Süd vəzi xərçənginin müalicəsi xüsusi biliklər və müxtəlif sahə üzrə çalışan mütəxəssislərin əməkdaşlığını tələb edir. Süd vəzi xəstəliyinin effektli müalicəsi üçün bir neçə sahənin həkimləri əməkdaşlıq edir-ginekologiya, radiologiya, patanatomiya, şüa terapiyası və onkologiya. Belə bir əməkdaşlıq daha effektiv müalicə aparılmasına səbəb olur.
Süd vəzi xərçənginin diaqnostikası: kliniki müayinələr və həkimlə söhbət (anamnez). Xəstə ilə ilk təmasda həkim ilk əlamətləri öyrənməlidir. O, şübhə olunan şişi, qoltuqaltı nahiyəni (limfa düyünlərinin böyüməsini öyrənmək üçün) mütləq müayinə etməlidir. Anamnezlə tamamlanmış müayinə düzgün diaqnoz qoymağa və müvafiq müalicəyə başlamağa imkan verir.
Anamnezdə aşağıdakılar toplanır: yaş, ilkin aybaşı, menapauza dövrünün başlanğıcı, dövrün fazası, ilk hamiləlik, südlə qidalandırma tarixi, xərçəng xəstəlikləri və şüa terapiyası, xoşxassəli şişlər, süd vəzisində əməliyyatlar, hormonal terapiya, sosial- ekonomik status, irsi süd vəzi və yumurtalıq xərçəngi.
Laborator analizlər: genişlənmiş qan analizi (60 a qədər göstərici) orqan və sistemlərin finksional qabiliyyətini göstərəcək.
Mammoqrafiya vasitəsilə süd vəzi rentgen olunur. Bu üsul hazırda xərçəngin ilkin mərhələlərində onun tapılmasına imkan verən yeganə üsuldur. Mammoqrafiya əsasında həkim düyünlü xərçəng və ya başqa xəstəlik olduğunu aşkarlaya bilər.
Ultrasəs müayinəsi (USM) bu müayinə üsulu mammoqrafiyanı tamamlamış olur. Bəzi qadınlarda xüsusilə cavan qadınlarda yalnız mammoqrafiya ilə süd vəzində olan dəyişiklikləri aşkarlamaq olmur və bu zaman USM diaqnozun dəqiqləşdirilməsinə kömək edir.
Maqnit-rezonans tomoqrafiya (MRT), aparılan digər müayinələrdən sonra da şübhəli hal qalırsa, bu zaman MRT tətbiq olunur. Bu müayinə insanı şüalanmaya məruz qoymur.
Biopsiya: bu toxumalardan nümunə götürülməsidir. Yalnız mikroskopik analiz şişin xoş və ya bədxassəli olmasını təsdiqləyə bilər. Bu dəqiq bir üsul olub, heç bir ağırlaşması yoxdur.
Süd vəzi xərçənginin müalicəsi: tibb elmi sürətlə inkişaf edir və məhz buna görə hazırda hər bir xəstə üçün individual müalicə üsulu seçmək mümkündür. Bu isə öz növbəsində ağırlaşma olmadan daha effektiv müalicəyə gətirib çıxarır. Süd vəzi xərçəngi diaqnozu qoyulubsa və metastaz yoxdursa demək olar ki, hər zaman müalicə növü cərrahidir. Şişin yerləşməsi, süd vəzinin forma və ölçüsündən asılı olaraq, xəstənin individual istəkləri nəzərə alınaraq həkimlərin tətbiq edəcəyi bir neçə cərrahi metod var.
Şüa terapiyası isə digər qalan xərçəng hüceyrələrini və ayrılmış lakin formalaşmamış şiş hüceyrələrini məhv edir. Şüa terapiyasının məqsədi süd vəzində hələ də qalmış və ya çapıq toxuma ətrafında (əməliyyat olan nahiyədə) olan hüceyrələri məhv etmək və nəticədə yeni yaranacaq şiş hüceyrələrinin (lokal residiv) qarşısını almaqdır. Bundan başqa, kimyəvi terapiya, hormonal müalicə, o cümlədən bisfosfonat (osteoporozun və sümük metastazının qarşını almaq üçün) tətbiq olunur.
Tarix: 24.12.2014 / 16:23 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Xərçəng