Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompüter tomoqrafiyası xərçəng yaradır?

Amerika Milli Xərçəng İnstitutu xərçəngin səbəblərini araşdırarkən maraqlı nəticəyə gəlib. Alimlər kompüter tomoqrafiyasının yaydığı radiasiyanın xərçəng xəstəliyi yaratdığı qənaətinə gəliblər. Onlar hətta 2007-ci ildə tomoqrafiyadan yararlananların 15 min nəfərinin dünyasını dəyişəcəyini iddia ediblər. Tədqiqatçıların qənaətinə görə, kompüter tomoqrafiyasından keçənlərin 20 min nəfərində sonradan xərçəng aşkarlanıb. Onlar kompüter tomoqrafiyası ilə rentgen aparatının yaydığı radiasiyanı müqayisə ediblər. Bəlli olub ki, birinci ikincidən 100 qat çox radiasiya yayır. Buna görə də ehtiyac olmadan bu cihazın köməyindən istifadə tövsiyə edilməyib.
Kompüter tomoqrafiyası doğrudanmı insan orqanizmi üçün təhlükə törədir? Tibb elmləri doktoru, professor Adil Qeybullanın bildirdiyinə görə, kompüter tomoqrafiyası rentgen aparatının köməyi ilə bədənin köndələn ölçüdə səkillərini almağa imkan verən müayinə üsuludur: “Bədənin müayinə olunan nahiyəsi 10 mm-lik qatlarla güzgüdə görünən kimi təhlil olunur və bunu istənilən qədər dəyişmək mümkündür. Müayinə zamanı rentgen borusu xəstənin ətrafında dairə şəklində dönür. Rentgen borusu ilə üzbəüz onunla eyni vaxtda hərəkət edən və bədən strukturlarından zəifləmiş şüaları qəbul edən detektor sistemi yerləşir. Borunun enerji şüaları bədənə düşür və keçdiyi orqanların sıxlığından asılı olaraq onun intensivliyi zəifləyir. Bu zaman ən çox zəifləmə sümüklərdə, ən az zəifləmə isə havalı orqanlarda - ağ ciyərlərdə və bağırsaqlarda müşahidə olunur. Bədənin müvafiq qatının ölçüsü kompüterdə hesablanır və kompüter tam ikiölçülü şəkil yaradır, burada müxtəlif sıxlıqlı toxumalar boz rəngin çalarlarında görünür. Əgər bədənin bir hissəsi qat-qat müayinə olunursa, buradakı müxtəlif orqanların tam şəkli və onlarda olan patoloji dəyişikliklər, şişlər, onların yayılması müəyyən oluna bilər”.
Professora görə, kompüter tomoqrafiyası rentgen-müayinəsi sayıldığı üçün orqanizmə müəyyən qədər təsiri var. Lakin təhlükə riski daha çox müayinəni aparan mütəxəssislər üçün mümkündür: “Bu ani müddətdə keçən şüalanma olduğu üçün müayinə edilən xəstədən çox, rentgen kabinetində işləyən işçilərə zərər verməsi ehtimalı daha böyükdür. Bu aparatla müayinənin orqanizm üçün ciddi təhlükə törətməsi fikri yanlışdır. Orqanizmin şüalara təsir müddəti böyük olarsa, o zaman təhlükəsi barədə danışmaq olar. Bəzən xərçəng xəstələrinə şüa müalicəsi tətbiq olunur. Şüa müalicəsinin özü xəstədə ikincili xərçəng yarada bilər. Amma diaqnostik üsullarda bu ehtimal azdır. Çünki bu məsələlər Ümumdünya Səhiyyə Təşkilatının xüsusi laboratoriyalarında təcrübədən keçilib və müvafiq tövsiyələr irəli sürülüb. Kompüter Tomoqrafiya ilə müayinədən xərçəng şişinin yaradılması ehtimalı orqanizmə uzun müddət rentgen şüaları daxil olduqda mümkündür”.
Həkim riski azaldan üsullardan da danışdı: “Hazırda daha təkmil qurğular hazırlanır ki, onlarla müayinə zamanı zərər riski bir az da zəifləyir. Spiral-Kompüter Tomoqrafiyada xəstə müayinə vaxtı avtomatik olaraq fasiləsiz irəli çəkilir. Bu üsul bədən hissələrinin daha tez müayinəsinə imkan verir ki, bu da hərəkətli orqanların müayinəsində (ürək, ağciyərlər) daha əlverişlidir. Bu texnika getdikcə təkmilləşir. Hazırda maqnit nüvə rezonansı var ki, üç fəza münasibətində orqan və toxumaların şəklini çəkir və bu üsul artıq rentgen şüaları ilə işləmir”.
Adının çəkilməsini istəməyən başqa bir həkim-ekspert hesab edir ki, kompüter tomoqrafiyası ilə müayinə yalnız ultrasəs və adi rentgenoqram vasitəsilə kifayət qədər səlis məlumat almaq mümkün olmadığı hallarda aparılmalıdır: “Ümumiyyətlə, təbabətdə yüz faizlik məlumat verən üsul yoxdur. Lakin başqa müayinələrlə müqayisədə kompüter tomoqrafiyasının normal rentgen müayinəsindən üstünlüyü şəkillərin üst-üstə düşməməsi ilə bağlıdır. Bundan başqa, daxili orqanların xəstəliklərinin müəyyən olunmasında (məsələn, şişlərin ölçüsü, lokalizasiyası və yayılması), zədələnmələrin diaqnostikasında və cərrahi müdaxilələrin daha dəqiq planlanması üçün tomoqrafiya vacibdir. Kompüter tomoqrafiyasından toxuma nümunələrinin götürülməsi və toplanmış mayelərin çıxarılması (məsələn, qarın boşluğundan) məqsədilə aparılan müayinələrdə də istifadə oluna bilir”.
Mütəxəssisin dediyinə görə, tomoqrafiya zamanı xəstə adi rentgen müayinəsinə nisbətən qısa müddətdə yüksək şüalanmaya məruz qalır: “Kompüter tomoqrafiyası zamanı şüalanma sahəsi adi rentgen müayinəsində olduğundan daha çoxdur. Əlbəttə ki, hər bir lüzumsuz şüalanmadan kənar olmaq lazımdır, bu səbəblə müayinə yalnız o halda aparılır ki, ondan çox dəyərli məlumat gözlənilir. Üstəlik, kompüter tomoqrafiyası adi rentgen müayinəsi ilə müqayisədə xeyli bahalı müayinədir”.
Həkimin fikrincə, tomoqrafiya çərçivəsində qəbul olunan kontrast maddə də orqanizmdə fəsadlar törədə bilər. Odur ki, müayinədən əvvəl həkim xəstənin bütün xəstəlikləri barədə məlumatlı olmalıdır: “Kontrast maddəyə qarşı ağır allergik reaksiyalar müşahidə olunur. Bəzən isə yüngül əlamətlər - halsızlıq, istilik hissi, ürəkbulanma halları yaranır. Buna görə də müayinədən əvvəl allergiyanın olması, bronxial astma haqqında həkimə məlumat vermək lazımdır. Həmçinin kontrast maddənin tərkibindəki yoddan qalxanabənzər vəzin böyüməsi müşahidə oluna bilər. Böyrəklərin, qaraciyər, ürək-damar sistemi xəstəlikləri, maddələr mübadiləsi ilə əlaqəli xəstəliklər də kontrast maddənin qəbulundan sonra ağırlaşa bilər. Odur ki, həmin xəstəliklər haqqında həkimə müayinədən əvvəl məlumat verilməlidir. Həmçinin hamiləlik istisna olunmalıdır...”


Tarix: 24.12.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Xərçəng
loading...