Əzəldən beləcə daşımız ağır,
Düşmənin gözünə ox olmuşuq biz.
Bu yurdun qanına susayıb yağı,
Sipərə dönübdür ürəklərimiz.
Həsrətin çəkmişik günəşin, illə,
Tamarzı qalmışıq ay işığına.
Bu günlər ərsəyə gələn nəsillə,
Bir parlaq qılıncıq, sığmırıq qına.
Köçünü sürüyür qəm yavaş-yavaş,
Gül açıb ərlərin gülüşü üzdə.
Bir həmlə də etsək, qurtarar savaş,
Rahatlıq əkərik ürəyimizdə.
Müjdəsi kükrəyib şad xəbərlərin,
Düşübdür düşmənin kürkünə birə.
Axırı çatıbdır sərt gedişlərin,
Gədələr dovşan tək yer gəzir girə.
Yurd üçün çay olub qan su yerinə,
Düşmənin borcundan çıxırıq indi.
Qəm-kədər işləyib iliklərimə,
Bu dərdin, əzabın kökü dərindi.
Başını dik saxla, uca tut, Vətən,
Haqqını gəzənlər həmişə haqdır.
Döşündən süd əmən, qoynunda bitən,
Ruhunu yerinə qaytaracaqdır.
Tarix: 26.12.2014 / 16:38 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: VƏTƏN ŞEİRLƏRİ