Xanlıqlar dövründə (XVIII əsrin ortaları - 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycan ali təbəqəsinin - xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi. Lakin diyarda yaranmış gərgin vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət hüququ tanındı və qanuniləşdirildi. Yalnız bundan az sonra bəylərlə feodal-asılı kəndlilərin qarşılıqlı münasibətlərini qanuniləşdirən - «Kəndli Əsasnamələri» verildi.
Məsələnin bir cəhətini xüsusilə qeyd etmək lazımdır ki, sahibkar kəndliləri rəsmi olaraq «dövlət sakinləri» adlanırdılar və onlar «sahibkar torpağında yerləşdirilən dövlət kəndliləri» sayılırdılar.
XIX əsrin I yarısında Azərbaycan ali təbəqəsi əsasən bəylərdən ibarət idi. Amma Azərbaycanın şimal-qərb zonasında - Qazax, Şəmsəddil və Borçalı məntəqələrində bəy statusuna malik olanlar bir qayda olaraq ağa adlanırdılar. Odur ki, 1847ci ildə məzmunu əsasən eyni olan 2 «Kəndli Əsasnamələri» verildi:
Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı və Quba qəzalannda;
Ağalar ilə onlara qaytanlmış və onların mülkiyyətində təsdiq edlmiş torpaqlarda yaşayan kəndlilər arasında qarşılıqlı münasibətlər haqqında 18 dekabr 1847-ci il fərmanı.
«Kəndli Əsasnamələri» 6 dekabr 1846-cı il fərmanının məntiqi davamı olaraq bəy və ağalara kəndlilərin, əsrlər boyu istifadələrində olan torpaqları üzərində mülkiyyət hüququ verildi. Hüquqi baxımdan kəndlilər «özgə» torpaqlanda yaşadıqları üçün «mülkədar tabesi» sayılırdılar və buna görə də bəy və ağanın xeyrinə vergi verməli, mükəlləfıyyətlər ödəməli idilər.
Tamamilə aydın məsələdir ki, torpaq məsələsi torpaq sahibləri ilə kəndlılər arasındakı qarşılıqlı münasibətlərdə birinci yeri tuturdu. Torpaq məsələsi kəndlilər üçün həyati məsələ idi. «Kəndli Əsasnamələri»nin 1-ci maddəsinə görə 15 yaşından yuxarı kişi xeylaqları «əkinçilik, bağçılıq, heyvandarlıq və bostançılığa yararlı» 5 desyatinə qədər torpaq payı ilə təmin olunmalı idilər. Pay torpağının tərkib hissələrinin həcmi və əkinə yararlı olub-olmamasının 1-ci maddəsində qeyd edilməməsi kəndlilərin yararlı torpaqla təmin edilməsini çətinləşdirirdi.
2-ci maddəyə görə kəndlilər əkin sahələrini mütləq əkibbecərməli idilər, çünki vergi və mükəlləfıyyətlərin taleyi məhz bundan asılı idi.
«Kəndli Əsasnamələrində» ətraflı şərh edilən məsələlərdən biri kəndlilərin vergi və mükəlləfıyyətləri yerinə yetirməsidir.
Məlum olduğu kimi Azərbaycanda əsas renta məhsul rentası idi. «Kəndli Əsasnamələri»ndə bu prinsip gözlənilmişdi, yenə də əsas vergi məhsulla alınan malucəhat (malcəhət) müəyyən edilmişdi. Lakin məsələnin bir cəhətini mütləq qeyd etmək lazım gəlir ki, «Kəndli Əsasnamələrinə» qədər kəndlilər malucəhatdan əlavə məhsulla həcmcə çox da böyük olmayan br neçə vergi verirdilər, indi isə məhsulla yalnız bir vergimalucəhat müəyyən edilirdi. Malucəhat taxıl məhsullarının onda biri, çəltik, meyvə və tərəvəz məhsulunun isə üçdə biri həcmində müəyyənləşdirilirdi. Bu qayda rəiyyət statusunda olan kəndlilərə şamil edilirdi.
Azərbaycanda feodal asılı kəndlilər 3 qrupa bölünürdülər: rəiyyətlər, rəncbərlər və nökərlər. Rəiyyətlər pay torpağına və müstəqil təsərrüfata malik kəndlilər idilər, rəncbərlər isə bir qayda olaraq pay torpağı olmayan və bəyə məxsus əkin sahəsini əkib-becərən və bunun müqavilində məhsulun yalnız çox az hissəsini alan kəndlilər idi. 6 dekabr 1846-cı il fərmanının 7-ci maddəsinə görə sahibkar kəndlilərinə rəiyyət, rəncbər, xalisə, elat adları əvəzinə ümumi bir ad - mülkədar tabesi adı verilirdi. Bu fərmanla rəncbərlik institutu ləğv edilirdi. Odur ki, «Kəndli Əsasnamələrində» rəncbərlikdən rəiyyət statusuna keçirilən kəndlilərdən alınmalı olan malucəhatın miqdarı da göstərilirdi. Belə ki, əgər kəndli pay torpağını bəyin iş heyvanı, toxumu və alətlərindən istifadə etməklə əkib-becərirsə, onda məhsulun beşdə birini malucəhat kimi bəyə verməli idi.
8-ci maddəyə görə məhsul yığımı mütləq torpaq sahibinin ya özü və ya da onun şəxsi nümayəndəsinin iştirakı və nəzarəti altında olmalı idi. Bu kəndlilərə məhsulun bir hissəsini bəydən gizlətməyə imkan verməmək üçün tətbiq edilirdi. Yığılan məhsul üç gün müddətində bölünməli idi və bəy öz payına düşən hissəni bundan sonra aparmalı idi.
Malucəhatın daşınması xüsusi bir mukəlləfıyyət kimi kəndlilərin üzərinə qoyulmuşdu. 9-cu maddəyə görə, əgər bəy məhsul yığılan əraziyə yaxın yerdə yaşayırdısa, kəndli malucəhatı 3 günə daşımalı idi. Bəyin evi 50 verstə qədər olardısa kəndli malucəhatı 15 gün ərzində mütləq çatdırmalı idi, 50 verstdən uzaqda yaşayan bəyin malucəhatını kəndli kənd təsərrüfatı işlərindən azad olduğu halda çatdırmalı idi. Bu halda malucəhatın daşınması biyar günlərinin hesabına olurdu.
«Kəndli Əsasnamələri»ndə nəzərdə tutulan əsas mükəlləfıyyətlərdən biri işləyib ödəmə və ya biyar idi. «Kəndli Əsasnamələri»nin 19-cu maddəsinə görə biyar günlərinin miqdarı 18 gün müəyyən edilmişdi,özü də hər ailə bəyin təsərrüfatında işləmək üçün 1 nəfər kişi xeylağı verməli idi. Həmin adam öz iş heyvanı və istehsal alətləri ilə biyara getməli idi. «Kəndli Əsasnaməsində» 18 günlük biyarın təxmini bölgüsü də verilmişdi. 1) 6 gün bəyə məxsus əkin, səpin və biçin işlərində iştirak; 2) 6 gün bəyə köç zamanı yardım etmək; 3) 3 gün odun və ot daşımalı, 3 gün isə bəyin tikinti işlərində çalışmaq.
«Kəndli Əsasnamələri»ndə işləyib ödəmə mülkəlləfıyyətinin tərkib hissələrinin qəti müəyyən edilməməsi kəndlilərin iqtisadi vəziyyətinə mənfı təsir edirdi, çünki bəy kəndlini təsərrüfat işlərinin qızğın vaxtında öz təsərrüfatında işləməyə məcbur edə bilərdi ki, bu da kəndlini ağır vəziyyətə salırdı, çünki kəndli bəyin tarla işlərini öz qoşqu, iş heyvanları ilə əkibbecərirdi. Cəmi 1 iş heyvani olan kəndlilər belə hallarda iş heyvanını icarəyə götürmək məcburiyyəti qarşısında qalırdılar.
«Kəndli Əsasnamələri»ndə biyar günlərinin sayı 2 dəfə artırılmışdı, belə ki, xanlıqlar dövründə biyar günlərinin sayı 68 gün idi.
91-ci maddəyə görə, kəndlilər biyarın əvəzinə bəyə 10 qəpik gümüş pul ödəməklə biyara getməyə bilərdilər. Bu maddədə əvarezat ildə 2 gün müəyyən edilmişdi. Bütün kənd ildə 2 gün birlikdə bəyin tikinti işlərini görməli, su kanallarını təmir etməli və s. Əvarezat günlərində bəy kəndliləri öz hesabına yeməklə təmin etməli idi.
25-26-cı maddələrə görə mal-qaranın bəyə məxsus otlaqlarda otlamasına görə kəndlilər bəyə çopbaşı adlı vergi ödəməli idilər, bu vergi mal-qaranın sayına görə müəyyən edilirdi. Çöpbaşı kiçik buynuzlu mal-qara 20 baş, iri buynuzlu mal-qara 10 və atlar 5 başdan artıq olduqda alınmalı idi. Lakin Əsasnamədə alınacaq çöpbaşının həcmi göstərilməmişdi, amma qeyd olunurdu ki, o mövcud qaydalar əsasında ödənilməlidir.
XIX əsrin I yarısında Azərbaycanda maldarlıqla məşğul olanlar elat adlanırdılar. Əsasnaməyə görə bəyin torpağında yaşayan elatlar adətə uyğun olaraq çöpbaşı və hər bir ailə üzrə 4 gümüş manat miqdarında vergi verməli idilər.
«Kəndli Əsasnamələri»ndə şəxsi xidmətçi ayrılması bəndi də vardı. Bəyin ev işlərini görmək üçün 10 ev bir kişi, 15 ev isə bir qadın xidmətçisi ayırmalı idi. Laikn Azərbaycanda bəyin evinə qadın qulluqçusu verilməsi mükəlləfıyyəti kəndlilər arasında çox ciddi narazılıq yaratdığından bu mükəlləfıyyət ləğv edilir.
Əsasnamənin 40-cı maddəsi kəndlilərin hüquqi vəziyyətinə həsr edilmişdi. Rəsmi olaraq bəy kəndliləri müsəlman ali silkinin torpaqlarında məskunlaşmış «dövlət sakinləri» sayılırdılar. Odur ki, Əsasnamənin 40-cı maddəsinə görə, kəndlilərə keçid hüququ aşağıdakı hallarda verilirdi. 1) kəndlilərin keçməsinə həm onun tərk etdiyi icmanın, həm də onu qəbul edəcək icmanın razılığı olardısa, əgər kəndli bəy kəndinə keçməyi planlaşdırsaydı, onda həmin kəndin bəyinin də icazəsi lazım idi. 2) kəndli alqı və ya digər qanuni yolla 15 yaşından yuxarı hər bir ailə üzvü - kişi xeylağı üçün 5 desyatindən az olmayaraq torpaq almışdırsa, başqa bəyin kəndinə keçmək istəyən kəndli bütün vergi və mükəlləfıyyətləri əvvəlcədən ödəməli idi. Borclu kəndlilər keçid hüququndan istifadə edə bilməzdilər. Keçid üçün qubernatopr qəza rəisinin təqdimatına əsasən icazə verə bilərdi.
«Kəndli Əsasnamələri»ndə kəndlilər üzərində bəylərə polis və qismən məhkəmə hüququ verilməsinə dair xüsusi maddələr vardır. Əsasnamənin 32-ci maddəsinə görə, bəylərə onların torpağında yaşayan kəndlilərin rahatlığı, əxlaqı üzərində nəzarət hüququ verilirdi. Bu xalis polis vəzifəsi idi. Polis hüquqi ilə bərabər bəylərə məhkəmə nəzarəti hüququ da verilirdi: kəndlilər arasında kiçik mübahisələri, qarşılıqlı şikayətləri, həmçinin cinayət xarakteri daşımayan işləri bəyin nəzarəti və bəyin özünün təsdiq etdiyi şəxslər tərəfındən həll edilməli idi. Bəylərə nisbətən, ağalara daha geniş məhkəmə səlahiyyəti verilırdi. Ağalar ilə kəndlilərin qarşılıqlı münasibətlərini rəsmiləşdirən 28 dekabr 1847-ci il «Kəndli
Əsasnamələri»nin 28-si maddəsinə görə kənd məhkəməsində cinayət işlərinə baxılmasına ağanın razılığı olmalı idi.
Beləliklə, 1847-ci ilin «Kəndli Əsasnamələri» Azərbayanda mövcud olan feodal münasibətlərini, bəylər ilə kəndlilər arasındakı qarşılıqlı münasibətləri rəsmiləşdirdi və qanunlaşdırdı. «Kəndli Əsasnamələri» Azərbaycan ali təbəqəsinin imtiyaz və üstünlüklərinin qorunub saxlanılmasına və möhkəmlənməsinə yönəldimişdi.
Tarix: 26.11.2014 / 16:51 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Tariximiz ve rayonlarimiz