Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!
Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!
Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim – əsim, Xocalı!
Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!
Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!
Dinmirəm gözümdə gilələnir yaş,
Yadıma düşdükcə o gün, o savaş,
Qız ana itirdi, qardaşı qardaş,
Mən necə kiriyim, susum, Xocalı!
Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!
Uyuyan kəsləri yuxudan ayılt,
Qəlbimdə alışan həsrəti soyut,
Qayıt, sən yenidən özünə qayıt,
Bu sevinc qoy olsun bəsim, Xocalı!
Tarix: 26.12.2014 / 16:59 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: VƏTƏN ŞEİRLƏRİ