Yalnız məntiqlə hərəkət etmək yalana gətirib çıxarır. Məntiq hələ hər şeyi həll etmir.
***
Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan ... Yunanların fəlsəfə ilə baş qatmaqları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir.
***
“Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur”.
***
Özünü müdafiədə, məcburi yalanda nəsə gizli bir həzz, fərəh doğuran mistik bir şey var: o, fərdi xilas etməyə yönəlir... Bütün yalanlar ehtiyacdan doğur. Yalan oyunu xüsusi qabiliyyət tələb edir. Əslində yalnız həqiqət ehtirası gerçək həzz doğura bilər. Ən böyük ehtiras sənət ehtirasıdır ki, həqiqəti bütünlüklə yalan qiyafəsində təqdim edir. Şəxsiyyət məfhumu, hətta mənəvi azadlıq üçün zəruri olan illuziyalar da belədir, bizim bütün həqiqət ehtiraslarımız da yalan üzərində qərar tutur.
***
İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür.
***
Odisseyin nəyi yunanları məftun edirdi? Hər şeydən əvvəl yalan demək qabiliyyəti, bir də hiyləgər və qorxunc qisas həvəsi...
***
Gəlin etiraf edək ki, biz hər şeyə görə yalana borcluyuq... Yalan gözümüz görə-görə həyati zərurətə çevrilmişdir.
***
Dövlət ən qəddar və amansız adamyeyən kimidir. O heç nə olmamış kimi yalan danışır. Dövlət elə hey bəyan edir ki: “Mən dövlətəm, deməli, mən xalqın özüyəm”. Ağ yalan! Bir qrup baçkəsənlər insanları bir yerə toplayıb tələyə saldılar və bunu dövlət adlandırdılar... Əsl həqiqət bundan ibarətdir: hər bir xalq öz xeyir və şər dilində danışır, sadəcə olaraq qonşular bu dili başa düşmür.
***
Bütün həqiqətlər sadədir. - Bunun özü ikiqat yalan deyilmi? Çarəmiz yoxdur, bu gərdişlə barışmalıyıq... Yalan danışmaq cəsarətli adamların işidir.
***
Mahiyyətcə qeyri-əxlaqi olan hisslərimiz gerçək dünya haqqında bizə heç də etibarlı bilik vermir. Əxlaq budur: hisslərimizin aldanışından, dünyanın gərdişindən, tarixdən, yalandan mümkün qədər uzaq olmaq. Tarix hisslərə sadiqlikdən, yalana inamdan başqa bir şey deyildir.
***
Nə Manu, nə Platon, nə Konfutsi, nə də yəhudi və xristian alimləri heç vaxt özlərinin yalan demək hüquqları olduğuna şübhə etməmişlər. Onlar digər başqa hüquqlarından da bol-bol istifadə etmişlər... Bunu belə bir düsturla ifadə etmək olar: Bəşəriyyətin indiyə qədər insanların əxlaq tərbiyəsində istifadə etdikləri vasitələr kökündən qeyri-əxlaqi olmuşdur.
***
İnsanın ən çox istifadə etdiyi yalan onun öz-özünü aldatdığı yalanlardır. Başqalarına yönəlmiş yalan bunların yanında heç nədir.
***
Mən yalnız yalanı yalan kimi dərk etdikdən sonra həqiqətin nə olduğunu anladım.
***
Yalanın dərk olunması insana təbii sevinc və fərəh bəxş edir... Almanın toxumu onun öz içində qərar tutduğu kimi.
***
“İlluziyalar xoşbəxt olmaq üçün deyil, insanın mövcudluğunu qoruyub saxlamaq və onu ucaltmaq üçündür: illuziyasız heç bir inkişaf, təbədüllat mümkün deyildir: hətta idrakın irəliyə doğru hərəkəti də yalnız illuziyanın köməyi ilə mümkündür: Əgər biz dünyanı dərk etmək, düzgün hərəkət etmək və irəliyə getmək istəyiriksə, xəyal çeşməsinin keşiyində durmalıyıq”. Mən bir vaxtlar belə düşünürdüm. Əgər mütləq əxlaq mövcud olsaydı o hökmən həqiqətin ardınca sürünən bir əxlaq olardı: və bu, nəticə etibarilə məni də, digər insanları da qarşısıalınmaz fəlakətlər girdabına, məhvə aparardı. – Mənim insanları əxlaqın buxovlarından azad etməkdəki marağım da bununla əlaqədardır. Yaşamaq və ucalara can atmaq üçün, iradənin hakimiyyət hərisliyini təmin etmək üçün mütləq olan hər bir şey yoldan kənarlaşdırılmalıdır. Qüdrətli insan üçün yalan icazə verilmiş bir vasitədir, lap yaradıcılıqda olduğu kimi: təbiət özü də beləcə hərəkət edir.
***
Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalansız bu reallıq, bu “həqiqət” üzərində qələbə çalmaq qeyri-mümkündür.
***
Müqəddəs yalanı doğuran səbəb də amirlik iradəsidir.
***
Heç kim fəlakətə düşmüşlər qədər yalana meylli olmur.
***
Bir iranlı üçün mühüm olan şeylər bunlardır: sərrast atəş açmaq, at minmək, borc verməmək və yalan danışmamaq.
***
İnsanlarla ünsiyyətdə şərəf hissini gözləməkdən böyük ağılsızlıq yoxdur. Bundan da pisi nəzakətlə yalan danışmaq vərdişinə yiyələnməməkdir.
***
Həqiqət düşmənləri. – Həqiqətin ən qatı düşmənləri yalanlar yox, inamlardır.
***
Bizim istifadə etdiyimiz yalanların dörddə üçü antitezalarla dünyaya gəlmişdir.
***
İlham pərisi yalan söyləyir. – “Biz yaxşı bilirik ki, dilimizdə yalan gəzdiririk” – Bir vaxtlar ilham pəriləri Hesiodla söhbətdə bunu etiraf etmişlər. – Yalançılığın sənətkar üçün adi bir hal olduğunun fərqinə varmaqla yalan haqqında çox həqiqətləri kəşf etmiş olarıq.
***
İnamsızlıq, dünya üzərində heç vaxt olmamış, görünməmiş bir inamsızlıq, hər şeyə və hər kəsə qarşı şübhə! Həqiqətə çatmağın yeganə yolu budur. Gərək sağ göz sol gözə etibar eləməsin və bir müddət işıq - qatı qaranlığa qərq olsun. Bu sizin getməli olduğunuz yeganə yoldur... Siz həmin yolun üstündə xırdaca, bərkimiş buğda dənləri görəcəksiniz. – bunlar həqiqətlərdir: on illər boyu acından ölməmək üçün ovuc-ovuc yalanla qidalanmalı olacaqsınız və bunların heç birinin yalan olduğunu bilməyəcəksiniz...
***
Heç kəs, heç zaman və heç yerdə bu həqiqətin doğruluğuna şübhə etməsin! – Yalanlar daim insanların həyatını müşayiət edir, ancaq sonradan heç düşünməyə də vaxt və həvəsləri olmur və baş verənlərə heç inanmaq da istəmirlər.
***
Uğursuz an! – Müdrik insanlar yalnız bir anlığa yalan danışırlar.
***
Qeyri-əxlaqi hərəkətlər bizim əxlaqa əsaslanan həyat tərzimizin ilikin şərtlərini yaradır. Onlar ruhumuza, daxili varlığımıza hakim kəsilmişlər. Biz heç vaxt heç kəsə rəva bilmədiyimiz dərəcədə öz-özümüzə qəsd edir, oğurluq və ikiüzlülük edir, cilddən-cildə giririk.
***
Əxlaq qaydaları vasitəsilə həqiqi olan hər şeyin saxtalaşdırılması bütün eybəcər görkəmi ilə qarşımızdadır: miskin psixologiya, - o, filosofu əyalət keşişinin səviyyəsinə endirir.
***
Yalan insanın xarakterinə uyğun olanda yalançılıq daha asan bir peşəyə çevrilir.
***
Həqiqilik problemini hələ axıra qədər heç kəs dərk edə bilməmişdir. Yalan əleyhinə deyilən hər bir söz bir məktəb mirzəsinin sadəlövhlüyündən başqa bir şey deyildir. Xüsusilə “yalan danışmaq olmaz!” tələbkarlığa kimi.
***
... Hər cür xoşbəxtlik - ehtirasları boğmaq və iradəni susdurmaqla yaranır.
***
Gülməli deyilmi ki, hələ də müqəddəs, sarsılmaz bir qanunun varlığına inanırıq: “yalan danışmaq olmaz”, “öldürmək olmaz” – elə bir həyatda ki, onun mahiyyəti məhz əbədi yalan və insanların bir-birini durmadan məhv etməsi ilə xarakterizə olunur.
***
Dövlət bütün şirin və zəhərli dilləri ilə dil-dil ötür, dediklərinin hamısı da yalan-palandır, - əldə etdiklərinin, topladıqlarının hamısı da oğurluq maldan başqa bir şey deyildir. Ey böyük insanlar, yazıqlar olsun ki, o bu gün də sizin qulaqlarınıza öz mənhus yalanlarını pıçıldamaqda davam edir.
***
“Nə üçün şairlərin yalan danışdıqlarını deyirdin?” “Nə üçün?” – deyə Zərdüşt soruşdu. – “Sən hələ soruşursan da? Mən “nə üçün”, “niyə” suallarına cavab verməkdən xoşlanan adam deyiləm. Yadındadırmı, bir dəfə Zərdüşt sənə nə demişdi! Demişdimi ki, şairlərin dilinə düz söz gəlmir?... Axı Zərdüşt özü də şair tayfasındandır. Sən elə bilirsən ki, o bunu deməklə həqiqəti söyləyirdi? Niyə belə fikirləşirsən? Amma orası da var ki, kimsə bütün ciddiyyəti ilə şairlərin yalançı olduqlarını deyir: o düzünü deyir. Bizim gün-güzaranımız yalan danışmaqla keçir. Biz çox az bilirik və bilmədiklərimizi öyrənməyə çox az səy edirik: ona görə də yalan danışmağa məcburuq.
***
Ayaqlar və gözlər getdiklərini və gördüklərini deməlidirlər, yalan söyləməklə bir-birinin eyiblərini açmamalıdır. Kiçik adamlar daha çox yalan danışmalı olurlar.
***
“Mənim ayaqlarda sürünən xoşbəxtliyim kədərlə gülümsəyir. Mənim yalan xəyallarım da rişxəndlə gülümsünür. Sən hara, yaranmaq hara? Mən həyatda heç vaxt ixtiyar sahibləri qarşısında sürünmədim: yalanı da sevgidən etdim, sevə-sevə yalan danışdım”.
***
Yalan danışmağı bacarmayan həqiqətin də nə olduğunu bilməz.
***
Biz hamımız, bəzən də heç xəbərimiz olmadan, az və ya çox dərəcədə özümüzü arsızlığa vururuq.
***
O emalatxanalar ki, oralarda ideallar quraşdırılır, onları görəndə dalağım sancır – burnuma kəsif yalan qoxusu dəyir.
***
İndi musiqiçi (Vaqner kimi) bir aktyor rolunda çıxış edir, onun sənəti daha çox yalançılıq istedadı şəklində inkişaf edir.
***
Mənim narahatçılığım ... bundadır ki, aktyor təbii, ilkin olana xəyanət etməsin. Musiqi yalan yaymaq peşəsinə çevrilməsin.
***
Vicdanın buyruğu ilə hərəkət edən adamlarda yalan və hiyləgərliyə qarşı təbii bir nifrət olur; qorxu anlarında buna bənzər nifrət motivləri ola bilər, çünki yalan ilahi bir hökmlə qadağan edilmişdir. Yalan danışmaq üçün cəsarət tələb olunur.
***
Ağlımızın günahı ucbatından biz duyğu orqanlarımızın bizə təlqin etdiklərini təhrif edirik. Nə qədər ki, hisslərimiz təkamülü, dünyanın gərdişini, baş verən dəyişmələri göstərir, bizi aldatmır... Lakin Heroklit bu fikrində həmişə haqlıdır və dünya durduqca da haqlı olacaqdır ki, gerçəklik yalnız bir fiksiyadır. “Xəyali” dünya yeganə dünyadır: “gerçək” dünya isə nağıldan başqa bir şey deyildir.
***
“Yalan danışmaq yaramaz” – bunun təmiz almancası gərək ki, belə olar: cənab filosof, həqiqəti söyləməkdən özünüzü qoruyun...
***
... bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir.
***
Xristianlıqda, yalan söyləmək sənəti yəhudiliyin, yüz illərlə davam edən əzablı həyat və mübarizələr təcrübəsi özünün ən yüksək kamillik həddinə çatır. Xristianlar, bu zorən yalana uğramışlar (ultima ratio) elə əsl yəhudi özüdür, təpədən dırnağa qədər yəhudidir.
***
Günah və cəza məfhumları, “xilas”, “bağışlanma” haqqında rəhmdillik təlimi – bunlar hamısı təpədən dırnağa qədər yalandır, heç bir psixoloji reallığa əsaslanmayan bu yalanlar insanları mahiyyət haqqında düşünmək axtarışlarından yayındırmaq üçündür. – bunlar səbəb və hadisə anlayışlarına qarşı bir sui-qəsddir.
***
“Yalan söyləmək azadlığını yasaq etmək – mən burada teoloqun məkirli niyyətini görürəm”.
***
“Allah”, “ruh”, “savab”, “günah”, “o dünya”, “həqiqət”, “axirət dünyası” – bütün bunlar yaramaz adamların xəstə instinktlərinin uydurduqları yalanlardır.
***
Qəsdən yalan danışanlarla oturub-durmaq daha yaxşıdır, çünki yalnız onlar şüurlu şəkildə səmimi ola bilirlər. Adi həqiqətpərəstlik şüurlu şəkildə maskalanmaq, gözdən pərdə asmaqdır.
***
Çox yalan danışmağa ehtiyacı olmayan adamlardaha az yalan danışdıqlarına görə hələ öyünürlər də.
***
Dayaz, yüngülməcaz adamlar həmişə yalan danışmağa məcburdur, çünki onların məzmunu yoxdur. Əsl tərbiyə: hər hansı bir şəraitdə yalana alışdırmaq tərbiyəsidir. Həqiqətpərəst adam son nəticədə həmişə yalan dediyinin fərqində olur. Yalan danışmaq yalnız bildiyinin əksini danışmaq deyil, həm də bilmədiklərinin əksini danışmaqdır.
***
Yalan danışa bilməmək qabiliyyəti heç də həqiqət sevgisindən irəli gəlmir. Hər bir məhəbbətdə yalan demək istedadı gizlənir, hətta həqiqətə olan məhəbbətdə də.
***
Kilsə və dövlət də daxil olmaqla yalan üzərində qərar tutan hər şey ölüm bayquşlarının xidmətçiləridir.
***
Hamı bilməlidir ki, Vyanada müharibənin gedişi ilə əlaqədar olan bütün məlumatlar (1866-cı il Avstriya-Prussiya müharibəsi nəzərdə tutulur) kütlələrdə ruh düşkünlüyünün qarşısını almaq məqsədilə saxtalaşdırılmış və təhrif edilmişdir.
***
Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir.
***
Siz ey kölgəsindən qorxan zavallılar! Siz rəngbərəng vəhşi heyvan xəz-dərilərinə məftun olmuş adamlar kimi gəlişi gözəl sözlərin təsirindən ayıla bilmirsiniz: sizin ayaqlarınız yalnız və yalnız yumşaq yalan xalıları üzərində gəzişməyi bacarır.
***
Yalanı günahsızcasına dodaqlarında gəzdirən bədgümanların pıçıltı ilə mənim haqqımda dediklərini eşidirəm. Bəzi fırıldaqçıların da yavaş-yavaş mənim müdriklik süfrəmin kənarına yaxınlaşdıqlarını görürəm [...]. Siz əvvəlcə yalan danışmağı öyrənin ki, həqiqəti söyləməyin nə olduğunu anlayasınız.
***
Yalan danışmaq – yalnız yalan danışmaq naminə yalan danışmaq bütün vulqar cəmiyyətlərdə primitiv bir istək olmuşdur. Hökm etmək naminə hökm etmək... Həyatdan zövq almaq naminə yox.
***
Bilərəkdən və könüllü surətdə yalan danışmaq zorən kor-koranə doğrunu deməkdən yaxşıdır – Platon bu yerdə haqlıdır. Hərçənd ki, qəbul olunmuş qiymətləndirmə meyarı tamam başqa cürdür: həqiqəti söyləyən insan daha çox rahatlıq tapır.
***
... yalnız bilərəkdən, qəlbən yalan deyən şair əsl həqiqəti də söyləyə bilər.
***
Nəhayət ki mən öz ömrümdə yeganə düzgün nəticəyə gələ bildim: insanlar haqqında yalan danışmamaq həyatın məntiqi ilə daban-dabana ziddir.
***
Mənim üçün çox ağır bir itgi oldu ki, bu yalan-palan ustası, bu alçaq böhtan xadimi mənim yolumdan tez çəkilib getdi.
***
... dünyada ən böyük yalan insanların bərabərliyi haqqındakı yalandır.
***
“Sən yalan deməməlisən”: düzgünlük tələb olunur. Lakin məhz gerçək olanın etirafı (aldadılmamaq ideyası) yalançılarda həmişə daha güclü olmuşdur: məhz onlar bu populyar “həqiqinin” gerçək olmadığını daha yaxşı dərk etmişlər... (Yalan həmişə güclünün yol yoldaşı olur. Lakin burası da var ki, yalan danışmaq o qədər də asan başa gəlmir)
***
Hər halda biz sevəndə daha asanlıqla yalan deyirik, başqaları və özümüz haqqında: insan sanki yeniləşir, özünü daha güclü, daha məmnun, daha kamil hiss edir.
***
Necə olur ki, bir yalançı yanlışı bizə həqiqət kimi sırıyır? Ağlının gücü hesabına.
***
İki şey qoşa divar kimidir: yenilik və ənənə. Bunlar müqəddəs yalanların iki üzüdür. Bunları icad etmiş ziyalı zümrəsi həmin anlayışları elə Platonun şərh etdiyi kimi başa düşürlər.
***
Əxlaq mütləq mənada başa düşüldükdə, məsələn, dini anlamda yalanın tamamilə qadağan edilməsi kimi, onda dərhal bütün əxlaq, eləcə də siyasət tarixi əhəmiyyətsiz bir şeyə çevrilir. Biz yalan və xəlvəti kəsilmiş qəlp pullarla yaşayırıq. Hakim təbəqələr daim yalanın gücünə arxalanmışlar.
***
O şey ki, faydalıdır, deməli, yaxşıdır. Yaxşı olan hər bir şey heç vaxt yalan ola bilməz – çıxardığımız amansız nəticə bundan ibarətdir. Yaxşı qurtaran hər şey doğru kimi qəbul olunur: həqiqətin başqa meyarı yoxdur.
***
Saxta bir mühitdə yaşamaq və öz həyati əhəmiyətli vəzifələrindən yayınmaq, - filoloq kimi çalışdığım və universitetdə müəllimlik etdiyim dövrdə olduğu kimi, - fiziki cəhətdən məni aramsız olaraq fəlakətə sürükləyir.
***
Mənim almanlara bağışlamayacağım bir şey varsa, o da budur ki, onlar nə etdiklərini bilmirlər, niyə yalan danışdıqlarını bilmirlər. Yalan danışdığını bilən alman alman xarakterini inkar etmiş olur, xoşbəxtliyə bax!
***
Hamı onun (Malvida fon Maysenburqun) sözlərinə diqqətlə qulaq asıb, amma, görünür heç kim ona bir dəfə də deməyib ki, sənin danışdıqların nəinki yanlış, həm də yalandır... Axı “nəcib ruhlar” elə beləcə də hərəkət edir, onlara reallığı görməyə icazə verilmir... Bunu biləndən sonra ona yazdım ki, Zərdüşt yaxşı və Adil adamları aradan götürmək istəyir, çünki onlar həmişə yalan danışırlar.
***
Qəribədir! Mən yalnız son dörd həftədir ki, əsərlərimi başa düşməyə, ən başlıcası, onları qiymətləndirməyə başlamışam. Tamamilə ciddi sözümdür, mən onların əsl mənasını heç vaxt başa düşməmişəm. Desəm ki, əlbəttə, “Zərdüşt belə demişdir” əsəri müstəsna olmaqla, onlar məni tamamilə qane edir, yalan danışmış olaram.
***
Yalan, - xeyirxahlığın anası olmasa da, hər halda ona xeyirxahlığın dayəsi demək olar.
***
Yalnız bir fərdlə məhdudlaşan sevgi barbarlıqdır: çünki bu bütün başqa adamların ziyanına işləyir. Allaha olan sevgi də belədir.
***
Yüksək duyğuların gücü deyil, onların əbədiliyi – böyük insanların böyüklüyü bundadır.
***
Kim öz idealına çatırsa, bununla həm də onu ötüb keçmiş olur.
***
Tovuz quşu hamının gözləri qarşısında ayaqlarını gizlədir və bununla da öz qüsuru ilə qürrələnmiş olur. Bir insan üçün dahilik hələ kifayət eləmir, bunun üçün onda daha iki fəzilət olmalıdır: qədrbilənlik və paklıq.
***
Əsl həqiqətdə heç bir əxlaqi fenomen yoxdur, yalnız hadisələrin əxlaqi cəhətdən qiymətləndirilməsi var. İnsan ən çox öz xeyirxahlığının cəzasını çəkir.
***
Məhəbbət və nifrətdə qadınlar kişilərdən daha amansız olurlar.
***
İsa öz yəhudilərinə dedi: “qanunlar kölələr üçün yazılmışdır, - Allahı onun oğlu olan mənim kimi sevin. Bizim kimi Allah övladlarına qanunların nə dəxli var!”
***
Məni yandıran o deyil ki, məni aldadırsan, məni yandıran odur ki, daha sənə inanmıram.
“Ondan zəhləm gedir”. – “Niyə? – “Çünki o məndən üstündür”. Görəsən dünyada bunu etiraf edən adam olubmu?
***
Yaddaşım deyir: “Mən bunu etmişəm”. – Yox, mən bunu heç vaxt edə bilməzdim” – deyə qürurum etiraz edir. Nəhayət, yaddaşım təslim olur.
Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 642 Bölmə: Xarici Əsərlər