Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarın boşluğu şişləri

Qarın boşluğu və retroperitoneal sahənin şişləri orqan və qeyri-orqan mənşəli şişlərə bölünür. Orqan mənşəli şişlərə böyrək, böyrəküstü, yuxarı sidik yollarının şişləri aiddir. Həmçinin, böyrək və yuxarı sidik yollarının şişləri qarın boşluğu şişləri arasında birinci yeri tutur. Qeyri-orqan mənşəli şişlərə ( orqan mənşəli olmayan ) piy, boş birləşdirici toxuma, əzələ, fassiya, damar, sinir, simpatik sinir düyünləri, limfa düyünləri və damarlarından yaranan şişlər aiddir. Bunlara müxtəlif kistalar, teratoma və embrional xərçəng növləri aiddir. İlkin qarın boşluğu şişləri nadir halda rast gəlinir və cəmi 3% təşkil edir. Bədxassəli şişlər təəssüflə qeyd etmək lazımdır ki, çoxluq təşkil edir və 70-80% hallarda rast gəlinir. Onlar arasında müxtəlif histoloji xüsusiyyətlərə malik sarkomalara rast gəlinir. Xoşxassəli şişlərə isə fibroma, lipoma, nevrinoma, leyomioma aiddir.

Mənşəyindən asılı olaraq, qarın boşluğu şişləri aşağıdakılara bölünür:


-Mezenximal şişlər: mezenxima, lipoma, liposarkoma, retikulyar mənşəli şişlər, fibroma, firbosarkoma, leyomioma, leyomiomasarkoma, rabdomioblastoma, angioma, miksoma.

-Neyrogen mənşəli şişlərə böyrəküstü vəzin şişləri aiddir: adrenokortikal şişlər (Kuşinq sindromunu yaradan), neyroblastoma, feoxromositoma, o cümlədən neyrofibroma və paraqanqliomalar.

-Embrional mənşəli şişlər: bura nəzəri olaraq xoşxassəli hesab edilən teratoma və kistalar aiddir, belə ki, teratomaların 10%-i bədxassəli olub, ağciyər, qaraciyər və limfa düyünlərinə metastaz verir.

Klinika: mənşəyindən asılı olaraq dəyişir. Məsələn, mezenximal şişlərin başlanğıc mərhələlərində adətən, simptomlar olmur. Şiş çox böyük ölçülərə çatır, çünki heç bir maneəyə rast gəlmir, ətraf orqanlara sirayət edir. Uzun müddət xəstələr heç bir ağrı hiss etmirlər. Rast gəlinən əsas simptomlardan qarın boşluğunda diskomfort hissi, qarında və beldə inildəyən ağrıları göstərmək olar. Şiş bəzi hallarda təsadüfən, qarnın palpasiyası zamanı, qarında ağırlıq hissi yarandıqda və ya ətrafdakı orqanlar tərəfindən müxtəlif simptomlar meydana çıxdıqda aşkarlanır: ürək bulanma, qusma, köp. Hətta bağırsaq keçməzliyi, sidiyə getmədə problem yaranır.


Amerika həkimləri bir qadının bədənindən 64 kq ağırlığında şiş çıxarıblar. Şiş nadir hallarda rast gəlinən liposarkoma olub. Mütəxəssislərin rəyinə görə, bu şiş 10-15 yaşından inkişaf etməyə başlayıbmış. Qadın isə bunun kökəlmə ilə əlaqələndirirmiş!


Qarın boşluğu şişlərinin gecikmiş simptomlarına bədən temperaturunun yüksəlməsi aiddir, bu da öz növbəsində şişin dağılması, venoz və limfa dövranının pozulması ilə əlaqədardır. Bundan başqa, simptomlara assit, qida borusu venalarının genişlənməsi, aşağı ətraflarda ödem, venoz durğunluq, kişilərdə toxum kanalı venalarının genişlənməsi də daxildir. Gecikmiş mərhələdə şişin diafraqmaya təsiri və ya ağciyərə metastaz verdiyi zaman təngnəfəslik meydana çıxa bilər. Qarın boşluğu şişləri 25-30% hallarda metastaz verir.

Neyrogen mənşəli şişlərin ən nəzərəçarpan göstəricisi Kuşinq sindromudur. Kuşinq sindromu üçün xarakter əlamətlər bədəndə piyin toplanması, xüsusilə də boynun arxasında, əl və ayaqların periferik hissələrində əzələ zəifliyi və dərinin nazilməsidir. Qadınlarda üzdə tüklər və kişilərə xas bədəni quruluşu ola bilər. Şəkərli diabetin inkişafı da mümkündür. Bu simptomlar həmçinin böyrəküstü vəzin bədxassəli şişlərində də rast gəlinir. Ən yaxşı müalicə növü isə şişin götürülməsidir. Feoxromositoma müxtəlif simptomların meydana çıxmasına səbəb olur, məsələn qəfləti tərləmə, huşun itirilməsi, döş qəfəsində xoşagəlməz hissin yaranması, ürək döyünməsinin artması, baş ağrıları, əhvalın dəyişməsi, susuzluq və tez-tez sidiyə getmə.

qarın boşluğu şişləri
Qarın boşluğu şişlərinin diaqnostika və müalicəsi


Bu halda USM və KT müayinəsi tətbiq olunur. Metastazları aşkar etmək üçün isə PET-KT -dən istifadə olunur. Ən effektiv müalicə əlbəttə ki, operativ müdaxilədir. Bundan başqa, kimyəvi və radioterapiyadan istifadə olunur. Proqnoz şişin ölçüsündən, yerləşməsindən, pasientin ümumi sağlamlıq halı, metastazların olması, müalicənin effekti və s.dən asılıdır. Beləliklə, proqnoz individual olaraq dəyişir. Erkən mərhələlərdə diaqnostika zamanı proqnoz daha yaxşıdır.


Tarix: 24.12.2014 / 16:16 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Xərçəng
loading...