Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Su altında qalmış həyat

Qədim Bakının bir hissəsini Xəzər dənizi udub.Xəzər dənizi
1192-ci il Şamaxı zəlzələsindən sonra Şirvanşahlar Bakını yeni paytaxt seçir və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah — indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub? Sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır.

Ümumiyətlə, Xəzərin sualtı abidələrinin öyrənilmə tarixi 1968-ci ilə aiddir. Bu abidələrin tədqiqat və öyrənilməsi işlərinə rəhbərlik edən Viktor Kvaçidze bir çox abidələri elmə daxil edib. Bakı buxtasında sualtı abidələr qrupuna aid olan Bayıl qəsrində aparılan tədqiqat qəsrin divarlarının, xüsusən cənub bürclərinin təbii təsirlərə baxmayaraq salamat olduğunu göstərdi. Hazırda cənub bürclər suyun səthindən 5-10 sm hündür olduğundan müşahidə edilir.
Qəsr haqqında tarixi mənbələr bir çox məlumatlar verib. Məsələn, Arif Ərdəbili 1369-cu ildə yazdığı «Fərhadnamə» dastanında Bakıda gördüklərini belə qələmə alır: «Bakıda dənizdə bir qala var ki, yeni şəhər qalasını orada su basmışdır». Burada suların altında qalmış şəhərdən bəhs olunduğu şübhə doğurmur. Yəqin ki, bu qala tikintisi başa çatandan bir əsr keçməmiş dənizə qərq olub və Arif Ərdəbilinin vaxtında o hələ el yaddaşında «yeni şəhər qalası» kimi qalırdı. Deyim həm də Bayıl qəsrinin şəhər qalası olmasını, yəni Bakının müdafiə sisteminə daxil edilməsini bir daha təsdiq edir.
XIX yüzillikdə yaşamış görkəmli Azərbaycan tarixçi alimi, siyasi xadim Abbasqulu Ağa Bakıxanov da Bayıl qəsri haqda yazıb: «Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalıb. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın»
XII-XIII əsrlərdə qala-liman kimi tikilmiş və Bakının dənizdən qorunmasında mühüm yer tutan Bayıl qəsri ola bilər ki, daha qədim bir kompleksin özülləri üzərində salınıb. Bayıl qəsri eyni zamanda Şirvanşahların iqamətgahı olub. Səlnamələrin verdiyi məlumatlara görə, 1306-cı ildə dənizdə güclü zəlzələ baş vermiş, suyun səviyyəsi qəflətən yuxarı qalxdığı üçün ada və onun üzərindəki qəsr suyun altında qalmışdır. Bundan sonra da Şirvanşahlar İçərişəhərdə yeni saray tikdirməyə məcbur olublar.
2008-ci ilin avqust-sentyabr aylarında Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi sualtı arxeologiya aid ekspedisiya təşkil edir. Təcrübəli dalğıcların iştirak ilə tədqiqat Abşeronun şərqindəki Gürgan burnu yaxınlığından başlanır. Qeyd edək ki, dənizin bu yerində sular altında vaxtilə inkişaf etmiş Gürgan şəhəri gizlənir. Dalğıclar Gürgan mayakından 1 km şimala sahildən şirli və şirsiz saxsı qabların qırıqları tapıblar. Əldə edilən materiallar əsasən XI-XIII əsrə aid olan saxsı qabların qırıqlarından ibarətdir. Sahildən 500-800 metr aralıda, 3-5 metr dərinlikdə orta əsrə aid yaşayış yerinin qalıqları təyin olunub. Həmçinin 5-6 metr dərinlikdə qəbristanlığın yeri də qeydə alınıb. Qeyd edək ki, sahildə yaşayan əhali suyun altından müxtəlif qab nümunələri və təndirlər aşkarlayıblar. Tədqiqat qrupu sahilə yaxın, dənizdən 100-200 m aralıda hündür qayaların üzərində e.ə. III-II minilliklərə aid kurqan və bir-birinə bitişik daş qutu qəbirlərdən ibarət olan çox saylı abidələr üzə çıxardı. Daş dairənin daxilində yerləşən qəbirdən e.ə. II minilliyə aid olan boz rəngli saxsı qab, tuncdan hazırlanmış kvadrat kəsikli biz və balaca ölçülü xəncər tapılıb. Uzunluğu 160, eni 60-80 sm olan, şərqdən qərbə istigamətlənmiş halda yerləşən qəbir oval formasındadır. Dağılmış qəbirlərin ətrafından saxsı qabların fraqmentləri, muncuq və tunc sırğa hissələri tapılıb. Sahildə 100-200 m aralıda hündür qayaların üzərində e.ə. III-II minilliklərə aid kurqan və bir-birinə bitişik daş qutu qəbirlərdən ibarət olan çox saylı abidələr var. Burada daş dairənin daxilində yerləşən qəbirdən e.ə. II minilliyə aid olan boz rəngli saxsı qab, tuncdan hazırlanmış kvadrat kəsikli biz və balaca ölçülü xəncər tapılıb. Uzunluğu 160, eni 60-80 sm olan, şərqdən qərbə istigamətlənmiş halda yerləşən qəbir oval formasındadır. Dağılmış qəbirlərin ətrafından saxsı qabların fraqmentləri, əqiq muncuq və tunc sırğa hissələri tapılıb.
Lakin tədqiqatın davamı üçün lazımı texniki avadanlığın olmaması üzündən ekspedisiya yarımçıq qalıb. Kəşfiyyat işləri Abşeron arxipelaqı adalarına daxil olan «Tereşkin» adasında da aparılıb. Adıçəkilən ada suyun artması nəticəsində iki hissəyə bölünüb. Tikililərdən burada 1932-ci ilə aid mayak və balıqçı komalarını qeyd etmək olar. Ərazidə az miqdarda XVI-XVIII əsrlərə aid saxsı qırıqları da tapılıb.
Kəşfiyyat xarakterli işlər Salyan rayonunun Şirvan qoruğunun sahilyanı ərazilərində də aparılıb. Burada əsasən Bəndovan burnundakı sahilyanı ərazilər V.A.Kvaçidze tərəfindən tədqiq olunub. IX-XIV əsrlərə aid Muğan şəhərinin qalıqları tapılıb. Dənizin dibindən və sahildən tapılan materialların əksəriyyəti orta əsr şirli və şirsiz saxsı məmulatı üçün səciyyəvi olan nümunələrlə təmsil olunub.
Bakı, Abşeron arxipelaqı adalarından zəngin materiallar aşkarlandı. Aparılan sualtı arxeoloji tədqiqatlar nəticəsində orta əsrlərdə mövcud böyük siyasi və iqtisadi mərkəzləri sayılan Muğan şəhəri və Quştasfi vilayətinin lokalizasiyası təyin edilib. Adıçəkilən yaşayış yerləri XIV əsrin əvvəlində Xəzərin qalxması nəticəsində suyun altında qalıb. Aparılan tədqiqat nəticəsində Salyan bölgəsində, Abşeron yarımadasının sahilyanı ərazisində və Xəzər dənizi adalarında maraqlı tarixi əhəmiyyət kəsb edən materiallar aşkarlanıb.
Səngi-Muğan adasının cənub hissəsində gəmi lövbərləri, saxsı qab nümunələri tapılıb. Üzə çıxarılan materiallar arasında saxsı qablar üstünlük təşkil edir. Bir çox tarixi hadisələrin şahidi olmuş bu adanın ərazisi arxeoloji cəhətdən öyrənilməyib. IX-XI əsrdən başlayaraq burada rus-normanlar, Stepan Razinin piratları olmuş, dəniz döyüşləri və digər hadisələr baş vermişdir. Azərbaycan tarixinin səhifələrindən olan bu hadisələrin öyrənilməsi sualtı arxeologiyanın inkişafı nəticəsində mümkün ola bilər. Xəzər suları altında zəngin abidələrin olmasına baxmayaraq arxeologiyanın bu sahəsi inkişaf etməyib. Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi İdris Əliyev maddi texniki bazanın olmamasını, mütəxəssis çatışmamazlığını əsas səbəb kimi göstərdi: «60-cı illərdə Azərbaycanda sualtı arxeologiya bir xeyli inkişaf etmişdi. Lakin 1980-cı illərdən etibarən isə ümumiyyətlə bu sahədə işlər dayanıb». Uzun fasilədən sonra artıq bu istiqamətdə işlər görülür: «Hazırda maddi-texniki bazası və mütəxəssis heyəti olan bir sıra təşkilat və qurumlarla danışıqlar aparılır. Sualtı arxeologiyanın inkişafı üçün birinci növbədə maddi-texniki baza olmalıdır. Maddi-texniki baza deyəndə biz lazımi sualtı avadanlıqlar, geyimlər, dalğıclara məxsus texniki avadanlıqları başa düşürük. Dənizdə olan maddi-mədəniyyət abidələrinin öyrənilməsi üçün qayıqlar lazımdır. Bunlar çox da ucuz qiymətə başa gələn avadanlıqlar olmadıqlarına görə bu işləri həyata keçirmək bir qədər çətinləşir. Mütəxəssis çatışmazlığı da əsas ciddi problemlərdən biridir. Bu sahədə milli mütəxəssislər yox dərəcəsindədir. 60-80-ci illərdə bu sahədə çalışan dalğıcların böyük əksəriyyəti Rusiyadan ezəm olunmuş mütəxəssislər idi. Əlaqələr kəsiləndən sonra bu sahədə bir boşluq yarandı». Hazırda kiçik də olsa kadr heyətinin yetişdiyini deyən İdris Əliyev bir çox sualtı abidələrin; Bakı Buxtası, Bayıl qəsri, Zirə yaxınlığındakı Gürgan şəhərinin tədqiqatının nəzərdə tutulduğunu söylədi.


Tarix: 26.11.2014 / 17:38 Müəllif: Aziza Baxılıb: 178 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...