Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dağ yəhudilərinin tarixi

Qədim zamanlardan Qafqaz dağlarında dağ yəhudiləri yaşayıblar. Onlar iudaizm dininə mənsub, fars dilinin ləhcələrindən birində danışan və hazırda yəhudi-tatlar adlanan tayfalar olublar. İndi alimlər yəhudilərin Qafqazda yaşayan əcdadlarının mənşəyini, onların bu ərazilərə nə vaxt və necə gəlib çıxmalarını, uzun illər hansı dəyişikliklərə məruz qaldıqlarını araşdırırlar. Təəssüf ki, bu suallara cavab verən yazılı mənbələr hələ ki, aşkarlanmayıb. Горские евреи БакуMüasir dövrdə yəhudilərin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər Qafqaz dağlarında yaşamış dağ yəhudilərinin VI əsrdə Dağıstan və Şamaxıya qədər olan şimali Azərbaycan torpaqlarına nəzarət etmiş xəzərlərin əcdadları olduğunu deyirlər. Məlum olduğu kimi, xəzərlərin hakim dini iudaizm, Xəzər xaqanlığının paytaxtı isə iri ticarət mərkəzi Səməndər olub. Səməndər şəhəri Dağıstanın indiki Tark aulu yaxınlığında yerləşirdi. Əsrlər boyu şimali Azərbaycanda və Dağıstan ərazisində məskunlaşmış xəzərlərin adı tarixdə tez-tez ərəb işğalçıları ilə mübarizədə hallanır.
Müasir alimlərin böyük hissəsi indiki dağ yəhudilərinin əcdadlarının eramızdan əvvəl VII-VI əsrlərdə Assuriya və Babil işğalçıları tərəfindən əsir götürülmüş yəhudilər olduğunu iddia edirlər. «Şahlıqlar kitabı»nda göstərilir ki, Samirə şəhərinin Assuriya şahı Sarqon tərəfindən işğalından sonra yəhudi əhalisi əsir götürülərək Assuriyanın Kalaxa ərazisində, Haburə, Qozan çayı sahillərində və Midiya dağlarında, yəni hazırki Cənubi Azərbaycan ərazisində yerləşdirilir. Şərqi Qafqaz ərazisində ilk yəhudi sakinlərinin gəlmə tarixi barəsində hər zaman qızğın mübahisələr gedir.

Əksər taixçilərin fikrinə görə, dağ yəhudilərinin əcdadları burada 15 əsr bundan əvvəl peyda olublar. V əsrin sonları VI əsrin əvvəllərində İranda məzdəkilər hərəkatının yatırılmasından sonra onlara dəstək verən İran yəhudiləri imperiyadan kənarlaşdırılaraq Şimali Azərbaycan və Cənubi Dağıstan ərazisində yerləşdirilir. Yəhudilərin həmin əcdadları fars dilinin cənub-qərbi ləhcəsində danışırdılar ki, bu da dağ yəhudilərinin dili ilə demək olar ki, eynidir. Bu fikir ibri dilinin araşdırıcısı Mixail Aqarunov tərəfindən də təsdiqlənib. Əvvəllər ibri və aramey dillərində danışan İudey sakinləri eramızdan əvvəl VI əsrin sonlarında öz torpaqlarından qovularaq «İkiçayarası»nda (Mesopotamiya) yaşamağa başlayıblar. Müasir İran və İraq ərazisində məskunlaşdıqları dövr ərzində onlar fars dilini mənimsəməklə yanaşı, öz tarixi dillərinin bəzi fonetik və leksik qanunlarını da qoruyub saxlayıblar. Bu da öz növbəsində dağ yəhudələrinin dilinin mənbəyinin ibri və ya aramey dili olduğunu sübuta yetirir. Maraqlıdır ki, dağ yəhudiləri başqaları başa düşməsin deyə, öz aralarında hərdən «zuhun imromi» adlanan sirrli dildən də istifadə edirlər ki, həmin dil daha çox arameyə bənzəyir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dağ yəhudilərinin əcdadları eramızdan əvvəl VI əsrdə İudey ərazisində yaşamış, sonradan Mesopotomiya ərazisində yerləşdirilmiş insanlar olublar. Eramızın VI əsrinin əvvəllərində isə onlar şimali Azərbaycan və Dağıstan ərazilərinə köçürülüblər. Düzdür belə bir sual yaranır: necə ola bilər ki, 1100 il İran torpaqlarında yaşamış yəhudilər doğma ibri dilini unudub fars dilində danışmağa başladıqları halda, Azərbaycanda yaşadıqları 1500 il ərzində öz dillərini necə qoruyub saxlaya biliblər? Məsələ burasındadır ki, şimal-şərqi Qafqaz ərazisində təkcə yəhudilər deyil, məzdəkilər hərəkatını dəstəkləyən xeyli sakin fars dilinə yaxın dialektlərdə danışırdı. Bu amil onların fars dilini mənimsəmələrində böyük rol oynayıb. Həqiqətən də, Xəzərin qərb sahillərində – Dərbənddən İranın cənub sərhədlərinə qədər olan ərazidə məskunlaşan əhalinin hamısı demək olar ki, farsdillidir. Dağ yəhuduləri adının yaşı isə o qədər də çox deyil.

Tarixən onlar özlərini cuhur adlandırıblar. Y.Murzaxanov qeyd edir ki, dağ yəhudiləri sözü ilk dəfə XIX əsrin birinci yarısında, Qafqaz ərazisi Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra işlənməyə başlayıb. Ruslar bununla dağ yəhudilərinin Avropadakı aşkenaz yəhudilərindən xeyli fərqləndiyini göstərməyə çalışırdılar. Rəsmi məlumatlara görə, XIX əsrin sonlarında, daha dəqiq desək 1886-cı ildə Rusiya imperiyası ərazisində 34 yəhudi icması var idi ki, burada da 4090 evdə 21 100 adam yaşayırdı. Quba yəhudi məhəlləsində 6300 insan (822 ev) yaşayırdı. Deməli, dağ yəhudilərinin 30%-i rusların nəzarəti altında idi. Say çoxluğuna görə ikinci yerdə Dərbənd (213 ev, 1670 nəfər), daha sonra isə Qroznı (199 ev, 1594 nəfər) və Vartaşan (213 ev, 1396 nəfər) gəlirdi.
Müasir Azərbaycanın dağ yəhudilərinin tarixi Yakov Aqarunovun «Kiçik xalqın böyük tarixi» adlı kitabında ətraflı şərh olunur. Qeyri-rəsmi məlumatlara görə, dünyada dağ yəhudilərinin sayı 200 min nəfərdən artıq deyil. Hazırda onlar İsrail, ABŞ və Almaniyada immiqrant həyatı sürürlər.
Keçmiş Sovet ölkələri arasında yalnız Azərbaycanda yəhudi icması normal həyat tərzi sürür. Bu, Azərbaycanın tolerant ölkə olması və burada bütün xalqların nümayəndələrinə eyni şəraitin yaradılmasından irəli gəlir. Təsadüfi deyil ki, Qubada «Krasnaya Slobada» adlanan ərazi Avropada dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları yeganə məkandır. Dini icma rəhbərlərinin məlumatlarına görə, hazırda Azərbaycanda 20 mindən artıq yəhudi yaşayır. Onların 14 min nəfərə yaxını dağ yəhudiləridir.
Ильхам Алиев во время открытия образовательного центра для еврейских детей «Хабад-Ор-Авнер» в октябре 2010 Фото с сайта http://ru.president.az
1919-cu ildə Bakının Sabunçu qəsəbəsində və Korqanov küçəsində Şirvan dağ yəhudilərinin sinaqoqları tikilir. Paytaxtın Torqovıy küçəsində sahibi Xaim-Mişi və Danil Yov Meir qardaşları olan mağazalar açılır. Həmin vaxt Bakıya gələn dağ yəhudiləri ilə buradakı aşkenazlar bir-birinə qaynayıb-qarışır və nəticədə onların intellektual inkişafı başlayır. Çar hökuməti devrildikdən sonra Bakıda Yəhudi Xalq Universiteti təşkil olunur. Burada təhsil alanlar arasında Bakının dağ yəhudiləri cəmiyyətinin 2 mindən artıq üzvü var idi. Dağ yəhudiləri barəsində məruzələri ilk ibri-rus lüğətinin müəllifi Feliks Şapiro oxuyurdu. Dağ yəhudilərinin əsas mədəniyyət ocağı isə İlyayev adına klub olur. Burada onların ana dilində müxtəlif mədəni tədbirlər təşkil olunurdu. 1920-ci il aprelin 28-də Sovet hökumətinin qurulmasından sonra bu cür tədbirlərin sayı çoxalır. Sonralar yəhudi dilində məktəb açılır, Bakının və Rusiyanın Moskva, Rostov şəhərlərinin ali təhsil ocaqlarında yəhudi gəncləri üçün müsabiqədənkənar yerlər ayrılır. Dağ yəhudilərinin ziyalı təbəqəsinin ilk nəsli formalaşır. Bu prosesdə SSSRİ-də yaşayan dağ yəhudilərinin 1927 və 1929-cu illərdə iki dəfə Ümumittifaq ölkələrində olmaları böyük rol oynayır. Mədəni islahatlar məqsədilə həyata keçirilən həmin səyahətlər zamanı asan bir əlifba qəbul olunur, az təminatlı ailələr üçün dərslik və qəzetlər ayrılır, gənclərə maddi yardım göstərilir. Bu tədbirlərin həyata keçirilməsində Yakov Aqarunov, Natan Solomonov, Rafail Aqarunov və başqaları yaxından iştirak edir.


Qısa müddət ərzində tamamilə savadsız bir xalq ölkənin qabaqcıl xalqları sırasına qoşulur. Öz yazılarını formalaşdıran dağ yəhudiləri doğma dillərində dərsliklər, bədii ədəbiyyat və dövrü nəşrlər çap etdirməyə başlayırlar. Onlar arasından savadlı həkimlər, yazıçılar, alim və iş adamları çıxır. Riva Xanukayeva, Sasun Qurşumov kimi həkimlər, İlxanon Şaulov, Leonid Lazarev kimi alimlər, Qilil Qurşumov, Muxoil Yakubov kimi maliyyəçilər, Zovolun Yakubov kimi hərbçiləri nümunə göstərmək olar. Bir sözlə, dağ yəhudiləri Azərbaycan elminə, mədəniyyət və incəsənətinə öz töhfələrini verirlər. Mədəniyyət işçisi Yakov Aqarunov, Simandu Aşirov, Boris Zarbailov, Yakov İlyaquyev, jurnalist, şair və yazıçılardan Raxamim Ruvinov, Lazar Lazarev, Avadya Avadyayev, İsxok Xanukov, elm xadimlərindən İlxanon Şaulov, Mardaxay Abramov, Şabatay Şabatayev, Şirin Ruvinovun adlarını çəkə bilərik. Həmin vaxtlar dağ yəhudiləri Bakının neft və qaz sənayesində də fəal iştirak etməyə başlamışdılar. Bu işdə başlıca rolu 1939-cu ildə neft mədənlərindən birinin rəhbəri Yakov Aqarunov oynayırdı. Bundan əvvəl Y.Aqarunov xalqının maarifləndirilməsi istiqamətində bir sıra işlər görmüşdü. O, dağ yəhudilərinin dilində çıxan Respublika «Kommunist» qəzetinin baş redaktoru, eyni zamanda Azərbaycan dövlət Nəşriyyatının dağ yəhudilərinin dilində çıxan ədəbi nəşrlərinin direktor müavini təyin edilmişdi. O, özünün «Balaca xalqın böyük tarixi» (1995-ci il) adlı kitabında dağ yəhudilərinin mədəni həyatında baş verən prosesləri ətraflı işıqlandırıb. Respublika rəhbərliyi bu şəxsin idarəçilik qabiliyyətini görüb onun neft sənayesi üzrə Bakı partiya təşkilatının katibi vəzifəsinə namizədliyini irəli sürür. Müharibə illərində neftlə bağlı gedən proseslər Yakov Aqarunovun «Neft və qələbə» (1992-ci il) kitabında işıqlandırılıb. Müharibədən sonrakı illərdə Bakıdakı dağ yəhudiləri cəmiyyətinin üzvlərinin sayı 20 mindən artıq idi. Onlar ölkənin siyasi, iqtisadi, mədəni həyatında yaxından iştirak edirdilər. Hazırda yəhudilərin kütləvi şəkildə öz vətənlərinə qayıtmaları ilə əlaqədar Bakıda 6 mindən artıq dağ yəhudisi qalıb. Onlar öz adət-ənənələrini, mədəni dəyərlərini qoruyub saxlamaqla yanaşı, Azərbaycanın həyatında fəal iştirak edirlər.


Tarix: 26.11.2014 / 17:38 Müəllif: Aziza Baxılıb: 158 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...