə baxır, sonra da mənə mane olmamaq üçün baxışlarını çəkirlər, təzədən diqqətlə baxırlar, xilas olmaq üçün məndən nəsə qətiyyətli bir hərəkət gözləyirlər. Başımı bulayıram, yerimdən tərpənmirəm. Nəsə bir iş görmək üçün baş meydana da girmirəm. Onun yanından keçib bayaq kəşviyyat üçün qazmaq istədiyim yerə tərəf gedirəm, oranı bir də yoxlayıram. Yaxşı yer idi, bəlkə də buradan gazsaydım, hava çəkən yerlərə gedib çıxardım, işim yüngülləşərdi, bəlkə də çox qazası olmazdım, səsin mənbəyinə qədər getmək lazım gəlməzdi, hava çəkən yerləri dinşəmək bəs edərdi. Ancaq heç bir mülahizə məni təzədən qazmağa həvəsləndirə bilməzdi. Axı, qazmaqla nəyi dəqiqləşdirərdim? Yox, daha mənası yoxdur, heç nəyi dəqiqləşdirmək istəmirəm... Baş meydanda gurumuş qıpqırmızı ət parçalarından ən yaxşısını seçib sürünə-sürünə torpaq qalaqlarının arasına giriəm. Əgər yuvada doğrudan da sakitlik deyilən şey varsa, onu burda tapmaq olar. Əti yalayıram, ləzzətlə yeyirəm, növbə ilə gah uzaqlarda özünə yol açan heyvan, gah da ehtiyat üçün yığdığım yeməklər barədə fikirləşirəm. Nə qədər ki imkan var, onlardan ləzzət almaq olar! Sonuncu bəlkə də yeganə plandır ki, onu həyata keçirə bilərəm. Bununla belə, o heyvanın nə istədiyini də tapmağa çalışıram. Görəsən gəzməyə çıxıb, yoxsa özünə yuva tikir? Əgər gəzməyə çıxıbsa, onunla dil tapmaq mümkündür. Əgər doğrudan da gəlib bura çatsa, ehtiyat azuqəmdən bir az verərəm, çıxıb gedər. Əlbəttə, torpaq qalaqlarının arasında uzanıb istənilən qədər şirin xəyallara dalmaq olar, ancaq dəqiq bilərəm ki, heç bir razılaşmadan söhbət gedə bilməz, bir-birimizi görən kimi, bəli, yaxın olduğumuzu hiss edən kimi, ağlımız başımızdan çıxacaq, lap tox olsaq da, acgözlüklə caynaqlarımızı, dişlərimizi işə salacağıq. Həmişə olduğu kimi, burada da hər ikimiz haqlı olacağıq. Axı kim, lap gəzintiyə çıxmış olsa da, belə bir yuvaya rast gələndə bütün planlarını dəyişməzdi? Kim bilir, bəlkə həmin heyvan da özünə yuva tikir

və belə olan halda, razılaşmağı xəyalıma belə gətirə bilməzdim. Hətta lap qeyri-adi bir heyvan olsa da, yuvası kiminsə qonşuluğunu qəbul etsə də, mənim yuvam

buna razı olmazdı. Ən azı da ona görə ki, ordakı səs burda, burdakı da orda eşidilir. Ancaq deyəsən o heyvan çox uzaqdadır və bir az da o tərəfə çəkilsə, yəqin ki səs tamam kəsilər, hər şey də əvvəllərdə olduğu kimi qaydasına düşər, bu hadisə də acı, həm də faydalı bir təcrübəyə çevrilər, məni bəzi möhkəmləndirmə işlərinə həvəsləndirər. Mən sakit olanda, heç bir təhlükə hiss etməyəndə, çox yaxşı, lazımlı işlər görməyi bacarıram. Ola bilsin, o heyvan çox yaxşı iş qabiliyyətinə, gücə malik olmasına baxmayaraq, yuvasını mənimkinə tərəf genişləndirmək fikrindən əl çəkəcək, bunun əvəzinə o tərəfdə nəsə qazanacaq. Ancaq məlum məsələdir ki, bu, danışıqlar yolu ilə alınmaz, ya öz ağlına batmalıdır, ya da mən onu məcbur etməliyəm. Hər iki halda da, həmin heyvanın məndən xəbəri olması və haqqımda nəyi bilməsi əsas rol oynayacaq. Bu barədə fikirləşdikcə, həmin heyvanın ümumiyyətlə məndən xəbəri olması inandırıcı görünmür, ola bilsin, mən təsəvvürümə gətirməsəm də, haqqımda bəzi şeyləri bilir, ancaq səsimi eşitmiş olmaz. Nə qədər ki mənim ondan xəbərim yox idi, deməli, səsimi heç vaxt eşidə bilməzdi, çünki həmişə sakit olmuşam, yuvamda heç vaxt səsim çıxmayıb, Elə isə, bayaq kəşviyyat məqəsədilə ora-buranı qaznda, eşitmiş olardı. Ancaq mən elə qazıram ki, səsi yavaş çıxır. Bunu eşitmiş olsaydı, mütləq bilərdim, çünki, ən azı, tez-tez işinə ara verib, mən tərəfi dinşəyərdi... Ancaq heç nə dəyişmədi...


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 958 Bölmə: Xarici Əsərlər
loading...