Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, onların bilavasitə, Azərbaycanın Eneolit mədəniyyəti ilə bağlı olduğunu göstərir. Bu bağlılıq hər şeydən əvvəl, yaşayış binalarının arxitekturasında özünü göstərir. Kür-Araz mədəniyyətinin erkən mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı binalar daxildir. Bu binalar tikinti texnikası və konstruksiyasına görə, Eneolit dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə, Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar edilmişdir.
İlk Tunc dövrü yaşayış binalarının bir qisminin Eneolit dövründə olduğu kimi qövsşəkilli divarla hüdudlanmış, yarımçıq həyətləri olmuşdur. Düzbucaqlı artırmaları olan dairəvi binalar da öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Evlərin daxili quruluşundakı bəzi xüsusiyyətlər, xüsusilə, gildən ocaq qurğularının, təsərrüfat quyularının, evin damını saxlayan mərkəzi dirək üçün dayaq daşlarının qeydə alınması, bu əlamətlərdəndir.
Kür Araz mədəniyyəti və UrartuМingəçevir yaşayış yerində rast gəlinən yarımqazma tipli evlər Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində qeydə alınmamışdır. Bu tip yaşayış binalarının prototipləri Babadərviş yaşayış yerinin Eneolit dövrü təbəqəsindən məlumdur. Azərbaycanın bir sıra abidələrində, xüsusilə, I Kültəpə, Göytəpə, Yanıqtəpə, Babadərviş yaşayış yerlərində Kür-Araz mədəniyyətinə aid mədəni təbəqə, bilavasitə Eneolit dövrü təbəqəsinin üzərində yer alır.
Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti ilə bağlılığı arxeoloji materiallarda, xüsusilə gil məmulatında aydın şəkildə izlənir. I Kültəpə və II Kültəpədən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, konusvari və bikonik gövdəyə malik dərin kasalar, banka tipli qablar Enolit dövrünə aid öz prototiplərini təkrar edir. Eyni hal Babadərviş və Göytəpədə də izlənir.
Babadərvişdən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, çəllək tipli qablar, konus gövdəli kasalar, divarları ağzının kənarına doğru genişlənən çölməklər Töyrətəpə, Şomutəpə və I Kültəpədən aşkar olunmuş Eneolit tiplərini təkrar edir.
Göründüyü kimi, Kür-Araz mədəniyyətinin ilk mərhələsinin keramikası tamamilə Eneolit dövrü ilə bağlanır. Birinci mərhələnin qablarında Eneolit dövrü üçün xarakterik olan, qaba hazırlanmış, qeyri-bərabər bişirilmiş qablara rast gəlinir. Bu baxımdan, II Kültəpənin alt qatlarından tapılan keramika diqqəti cəlb edir. Buradan aşkar olunmuş bəzi qab parçalarının tərkibində Eneolit dövrü üçün xarakterik olan saman qarışığına rastlanmışdır. Bu təbəqədən, həmçinin, silindrik çıxıntısı olan gil qapaq tapılmışdır. Eneolit üçün xarakterik olan bu çıxıntılar Kür-Araz mədəniyyətində adətən yarımşar şəkilli qulplarla əvəz edilmişdir. Qeyd etmək lazımdır ki, Eneolit keramikası ilə Kür-Araz keramikası arasında bir sıra texnoloji və tipoloji bənzərliklərin olmasına baxmayaraq, Kür-Araz keramikası formalaşdırılması və bişirilməsinə görə daha yüksək səviyyəli olub, əvvəlki dövrün keramikasından fərqlənir. Bu dövrdə saman qarışığı, qum qarışığı ilə əvəz olunur. Şübhəsiz ki, bu xüsusiyyətlər Kür-Araz mədəniyyəti tayfalarının dulusçuluqda əldə etdiyi bir sıra nailiyyətlərlə bağlıdır.
Kür-Araz mədəniyyətinin xronologiyası ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər. B.A.Küftin və B.B.Piotrovski bu mədəniyyəti bütünlüklə e.ə. III minilliyə aid etmişlər. O.H.Həbibullayev əvvəlcə, bu mədəniyyətin e.ə. III minilliyin ikinci yarısını, sonra isə öz tədqiqatları əsasında e.ə. III minilliyi bütövlüklə əhatə etdiyini göstərmişdir. R.М.Мunçayev apardığı tədqiqatlar zamanı demək olar ki, bu mədəniyyətin yayıldığı bütün arealı nəzərdən keçirmiş, I Kültəpə, Babadərviş, Şulaveri, Amiranisqora və digər yaşayış yerlərinin stratiqrafiyasına əsaslanaraq, Kür-Araz mədəniyyətini e.ə. IV-III minilliklərə aid etmişdir.
Kür-Araz mədəniyyətinin yayılma arealı və xronologiyası K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin əsərində geniş şəkildə nəzərdən keçirilmişdir. Onlar Kür-Araz mədəniyyətini 3 mərhələyə bölərək, birinci mərhələni e.ə. 3000-2700, ikinci mərhələni e.ə. 2700- 2300, üçüncü mərhələni e.ə. 2300-2000 –ci illərə aid etmişlər.
Q.S.İsmayılov Kür- Araz mədəniyyətini e.ə. III minilliyə, daha sonra isə e.ə. IV minilliyin sonu və bütövlükdə üçüncü minilliyə aid etmişdir. O, Kür-Araz mədəniyyətini üç inkişaf mərhələsinə bölmüş və buna uyğun olaraq, birinci mərhələni e.ə. 3200-2800, ikincini e.ə. 2800-2600, üçüncünü isə e.ə. 2600-2300- cü illərə aid etmişdir.
O.М.Çaparidze Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin ortalarına və sonuna, son mərhələsini isə e.ə. III minilliyin ortalarına aid etmişdir. D.L.Koridze Kür-Araz mədəniyyətini e.ə. III minilliyin birinci yarısına aid etmişdir.
Son illər qafqazşünas arxeoloqlar Kür-Araz mədəniyyətini e.ə. IV minilliyin sonu və üçüncü minilliyin ortaları ilə tarixləndirməyə meyillidirlər.
Azərbaycanda, xüsusilə Naxçıvanda yerləşən Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, bu mədəniyyətin tarixləndirilməsi üçün yeni faktlar ortaya çıxarmışdır. Bu dəlillər Kür-Araz mədəniyyətinin Azərbaycanda daha qədim tarixə malik olduğunu göstərir. Kür-Araz mədəniyyətinin Azərbaycanda qədim tarixə malik olması fikri, vaxtı ilə O.H.Həbibullayev tərəfindən söylənmişdir. O, Kültəpənin İlk Tunc dövrü təbəqəsini iki mərhələyə bölərək, ilk mərhələnin olmadığını qeyd etmişdir. Bu zaman tədqiqatçı I Kültəpədə Eneolit və Kür-Araz təbəqələri arasındakı steril layın olmasına əsaslanmışdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu iki təbəqə arasında böyük kəsinti olmamışdır. Q.S.İsmayılov Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin sonuna aid etmiş və daha erkən mərhələnin ola biləcəyi ehtimalını irəli sürmüşdü.
Tədqiqatçıların bu fikri Kür-Araz mədəniyyətinin inkişaf etmiş formada ortaya çıxması ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, bu inkişaf səviyyəsi Eneolit mədəniyyətinin uzunmüddətli tərəqqisi sayəsində yaranmışdır. Son illərin tədqiqatları, xüsusilə I Kültəpənin alt laylarında Kür-Araz keramikasına Eneolit keramikası ilə birlikdə rast gəlinməsi bu mədəniyyətin ilk mərhələsini xarakterizə etməyə imkan verir.
Demək olar ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsi II Kültəpədə bütövlükdə əks olunmuşdur. Kür-Araz mədəniyyəti abidələrinin tarixləndirilməsinin başlıca kriteriyalarından biri, digər tapıntılara nisbətən daha çox olan və mədəniyyətin inkişafındakı dəyişiklikləri daha aydın əks etdirən keramika, xüsusilə gil qabların təhlilidir. Gil məmulatlarının inkişaf xüsusiyyətləri onların üçmərhələli xarakteristikasında özünü aydın göstərir. Yuxarıda qeyd edildiyi kimi, birinci mərhələyə aid bir sıra materiallar, xüsusilə gil qablar öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Bu mərhələnin qədimliyi həm də aşkar olunan metal əşyaların arxaik forması ilə təsdiq edilir. Belə ki, I Kültəpədə aşkar olunan iskənə tipli alətin, həmçinin II
Kültəpənin alt laylarından əldə edilən bıçağın bənzərləri indiyədək Cənubi Qafqaz abidələrindən bəlli deyil. I Kültəpənin XII tikinti qatından 8,5 m dərinlikdən götürülmüş kömürün analizi e.ə. 2920 + 90-cı ili göstərmişdir. Bu səviyyədən aşağıdakı 4 m qalınlığında olan mədəni təbəqədə tikinti qatlarının olduğu müəyyən edilmişdir. Buna görə də, I Kültəpənin alt qatlarını e.ə. IV minilliyin ikinci yarısına aid etmək olar. Fikrimizcə, I Kültəpənin alt qatları Kür- Araz mədəniyyətinin ilk mərhələsinə aiddir. Bu mərhələyə, həmçinin I Kültəpə,
Göytəpə, Babadərviş və Qaraköpəktəpənin alt qatları aiddir. II Kültəpədə aşkar olunan arxeoloji materialların arxaik formasını nəzərə alaraq Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin ortaları və III minilliyin əvvəlinə aid edirik. Belə hesab edirik ki, Kür-Araz mədəniyyətinin meydana gəlməsi ilə bağlı proseslər e.ə. IV minilliyin əvvəllərindən başlamışdır.
Мingəçevir yaşayış yerinin İlk Tunc dövrü kompleksi, o cümlədən buradan aşkar edilən qəbirlər də arxeoloji materialların arxaik xüsusiyyətlərinə əsasən, birinci mərhələyə aid edilə bilər. Bizim fikrimizcə, Astara rayonunda tədqiq edilən Telmankənd kurqanları da bu mərhələyə aiddir. Bu kurqanların tarixləndirilməsində saplaqlı nizə ucluqları və tiyəşəkilli yastı baltaların mühüm əhəmiyyəti vardır.
Zaqafqaziyada aşkar olunan tunc nizə ucluqları B.A.Kuftindən başlayaraq e.ə. III minilliyə aid edilmişdir. Ur nekropolundan əldə edilən bu cür nizə ucluqları e.ə. III minilliyin birinci yarısına aid edilir. Həmin tarix Suriyanın Karxemiş və Amor abidələrindən aşkar olunan nümunələr üçün də qəbul edilmişdir. Telmankənd kurqanında nizə ucluqları yastı baltalarla birlikdə tapılmışdır. Bu tip baltalar Мesopotamiya və İranla e.ə. IV-III minilliklərdə geniş yayılmışdır. Xarakterik haldır ki, e.ə. IV-III minilliklərdə yastı baltalar nizə ucluqları ilə eyni kompleksdə aşkar olunmuşdur. Telmankənd kurqanından aşkar olunan nizə ucluğu və yastı baltalardan birinin tərkibində yüksək nikel qarışığının olması, onların Мesopotomiya ilə bağlılığına dəlalət etməkdədir.
Buna görə də bu abidələrin qədim tarixi heç bir şübhə doğurmur. İkinci mərhələnin tarixləndirilməsi üçün I Kültəpə və Göytəpədən götürülmüş kömür analizlərinin mühüm əhəmiyyəti vardır. Belə ki, I Kültəpənin ikinci mərhələyə aid edilən tikinti qatları, kömür analizi ilə e.ə. 2920 + 90 –cı ildə müəyyən edilmiş səviyyədən aşağıda yerləşir. Göytəpənin K3 təbəqəsindən götürülmüş kömürün analizi e.ə. 2574 + 146-cı ili göstərmişdir.
Beləliklə, Kür- Araz mədəniyyətinin ikinci mərhələsini, təqribən e.ə. 3000-2600-cü illərə aid etmək olar. Fikrimizcə, ikinci mərhələnin tarixini bir qədər də qədimləşdirərək, e.ə. 3200-cü ilə aid etmək mümkündür.
I Kültəpənin sonuncu mərhələyə aid 3 m qalınlığındakı təbəqəsindən iki tikinti qatı, II Kültəpədə isə altı tikinti qatı aşkar edilmişdir. Qeyd edildiyi kimi, bu mərhələnin keramikası Urmiya hövzəsi, Quruçay və Göndələnçay hövzəsinin materialları ilə bənzərlik təşkil edir. Gil məmulatının bəzi nümunələri öz bənzərlərini Amiranisqora, Kvaçxelebi, Xizanaantqora və Şenqavitdə tapır. Bu baxımdan II Kültəpənin üst qatlarından aşkar olunan kasalar, Araqaçın daş qutu qəbirlərinin materialları ilə bənzərlik təşkil edir. Belə bənzəyiş Şenqavitdə də izlənir.
Bəlli olduğu kimi, bu abidələr Erkən Tuncla Orta tunc dövrünün qovşağında yerləşir. Kür-Araz mədəniyyətinin son dövrü Qobustanda da izlənir. Lakin bu mərhələnin sonu üçün xarakterik materiallar Yanıqtəpədən məlumdur. Kür-Araz mədəniyyətinin son mərhələsini əks etdirən Şenqavit yaşayış yerinin üst qatlarından götürülmüş kömürün analizi e.ə. 2020 + 80-ci ili göstərmişdir. Bu, Kür-Araz mədəniyyətinin Orta Tunc dövründə də davam etdiyini göstərir. Həmçinin tədqiqatlar göstərir ki, Kür-Araz mədəniyyəti bir qrup abidələrdə davam etdiyi halda, digərlərində kəsilmişdir. Bizim fikrimizə görə, bu, Kür-Araz mədəniyyətini əvəz edən Orta tunc dövrü mədəniyyətinin yayılması ilə bağlı olmuşdur. Deyilənlər, Naxçıvan və Urmiya hövzəsi abidələrində daha yaxşı izlənmişdir. Bu regionda Orta tunc dövrünün ilk mərhələsi boyalı qabların yayılması ilə xarakterikdir. Bu mədəniyyət isə Cənubi Qafqaz abidələrində eyni şəkildə yayılmamışdır. Bu barədə növbəti başlıqda geniş məlumat veriləcəkdir.
Araşdırmalara əsaslanaraq, Kür-Araz mədəniyyətinin sonuncu mərhələsini e.ə. 2600-2300-cü illərə aid etmək olar. Nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra abidələrində Kür-Araz təbəqəsi aşağıdan Enolit, yuxarıdan isə Orta Tunc dövrü təbəqəsi ilə məhdudlaşır. Şübhəsiz ki, bu fakt Kür-Araz mədəniyyətinin tarixləndirilməsinin Eneolit və Orta Tunc dövrü mədəniyyəti ilə bağlı olduğunu göstərir. Qafqazşünas arxeoloqlar Orta Tunc dövrü mədəniyyətinin ilk mərhələsini e.ə. III minilliyin ortaları və ikinci yarısı ilə tarixləndirməyə meyl edirlər.
Qeyd etmək olar ki, ilk mərhələdə Kür-Araz tayfaları Azərbaycanın bütün ərazisində eyni şəkildə yayılmamışdır. Fikrimizcə, bu mədəniyyətin erkən meydana çıxdığı ərazi Naxçıvan-Urmiya bölgəsi olmuşdur. İlk mərhələdə Kür- Araz mədəniyyətinin meydana gəldiyi areal Şərqi Anadolu və Gəncə-Qazax zonasını da əhatə etmişdir.
Cənubi Azərbaycanda arxeoloji abidələrin yaxşı öyrənilməməsi, bu mədəniyyətin cənub sərhədlərini izləməyə imkan vermir. Ehtimal ki, ilk vaxtlar bu mədəniyyət Мuğan düzünə qədər yayılmışdır. Kür-Araz mədəniyyəti ikinci mərhələdə xüsusilə geniş inkişaf edərək, Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yarımköçəri maldarlığın inkişafı ilə bağlı olaraq, dağətəyi və dağlıq rayonlarda intensiv məskunlaşma olmuşdur. Kür-Araz mədəniyyəti Azərbaycandan Cənubi Qafqaz, Şimali Qafqaz və Şərqi Anadoluya yayılaraq, geniş ərazini əhatə etmişdir.
Tarix: 26.11.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Tariximiz ve rayonlarimiz