Epidemiology jurnalının verdiyi məlumata görə, iş yerlərində xronik stressə məruz qalan qadınlar süd vəzisi xərçəngi ilə 30% daha çox xəstələnirlər.
Belə nəticəyə 36 min nəfər 30-50 yaşlar arası işləyən qadınların iştirak etdiyi tədqiqatları aparan İsveç və Böyük Britaniya alimləri gəlmişlər.
İsveçdə yaşayan tədqiqat iştirakçıları 1990-2004-cü illər ərzində müşahidə altında olmuşlar. Bu müddət ərzində həmin qadınların 767 nəfərində süd vəzisi xərçəngi qeydə alınmışdır. Alkoqoldan istifadə, uşaqların sayı, bədən çəkisi və yaş kimi faktorları nəzərə aldıqdan sonra alimlər belə nəticəyə gəlmişlər ki, iş yerində xronik stressə məruz qalan qadınlarda süd vəzisi xərçəngi ehtimalı 1/3 qədər artır. Tədqiqatın rəhbəri Hanna Kuperin verdiyi məlumata görə, bu bütün iş günü ərzində işləyən qadınlara aiddir.
Stressin süd vəzisi xərçənginin əmələ gəlməsində iştirak mexanizmi hələlik dəqiq məlum deyil. Alimlər xronik stress zamanı artan estrogen hormonunun burada rolu olduğunu ehtimal edir. Yüksək estrogen səviyyəsi süd vəzisi xərçəngi üçün risk faktoru hesab olunur.
Başqa bir nəzəriyyəyə görə, xərçəngə qeyri-sağlam həyat şəraiti səbəb olur, çünki xronik stressə məruz qalan qadınlar çox vaxt siqaret çəkir və idmanla məşğul olmurlar.
Bundan əlavə Kuper qeyd edir ki, stress immun sistemi zəiflədir və bu da öz növbəsində onkoloji xəstəliklər qarşısında orqanizmin dözümlülüyünü aşağı salır.
Tarix: 07.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 293 Bölmə: Xərçəng