Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

kəlbəcərdə

Yolum Dəlidağa düşdü bir dəfə
Dünyanı gözəllik sehirləyirdi.
Bulaqlar tuşlanıb Tərtər hədəfə
Dağlardan aşağı yol eləyirdi.

Arı pətəyiydi qayalar şan-şan
Küləklər dumanı körükləyirdi
Uzanıb dağların dabanınacan
Bulaqlar dağların hörükləriydi.

Cəmənlər yağışın ucundan tutub
Leysanı yumaq tək çözələyirdi.
Dağlar buludların saçından tutub
Dərə heybəsinə gözələyirdi.

Göylərə atılan daş kəmənd kimi
Zirvələr buluda qısılıydılar.
Qorxudan asılan son ümid kimi
Cığırlar qayadan asılıydılar.

Dəlidağ dəli bir nərə çəkmişdi
Buludlar haraya yığılmışdılar.
Dərələr qorxudan yerə çökmüşdü
Təpələr yumruq tək sıxılmışdılar.

Daşdan damcılayan , qayadan çızan
Damcılar elə bil noğuluydular.
Nəğmə sızılardı daşları sıxsan
Dərələr dodağı nağıllıydılar.

Hərarət yaymışdı yamaca , döşə
O alov lalələr , o köz lalələr.
Qəlbimi dağlarda qoyub gəlmişəm
Bəlkə ovundura bir az lalələr.

Kəlbəcər xatirələri

Sübh dumanı otlar üstə damcılar
Şehdə çimər kəklikotu, qırxbuğum
Yamacların bələyinə sancılan
Lalələrin xalları gözmuncuğu .

Keyti dağı qayalara qaynata
Gəlin qaya gəlin kim həyalı
Buludları körpə kimi oynadar
Dolaylarda itik düşən xəyalı .

Tənhalıqdan bezar olar Dəlidağ
Sinəsində qabar-qabar göynəyi .
Köksü üstə köz-köz olan od-bulaq
Ürəyinin yarasımı göynəyir?

Bu yamacda ocaq çatar lalədən
O yamacdan buxarlanar tüstüsü
Ayağında Tərtəri diş göynədən
Sinəsində odlu çeşmə – İstisu.

Ürəyinin boy göstərən odudu
Lalələri yamaclarda közərir
Yaxşı tapıb bu yerlərdə od odu
Od gözəllər köksün üstən köz dərir.


Tarix: 26.12.2014 / 16:59 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...