Hepatosellülar Karsinoma (HCC), xolangiokarsinoma, hepatoma və hemangiosarkoma "Birincili Qaraciyər Xərçənglərinə" (BQX) aid edilirlir. BQX dedikdə qaraciyəri təşkil edən fərqli toxuma növlərindən qaynaqlanan xərçəng nəzərdə tutulur. HCC özlüyündə hepatositlər adlanan qaraciyər hüceyrələrindən inkişaf edir. Qaraciyərdə rast gəlinən bədxassəli törəmələr daha çox metastatik olur. Qaraciyərə daha çox metastaz verən xərçəng növlərinə yoğun bağırsaq, ağciyər və süd vəzi xərçəngləridir.
Birincili qaraciyər xərçəngləri içərisində daha çox rast gəlinəni Hepatosellülar Karsinomadır. HCC xərçəngdən ölümün səbəbi kimi digər xərçənglər arasında üçüncü yeri tutur. HCC daha çox Asiya və Afrika ölkələrində rast gəlinir və hər 100.000 nəfərə 500 xəstə düşür. Qərb ölkələrində isə bu rəqəm daha az olub hər 100.000 nəfərə 1.4 xəstədir. HCC qadınlara nisbətən kişilər arasında daha çox rast gəlinir (1/4 nisbətində). HCC-nin yaranmasında xroniki hepatitlər nəticəsində inkişaf edən sirroz əsas faktor kimi iştirak edir. İnkişaf etməkdə olan ölkələrdə HCC-nin daha geniş yayılmasının səbəbi Hepatit C və B infeksiyasının geniş yayılmasıdır.
Birincili Qaraciyər Xərçənglərinin digər növü qaraciyərdaxili öd yollarından inkişaf edən xolangiokarsinomadır. Xolangiokarsinoma xarici öd yollarında olarsa buna Klatskin xərçəngi də deyilir.
Hepatoblastoma birincili qaraciyər xərçənginin çox az rast gəlinən forması olub 4 yaşından kiçik uşaqlarda qeyd olunur. Adətən zamanında təyin edilərsə bu şiş uğurla müalicə olunur. Angiosarkomalar qaraciyərdaxili qan damarlarından inkişaf edir və çox sürətlə böyüyür.
Əlamətləri
Xəstələrin çoxunda xərçəngin ilkin mərhələsində heç bir əlamət və şikayətlər olmur. Şişin inkişaf etmiş mərhələsində isə aşağıdakı əlamətlər üzə çıxa bilər:
- İştahasızlıq və arıqlama
- Ürəkbulanma və qusma
- Ümümi zəiflik və yorğunluq
- Qarında ağrı, xüsusilə də qarının sağ yuxarı nahiyəsində olan və bəzən belə və çiyinə irradiyasiya edən ağrılar
- Qaraciyərin böyüməsi
- Qarnda mayenin toplanması (assit)
- Dəri və gözün saralması
Qaraciyər xərçənginin səbəbləri
Birincili qaraciyər xərçəngi qaraciyəri təşkil edən toxuma və hecürələrdən inkişaf edir. Xərçəngin inkişafının səbəbi elmə tam məlum deyil. Fərqli nəzəriyyələr mövcuddur. Tədqiqatlar müəyyən etmişdir ki, bir çox xərçəngin əmələ gəlməsi sağlam hüceyrələrin DNT-sində zədələnmənin baş verməsi və bu heceyrələrin yaşamağa davam etməsindən başlayır. Adətən hüceyrə DNT-sində baş verən zədələnmə hüceyrə tərəfindən təmir edilir və ya əgər zədələnmənin təmir edilməsi mümkün deyildsə proqramlaşdırılmış ölüm deyilən (Apoptoz) mexanizmi işə düşür və hüceyrə ölür. Amma maliqnant xarakter almış hücüyrələr isə nəzarətsiz bölünməyə başlayır.
Aşağıda sadalanan risk faktorları qaraciyər toxumasında xərçəngin inkişafına təkan verə bilər.
Risk Faktorları
- Cinsiyyət. Kişilərdə qaraciyər xərçəngi daha çox rast gəlinir nəinki qadınlarda. Bunun səbəbi məlum deyil.
- Yaş. ABŞ və Avropada qaraciyər xərçəngi daha çox 60 yaşından sonra əmələ gəlir. Asiya və Afrika ölkələrində isə 20-50 yaş arasında qaraciyər xərçənginə daha çox rast gəlinir.
- HCV və HBV ilə xroniki yoluxma. HCV və HBV ilə xroniki yoluxma qaraciyərin birincili xərçənginin formalaşmasında ən ciddi risk faktorları hesab edilir.
- Sirroz. Qaraciyər toxumasının bu və ya digər səbəb üzündən çapıq toxuması əvəzlənməsi üzündən formalaşan sirroz qaraciyərin birincili xərçənginin yaranması riskini artıran bir faktordur.
- Diabet. Diabeti olan insanlar arasında birincili qaraciyər xərçənginin əmələ gəlməsi ehtimalı daha çoxdur nəinki diabeti olmayan insanlarda. Şəkərli diabet və C Hepatitinin yanaşı getməsi xərçəngin yaranması ehtimalını daha da artırır.
- Alfatoksinlərə məruz qalma.Bəzi göbələk növləri alfatoksinlər yaradır.Bu göbələk növləri ilə çirklənmiş qida qəbulu birincili qaraciyər xərçənginin inkişafına səbəb ola bilir. Taxıl, soya və yer findığı alfatoksinlərlə çirklənə bilən qida məhsullarındandır.
- Həddən ziyadə çox alkoqol qəbulu. Həddən ziyadə çox alkoqol qəbul edən insanlarda spirt qaraciyərdə geridönməz zədələnmə yarada və birincili qaraciyər xərçəngi ehtimalını artıra bilər.
- Siqaret çəkmə. İstənilən növ tütün məmulatlarının istifadəsi birincili qaraciyər xərçəngi ehtimalını artırır.
- Öd yollarının xroniki xəstəlikləri. Birincili sklerozlaşan xolangitlər iltihabi proses nəticəsində qaraciyərin öd yollarını çapıqlaşdırır. Bu isə öz növbəsində qaraciyər daxili öd yollarında xərçəngin formalaşmasına təkan verə bilər.
Xəstəliyin müayinəsi
Qaraciyər xərçənginə görə aparılan skrininqin risk qrupuna daxil olan insanlar arasında aparılması məqsədəuyğundur. Bunlara aşağıdakılar aid edilir:
- Hepatit B mənşəli qaraciyər sirrozu və ailəsində qaraciyər xərçəngi olan insanlar
- Alkoqol mənşəli sirrozlu xəstələr
- Hepatit C-li xəstələr
- Anadangəlmə hemoxromotozis
- Birincili sklerozlaşan xolangit
Skrining adətən ildə bir və ya iki dəfə ultrasəs və qan müayinəsi vasitəsilə aparılır.
Qaraciyər xərçənginin diaqnostikası üçün həkiminiz sizə aşağıdakı müayinələri təklif edə bilər:
- Ultrasəs müayinəsi. USM qaraciyərdə hər hansı bir törəmənin olub-olmasını təyin etməyə imkan verir.
- Kompüter Tomoqrafiyası . Kompüter Tomoqrafiyası USM-dən fərqli olaraq qaraciyərin daha dəqiq təsvirini verir. USM-zamanı hər hansı bir şübhəli təsvir olarsa Kompüter tomoqrafiyası tövsiyyə olunur.
- Maqnit Rezonans Tomoqrafiya (MRT). Bir çox hallarda MRT dəqiq diaqnostika və əməliyyata hazırlıq məqsədilə USM və KT ilə yanaşı MRT-də olunur. Bir çox hallarda isə USM-dən dərhal sonra MRT tövsiyyə edilə bilər.
- Qaraciyər Biopsiyası. Bu üsulla qaraciyərin şübhəli sahəsindən götürülmüş toxuma histopatoloji müayinə edilir və dəqiq diaqnoz qoyulur.
- Qan testləri. Həkimin ilk təklif etdiyi müayinələrdən biri qanda Alfafetoproteinin (AFP) təyin edilməsi ola bilər. Qaraciyərin bəzi maliqnant şişləri AFP sintez etməyə bilər. Odur ki, bu test heç də yüz faizli diaqnostik göstərici kimi istifadə ediməməlidir.
Ağırlaşmalar
Qaraciyər xərçənginin bir çox ağırlaşmaları qeyd olunur:
- Qaraciyər çatışmazlığı. Bu zaman qaraciyər adekvat fəaliyyət göstərmir və qaraciyərin normal toxumasında çox geniş zədələnmə qeyd olunur.
- Böyrək çatışmazlığı. Bu zaman böyrəyin normal fəaliyyəti sıradan çıxmış olur və onun sidik yaratma funksiyası tədricən itə bilir.
- Xərçəng hüceyrələrinin yayılması (metastaz). Şiş böyüdükcə xərçəng hüceyrələri qaraciyərdən kənar nöqtələrə yayılmağa başlayır və metastazlar əmələ gətirir.
Qaraciyər xərçənginin müalicəsi
Birincili qaraciyər xərçənginin müalicəsi onun böyüklüyündən, xəstənin yaşından, ağırlaşmaların, yanaşı xəstəliklərin olub-olmamasından aslıdır. Müalicənin əsas hədəfi şişin tam çıxarılmasıdır. Bu mümkün olmazsa müalicənin məqsədi onun böyüməsi və yayılmasının qarşısının alınmasıdır. Bəzi hallarda yalnız palliativ tədbirlər görülür, yəni xəstəliyin tam müalicəsi deyil onun gedişinin yüngülləşdirilməsinə nail olunur.
Yaşlılarda aşağıdakı müalicə üsulları istifadə edilir:
- Cərrahi əməliyyat. Bu zaman qaraciyərin şişlə tutulmuş hissəsi tam olaraq çıxarılır. Bu effektiv üsul olsa da onun yenidən əmələ gəlməyəcəyi və ya metastaz formalaşdırmayacağını əminliklə söyləmək olmur. Bir neçə il içərisində xəstəlik yenidən bərpa oluna bilər.
- Alkoqol inyeksiyası. Bu zaman açıq əməliyyatla və ya ultrasəs nəzarəti altında dərindən keçməklə şiş daxilinə birbaşa təmiz spirt vurulur. Spirt şiş hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir. Şiş daxilinə spirt inyeksiyası bir neçə dəfə həyata keçirilə bilər. Tədqiatlar təsdiq etmişdir ki, spirt inyeksiyası kiçik ölçülü hepatoselülar karsinomanı sağaltmaq qabiliyyətinə malikdir.
- Radiotezlik ablasiyası. Bu prosedura zamanı radiotezlik həddində olan elektrik cərəyanı vasitəsilə şiş toxumasının məhv edilməsinə çalışılır. Prosedura zamanı ultrasəs və ya kompüter tomoqrafiyası nəzarəti altında həkim bir neçə nazik mili qaraciyərdə olan şiş toxumasına daxil edir. Bundan sonra milin ucunda elektrik cərəyanı vasitəsilə yüksək hərarət yaradılır və şiş hüceyrələri məhv edilir.
- Kimyəvi embolizasiya. Kimyəvi embolizasiya zamanı şiş əleyhinə dərman maddəsi bir başa şişi qidalandıran arteriyaya vurulur və onun kənara axını əngəllənir. Bu prosedura tam müalicəvi effekt verməsə də xərçəng əlamətlərinin azalması və yaşam müddətinin artmasına səbəb olur. Məlumdur ki, damar daxili vurulan kimyaterapiya dərmanlarının şiş nöqtəsində lazımi konsentrasiyasının alınması üçün onlar yüksək dozada istifadə edilir ki, bu da bir çox arzuedilməz əlavə təsirlər yaradır. Dərmanın lokal vurulması həm əlavə təsirləri aradan qaldırır, həm də dərmanın effektini artırır.
- Krioablasiya. Bu müalicə üsulu yüksək dərəcədə soyuq yaratmaqla şiş hüceyrələrini məhv etməyi hədəf kimi götürür. Krioablasiya əməliyyat edilə bilməyən birincili və metastatik qaraciyər xərçəngi olanlar üçün seçim ola bilər. Bu müalicə üsulu cərrahiyyə və kimyəvi terapiyaya əlavə olaraq da tətbiq edilə bilər. Krioablasiya zamanı kiçik mil ultrasəs nəzarəti altında qaraciyərdə şiş toxumasına daxil edilir və maye azotu mil daxilinə buraxılır. Ultrasəslə şiş toxumasının dondurulmasına nəzarət edilir. Kriablasiyanın öd yollarının, damarlaın zədələnməsi, infeksiyalaşma kimi ağırlaşmaları ola bilər.
- Radiasiya terapiyası. Radiasiya terapiyası yüksək güclü enerji şüaları ilə xərçəng hüceyrələrinin məhv edilməsi və şişin kiçilməsinə nail olur. Radiasiya bədəndən xaricdə yerləşən enerji mənbəyi və ya qaraciyər daxilinə yerləşdirilmiş radiasiya daşıyan material vasitəsilə verilir. Radiasiya cərrahi yolla çıxarıla bilməyəcək şişin kiçildilməsi məqsədilə istifadə edilə bilər. Bununla yanaşı radiasiya əməliyyatdan sonra qalıq xərçəng hüceyrələrinin məhv edilməsi məqsədilə də tətbiq edilə bilər. Radiasiyanın əks təsiri zəiflik, ürəkbulanma və qusma ola bilər.
- Kimya terapiyası. Bu müalicə zamanı şiş əleyhinə güclü dərmanlar istifadə edilir. Kimya terapiya sistem və ya lokal ola bilər. Qaraciyər şişlərində sistem kimya terapiyası az effektiv olur, amma bəzi hallarda seçim vasitəsi ola bilər.
- Qaraciyər transplantasiyası. Qaraciyər transplantasiyası zamanı xəstə qaraciyər sağlam donor qaraciyəri ilə əvəzlənir. Qaraciyər transplantasiyası kiçik qaraciyər şişləri və bəzi öd yolları xərçəngində effektiv ola bilər. Böyük və damarlara sirayət etmiş şişlərdə qaraciyər transplantasiyası uzun perspektivdə effektli olmur.
Xərçəngin profilaktikası
- Peyvənd. Qaraciyərin birincili xərçənginin əmələ gəlməsində virus hepatitlərinin böyük rolu olduğu üçün peyvənd risk qrupuna daxil olan insanlar üçün çox vacibdir. Hepatit B-yə qarşı peyvəndin aparılması yoluxmanı 90% azaltmasını nəzərə alsaq peyvəndin nə qədər əhəmiyyətli olmasını görərik. Təəsüf ki, qaraciyərin xroniki iltihabına səbəb olan digər qorxulu virus olan Hepatit C-yə qarşı peyvənd yoxdur.
- Hepatit C ilə yoluxma riskini azaldın.
- Maariflənmə. Özünüzün və ətraflarınızdakıların yolucu xəstəliklər haqqında maariflənməsinə nail olun.
- Cinsi partnyorunuzun sağlamlıq status haqqında bilgi əldə edin. Bununla siz HBV daxil olmqla digər cinsi yolla keçən infeksiyalardan qorunmuş olarsınız.
- Venadaxili narkotik qəbulundan çəkinin. Bu Hepatit C kimi qorxulu viruslarla yoluxmadan sizi xilas edə bilər.
- Bədənə şəkil döydürmə və tatiurovkadan çəkinin və ya ehtiyatlı olun. Artıq məlumdur ki, bu vasitələr Hepatit C və B viruslarının ötürülməsi təhlükəsi yaradan faktorlardan biridir.
- Qan və qan preparatlarının köçürülməsi zamanı ehtiyat tədbirləri görün. Bu gün tranfuziya edilən qanların hər biri yoxlanır. Buna baxmayaraq, təkrar müayinədən keçməniz məqsədəuyğundur.
- Akoqoldan çəkinin və ya miqdarını azaldın. Alkoqol qaraciyəri zədələyən bir maddədir, hətta elmi ədəbiyyatda alkoqol hepatotoksik (qaraciyər toksini) maddə kimi qeyd olunur.
- Qaraciyər zədələnməsi yarada biləcək dərmanlardan qaçın.
- Ətraf mühit toksinlərinə məruz qalmaqdan çəkinin.
Tarix: 24.12.2014 / 16:19 Müəllif: Aziza Baxılıb: 231 Bölmə: Xərçəng