“Qaşların qarasından
Oxlandın arasından.
Xocalı can üstədi
Qan sızır yarasından.”
O gecə ermənilər
oda qaladılar Xocalını .
O gecə ermənilər
Yağmaladılar Xocalını .
Güllədən keçirtdilər
Qarısını ,qızını ,
Körpələri süngülədilər,
Cavanların diri-diri
Çıxartdılar gözünü.
Dişinə qədər silahlıydı düşmən
Hər avtamat darağında ,
Hər top lüləsində yüz-yüz ölüm.
Xocalılar qoynunda
Isidə bilmirdi yalın əlin.
Tofiqlər ,Əliflər
son gülləsinədək,
son damla qanına qədər
vuruşub öldülər.
Düşmən qurulu qoşunla gəlirdi
Onlarsa 22 nəfər.
Böyük bir orduya
neyləyə bilərdi
silahsız , sahibsiz şəhər.
Dünyanın gözü kor idi o gecə,
Qulaqları kar
O gecə Xocalıya qan yağırdı
Bakıya qırmızı – qırmızı plakatlar .
Yerdən çıxırdı,
Göydən yağırdı ölüm,
Əl tətikdə ,göz nişangahda
Hər yandan heyrətdən böyümüş
Gözlərə baxırdı ölüm.
Kimisi köksündən vurulurdu,
kimisi başından.
Zavallı bir qız əsir düşməsin deyə
ölüm diləyirdi qardaşından :
-Sağım düşmən , solum bağlı
Bağlıdı əl-qolum , bağlı
Mən hayana qaçım , qardaş,
Hər tərəfdən yolum bağlı.
Mənə çox görmə güIIəni
Titrəməsin əlin , qardaş.
Kafir əlinə keçməkdən
Şərəflidir ölüm , qardaş.
Bu sitəmdən dağ əriyər
Qan ağlar daş
Vur ,sənin əlində ölüm
Qoyma əsir düşüm , qardaş.
Çırpına-çırpına ölümdən qaçıb
Ölümə gəlib çıxırdı Xocalılar.
Qar örtüb ,büz kəfənləmiş
ölü əzizlərinə
həsədlə baxırdı Xocalılar …
~~~~~~~~~~~~
Arxada alovlanır yurd yeri tonqal kimi
Öndə qarlı meşələr ,buz bağlamış bələnlər.
Xocalı tüstülənir böyük bir manqal kimi
Süngüyə keçirilib kəsik başlar,bədənlər.
Qarlı meşələr boyu yolları kəsilənlər
Tanrının ətəyindən əlini üzüb daha.
Gözləri oyulanlar , qolları kəsilənlr
Meşə boyu,yol boyu səpələnib torpağa.
Güllə yağır yağış kimi
Hər biri bir can aparır.
Kimisinin qanı donur,
Kimisini qan aparır.
Qan damırdı güzarından
Aşıb ölüm hasarından
Kafirlər can bazarından
Qətlə Müsəlman aparır.
~~~~~~~~~~
Hələ seçə bilmir qaradan ağı
Gözünü dünyaya təzəcə açan
əl boyda çağanın nə günahı .
Nə bilir necə olur ölümün dadı.
Nə bilir erməni- ölüm
bir addımlığındadı.
Laylalı , bayatılı beşiyin,
yüyrüyün istəyir.
Süd dolu ,şipşirin,ipilıq
əmziyin istəyir.
Indi onun gözündə
Hər tərəf süd qoxuyur.
Nə bilsin ki,bu gecə
laylanı güllələr oxuyur. Gənc ana körpəsini
Köksünə sıxır ,ovunmur.
Körpə nə qanır axı ,
ha üstünə çığır,ovunmur.
Pusqudadı əli qanlı,sərxoş qatil
Içdiyi qanın qırmızısı
Üzünə ,gözünə çıxır.
Hər daşa,ağaca,
Hər kola-kosa diqqətlə baxır.
“Ələ keçsəm aqibətim necə olar?
Ölsəm nə var ,bəs namusum ,
Bəs ismətim necə olar?”
Bu hövl ilə körpəsini
Sinəsini sıxır ,sıxır
Ana döğma balasını
boğur , Allah,
Bir gecədə nə müsibət,
Neçə dəhşət doğur ,Allah.
Göy üzündən qorxa-qorxa
Süzüləndə dan işığı
Uzaqlaşdı ermənilərin
kefli,iyrənc danışığı.
Deyəsən təhlükə sovuşdu axı…
Ana gücsüz əlləri ilə
Bələyi açıb ölmüş körpənin
qapqara qaralmış üzünə baxır.
Ölüdümü , sağdımı
Bilmədi bu sübh çağı
Üzünü göylərə tutdu ,
Özü özünə bir ağı
Söylədi dodağı:
Düşüb araya dağIar
Durub sıraya dağIar
Atam yox , qardaşım yox
Çatın haraya , dağIar.
Bir az soyuqdan,
bir az da dəhşətdən
donmuşdu gəlin .
Gözlərinin yaşı yanağında
donub qurumuşdu.
Yeriyə bilmirdi daha,
yalın ayaqların , əlin
don vurmuşdu …
Hələ bununla da bitmirdi
o gecənin faciəli dramı.
Beləydi 1992-ci il
26 fevral,Xocalı ponoramı .
~~~~~~~~~
Unutma bu dəhşəti
gözün yaşına danış .
Unutma bu vəhşəti
o adsız körpələrin
məzar daşına danış .
Unutma bu kədəri
oğlum ,oğluna danış .
Unutma , bu illəri ,
Qoyma ovuna , danış.
Unutma bu zilləti
Qızım , qızına danış.
Kimsə dinləməsə də
Özünə-özünə danış.
Qoyma zaman unutsun
Bu amansız qırğını
Allah, cəzasız qoyma
Bu allahsız qurğunu.
Tarix: 26.12.2014 / 16:43 Müəllif: Aziza Baxılıb: 221 Bölmə: VƏTƏN ŞEİRLƏRİ