1.Şişlər.
2.Bədxassəli şişlər.
3.Xoşxassəli şişlər.
Düzgün və sağlam qidalanma təkcə xroniki xəstəliklərin deyil, eyni zamanda, xərçəng xəstəliyinin də profilaktikasıdır. Xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə səhv qidalanma tütündən sonra ikinci yeri tutur. Baxmayaraq ki tədqiqatçılar xərçəngin inkişafına hansı ərzaqların təsir etdiyini müəyyən edə bilmirlər.
Saç üçün boyalar xərçəng xəstəliyini əmələ gətirir?
Saç boyalarından istifadə edən qadınlar digər qadınlara nisbətən xərçəngə tutulmağa daha çox risklidirlər. Bu qənaətə Kaliforniya Tibb Universitetinin tədqiqatçıları gəliblər. Mütəxəssislər apardıqları müşahidələrlə belə bir nəticəyə gəliblər ki, saç boyasından (xüsusilə də tünd çalarlardan) istifadə immun sistemini darmadağın edən qorxulu şişin inkişafını gücləndirir. Belə ki, son 20-25 il ərzində saç boyasından istifadə edən qadınlar bu xəstəlikdən təbii saç rənginə üstünlük verən xanımlardan iki dəfə artıq əziyyət çəkirlər. Hələ ki alimlər saç boyası ilə qorxulu şişi bir-birinə bağlayan mexanizmi başa salmağa çətinlik çəkirlər. Əlbəttə, ilk növbədə, şübhə doğuran elementlər saç boyalarının tərkibində olan kimyəvi maddələrdir.
Xərçəng yoluxucudur?
Ingilis alimləri növbəti dəfə dəlil əldə ediblər ki, xərçəng infeksion xəstəliyin nəticəsi ola bilər. Hər halda, onların əldə etdikləri sübutlar mədə, böyrək və bağırsaq xərçənginə uyğundur. London Tibb Kollec mütəxəssislərinin fikrincə, qastrit, xoranın yaranmasına səbəb olan mədə-bağırsaq infeksiyaları, həmçinin, mikrobların digər növü qorxulu şişin inkişafına təkanverici qüvvələrdir. Tədqiqatların göstərdiyi kimi, bu mikroblar orqanizmdə insan hüceyrələrinin bölünməsini pozan toksinlər ifraz edir və nəticədə, normal hüceyrələr mutasiyaya uğrayıb xərçəngə çevrilir.
Mobil telefonlar şişin inkişafını tezləşdirir
Mobil telefonlardan daimi istifadə eşitmə sinirində nevrinomanın yaranmasını iki dəfə tezləşdirir. Nevrinoma eşitmə orqanında olan sinir toxumasının qorxusuz şişidir. Gündə 20-30 dəqiqə mobil telefonla danışan insanlarda xərçəng xəstəliyinə tutulma ehtimalı böyükdür.
Alimlərin fikrincə, bir porsiya stress döş xərçənginin qarşısını alır
Buna baxmayaraq, bir az öncə həkimlər stresin xəstəlik risqini artırdığını bildirmişdilər.
Danimarka alimlərinin apardıqları tədqiqat göstərib ki, gündəlik stresli situasiyalar sağlamlıq üçün xeyirli olduğu halda, qəfil güclü stresin (məsələn, yaxın qohumun ölümü) mənfi fəsadları var. Həkimlər güclü stres keçirən və döş xərçəngi ilə şübhəli bilinən qadınları müayinə ediblər. Onlar stresi güclü, orta və zəif olmaqla üç yerə bölmüşlər, həmçinin, stres keçirən qadınların emosional hallarını və fiziki göstəricilərini qeyd ediblər. Stres xəstələrdə özünü müxtəlif cür əks etdirirdi: bəziləri gərginlik, həyəcan, səbəbsiz qorxu hissi, digərləri isə yuxusuzluq hissi keçirirdilər. Testlər göstərdi ki, yaxın qohumun ölümü, ağır xəstəlik, qəza və sair kimi güclü stres keçirən qadınlarda döş xərçəngi müşahidə olunmamışdır. Danimarka alimləri müəyyən ediblər ki, güclü stres xərçəng xəstəliyinə tutulmaq ehtimalını 40% azaldır. Həkimlər başda Naya Nelson olmaqla, bu cür hadisəni belə başa salırlar: güclü stres qadın harmonlarına təsir edir, əsasən də xərçəng hüceyrələrinə təsir göstərən estrogen harmonlarına.
Antibiotiklər döş xərçənginə səbəb olur
Vaşinqton Universiteti alimlərinin apardığı müşahidələrə görə, antibiotiklərdən müntəzəm istifadə döş xərçənginə tutulmaq risqini ikiqat artırır. Belə ki, 25 kurs antibakterial terapiya keçən qadınlar xərçəng xəstəliyinə 1,5 dəfə tez tutulublar. Bundan əlavə, antibiotik qəbul edən qadınları çox vaxt sağaltmaq mümkün olmayıb, bu da ölümə səbəb olub. Tədqiqatçılar qeyd edirlər ki, çıxılmaz vəziyyətdə qaldıqda belə antibiotiklərdən imtina etmək lazımdır. Onların fikrincə, ən əsas məsələ, antibiotik qəbulu və xərçəng şişlərinin əmələ gəlməsi arasında olan əlaqəni müəyyənləşdirməkdir.
Çay qorxulu şişin əmələ gəlməsinin qarşısını alır
Son tədqiqatlar göstərir ki, həm qara, həm də yaşıl çay həzm yolunda yarana biləcək xərçəng xəstəliyinin qarşısını alır. Bu içkilərin tərkibində polifenol, antioksidant xüsusiyyətləri ilə zəngin olan kimyəvi maddələr var. Onlar hüceyrələri zədələyən boş radikalları neytrallaşdırır. Həmçinin, polifenollar yağlı yeməklərin tərkibində olan kanserogenlərin aktivləşməsini zəiflədir. Harvard Tibb Məktəbinin (ABŞ) alimləri aşkar ediblər ki, gündə ən azı bir fincan çay içən insanlarda infarkt təhlükəsi 44% azalır. Yaşıl çay ağız boşluğunu dezinfeksiya edir, bundan əlavə, kariyesi əmələ gətirən bakteriyaları məhv edir. Belə ki, bu xüsusiyyətə yalnız təzə dəmlənmiş çay malikdir.
Qırmızı çaxır xərçəng üçün xeyirdir
Qırmızı çaxırda aşkar olunan antioksidantlar xərçəng hüceyrələrini daxildən parçalayır və onkoloji xəstəliklərin şüa və kimyəvi terapiyası zamanı müalicəni səmərəli edir. Roçester universitetinin (Nyu-York ştatı) alimləri aşkar etmişlər ki, üzümün qabığında olan resveratol antioksidantı mədəaltı vəzin xərçəngi zamanı daha aktiv təsir edir.
Tədqiqat zamanı aydın olmuşdur ki, kimyaterapiya müddətində qırmızı çaxır qəbul edənlərdə müalicə daha fəal getmişdir. Bununla bərabər, alimlər hesab edirlər ki, pozitiv təsiri nəinki çaxır, həmçinin üzümün qırmızı növlərindən hazırlanmış şirələr də təsir göstərməlidir. Mütəxəssislərin fikrincə, üzüm şirələrini xərçəng xəstəliyinin profilaktikası üçün qəbul etmək məqsədəuyğundur.
Xərçəngli xəstələr pomidor yesin
Xərçəng əleyhinə tomatın tərkibində olan və ona parlaq qırmızı rəng verən likopin maddəsi də antioksidant təsir göstərir. Betakarotin kimi likopin də A vitamininin provitaminidir. Lakin onun antioksidant təsiri daha güclüdür. Yəni o, sərbəst radikalların orqanizmə mənfi təsirini azaldır və bağırsaq, mədə, yemək borusu, ağciyərlərin xərçənginin qarşısını alır. Ona görə də pomidor hər zaman süfrənizdə olmalıdır. Bundan əlavə, likopin termiki işləmə zamanı parçalanmır, tərkibini dəyişmir. Ona görə də tomatların sous və şorbalarda işlədilməsinə imkan verir.
Alimlər həmçinin aşkar etmişlər ki, E vitamini də antioksidant təsir göstərir. Ona görə də çalışın ki, qreypfrut, qoz, taxıl, yaşıl kahı, zeytun yağı qida rasionunuzdan əskik olmasın.
Düzgün qidalanma xərçəng xəstəliyinin profilaktikasıdır
Xəstəliyin qarşısını almaq üçün qidalanma sistemini yenidən qurmaq lazımdır. Ilk növbədə, çətinəriyən yağlardan imtina etmək lazımdır. Bu növ yağlar donuz, mal ətinin, kərə yağının tərkibində olan yağlardır. Sadaladığımız ərzaqları qida rasionundan azaltmaq lazımdır. Lakin bunu dərhal deyil, tədricən və ağılla etmək lazımdır.
Sağlam qidalanma sxemi aşağıdakı kimi olmalıdır: həftədə iki dəfə tərəvəz günü, iki dəfə balıq, həftədə bir neçə dəfə qaynanmış və ya pörtlədilmiş ət yemək olar. Yeməkləri bitki yağlarında hazırlamaq məsləhət görülür, məsələn, zeytun, qarğıdalı və soya yağları. Yaxşı olardı, tədricən qızardılmış yeməklərdən imtina edəsiniz. Belə ki, onlar ankoloji xəstəliyə tutulma risqini artıran kanserogen maddələrini özündə cəmləşdirir. Konservləşdirilmiş və hisəverilmiş balıq və ətdən də imtina etsəniz yaxşıdır. Əgər əti qaynadırsınızsa, onda bunu belə də edə bilərsiniz: ət qaynayıb 10 dəqiqə bişdikdən sonra suyunu süzün, təzə su əlavə edib yenidən qaynadın. Dəniz balığı, məsələn, treska, paltusun tərkibində yod var və onlar bizim harmonal fonumuzu normada saxlamağa kömək edir. Bu da şişlərin inkişafının qarşısını alır.
Ümumiyyətlə, özünü xərçəng xəstəliyindən qorumaq istəyirsinizsə, onda masanızın baş yeməyi meyvə və tərəvəz olmalıdır. Ilk növbədə bu, sarı, yaşıl və qırmızı-narıncı meyvələrdir: balqabaq, xurma, ərik və s. Kələmi isə məxsusi qeyd etmək lazımdır. O, qadın onkoloji xəstəliklərinə meyilli olanlar üçün çox xeyirlidir. Həmçinin, çuğundur və ispanaq da çox lazımidir. Hisəverilmiş ərzaqlar (kolbasa, sosiska) sağlamlığa böyük ziyan vurur. Təcrübələr göstərir ki, kalorili qida şişlərin inkişafını tezləşdirir. Buna səbəb maddələr mübadiləsinin immunadepresiyasıdır. Həmçinin, şişlərin yaranma tezliyinə təsir edən səbəblərdən biri kalorinin birdən aşağı düşməsinə səbəb olan yüksək fiziki gərginlikdir. Eyni zamanda, şəkərdən istifadə də məsləhət görülmür, əvəzində təmiz bal qəbul edin. Qarabaşaq, buğda, darı masada bir-birlərini əvəzləməlidir. Süd və süd məhsullarını aşağı yağlılıqda, 1,5-2,5 % qəbul etmək məsləhət görülür. Vitaminli içkilər çox xeyirlidir. Xüsusilə də otlar və onların meyvələrindən hazırlanmış içkilər. Misal üçün itburnu, qarağat, moruq, adaçayı, mərsin, başınağacı yarpaqlarından, cökə, air, gicitkən, bağayarpağı, qatırquyruğu çiçəklərindən hazırlamaq olar. Çayların arasında yuxarıda qeyd etdiyimiz kimi, yaşıl çaya üstünlük vermək məsləhətdir. Onun tərkibində olan katehin və tanin orqanizmi xərçəng xəstəliyindən qoruyur. Iş rejimini, istirahəti və idmanla məşğul olmağı unutmaq olmaz. Eyni zamanda, ətraf mühitin çirklənməsi də xoşagəlməz şişlərin yaranmasına səbəb olur. Güclü mənfi emosiyalardan qaçın. Qidanızı, həyatınızı planlaşdırın və sağlamlığınızı qorumaq naminə nədənsə imtina etməyi bacarın.
Tarix: 24.12.2014 / 16:12 Müəllif: Aziza Baxılıb: 210 Bölmə: Xərçəng